"Cənnət yuxusu" ictimaiyyətə təqdim olundu

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi və dəstəyi ilə milli təsviri sənət tariximizdə dəzgah boyakarlığının banisi kimi tanınan Mirzə Qədim İrəvaninin (1825-1875) həyat və yaradıcılığından, eyni zamanda qədim İrəvan şəhərinin tarixi və mədəni irsindən bəhs edən "Cənnət yuxusu" adlı bədii-sənədli film çəkilib.

Ekran əsəri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Mirzə Qədim İrəvaninin 200 illiyinin qeyd edilməsi haqqında Sərəncamının icrası ilə əlaqədar, “Yaradıcı Azərbaycan” tədbirlər planı çərçivəsində lentə alınıb.

Martın 11-də Heydər Əliyev Mərkəzində filmin premyerası keçirilib.

Gecədə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, mədəniyyət və elm xadimləri, kinosevərlər iştirak ediblər.

Ekran əsəri tamaşaçılar tərəfindən maraqla və alqışlarla qarşılanıb. Filmin ssenari müəllifi Yavər Rzayev, quruluşçu rejissoru Elxan Cəfərov, quruluşçu operatoru Ruslan Ağazadə, quruluşçu rəssamı Səbuhi Atababayevdir. Çəkilişləri Bakı, Şəki şəhərlərində və Gürcüstanın müxtəlif bölgələrində həyata keçirilən filmdə Azərbaycanın görkəmli bəstəkarı, Xalq artisti Vasif Adıgözəlovun "Zabul-Segah" simfonik muğamından istifadə edilib.

 

525-ci qəzet .- 2025.- 13 mart(¹47).- S.9.