İkiqütblü asilik: cənnətə
sığmayan qadınlar
...İlahi başlanğıcın bəri
üzündən dəlisov Sezen Aksunun sevimli səsi
yaddaşımı cırmaqlayır və xəfif
toxunuşlarla tarixin əzəlindən hifz olunanları ustufca
açıb-tökür ortalığa:
Ben seni de sevmedim, Adəm,
Doğruyu duymak istiyorsun madem...
Alt tarafı bir elma yedik beraber,
Zehir-zıkkım oldu bize bal-badem...
Eyni mahnının içində iki qadın birdən
danışır, ikiqütblü asilik dilə gəlir: Lilit
və Həvva... Qeyri-ixtiyari pıçıldayıram:
"Fağır Adəm..." İlkin çiləkeşimizə
acımaq deyil bu, cənnətə sığmayan iki qənirsiz
qadını qəlbinə sığdırmağa
çalışan bir kişinin nələr yaşaya biləcəyinə
empatiya duyğusudur...
Lilit... Şumer və yəhudi mifologiyalarına
görə, Yaradanın torpaqdan yaratdığı, Adəmin
dəlicəsinə aşiq olduğu dəlisov və sərhədsizlik
qadını - od parçası... Qarşısıalınmaz
azadlıq, sərbəstlik ehtirası və şərtləri
ilə razılaşmadığına görə Adəmdən
də, cənnətdən də könüllü əlini-ətəyini
çəkib gedən ilk "fərari" qadın... Lilit
xoşbəxtliyin ruhi dincliklə normallaşdığı,
sevginin "alt-üst" qanunlara tabe olduğu, arzuların məhdud
çərçivələrə salındığı
yerdə boğulurdu. Bir qadının darıxdığı,
sıxıldığı, əzildiyi, buxovlandığı
yer, deməli, artıq ona cənnət deyil... Cənnətə
sığmayan ilk qadın buna görə cəhənnəmdən
də qorxmurdu. Çünki öz içində onsuz da cəhənnəmi
yaşamış, min dəfə yıxılıb, min dəfə
ayağa qalxmışdı... O, cənnətdən kənar həyatın
onu sınamasına və sındırmasına da tab gətirəcəkdi,
bəlkə məğlub olacaqdı, amma məğlubiyyətini
də gözəl yaşayan bir qadın kimi yadda qalacaqdı.
Elə olmasaydı, bu gün adı dilimizə gələrdimi?
O, cənnətdən çıxıb getmişdi,
düşünürmüş ki, öz cənnətini
özü yaradacaq - qəliblərdən, çərçivələrdən
kənarda... Cənnətin qaydaları vardı, amma Lilit
qaydasız "döyüş" istəyirdi... O, sevgini dilənəcək
qadın deyildi, öz sevdiyi kimi sevilmək istəyirdi. Meh kimi
yox, qasırğa tək... Adəmə isə qadın
adını daşıyan qasırğalar lazım deyildi, o,
itaət gözləyirdi. Lilit tərəddüd içində
qərar verməli olmuşdu: tabeçilik qaldıra biləcəyi
mənəvi yük deyildi, axı o da Adəm kimi torpaqdan idi!
Madam ikisi də torpaqdandır, torpaq niyə torpağa baş əysin?
Amma o məqamda Lilitin unutduğu bir şey vardı, torpaq
torpağa qarışmalı idi gec-tez... Lilitin üsyanı
açıq, sərt və amansızdı. O, itaət etmək
istəmədi, Adəmin qarşısında baş əymədi,
cənnətin rahat, amma doqmalara bağlı həyatını
qəbul etmədi. Bərabərlik istədi və bunu ona vermədikdə
çıxıb getməyi seçdi. Lilit asi ruhu ilə
sığa bilmədiyi cənnəti itirdi, amma (harda
tapmasından asılı olmayaraq) özünü tapdı...
Həvva... Lilitin cənnətdən əbədilik
gedişindən sonra Tanrı başqa bir qadın yaratdı,
bu dəfə Adəmin qabırğasından. Zahirən daha
sakit, daha mülayim, amma daxilən maraqdan
alışıb-yanan, öyrənmə eşqi ilə
aşıb-daşan... Həvva Lilitin üsyanlarından xəbərdar
olub yəqin ki, məhz buna görə də sələfindən
fərqli olaraq fırtınasını içində gizlətməyə
qərar vermişdi. Çünki ani qasırğa hər
şeyi silib-süpürüb apara bilərdi... Həvva ilk
baxışda cənnətə uyğun görünsə də,
amma əslində "qadağan olunan bilgi"yə can
atması ilə Lilitin digər versiyası idi.
Qadınların tamamən bir-birindən fərqli
versiyaları olmur: ya birbaşa Lilitdir, ya da içində
Lilit basdırılmış Həvva! Birincisi əldə etmək
istədiyi nə vardısa, birbaşa tələb edirdi,
ikincisi daha diplomatik, yumşaq, tikansız şəkildə
nail olmaq arzusundaydı... Ta ki Yaradanın qəzəbinə
tuş gələnə qədər. Lilit boyun əyməyib
özü getmişdi, Həvva isə hiyləgərliyinin cəzasını
alaraq qovuldu...
İkiqütblü asilik məhz bu məqamda hər
iki qadının taleyində özünü göstərir:
ilki azadlıq uğrunda cənnətdən imtina edir, ikincisi
sevgi və bilik naminə qadağanı pozaraq qovulur. İtaətsizlik
ilahələri! Həvvanın üsyanı sakit, dərin və
zərif idi. O, Tanrının yaratdığı qaydalarla
yaşaya da bilərdi, fəqət sevməyi və gizli bilgini
itaətdən üstün tutdu. Lilit cənnətdən
çıxmaqla öz-özünü cəzalandırdı,
Həvvanın aqibəti isə daha
ağrıdıcıdır - qovuldu... Biri qaydaları
darmadağın edib azad oldu, digəri qadağanı pozub həqiqəti
daddı...
Lilit və Həvva nümunələri sübut edib
ki, qadın üçün situasiyanın orta nöqtəsi
olmur. Qadın nəinki kişiyə, heç Yaradana da tabe
olmaq istəmir. Lilit üçün ümumiyyətlə cənnət
sərhədi mövcud deyildi, Həvva isə istədiyinə
çatmaq üçün məsumanə hiyləgərliklə
cənnətin sərhədini də aşmağa hazır
idi... Hər ikisi cəzanı gözünün altına
alaraq özlərinə məxsus şəkildə
Tanrıyana zövqü daddılar. Cəzalandırılsa belə,
qadın əldə etmək istədiyinə mütləq
çatacaq. Bütün hallarda itkilərin ən
böyüyünü isə Adəm yaşadı: həm
ayrı-ayrı vaxtlarda ona əsl cənnət
zövqünü yaşadan qadınlarını itirdi, həm
də Cənnətin özünü... Özlərinə
sığmayan bu iki baş bəlasına cənnətdar gəlirdi
və onlar hər ikisi Adəmə cənnəti dar elədilər.
Və beləcə: "Satdı gülzari-behişti iki
buğdayə babam..."
Bəlkə də Lilit və Həvva heç vaxt
bir-birini görməmişdi, amma onlardan biri digərini öz
varlığında yaşadırdı. İkisi də öz
həyatını, öz sevgisini, öz cənnətini
yaratmağa çalışmışdı. Cəhənnəmlərdən
keçmək bahasına olsa belə... Bir qadın tabe olmaqdan
imtina etdi, digər qadın bilməməyə, ondan nəyinsə
gizlədilməsinə razı olmadı.
...Cəza çəkməyə (bəlkə də
ibrət almağa) göndərildiyimiz "dünya
sürgünü"nü layiqincə yaşayıb bitirdikdən
sonra "rəhmli və mərhəmətli Allah"ın
adı ilə bir gün yenidən cənnətə
qaytarılacağımıza inanıram! Qadın kimi
doğuluşumuzdan bəri paralel dünya halıyla
içimizdə yan-yana yaşayan Lilit və Həvva ilə
birgə bu dəfə cənnətə
sığacağımıza da! Çünki
özümüzə yaratdığımız cəhənnəmi
iliyimizəcən yaşamışıq...
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet .- 2025.- 8 mart(№44).- S.18.