80 faizə möhtac
Esse
"Savadlı musiqiyə xidmət edən insanlar
müasir bəstəkar mahnılarını oxuyan müğənnilər
kimi yaxşı yaşaya bilmirlər. Həmin
ifaçılar düşünür ki, mən həyata bir dəfə
gəlmişəm, yaxşı yaşamaq haqqımdır.
İstəyirəm gözəl evim, maşınım olsun.
Reallıq budur ki, bu gün bizim aldığımız məvacib
onlar qazandığı qədər deyil. Mən öz istiqamətimdə
davam edib ucuz yeməyə razı ola bilərəm, bu, mənim
şəxsi işimdir. Ancaq əksini düşünənləri
də qınamıram.
Mən vətənpərvər insanam.
Torpağımı, xalqımı, mədəniyyətimi sevirəm.
Xalqıma canım fəda olsun. Ancaq deməliyəm ki, qədim
dövrdən mənim xalqımın 80 faizi orta məktəb
oxumaq istəməyib. Təhsil insanın intellektini
artırır, zövqünü formalaşdırır. Əgər
bizim xalqımızın 80 faizi zövqlü musiqiyə qulaq
assaydı, bu gün həyatını toy musiqisinə həsr
edən müğənnilərin 80 faizi pul qazanmaq
üçün savadlı musiqiyə üz tutardı".
Bu fikirlər Əməkdar artist Teymur Əmrahın
müsahibəsindəndir. Son günlərdə müğənninin
sözügedən çıxışı müzakirələrə
səbəb olmaqla yanaşı, çoxlarını xeyli təəccübləndirdi.
Kimi onu sifarişli danışmaqda günahlandırdı, kimi
də musiqiçiyə, pedaqoqa yaraşmayan mövqeyində.
İllərdir ki, klassik musiqimizin təbliği istiqamətində
çalışan, çıxışlarında
bayağı musiqini tez-tez tənqid edən, öz üslubuna
daim sadiq qalan əməkdar artistin bu cür fikirlər səsləndirməsi
xeyli suallar yaratdı.
Nə qədər təəccüblənsəm də,
bu fikirlərlə vergülünə qədər razıyam.
Teymur Əmrahın bu sözləri müasir musiqimizin
hazırkı durumu ilə bağlı dəqiq təsbitdir.
Əslində, o, yeni bir şey demir. Hamısı bildiyimiz
reallıqlardır. Ancaq biz bu həqiqətləri çox
vaxt fərqli mövqelərdəki şəxslərin dilindən
özlərinə sərf edən üslubda eşidirik. Məsələn,
bayağı musiqi ifaçılarını qınayanlar
çoxluğun bunu tələb etdiyini unudurlar.
Çoxluğun tələbini xatırladanlar isə niyə
belə olduğunu tutarlı arqumentlərlə əsaslandıra
bilmirlər. Teymur Əmrah isə qınağı bir tərəfə
qoyub səbəbi xatırladır.
Problemin kökündə təhsil və ya təhsillə
bağlı çatışmazlıqlar dayanır. Ümumi təhsil
səviyyəsini bir kənara qoyub, fərdin musiqi
savadının önəmindən çıxış etsək,
problemin mahiyyətini daha aydın görmüş olarıq.
Heç olmasa, orta məktəb səviyyəsində normal
musiqi bilgisi olan, notu notdan seçə bilən, dünya
musiqisindən beş-on bəstəkar tanıyan adam ola bilməz
ki, bayağı musiqi ilə əsl sənətin fərqini
anlamasın. Bu fərqi bilən şəxsin seçimi də
çox güman keyfiyyətdən yana olacaq. Düzdür,
sırf musiqidən danışırıqsa, seçimlərdə
əhval faktorunun təsirini unutmamalıyıq. Ola bilər ki,
konservatoriya məzunu əri ilə dalaşanda hansısa
bayağı ifaçının ağlaşmasına qulaq
assın, yaxud da toyda həmin müğənninin "rakıdı-çıko"
mahnısına əl qaldırıb oynasın. Söhbət sənətdən
gedirsə, belə seçimlər istisna edilmir, nəticə
etibarilə burada söz sahibi konkret faktlar yox, ruhun
ehtiyacıdır.
İncəsənətin digər sahələrində
də analoji hal müşahidə olunur. Hər il bir neçə
bayağı komediya filminin premyerası keçirilir. Ciddi sənət
nümunələri haqqında isə eyni şeyi demək
mümkün deyil. Hətta dəfələrlə rejissorun
borc-xərc pul tapıb çəkdiyi qeyri-komediya filmlərinin
uğursuz kinoteatr həyatını ürək
ağrısı ilə izləmişik.
Son dövrlərdə kino sahəsində az da olsa,
inkişaf gözə çarpır. Artıq komediyadan
savayı, digər janrlarda çəkilən yerli filmlər də
tamaşaçı toplaya bilir. Amma təəssüf ki, belə
nümunələrin sayı hələ ki azdır.
Ədəbiyyatda isə vəziyyət daha
acınacaqlıdır. Bu yaxınlarda yazıçı Elxan
Elatlının müsahibəsində maddi durumundan gileylənməsi,
çoxumuzu ən azı Teymur Əmrahın
çıxışı qədər təəccübləndirdi.
Ölkənin ən tanınmış imzalarından olan
yazıçı kitab satışından əldə etdiyi
pulla dolana bilmədiyini deyir: "Çalışıram mənə
qarşı tənqidləri eşitməyim, çünki
cavab versəm, o cavaba da bir cavab gələcək, məsələ
uzanacaq. Mənim buna vaxtım yoxdur. Mən altı aya, yeddi aya
bir roman yazmalıyam. Açıq deyəcəyəm, roman
üçün aldığım məbləğ elə mənə
altı-yeddi ay bəs edir. Ola bilsin, bu, keyfiyyətə də
təsir edir, amma başqa çarə yoxdur.
Artıq on ildən çoxdur heç yerdə işləmirəm,
çörəyim ancaq yazmaqdan çıxır. Çətinliklə
dolanıram. Bakıya gəlməyimdən 23 ili keçib, hələ
də kirayədə qalıram".
Təsəvvür edin, bunu digər janrlara nəzərən
daha təlabatlı dedektiv janrda yazan ədəbiyyat adamı
deyir. Əgər bizim ən çox kitabı satılan
yazıçımız belə deyirsə, digərlərinin
vəziyyətini təxmin etmək heç də çətin
olmaz.
Elxan Elatlı məlum müsahibəsində oxucu
sayından daha çox, kitab industriyasındakı boşluqlara
toxunur. Bu da öz növbəsində kitab sənayesindəki
problemləri xatırladır. Düzgün qurulmayan iqtisadi
münasibətlər birbaşa olaraq kitab satışına təsir
göstərir, nəticədə isə itirən
yazıçı olur.
Elxan Elatlının əsərlərinin oxucusu olmasam
da, məlum müsahibə məni çox üzdü. Deməli,
sadalanan problemlərin həlli istiqamətində günü
sabah müvafiq addımlar atılsa belə (əgər
atılsa), yaxın illərdə uğurlu nəticə
gözləmək mənasızdır. Bu isə çətinliklərə
məhkum neçə-neçə yazıçı deməkdir.
Yaradıcılıq sferasındakı məlum
problemin bir çox səbəbi olsa da, iki faktoru xüsusilə
fərqləndirə bilərik. Biri çoxluğun əsl sənət
əsərini qiymətləndirmək üçün yetəri
biliklərə sahib olmaması, digəri isə kütlə
ilə yaradıcı şəxs arasındakı kanalların
səmərəsiz fəaliyyətidir.
Fikrimcə, birinci məsələni zaman özü
yerbəyer edəcək. Müasir gənclik dünya incəsənətindən
xəbərdardır. Yeni nəsillər informasiyanın bol
olduğu dövrdə yetişir və əlbəttə,
mövcud resursların yaratdığı şərait
onların zövqünü də yaxşı yöndə
formalaşdıracaq. Ancaq elitar sənətin kəmiyyət
etibarilə kütləviliyə uduzması dövrün, yaxud
da toplumun problemi deyil, əsrlər boyu mövcud olan
qanunauyğunluqdur. Məsələ bu iki istiqamət
arasındakı fərqin kəskin olmamasıdır.
İkinci problem isə daha çox iqtisadi xarakter
daşıyır. Burada birincidən fərqli olaraq hadisələrin
gedişatını təkcə zamanın öhdəsinə
buraxmaq olmaz. Yaradıcılıq institutları püxtələşməli,
lazımi mexanizm qurularaq işlək vəziyyətə gətirilməlidir.
İstənilən halda mövcud problemlərin həlli
üçün müəyyən müddət lazımdır.
Söhbət ən azı on ildən gedir. illəri yaşamaq
isə təəssüf ki, bizim nəslin payına
düşür.
Aytac SAHƏD
525-ci qəzet .- 2025.- 8 mart(№44).- S.13.