“1-ci Uşaq Teatr Festivalı”
başlayır
Milli Teatr Gününün 152-ci ildönümü
münasibətilə Mədəniyyət Nazirliyinin tabeliyində
fəaliyyət göstərən Bakı Şəhər Mədəniyyət
Baş İdarəsi və Azərbaycan Teatr Xadimləri
İttifaqının birgə təşkilatçılığı
ilə martın 10-dan 17-dək 6-14 yaş arası uşaqlar
üçün “1-ci Uşaq Teatr Festivalı” keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu unikal tədbir Azərbaycan
xalq nağıllarının yaşadılması və yeni nəslin
mədəniyyətə marağının
artırılması məqsədini daşıyır.
Festival çərçivəsində 15 komanda
iştirak edəcək, hər bir komanda 10 nəfərlik heyəti
keçmədən iştirak edə bilər. Komandalar tərəfindən
təqdim olunacaq tamaşalar 20-35 dəqiqə davam edəcək
və yalnız Azərbaycan xalq nağılları əsasında
hazırlanacaq. Bu yanaşma, uşaqların milli irsimizə
bağlılığını möhkəmləndirməklə
yanaşı, onların yaradıcılıq qabiliyyətlərini
inkişaf etdirməyə imkan yaradacaq.
Festivalın məqsədi mədəni irsimizi qorumaqla
yanaşı, uşaqlara komanda şəklində işləmə
bacarıqları qazandırmaq, səhnə mədəniyyəti
ilə tanış olmalarına və öz
istedadlarını nümayiş etdirmələrinə şərait
yaratmaqdır.
Layihənin ideya müəllifi Azərbaycan İncəsənət
Məktəbinin (AİM) direktoru Tural Əliyev, layihənin rəhbəri
Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəzin
metodisti Dağlar Yusif Əfəndi, layihənin bədii rəhbəri
AİM-in təsisçisi Fərid Bağırov və layihənin
koordinatoru məktəbin meneceri Rübabə
Hüseynovadır.
AİM festivalın təşkilində mühüm
rol oynayaraq uşaqların yaradıcılıq
potensialının üzə çıxarılması və
mədəni irsimizin təbliği işinə töhfə
verir. Məktəb həmçinin bu layihə vasitəsilə
uşaqların teatr sənətinə olan marağını
artırmağı hədəfləyir.
Festivalda iştirak etmək istəyən komandalar
üçün qeydiyyat prosesi artıq
başlamışdır.
525-ci qəzet .- 2025.- 8 mart(№44).- S.15.