"Mən sənə
qurban, Laçın!.."
Martın ilk həftəsi yaradıcılıq
baxımından məhsuldar oldu. Bununla belə,
bacardığım qədər
hər şənbə maraqlı müsahiblərlə
oxucuların görüşünə gəlməyə çalışıram. Onu da deyim
ki, onları arayıb tapmaq o qədər də asan olmur. Amma bəzən
hansısa bir ipucu səni uzaqdan tanıdığın birilə
tanış edir və əksər hallarda da bu
tanışlıq davamlı mehriban bir ünsiyyətə
çevrilir. Yaxınlarda sosial şəbəkədə
qarşıma bir süjet çıxdı. Həsrət dolu
məşhur xalq mahnısının bir misrasını müəllif süjetinə başlıq
seçmişdi - "Mən sənə qurban,
Laçın!.." Ardınca isə
yazılmışdı: "Uzun həsrətin böyük
sevinci". Özlüyündə ad artıq hər şeyə
aydınlıq gətirə bilmişdi. Müharibədən
sonra insanların viran qalmış yurd-yuvasına yenidən
ayaq basdığını, çözələnən xatirələrini
əks etdirən görüntüləri dəfələrlə
görmüşəm və hər dəfəsində də
hardasa oxuduğum misraları xatırlamışam: "Yerlərdir
həmən yerlər, Görünməz oldu illər".
Amma görmək başqa, o hissləri yaşamaq tamam
başqadır. Süjetin müəllifi də uzun həsrətdən
sonra "Mən sənə qurban, Laçın" deyərək,
30 illik bir zaman kəsiyinin böyük sevincini yaşamaq
üçün dədə-baba torpağına üz tutub ona
aid olan çox məqamları axtarmağa
çalışıb. Axtardığını tapa bildimi?
Sualın cavabını öyrənmək üçün mən
onu axtarıb tapdım. Əslində onu əksəriyyət
tanıyır. Biz isə bir həmkar, bir məsləkdaş
kimi onu oxucularla şənbə görüşünə dəvət
etdik. Ən çox da ona görə ki, bu gün 8 Martdır,
bütün xanımların özəl bayramıdır.
Müsahibim telejurnalist, Real TV-də Layihələr
Departamentinin rəhbəri Samirə Səfərəliyevadır.
- Fürsət düşmüşkən həmkarımı
oxucularımıza daha yaxından tanıtmaq istərdim...
- Bakıda doğulub boya-başa çatsam da, əslən
Laçındanam. Uşaqlığım orada keçib.
Laçını qış aylarında heç görmədim.
Həkəri çayının səsi ilə, akasiyanın, tut
ağacının ətrilə, dolu yağandan sonra təbiətin
qoxusu ilə böyümüşəm. Bakıda
yaşamağımıza baxmayaraq, Laçınla
bağlı xatirələrim çoxdur.
- Daha da çox ola bilərdi...
- Bəli, ola bilərdi... Amma işğalından iki
il əvvəl adəti üzrə yay tətilini
Laçında keçirən bir yeniyetmə qız, haradan
biləydi ki, bu yerlərə bir də çox uzun illərdən
sonra ayaq basacaq, xatirələrində yaşayan
Laçını axtaracaq, torpaq həsrətilə bu
dünyadan köç edən valideynlərinin şəklini
babasının məzarı üzərinə qoymaqla o
ruhları sevindirəcək. Çox məqamları aldı məndən
o uzun illər...
- Bu söhbətə bir də qayıdacağıq. Hələlik
isə bir həmkar marağı ilə qələmlə
dostluğunuzun haradan başlandığını bilmək
istəyirəm...
- Orta məktəbdən həvəsli olmuşam
jurnalistikaya. Qəzetlərə kiçik yazılar verirdim,
qonorar alırdım. Təbii ki, bu, bir məktəbli
üçün böyük motivasiya idi. Poeziyanı, ədəbiyyatı
çox sevirdim, elə indinin özündə də. Məktəb
vaxtında müxtəlif şeir və inşa müsabiqələrində
çox fəal olmuşam, nitq qabiliyyətim yaxşı idi
deyə, məktəbin bütün tədbirlərinin
aparıcısı idim və bütün bunları görən müəllimlərim
yolumu müəyyənləşdirməkdə yönləndiricilərim olub.
- Beləcə qələmi tapdınız...
- Təkcə qələmi tapmaq kifayət deyildi.
İki il Jurnalistika fakültəsinə qəbul ola bilmədim
və bu arada öz üzərimdə çox işlədim.
Müxtəlif kurslara getdim, qəzetlərlə əlaqə
yaratdım, ştatdankənar əməkdaşlığa
başladım. Yəni bir yerdə dayanıb qalsaydım,
bugünkü nöqtəyə çata bilməzdim.
- İlklər həmişə yaddaşın bir
küncündə yaşayır...
- İlk yazdığım şeir olub və onu
poçtla "Laçın" qəzetinə göndərmişdim.
Qəzet o şeiri dərc elədi, hələ mənə 2
rubl yanında qəpiklərlə qonorar da göndərdi. Amma
hadisələr elə cərəyan etdi ki, istiqamətim dəyişdi,
xəbər kanallarındakı fəaliyyətim məni
yaradıcılıqdan uzaqlaşdırdı.
- Və sizin televiziya həyatınız
başladı...
- O həyat başlayanda mən artıq tələbə idim. İki il
itirdikdən sonra ehtiyat etdim ki, birdən
üçüncü dəfə də Jurnalistikaya qəbul
olmaram və vaxt itirmək istəmədiyim üçün Qərb
Universitetinin "Ümumbəşər siyasəti və
iqtisadiyyat" fakültəsinə daxil oldum. Axşam
şöbəsində təhsil almağım geniş iş
fəaliyyətim üçün imkan yaratdı və
televiziyalarla bir yola çıxdım. 1998-ci il idi. ANS
telekompaniyasına radio aparıcısı lazım idi. Ora dəvət
aldım. Bildirdilər ki, Mir Şahin Ağayev məni
yoxlayacaq. Mənə bir vərəq uzadıb dedilər ki, bu
xəbəri oxu. Bir dəqiqə keçməmiş Mir
Şahin müəllim məni saxladı və siyasət aləmindən
kiçik suallar verdi. Cavablarımdan sonra dedi ki, sabahdan bu
qız bir ay təcrübə keçməyə
başlasın. Elə o gələn müəyyən fasilələrlə
uzun müddət ANS-də çalışdım. Radioda
aparıcı, redaktor assistenti, redaktor mərhələlərini
keçdim. Belə deyim ki, televiziyada mövcud olan
bütün qurumlarda - "Səhər" xəbər
kanalında, layihələr departamentində, saytda
çalışdım. Orada rəhbərliyin belə bir
konsepsiyası vardı ki, insan daima bir yerdə işləməməlidir.
Bizlər ANS-in daxilindəki bütün istiqamətlərə
yönəlirdik. Deyim ki, bu təcrübədən xeyli bəhrələndim
və kanal bağlanmadan təqribən yarım il əvvəl
yollarımız ayrıldı. Üç ilə yaxın
özümü sırf övladlarıma həsr etdim. Daha
sonra özəl kanalların birindən dəvət aldım və
bunu geri çevirmədim. Üstündən iki keçdi və
Mir Şahin Ağayevdən bir zəng gəldi. Dedi ki, Real TV-də
fəaliyyətə başlayan Layihələr Departamentində
səni görmək istəyirəm. İş rejimini, məvacibi
soruşmadan məmnuniyyətlə
razılığımı verdim və artıq altı ildir
ki, Layihələr Departamentinə rəhbərlik edirəm.
- Bir neçə konkret sualım var sizə.
Başlayaq jurnalistdən...
- Bu günlə müqayisədə iyirmi il əvvəl
çox çətin idi. Öz üzərimizdə çox
çalışırdıq, saytlar, sosial şəbəkələr
indiki kimi deyildi, xəbər mənbəyini özümüz
tapırdıq, yəni informasiya bolluğu sarıdan çox
çətin idi. Nə yaxşı ki, o çətinliklərdən
keçmişəm. İndi sosial platformalarda hərənin
öz hesabı var, çox zaman dəqiqləşdirilməmiş
məlumatlar olur. Bu gün jurnalist nəyisə qələmə
alanda, informasiyanı paylaşanda savadı, professionallığı
bir kənara qoyaraq deyirəm ki, ən əvvəl vicdanlı
olmalıdır. Bu gün Azərbaycan da daxil olmaqla
bütün dünyada baş verənlər jurnalistika yolu ilə
yürüyənlərin, bloger, ya sosial adamlar adlananların qələmindən
çıxır. Ona görə deyirəm ki, jurnalist vicdanla
yazmalıdır. Jurnalist həm də bir tərcümandır.
Xalqın problemlərini elə xalqın dilindən öyrənir,
şərh edir, lazımi qurumların nəzərinə
çatdırır. Hər hansısa bir məsələ həllini
tapmazsa, hansı uğursuz nəticələrə gəlib
çıxacağını proqnozlaşdırır, yəni
bir növ öncəgörəndir. Jurnalist eyni zamanda müxtəlif
qurumların, ekspert dairələrinin açarıdır.
Onların mürəkkəb terminoloji dildə qanunvericilik
çərçivəsində etdikləri şərhləri
jurnalist sadə xalqın anladığı şəklə
salır. Konkret desəm, mənim düşüncəmdə
jurnalist elçidir.
- Televiziya ilə davam edək...
- İlk baxışdan sadə və asan, amma çətin
sualdır. Artıq yarım əsrdir ki, istəsək də,
istəməsək də, televiziya evimizin, ailəmizin, iş
yerimizin ayrılmaz hissəsidir. Yenə deyirəm, iyirmi il əvvəl
televiziya nə idisə, indi o deyil. Televiziya maarifləndirməlidir,
öyrətməlidir, yönəltməlidir,
yaddaşımızı təzələməlidir,
xatırlatmalıdır. Ən əsas televiziya efir
insanlarının simasıdır və bu simamızı
unutmamalıyıq.
- Peşəkar televiziya məktəbi keçmisiniz. Yəqin
ki, razılaşarsınız ki, bir-iki istisnalar olmaqla efirlərimizin
aqibəti heç də ürəkaçan deyil...
- Efir məkanlarının heç də pis gündə
olduğunu zənn etmirəm. Sadəcə olaraq biz efirin vəziyyətini
sosial şəbəkələrdən əvvəlki durumla
müqayisə edirik. Bu, bir növ kino peyda olandan sonra
teatrların düşdüyü vəziyyətə bənzəyir.
Savadlı, kübar tamaşaçı televiziyaya baxıb və
baxacaq da. Bu gün insanların müxtəlif informasiya mənbələrinə
çıxışı var. Ona görə də onlar xəbərlərin
daha aydın və etibarlı istinad mənbələrinə əsaslanaraq
təqdim olunmasını tələb edir. Bu günün
tamaşaçısı artıq bəzi hadisələrin təsvirini
istəmir, onları hazırda baş verənlər
maraqlandırır. Bu, belə.
Sualınızda nəyə işarə vurduğunu
anlayıram. Bəli, bu gün efirlərdə sosial layihələr,
qalmaqallı şou proqramlar, ailə-məişət
mövzularının hallanması kimi verilişlər var. Bunu
da əsasən reytinqə bağlayıb deyirlər ki,
tamaşaçı bunu istəyir.
- Bəs həqiqətdə?..
- Düşünmürəm ki, tamaşaçı
sırf belə bir efir istəsin. Bizim kifayət qədər
savadlı, düşüncəli
tamaşaçılarımız var. Yüz nəfərin
baxdığı verilişi bütün xalqın
ayağına yazmaq olmaz, bu, mümkün deyil.
- Bayaq dediniz ki, televiziya efir insanlarının
simasıdır. Əgər peşəkarlıq varsa, bu, ya rəhbərliyin
uğurudur, ya da yaradıcı kollektivin...
- İndiki zamanda bir teleməkanda peşəkarlıq
yoxdursa, o, ayaqüstə dura bilməz. Lakin telekanalların
yönümü fərqli ola bilər. Məsələn,
peşəkar xəbər kanalları ilə hər kəs
maraqlanır, ona görə də şou kanallarını
"səviyyəsiz" sayırlar. Amma onların da izləyənləri
az deyil və toplumun bu cür kanallara da ehtiyacı var. Sadəcə
şou aparıcılarının öz yönümlərinə
uyğun şəkildə biliklərini artırması, cəmiyyətdə
mövcud olan dəyərlərə, adət-ənənələrə
hörmət etməsi vacibdir. Bu sahədəki
"müasirlik" narazılıq yaradır. Bununla
bağlı şou kanallarına treninqlər keçirilməsi
vacibdir. Sualınıza son cavabım belədir - televiziyada
peşəkarlıq və etika çox vacibdir.
- Bu bayram günündə qadından danışmamaq
mümkün deyil...
- Əsl qadın olmaq çox çətindir,
çünki onun missiyası hədsiz böyükdür.
Evin, ailənin qadını olmaq, övladlarının
yükünü çiyinlərində daşıyan
qadın olmaq, onların gələcəyini düşünmək
zərif bir məxluq üçün çox deyilmi? Təbii
ki, çoxdur və çətindir. Amma bütün
bunların öhdəsindən gələn
xanımlarımız, Azərbaycan qadını var,
özü də kifayət qədər. Qadına zəif deyənlərin
fikrini əsla qəbul etmirəm. Zəif adlanan o
varlığın daşıdığı yük onun nə
qədər güclü olduğunun sübutudur. Bu bayram
günündə bütün qadınlara qadın xoşbəxtliyi
arzu edirəm. Əgər qadın xoşbəxtdirsə, deməli,
onun gücü hər şeyə yetib.
- Bu il tarixi qələbəmizdən beş il
ötür. Telejurnalist Samirə Səfərəliyeva və
44 gün...
- Saata baxmadan, evi düşünmədən, nəfəsimizi
dərmədən, hər şəhid xəbərinə
doğması qədər üzülüb göz yaşı
tökən, eyni zamanda davamlı gələn qələbə
xəbərinə hamı kimi sevinən bir Samirə qalıb
o 44 gündə. Toplantılarda hər dəfə Mir Şahin
müəllim deyirdi ki, burada rahat iş yerinizdə oturmusunuz,
amma orada hər dəqiqə övladlarımız torpaq
uğrunda şəhid olur. Sizin burada bir tikə yeməyə
belə, haqqınız yoxdur. Onlarla bərabər siz də
burada döyüşməlisiniz. Təsəvvür edin 18-19
yaşlı oğllarımızın şəhid xəbərini
oxuyanda hansı hissləri keçirmişəm, onu yaşayan
bilər.
- Həmkarın həmkarlarına deyəcək
sözü həmişə var...
- Dürüst olsunlar. Son vaxtlar rastıma
çıxan və heç sevmədiyim bir məqamı
xüsusi vurğulamaq istəyirəm. Həmkarlar bir-birini
çox ittiham edir, birinin atdığı addımı o birilər
dərhal yayımlamağa çalışır, məzəmmətə,
tənqidə və hətta təhqirə də keçirlər.
Bu, heç xoşagələn hal deyil. Mən sosial şəbəkədə
bir həmkarımın digəri haqqında mənfi fikir
yürütməsini oxumaq istəmirəm. İstəyirəm
ki həmkarlar bir-birinə dəstək olsun.
- "Laçın işğaldan azad olunandan sonra ora
gedəcəyimi və hansı xatirələrlə
qarşılaşacağımı, qəhər içində
boğulacağımı belə, xəyal etmişdim". Bu
sözləri uzun həsrətin böyük sevinci ilə qələmə
almısınız, özü də sonuncu dəfə
90-cı ildə ayrıldığınız və bir də 34
ildən sonra gördüyünüz Laçında...
- Azad Qarabağda ilk getdiyim yer Laçın oldu,
ötən ilin may ayının 18-də. Laçını
qarış-qarış gəzən mən oranı
tanımadım. Bir az kədərləndim ki, heç bir xatirə
yadıma düşmür. Hər yerdə bərpa, təmir-tikinti
işləri gedirdi. Hətta özümü məzəmmət
etdim ki, mən gərək Laçına işğaldan azad
olan kimi dərhal gələydim. Sonra sürücünü
istiqamətləndirərək nənəmgilin evini tapdım.
Eşitdiyimiz, yeri düşəndə işlətdiyimiz bir
söz var - uçunmaq. Viran qalmış o evi görəndə
uçunduğumu hiss etdim. Məcburi köçkünlük
həyatını yaşamasam da, qohum-əqrəba ilə
birlikdə o acının dadını bilirdim. Mən bura gələndə nələr yazacağamı da əvvəlcədən
düşünmüşdüm. Amma
görüb-rastlaşdıqlarımdan sonra
düşündüklərimin üstündən xətt
çəkdim.
- Yəqin ki, axtardıqlarınızdan nələrisə
tapa bildiniz...
- Hər il üç ay yay tətilini keçirdiyim,
vəhşicəsinə xarabalığa çevrilən baba
ocağımda hansı hissləri yaşadığımı
ifadə etmək üçün heç nə yetməz.
Daş-kəsəyin içində yolunu azan adamlar kimi
vurnuxdum. Budaqlarını sındırdığım tut
ağacının yanına gəlib onu öpdüm, Həkəri
boyu gəzdim. Bir zamanlar yaşıllığa qərq olan məzarlığa
gəldim. Gördüyüm vəhşiliyin bir canlı
varlıq tərəfindən edildiyinə inanmaq istəmədim.
Qohumların bərpa etdiyi dədəmin məzarına gəldim.
Laçın həsrətilə bu dünyadan köç edən
valideynlərimin şəklini həmin məzarın
üstünə qoydum və mənə elə gəldi ki, həmin
anda o ruhları qovuşdurdum. Yenidən gəlib baba evinin
doğma divarlarında qalan daşların arasında oturdum,
heç demə, insan daşın da qoxusunu ala bilərmiş.
Elə bil heç nəfəs də almırdım. Bir də
eşitdim ki, məni çağırırlar. Zənn edirdim
ki, 2-3 dəqiqədir burdayam, əslində isə bir saata qədər
xəyalən çox uzaqlarda olmuşam özümdən xəbərsiz.
Bu vaxt ərzində uşaqlığımı tapdım,
xatirələrimi tapdım. Daxilən yeniləndim, ruhən
cavanlaşdım. Orada bir daha anladım ki, torpaq həyatda
qalmaq, həyatın özü olmaq deməkdir.
SÖZARDI: Həmkarımızın
dədə-baba torpağında hazırladığı
süjetin sonluğu bu sözlərlə bitir: "Ovcumda
torpaq var, onun adı Laçındır. Yurda qovuşmaq bir
ovuc torpaqdan başlayır. Biz torpağı unutmadıq, torpaq
da bizi çağırmaqdan yorulmadı"...
Təqvimdə isə 2025-ci ilin 8 Martıdır.
İrqindən, mənsubiyyətindən, dinindən,
yaşından asılı olmayaraq həyata həyat bəxş
edən qadınlar dünyanın bütün gözəlliklərinə
layiqdir.
Bayramınız mübarək, dəyərli
xanımlar!
Tamilla M-ZADƏ
525-ci qəzet .- 2025.- 8 mart(¹44).- S.12;13.