OTUZ ÜÇ YAŞINDA QOCA
Şanlı Qacarlar nəslinin parlaq təmsilçiləri
Azərbaycanın da, bütövlükdə Yaxın və
Orta Şərqin də tarixində silinməz izlər qoyub.
İctimai-siyasi həyatın ən müxtəlif istiqamətlərindən
tutmuş ədəbiyyat və mədəniyyətin bir
neçə əsr içərisindəki tərəqqisinədək
Qacarlar mütəmadi olaraq əvəzsiz töhfələrini
verib.
Ayrı-ayrı Qacarların həyat yolu və fəaliyyətlərinin
müfəssəl öyrənilişi bir tərəfdən
bu nəslin tarix səhnəsindəki yerini daha aydın və
dəqiq görməyə xidmət edirsə, digər yandan
tarixin bir sıra vacib mərhələləri və hadisələri
barədə yetərincə dolğun bilgi almağa meydan
açır.
Bu şəcərənin dəyərli təmsilçilərindən
olmuş Xurşid Qacarın mübarizəli və bəhrəli
ömür və sənət taleyi zahirən uzaq olmayan bir
dövrün və qaynaqlarının sanki yaxında
göründüyü tarix parçasının hadisəsi
olsa da, təəssüf ki, bu gün nə elmi mühitdə,
nə də ictimaiyyət arasında yaxşı bilinir.
İctimaiyyətə artıq bu adın səslənincə
nəsə deyə bilməməsinin ilk səbəbi, təbii
ki, dəyişmiş vaxtdır. Xurşid Qacarın yaş nəslinə
mənsub olan, onu görmüş, eşitmiş, fədakar əməklərindən
bilavasitə xəbərdar insanların ən qocamanları da
XX yüzilin sonlarında həyatdan getdilər.
Gedən nəsillərlə əgər onların
söylədikləri yazılmayıbsa, ya özləri hafizələrindəkiləri
sabahlara da çata biləcək memuar irsinə çevirməyiblərsə,
istər-istəməz tədricən unuduluşa məhkumdurlar.
Elmsə bu yoxolmanın qarşısını da ala
bilər, aradakı üzdən bəzən iri təsir
bağışlayan vaxt körpülərini də qısalda,
dünənki mühüm şəxsiyyətləri,
onların unudulmamalı xidmətlərini də gələcək
zamanlara rahatca çatdıra bilər.
O baxımdan bu nəslin Azərbaycan musiqisi mədəniyyəti
və təhsili, bütövlükdə Azərbaycan ziyalılığı
tarixində müstəsna zəhmətləri olmuş
nümayəndəsi Xurşid Qacarın gerçək və
dolğun surətinin tarixi sənəd və şəhadətlər
əsasında bərpa edilməsinə, bugünkü və
sabahkı nəsillərə olduğu
böyüklüyündə göstərilməsinə
ehtiyac var. Həm də bunun üçün mötəbər
təməllər də mövcuddur.
Etibarlı söykənəcəklərin ən ilkini
elə Xurşid Qacarın özünün vaxtında səliqə
ilə toplayaraq nizamladığı, hazırda Nizami Gəncəvi
adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində sənətkarın
adına açılmış memorial fondda (inventar № 2540) qorunan
tərcümeyi-hal sənədləri, məktublar,
yazışmalar, fotolar və digər materiallar, ikincisi isə
XX əsrin ilk onilliklərinin mətbuatında dərc
edilmiş yazılardır.
Bu gün az adama bəllidir ki, Azərbaycanın XX əsrdə
Xurşid Qacar adlı bir opera müğənnisi olub. Nəinki
geniş kütlələr və cəmiyyətin mədəniyyətə
mail kəsimi, hətta mütəxəssislərə də bu
ad tanış olmayan kimidir.
Bir zamanlar Xurşid Qacarın daimi müşayiətçisi
olmuş alqışlar, həyəcanlar, sevinclər, narahat
günlər, gecikmiş təəssüflər, sabaha
ümidlər hamısı çoxdan arxada qalıb.
İndi Xurşid Qacar yadigarı yazıları
qaldırdıqca, onun və məsləkdaşlarının
sabaha bağlı arzuları, niyyətləri haqqında
düşündükcə, baxırsan ki, nələrsə
gerçəkləşib, hansı istəklərsə elə
ümid olaraq qalıb. Onların görməyi umduğu
yaxın sabahlar lap çoxdan keçmişləşib,
bütün olanlarla və onların baxışınca
olmalılar çöküb dünənin dibinə. Ancaq
bütün bunları araşdırmağın, üzə
çıxarmağın bir əhəmiyyəti də odur ki,
keçmişin aydın görünən mənzərəsi
sadəcə yaşanmış tarixi dürüst bilməyimizə
yardımçıya çevrilmir, həm də dünəndə
qalan, lakin orada susub qalmalı olmayan, bu gün təzədən
bərpasına, tətbiqinə zərurət duyulan layihələri,
təşəbbüsləri, mülahizələri də həmin
dərin sükutdan qurtararaq indimizə gətirir.
Həm də bütün bunlar sadəcə mədəniyyət
məsələləri yox, bütöv tariximizin yaxşı
bilinməli və dərslərindən ibrət
götürülməli başvermişləridir.
Azərbaycan mədəniyyətinin nisbətən
cavan hadisəsi olan, 1908-ci ildə yaranmış
operamızın keçdiyi enişli-yoxuşlu yolda artıq
yüzlərlə deyil, minlərlə ad pozulmaz yaddaş
lövhəsinə həkk olunub. Xüsusən bu yolun çətin
başlanğıcında əməkləri olanları, fədakar
təməlçiləri biz gərək həmişə
minnətdarlıqla yad edək.
XX yüzilin ilk iki onilliyinin afişalarında,
proqramlarında adları keçən, bəzən hətta
bircə tamaşada çıxış etmiş olan şəxsin
də bu gün anılmasına, tanınması və
tanıdılmasına lüzum var.
Xurşid Qacar isə sıradan olan opera müğənnilərindən
biri deyilmiş.
1920-30-40-cı illər Azərbaycan mədəni həyatında
onun xüsusi yeri olub və demək, bir çox başqa
müasirlərindən də daha geniş və diqqətlə
öyrənilməsi gərəkdir. Axı Xurşid Qacar
yalnız müğənnilik də etməyib.
Vaxtilə Bakıda ilk dəfə yaradılan Opera
studiyasına da rəhbərlik edib, yenicə təşkil
edilmiş Musiqi nəşriyyatının da direktoru olub. Və
daha ümdəsi - o, Azərbaycan qadınının səhnədə
hələ seyrək göründüyü çağlarda ən
öndəgedən ilklərdən və ən fəallardan
idi.
O, Azərbaycanın xaricdə ali musiqi təhsili
almış ilk qadınlarından biri idi.
Əgər qarşımızda olan, Xurşid
Qacarı bütün yönləriylə bizə göstərə
biləcək sənəd qovluqları indi, 2000-ci illərin
sürətlə irəlilədiyi vaxtlarda deyil, XX əsrin son
çərəyində, heç olmazsa 25-30 il əvvəl
qabağımıza çıxsaydı, vərəqləndikcə
bu gün yazıla biləcəklərdən qat-qat artıq və
daha təfərrüatlı, ondan da 5-10 il əvvəlki
dövr olsaydı, əlbəttə, daha canlı və daha təsirli
yazmaq üçün fürsət verərdi. Çünki
yarım əsr öncə, hələ ondan da 10-15 il sonra belə
Xurşid Qacarla bağlı yaddaşları
daşıyanların, onu şəxsən
tanımışların xeylisi sağ idi və onların
xatirələri bu sənədlərə canlı dayağa
çevrilmək, Xurşid Qacarı bir insan və sənətkar
kimi ən xırda cizgiləri, ömür və sənət
yolunu bütün rəng çalarları ilə təsvir etməyə
yardımçıya çevrilmək gücündə idi.
Təəssüf ki, illər söz soruşa biləcəyimiz
təqribən bütün şahidləri özü ilə
aparıb.
Şəmsi Bədəlbəyli, Niyazi, Bəhram
Mansurov, Azər Rzayev, Qubad Qasımov, Qulam Məmmədli və
daha neçə-neçə başqa doğruçu
şahid Xurşid Qacar haqqında çox həqiqətləri
çatdıra bilərdilər.
İndi isə ümid yalnız arayışlar,
afişalar, proqramlar və digər dilsiz sənədlərədir.
Əlbəttə ki, şahidlərin iştirakı ilə
bu iclas protokolları, afişalar, proqramlar, çeşidli sənədlər
dinməzcə durmazdılar. Yada neçə maraqlı,
heç vəchlə unudulmayan anı salardılar. Hər
halda cəhd edəcəyik ki, hətta bu quru sənədlərin
belə arxasındakı insan səsləri və surətlərini
o vaxtın nəfəsi ilə isidək.
1970-ci illərin ortalarından başlayaraq Azərbaycan
Radiosunda hazırlamağa başladığımız və
indi də davam edən "Axşam görüşləri"
musiqi proqramı artıq yarım əsrə yaxınlaşan
mövcudluğu boyunca Azərbaycan musiqi mədəniyyətinin
bir çox görkəmli simaları ilə ünsiyyətlərimizə
imkan yaradıb, onların yaddaşımıza köçən
söhbətləri indi özümüzü də bir mənbəyə
çevirib. Amma daha diqqətəlayiq mənbə görkəmli
musiqi xadimləri ilə lentlərin yaddaşına hopmuş və
radionun səs xəzinəsində fondlaşmış, arxivləşmiş
söhbətlərimizdir ki, həmin səs saxlancları indi
bütün başqa məziyyətləri və bələdçilikləriylə
yanaşı həm də Xurşid Qacarın dövrü və
ömrünə işıq salmağa qiymətli vasitəçidir.
Xurşid Qacar bəlkə də ayrı bir zaman
içərisində yaşasaydı, tutalım, 1894-cü ildə
deyil, 20-30 il əvvəl dünyaya gəlsəydi, bu qabiliyyətləri
və fitri istedadı, bu əsli-kökü ilə artıq
tarixə bəlli olandan dəfələrlə yüksək
nailiyyətlərə çatardı. Bu ehtimal heç vəchlə
sadəcə hissiyyat kimi qavranılmasın.
Naxçıvanlı Xurşid xanım 1912-ci ildə əslən
şuşalı olan şahzadə Mirzə Feyzulla Qacara
(1872-1920) ərə getmişdi. Mirzə Feyzulla Qacar İran
taxt-tacına namizədlərdən olan Şəfi xan
Qacarın yeganə oğlu idi. Onun həyat ssenarisini tale
başqa cür yazır. Çar ordusunda xidmətə
başlayır, rus-yapon müharibəsində, sonrakı bir
sıra döyüşlərdə böyük igidliklər
göstərir, general-mayor rütbəsinədək ucalır.
Azərbaycan Xalq Cümhuriyyəti qurulanda o, artıq Milli
Orduda idi və əvvəlcə süvari diviziyasının,
daha sonra isə Gəncə qarnizonunun komandiri təyin
edilmişdi. 1920-ci ilin Gəncə üsyanında da Mirzə
Feyzulla Qacar bolşevik işğalına qarşı
döyüşən xalqın önündə gedənlərdən
idi və üsyan yatırıldıqdan sonra
işğalçılar tərəfindən ilkin qətlə
yetirilənlərdən biri də o idi.
Əlbəttə ki, həmin tarixdən sonra onun həyat
yoldaşı Xurşid Qacarın da aqibətinin sovet rejimi
içərisində necə olacağını təsəvvür
etmək çətin deyil. Azərbaycan Xalq Cümhuriyyətində
xidmətdə olmuş, xüsusən bolşevizmə
qarşı silahlı mübarizə aparmış Mirzə
Feyzulla Qacar kimilərin ailə üzvləri də, tarixdən
bəllidir ki, repressiya qurbanlarına çevrilir, həbs və
sürgünlərə məruz qalırdılar.
Xurşid Qacarı xilas edənsə dövlətdə
yüksək vəzifə tutan Nikolay Nikolayeviç Xudyakovla
ailə qurması olur.
Lakin istənilən halda onun bioqrafiyasının yeni
hökumətə və quruluşa qətiyyən xoş gəlməyən
səhifələrini silib atmaq mümkün deyildi, dövlət
də bundan xəbərdar idi və bütün bunlar
Xurşid xanıma sovet onillərində nə layiq olduğu səviyyədə
parlamağa, nə də haqq etdiyi ən yüksək məqamlara
çatmağa imkan verdi. Nail olduqlarısa onun zəmanəsində
istedadı ilə ən seçilmişlərdən
olmasının, onun tipli insana ehtiyacın
böyüklüyünün sayəsində mümkünləşdi.
Bəlli siyasi məhdudiyyətlər olmasaydı, təbii ki,
müqayisəedilməz dərəcədə çox iş
də görə, izlər də qoya bilərdi. Mürəkkəb
zəmanə bu qədər imkan verdi.
1920-ci illərin Azərbaycan qadın intibahını
bütün yönləriylə əks etdirməyə səy
göstərən "Şərq qadını" dərgisi
elə Xurşid xanımın Rusiyadan Azərbaycana
qayıtdığı ilk ildəcə ona ayrıca məqalə
həsr etmişdi. Azərbaycan auditoriyasına Xurşid
xanımı ilk dəfə təqdim edən jurnal onun
haqqında qısa da olsa əhəmiyyətli bilgilər verir
və yazının başlanğıcındaca Azərbaycan mədəniyyətinin
yeni dövr içərisindəki mühüm bir nailiyyəti
- səhnəmizə gələn Şövkət Məmmədova,
Fatma Muxtarova, Sona Hacıyeva, Xurşid Qacar və digər bu qəbil
aktrisaların hesabına teatrımızda
qadınlarıın artıq kişiləri üstələməyə
başladığı vurğulanırdı: "Azərbaycan
türk səhnəsi get-gedə irəliləyir. Teatro məktəbi,
xüsusi təhsil görmüş türk qadın
artistkalarımızın sayı hər ildən artır. Bu
anda səhnə xadimlərimizdən sənət cəhətcə
qadın qüvvələrimiz kişi qüvvələrimizdən
yüksəkdir. Məktəb təhsili görmüş və
ali təcrübə hasil etmiş türk qadın
aktrisalarımızdan ikisi də daha bu il Azərbaycan türk
səhnəsinə qədəm qoydular.
Xurşid xanım Qacar və Fatma xanım Gəncinskaya
yoldaşlar öz vətənləri olan Azərbaycan türk
səhnəsini yadlarına salıb içrə (mərkəzi
- R.H.) Rusiyadan Bakıya gəlmişlər.
Xalq Maarif Komissarlığı səhnəmizin tərəqqi
və təalisini (şan-şöhrət qazanması,
yüksəlməsini - R.H.) ancaq məktəb və təhsil
görmüş səhnə qüvvələrində
görüb var qüvvəsi ilə böylə
hazırlıq görmüş sənaye-i nəfisə xadimlərini
səhnəmizə cəlb etməkdə çox böyük
ciddiyyət göstərir. Yeni artistkalarımızdan
Xurşid xanım Qacar əslən naxçıvanlı olub əsl
familiyası Naxçıvanskayadır. Orta təhsilini
Qafqasiyada bitirib, musiqi təhsilini Moskvada professor Mazettinin təht-i
nəzarətində təkmil etmişdir.
Xurşid xanım teatroçılıq sənətindən
başqa ədəbiyyat sahəsində də fəaliyyət
göstərməkdədir. Bakıya gələndən sonra mətbuatda
türk teatrosu və sənəti haqqında bir neçə
müfid (faydalı - R.H.) məqalələri də
çıxmışdır.
Xurşid xanımın şairlik istedadı da
vardı".
Şübhəsiz, Fatma Muxtarova çox parlaq idi və
onun Bakı səhnəsində hər görünməsi Azərbaycanın
opera həyatında bayrama çevrilirdi, qəzetlər bu
haqda heyran yazılar dərc edirdilər. Lakin Fatma xanım bura
öz vətəni olsa da, qastrola gəlir,
çıxış edib gedirdi.
Xurşidsə buradakı musiqi həyatının bir
parçası idi, Bakıya həmişəlik qalmaqçün
gəlmişdi.
Xurşid xanım Qacar 1920-ci illərin yeniləşmə
ehtiyacı ilə çırpınan Bakı, Azərbaycan
mühitinə gəlincə, ictimai həyata daxil olunca onun
böyüklüyü, digərlərinə də örnək
olması dərhal sezilmişdi. Onun 1925-ci ildə "Şərq
qadını"nda dərc edilmiş "Türk
qadınlığı və sənaye-i nəfisə"
("Türk qadınlığı və gözəl sənətlər")
adlı yazısı da elə ilk cümlələrindən məhz
örnək ola biləcək qadınlara bir
çağırış kimi səslənirdi:
"İstedad və zəkaları sayəsində qadınlar
ictimai həyata girir və böyük görsənir.
Başqalarından ötrü dəxi nümunə ola bilirlər.
Ədədi pək məhdud olan qadınların ictimai həyatda
sayı artıq yüzlərə, minlərə baliğ
(çatır - R.H.) olur".
Və Xurşid xanım mətləbi yönəldir
musiqi sarı. Çünki o, vətənə
qayıtmışdısa, ən əvvəl daha çox fayda
verə biləcəyi bu sahədə sözünü deməliydi
və Bakı mətbuatında dərc edilmiş bu ilk irihəcmli
yazısı əslində onun məramnaməsi kimi idi:
"Tar, kaman nəğmələri, şirin və ahəngdar
xalq mahnıları bizə həqiqi həyatın zövq və
səfalarını bərəks etmirlərmi? Zülm və təhkim
altında əzilən qadınların dərd və ələmlərini
tərənnüm etməyirlərmi? Hərgah təbiri caizsə,
deyə bilərik ki, musiqi və şərqi həmişə
qadınlarımızın ruhunda yaşamış və
yaşayacaqdır. Lakin buna min bir şəkil verib sənaye-i
nəfisəyə idxal etməyə müvəffəq
olmurlardı. Buna səbəb də, təbii, onların
keçirdikləri qaranlıq həyat olmuşdur. Öz hərəmxanələrinin
yüksək divarları arasında məhbus həyatı
keçirməkdə olan qadınlarımızın ürəkləri
dərddən şişir və ruhlarından incə və ahəngdar
təranə yüksəlirdi. Öz qülub xanəsindən
(könül evindən - R.H.) kimsəyi görmədən - kəndi
başına oxumaq, şərqi söyləmək və dərdlərini
ovutmağa məcbur idi.
Qadınların təbii olaraq sənaye-i nəfisəyə
meyl edəcəkləri aşkar olur. Çarşab əsarətindən
qurtulunca biz qadınları teatr səhnələrində və
sinema lövhələrində görürük. Onlar sayir
ictimai işlər ilə bərabər, zülm və əsarət
dövründə onun ruhunu tərənnüm edən və
onun dərdlərini ovudan sənaye-i nəfisəyə
qarşı öz borcunu ifa edəcəklərdir.
Cocuqluğundan bəri eşitmiş olduğu bəstəkar və
faciənevislərimiz tərəfindən yaradılmış
olan nəğmə və muğamatı öz gənc ruhilə
qəbul edib təcəssüm etdirməyə
çalışacaqdır".
Xurşidin vətənə dönüşü
qadınlarımızın səhnəyə gəlişinin
başlandığı çağlara düşürdü
və o, həmin sıraların getdikcə daha da
sıxlaşmasını arzulayırdı. Bu yazısı hələ
bir dəvət idi, amma aylar ötdükcə həmin niyyətin
gerçəkləşməsindən ötrü çox zəhmətlərə
də qatlaşacaqdı. Hələliksə belə davam
edirdi: "Qadınların təbii olaraq tamaşa səhnələrində
görünmələrini təbrik etməklə bərabər
hər vasitə ilə vüsətləndirməyə
çalışılmalıdır.
Burjuaziya teatrosundan indiki teatroda məarifliə artistin əhəmiyyəti
pək böyükdür. O, geniş xalq kütlə
arasına elm, ürfan yayan diri və canlı amildir. Qadın
səhnəyə girməklə, öz cinsinə məxsus
şəkil və rolları ifa etməklə bu yoldakı
nöqsanı bərtərəf edir. Və kişi artistləri
özlərinə uymayan qadın rollarını oynamaqdan
qurtarır. Və heyət-i ümumiyyəsiylə səhnə
nöqsanlarını rəf etməklə teatro aləmini
gözəlləşdirir".
Xurşid Qacar müğənniliyindən savayı
düşüncəsinin, yanaşmasının tərzi ilə
həm də təhsil, mədəniyyət təşkilatçısı
və qurucusu olan bir insan idi və bütün ömrü boyu
da belə oldu. Elə həmin proqram səciyyəli
yazısında da qısaca da olsa məqsədlərini, diləklərini
çatdırır. Ən ümdə istəklərindən
biri qadınları sadəcə səhnədə, ekranda
görmək deyil. Bu yol artıq onsuz da açılıb, deməli,
getdikcə daha mütəşəkkil olacaq. O,
qadınlarımız arasında Azərbaycanın öz bəstəkarlarını
da görmək istəyir. Yəni niyyət budur ki,
qadınımız sadəcə başqalarının
yazdıqlarının ifaçısı olmasın,
özü də başqalarının ifa etməsindən
ötrü yazıb-yaratsın: "Qadınların səhnə
və sinemalardakı iştirakı onların mücəddədən
(yenidən - R.H.) hisslərini tərbiyə edir. Ola bilsin ki,
qadın bəstəkar və
dramaçılarımızın artması zamanları bir o qədər
uzaq deyildir. Bu qayda ilə qadınlardan birisi Şərq
qadınlarının uyuşmuş fikirlərini və
keçirmiş olduqları cəhalət və qəflət
həyatından qurtulub azadlıq və geniş kəndli və
zəhmətkeş yoluna düşdüyündən hasilə
gələn şadlıq və sevinci bəstələmiş
olduğu bir nota və yaxud qələmə almış
olduğu bir pyesada səhne-yi tamaşaya qoyar, musiqisində
çalar və tərənnüm edər, vücuda gətirilmiş
olan nümunələr onların özlərinin çəkmiş
olduqları cəfaları və azadlığın həqiqi
mənzərələrini tamaşaçılara göstərər.
Axırda bizim yerli bəstəkarlarımız
yaratmış olduqları və bir vaxtlar
operalarımızın diri qəhrəmanı olan Leyli və
Əsli rollarımızın türk qadınları tərəfindən
oynandığını görüncə uzun illərdən
bəri gözləməkdə olduqları mənəvi
mükafatlara nail olacaqlardır. İşbu mənəvi
mükafat yeni yaradıcılar qafiləsi doğuracaqdır.
Qadın səhnəmizi canlandıracaqdır. Qadın xalq
ürfan və mədəniyyətinin çərxi
başında durur!"
Qadının yeniləşən cəmiyyətdə
aparıcı yer tutmasına səsləyən Xurşid
Qacarın bu bəyanatı verməyə hər kəsdən
daha çox haqqı vardı. Çünki özü öndəgedənlərdən,
nümunə olanlardan idi. Azərbaycan qadınını
oxumağa, öyrənməyə, öncül olmağa, qətiyyətə
dəvət edirdi: "Qonşularımızda bulunan və qəflət
uyğusuna dalmış olan İslam ölkələri
qadınlarından ötrü artist türk
qadınlarımız qızğın bir təbliğatçıdırlar.
Qoy Azərbaycana bilikli və azad həyata təşnə olan
minlərcə əllər uzansın...
Şərq də uyğusundan oyanıb ayağa
qalxacaqdır. Bu işdə haqq olaraq ən baş hissə
türk qadınlarının payıdır. Azərbaycan
qadınları, oxuyunuz! Qüvvət və qüdrətinizi
toplayınız! Səhnədə işləmək arzu
edirsinizsə, ora gediniz! Amma ciddi hazırlıq işlərini
gördükdən sonra gediniz".
lll
Keşməkeşli bir tarix arxada qalıb. Həm də
məsafəcə çox da uzaqda olmasa da, həmin dövr
haqqında bir çox səbəblərdən sanki orta əsrlərə
nisbətən daha az məlumatlıyıq.
Azərbaycanda sovetləşmənin ilk onilliklərindəki
həmin həyəcanlı tarix parçasında mədəni
həyat necə cərəyan edirdi və tariximizdə qalmaq
haqqı qazanmış neçə məşhur sənətkar
hansı sıxıntılarla qarşı-qarşıya idi
suallarına tutarlı cavablar tapmaq təşəbbüsləri
bizi o çağın mətbuatına, qorunub saxlanmış
yazışmalara, vaxtilə xüsusi xidmət orqanlarında
açılmış cinayət işlərindəki dindirmələrə
sarı səmtləndirir.
Qəribədir ki, 1920-30-cu illərin istər mətbuat,
istər istintaq ritorikasında heyrətli bənzəyiş,
qeyri-adi səsləşmə duyulur.
Örtülü - "Ə.T." imzalı bu məqalə
1929-cu il aprelin 14-də "Bakı" qəzetində dərc
edilib. Zənnimcə, bu, Əhməd Triniçdir.
"Türk operası mövsümünün
yekunları" adlı məqalənin məhz bu müəllifə
aidliyi ehtimalımızı mövzunun özü və
Əhməd Triniçə xas olan cod tənqidi üslub
nişan verir: "Türk operası mövsümi (məqalənin
dili və üslubu olduğu kimi saxlanılır - R.H.) aprelin
birindən rəsmi surətdə bitmişdir. Bundan sonra
"türk operasının son iki tamaşası" deyə
iki gün dəxi opera oynanmış və nihayət, bir
gün əvvəl bütün operaların bir yerdə
quraşdırılaraq "cır-bır" halinə gətirilməsi
ilə məsələyə xitam verilmişdir.
Bu il türk operasının nələr etdiyini nəzərdən
keçirəcək olursaq, onun ayağına heç bir
müvəffəqiyyət yaza bilməriz.
Bu il bütün mövsüm içərisində
bircə dəfə də olsun yeni quruluş üzü
görmədik.
Bu il yeni opera meydana çıxmadı. Halbuki yeni
musiqi əsərləri yox degildir. Bu il opera teatrosu türk
operasına heç bir xərc qoymamış və yalnız
kassa gəliri ilə maraqlanmışdır. İlin
ortasında "Şah İsmayıl" operasını
"yeni quruluş"da vermək təşəbbüsü
meydana gəlib, dekor və əlbisə için eskizlər
belə hazırlandı, fəqət qəzetlərdə
türk operası ətrafında böyük gurultu qopması
ilə bu təşəbbüs yatmış oldu.
İmdi oynanılan operalar və iştirak edən
aktyor qüvvələrinin gördüyü işlərə
yekun vurmaq və qiymət vermək lazımdır.
Operaların dəgəri haqqında dəfələr ilə
yazılmış və yararsız olduqları göstərilmişdir.
Bunu bir daha təkrar etmək və qəti surətdə
göstərmək lazımdır ki, bu operalar gələcək
il mövsümündə heç bir surətdə
oynanmamalıdır (yalnız "Şah İsmayıl"
istisna olmaq şərtilə. Zira bu opera səhnəmizdəki
başqa operalardan yaxşı və yüksəkdir. Aktyor və
aktrisalar qüvvəsində, hər il olduğu kibi, bu il dəxi
bir yenilik görünmədi, zatən opera səhnəsinə
yeni qüvvələri konservatoriya yetişdirə bilərdi,
hələ ki oradan bir səs gəlmir. Mövsümü ən
yaxşı aparanlar içərisində ilk növbədə
Bağırof qeyd edilməlidir. Zira quruluşunun tamamilə
düzgün olmadığına baxmayaraq, Avropa üsulu ilə
oxumaqdan bir addım belə geri durmamışdır)".
İlin bitəcəyində hər hansı Azərbaycan
teatrının fəaliyyətini geniş təhlil edən,
olsun ki, dəyərləndirmələri və tənqidləri
bəlkə də sərt səslənsə də, belə
müfəssəl təhlil münasibətini mətbuat səhifələrində
onillərdir ki, görmürük. O çağlarsa bu cür
yanaşmalar adi hal idi.
Həm də belə sərt ifadə tərzi və
nöqsanlara qarşı barışmaz münasibət
heç də 1930-cu illərin ortalarından, siyasi repressiya
dalğalarının qalxması ərəfəsindən
başlanmır.
Belə kommunistcəsinə,
qırmızılıqla, bəzən də həddi pozmaqla,
insafı aşmaqla yazılmış bu qəbil məqalələri
indi oxuyarkən bir tərəfdən onların yanaşma tərzindən
və üslubundan narazı qalırıqsa da, digər tərəfdən
məhz bu cür barışmaz münasibətin, qeyd-şərtsiz
tənqidin həm də səfərbər etdiyini,
özünü yığışdırmağa məcbur
qoyduğunu etiraf etməliyik. Lap qərəzli olsa da, lap
çox məqamları ilə barışmasan da, hər halda
bu qəbil əks baxışların da olduğunu diqqətdə
saxlamaq zəruriyyəti daha ciddi çalışmağa
sövq edirdi. Xüsusən də mətbu sözə rəsmi
dairələrin etinasız qalmadığı həmin illərdə.
Qərəzə gəlincə, sonacan sağlam olmayan
mövqe bu kiçik yazıda aşkar hiss edilməkdədir.
Əvvələn, müəllifin sırf milli operalardansa
Avropa tipli operalara rəğbəti hiss edilir. Ad çəkməsə
də, üstüörtülü eyhamla Üzeyir bəyə
xoş olmayan münasibətini də hiss etdirir. "Şah
İsmayıl"dan savayı, digər operaların növbəti
mövsümdən səhnəyə
çıxarılmaması fikrini ortaya atmaq nə deməkdir
ki!
"Şah İsmayıl"la işi yoxdur, əksinə,
bu əsəri həm tərifləyir, həm də onu daha
yaxşı təqdimetmələrin ən arzulanan olduğu rəğbətini
gizlətmir.
"Şah İsmayıl"ın bəstəçisi
Müslüm Maqomayevin gündəliyindəki qeydlər və
1920-30-cu illər dövri mətbuatında Əhməd
Triniçin yazıları bu iki şəxs arasında mehriban
münasibətlərin olduğunu təsdiqləyir.
Bu məqalədə Xurşid Qacar haqqında da sətirlər
var. Müəllif Məmmədtağı Bağırovun
ardınca Xurşid xanımı da təqdir edir:
"İkinci növbədə X.Qacar göstərilməlidir.
Yalnız bir cəhət vardır ki, aktrisa dilini düzəltmədən
və səsinin aşağı registrinə diqqət vermədən
ilərləyə bilməz".
"Vışka" qəzetinin 1929-cu il 28 oktyabr
sayında Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi
Nəzarət Komissiyasının qərarı olaraq dərc
edilmiş "Yoldaş Quliyev haqqında məqalə təsdiqini
tapmadı" adlı təkzib yazısı Xurşid Qacar və
bir sıra digər görkəmli ziyalılar və sənətkarların
ətrafında necə qərəzli oyunlar getdiyini
açıqca göstərir.
"Vışka"nın 1929-cu il 5 avqust sayında
işıq üzü görən və komissar Mustafa Quliyevi
silsilə cinayətlərdə ittiham edən "Xalq Maarif
Komissarlığının kassasını öz şəxsi
cibləri sayırdılar. Xalqmaarifkomun rəhbərləri və
əməkdaşları dövlət pullarını şəxsi
ehtiyacları üçün sərf etmişlər"
adlı çox aqressiv məqalə əsasən bir nəfəri
hədəf götürsə də, üstünə diş
qıcadığı sənətkarlar çox idi və
Xurşid xanım da ittiham olunanlar arasında idi.
Azərbaycan Kommunist (bolşeviklər) Partiyası
Bakı Komitəsinin gündəlik rəsmi qəzetindəki
bu yazının elə bircə sərlövhəsi hər kəsin
kitabının bağlanmasına bəs edərdi. Amma hələ
görün məqalənin içərisində nələr
vardı!
Bu amansız yazının yalnız Xurşid xanıma
aid olan hissəsindən deyil, bütövlükdə tam məzmunundan
ona görə ətraflı yazırıq ki, bu, həm də
o çağın yaradıcı insanının, o sıradan
Xurşid xanımın axarında olduğu təlatümlü,
narahat mühit deməkdir.
İri qəzet səhifəsinin yarısını
tutan bu məqalə hərəsi ayrıca bir ittiham olan 8
yarımbaşlıqdan ibarət idi. "Onminlərlə
qayıtmayacaq və ümidsiz borclar" adlı
başlanğıc bölümdə göstərilirdi:
"Xalq Maarif Komissarlığının başda komissar
Quliyev və onun sabiq müavini Məmmədzadə olmaqla bir
qrup işçisi 2 il ərzində xalq kassasını
dağıtmaq və oğurlamaqla məşğul olublar.
Onlar dövlət xəzinəsi ilə öz şəxsi
cibləri kimi davranmışlar. Onlar işçilərin min
manatlarla borclarını silmişlər. Onlar hər cür
geri qaytarılmayan yardımlar vermişlər".
Bir məhkəmə hökmünün müddəalarını
xatırladan bu cümlələrin hər biri sadəcə
uzunmüddətli həbs yox, güllələnmə vəd
edirdi.
Elə N.Qalkin imzası ilə dərc edilmiş həmin
məqalənin sonunda tələb məhz bu cür qoyulurdu:
"Biz tələb edirik ki, onlar inqilabi qanunun bütün
ciddiliyi ilə cəzalandırılsınlar!"
"İnqilabi qanunun ciddiliyi" isə elə
"müharibə dövrünün qaydaları" demək
idi.
Siz hələ yarımbaşlıqlara fikir verin:
"Quzunu qurda tapşırıblar" (orijinalda: "Doverili
kozlu oqorod"), "Öz əli, öz başı"
("Svoə ruka vladıka"). Qurda
tapşırılmış quzu nə imiş? Məqalə
"ifşa edir": "Xalq Maarif
Komissarlığının Maliyyə idarəsi sabiq çar
məmuru Yembayevə etibar edilib. Yembayev əvəzolunmaz
işçi hesab edilir. Partiya özəyinin onun işdən
xaric edilməsi ilə əlaqədar bir sıra qərarlarına
baxmayaraq, Yembayev xidmətində qalmaqdadır. Bu Yembayev əslində
Xalqmaarifkomun rəhbərliyi üçün əvəzedilməz
şəxsdir. O, müxtəlif qaranlıq əməlləri
məharətlə gizlətməyi bacarır".
Məqalənin üçüncü hissəsindəki
"ifşa" atəşləri daha gurdur. Bu hissədə
bilavasitə Xurşid xanımın da adı çəkilir.
Ancaq Mustafa Quliyevin dağıdıcı surətini bir az da
qabarıq etməkçün əvvəlcə onun dövlət
vəsaitini şəxsən öz ehtiyaclarına yönəltməsi
ilə bağlı rəqəmlər göstərilir:
"Xalq komissarı Quliyev öz mənzilinin bütün
mebelini təmir etdirərək ipək üzlük çəkdirib.
Mebelin təmiri üçün 379 manatlıq hesab isə
Xalqmaarifkomun kassasının hesabına ödənilib".
Bu məqalə yazılanda Xurşid xanımın 35
yaşı vardı. Bir opera müğənnisi
üçün əsl parlayış dövrü
sayılacaq yaş!
2 il əvvəl onu nazirlik xətti ilə təcrübə
keçmək üçün Moskvaya yollamışdılar.
2 il əvvəl Xurşid xanım 33 yaşında imiş və
bu yaşda olan adama qoca deyərlərmi? Ancaq gözlərini qəzəb
örtmüş məqalə müəllifi (və bu tələnin
təşkilediciləri) belə yazır: "O, qəfildən
qoca, yaşlı, istedadsız artist Xurşid Qacarı Moskvaya
təkmilləşdirməyə göndərir və ona
aylıq dövlət müavinəti - 150 manatlıq təqaüd
təyin edir. Lakin eyni zamanda İtaliyaya göndərilmiş
türk artisti Bülbül aclıq çəkir.
Bütün tələbələr 50 manat təqaüd
aldığı halda Moskvaya ezam edilmiş Verdiyevə 150 manat
təqaüd müəyyən edilir. Məmmədzadənin sərəncamı
ilə təqaüd azaldılsa da, Quliyev yenidən həmin məbləği
150 manata qaldırır və ödənilməmiş hissənin
də verilməsi haqda əmr imzalayır".
(Xalq Maarif Komissarlığı Maliyyə şöbəsinin
arayışında qeyd edilir ki, Dövlət Opera
Teatrının artisti Xurşid Qacara 1929-cu il apelin 1-dən
oktyabrın 1-dək 150 manat həcmində aylıq subsidiya
verilsin.
Və digər sənəddən bu da məlum olur ki,
Xurşid xanım Moskvaya əmrdə nəzərdə
tutulduğu kimi aprelin 1-də deyil, həmin ayın 23-dən
sonra yola düşə bilmişdir.
Mustafa Quliyevin bütün bu "cinayətləri"
təkbaşına həyata keçirmədiyi, ətrafında
bir "quldur şəbəkə" yaratdığı təsəvvürünü
oyatmaq üçün bu şəri təşkil edənlər
qazdıqları quyunu bir az da dərinləşdirirlər.
Məqalənin "Onminlər ciblərə
sovrulub" adlı bölməsində: "Xalqmaarifkomun
kollegiya üzvləri pulları özləri
götürüb, özləri də silirlər. Məsələn,
Pepinov, Manutsyan, Sultanov, Yembayev hərəsi 4 min manat geri
qaytarılmayan müavinəti qapışdırmışlar.
Kollegiyanın qərarı ilə bütün bu məbləğlər
ilin sonunda onların adından silinmişdir".
Söz yox, bu məqalənin izi ilə yazıda
adı çəkilənlərin hər birindən o vaxt
izahat alınıb, hərəsi də lazımi
cavabını verərək bu ittihamları rədd edib.
Onlardan birinin - Azərbaycan Xalq Cümhuriyyəti dönəmində
parlamentin üzvü və Məclis-i Məbusanın katibi, əmək
naziri işləmiş, sovet dövründə də əvəzedilməz
kadrlardan olduğundan güllələnənə qədər
daim yüksək vəzifələr etibar edilmiş Əhməd
Pepinovun ömür yolunu dərindən
araşdırdığımdan yaxşı bilirəm ki, o,
büllur kimi təmiz bir şəxsiyyət idi və müxtəlif
istintaq dindirmələrində də heç vaxt ona dövlətin
bir qəpiyinə belə əyri gözlə
baxdığı haqda irad irəli sürməyə əsas
olmayıb.
Ancaq irin saçan bu məqalə onu da, yəqin, elə
əksəri onun kimi təmiz olan digər nazirlik əməkdaşlarını
da korrupsioner elan edir və belələrinə qarşı
amansız cəza istəyir: "Bu şəxslər öz vəzifə
səlahiyyətlərindən istifadə edərək dövlət
vəsaitini oğurlayırmışlar.
Biz tələb edirik ki, onlar inqilabi dövr
qanunlarının bütün ciddiyyəti ilə cəzalandırılsınlar!"
Məqalə müəllifinin bu ifadələri elə
"müharibə dövrünün qanunları ilə cəzalandırılsınlar"
deməyə bərabərdir. Yəni güllələnsinlər!
Məqaləyə son söz olaraq redaksiyadan ayrıca
bir hissə əlavə edilib: "Xalq Maarif Komissarlığının
maliyyə işlərini təcili yoxlamalı".
Məhz bu hissədə redaksiya öz əməkdaşının
qeydlərini məsələni siyasiləsdirməklə
yekunlaşdırır: "Xalq Maaarif Komissarlığında
maliyyə ilə əlaqədar baş verənlər ikicə
sözlə ifadə edilə bilər: Dəhşətli
biabırçılıq. Əsas məsələ odur ki,
partiyanın və sovet hökumətinin böyük dövlət
işinə rəhbərliyi etibar etdiyi adamlar bu etibardan
sui-istifadə edirlər. Redaksiyada bizim əlimizdə olan
materialları dərin qəzəb hissi keçirmədən
oxumaq olmur. İş ondadır ki, bəzi məsul yoldaşlar
öz müəssisələrinin kassasına öz ciblərinə
baxan kimi yanaşırlar. Buna birdəfəlik son qoymaq
lazımdır. Biz hələ bu məqalədə Xalq Maarif
Komissarlığındakı
biabırçılıqların heç də
hamısından bəhs etmirik. Hətta bu çap olunanlar da
bizi belə bir tələb irəli sürməyə vadar edir
ki, Xalq Maarif Komissarlığının maliyyə işlərini
araşdırmaq üçün təcili yoxlama təyin
edilsin".
Hərdən düşünürsən ki, qəddar
rejimlərin insanları küncə qısnadığı
belə amansız əyyamlarda yaradıcı insanlar ruhdan
düşər, həvəs solar, ilham sönər, gözəl
sənət yaranmaz. Ancaq bu məntiqin əksinə olaraq
dünyanın hər yerində və bütün dövrlərdə
sənət və sənətkar nə qədər çox təqib
olunubsa, zəmanə nə qədər yaşanılmaz olubsa,
sanki İlahi İradənin hökmü ilə yaradıcı
insana yox yerdən güc gəlib, yazıblar-yaradıblar,
ağrıya dönüb ürəklərə çökənləri,
hamı tərəfindən dilə gətirilməsi
müşkül olanları sənətin qadir dili ilə ifadə
ediblər. Zülm artdıqca, cəmiyyətdə insana
göz verilib işıq verilmədikcə sənət məhrəm
sığınacağa, etirazçılığın,
müqavimətin mümkün meydanına çevrili, "Mən
varam!" sədası bu təsəlli adasından daha inamla və
qüvvətlə yüksəlib.
Tale, Xurşid Qacarın qismətinə belə bir
fırtınalı zamanı yazmışdı.
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2025.- 8 mart(№44).- S.16-17;18.