Filosofdan
açıq məktub
Hörmətli oxucu!
Bu açıq müraciətlə düşüncə
sahibi olan qadınlar haqqında həqiqətləri təkrar
dilə gətirmək istəyirəm. Xüsusilə
vurğulayım ki, bu müraciət yalnız qadınlara
deyil, çəkilən əziyyətlərin mahiyyətləri
və səbəbləri ilə maraqlanan hər kəsə
ünvanlanıb.
Bəri başdan deyim ki, əslində,
düşüncə və yaradıcılıq zirvəsində
cins yoxdur, yalnız İnsan var. Mənim yazdıqlarım da məhz
belə bir məcburi cinsi ayrılıq, düşüncə
tarixində qadına verilən "dəyər"
haqqında olacaq.
Hansı səbəbdən yazıram? Məsələ
burasındadır ki, il boyu yüksək tribunalarda, beynəlxalq
konfranslarda gender bərabərliyindən, qadın
hüquqlarından, elmdəki fəaliyyətindən, vəzifə
tutan qadınların statistikasından danışırlar,
sonra bir "ağıllı" çıxıb rişxəndlə
qadınlar haqqında bir söz atır və başlanır ənənəvi
müzakirələr, sorğular, hücum-müdafiələr.
Maraqlıdır ki, bunu başlayan da, davam etdirən də,
sonlandıran da kişilər olur. Uzaq başı, müzakirələrə
bir feminist dəvət edirlər və nəticə yenə də
qadının xeyrinə olmur. Belə ittiham-müdafiə
aktlarından növbətisi yenicə səngiyib və bu məktubla
o müzakirələrin "hərarətindən" soyuyan
başları təkrar düşünməyə dəvət
edirəm.
Qadını yaradıcılıqdan, yüksək
ideyalardan ayırmaq istəyəndə ona
qadınlığını xatırladırlar və bunu bir əskiklik
kimi çırpırlar üzünə. Yeri gəlmişkən
deyim ki, alman filosofu Kant məsləhət görürdü
ki, qadın təfəkkürünü elə istiqamətləndirmək
lazımdır ki, cins anlayışından, məişət
qayğıları çərçivəsindən o yana
keçməsin. Yadıma orta əsrlərdə Avropada dəb
halına düşmüş inkvizisiya düşür:
qadın günah torbası, haqq yoldan azdıran iblis hesab
edilirdi və buna görə də səsi çıxan,
başını qaldıran hər qadına işgəncə
verib onu yarandığına peşman edəndən sonra ocaqda
yandırırdılar. İndi ocaqlar çatılmır, sadəcə
qadının kimliyi cəmiyyətin fonunda qabardılır, bəzən
təhrif edilir, bəzən haqqında haqsız hökmlər
verilir və bütün bunlarla şüuraltı şəkildə
qadının cəmiyyətə sonradan, sanki təsadüfən
qoşulmuş yad ünsür olduğu təlqin edilir.
Bu, Mütləq Yaradanın əməlinə,
yaratdığına tutulan nöqsandır? Əgər
qadının fiziki baxımdan zəifliyi ona nöqsan tutulursa
və əgər güc üstünlük göstəricisidirsə,
o zaman bəzi heyvanlar (fil, dəvə, hətta özündən
ikiqat ağır yük qaldıra bildirən qarışqa)
insandan daha üstün hesab edilməli deyilmi? Əgər
qadının məntiqinin zəif olduğunu iddia edirlərsə,
axı elm də təsdiq edir ki, hər şey məntiq
çərçivəsinə sığmır, həqiqət
yalnız klassik məntiqlə izah oluna bilməz, qeyri-səlis
məntiq də var. Əgər irad yaranış
ardıcıllığınadırsa, alman fəlsəfəsinin
təməlində duran tanınmış filosof, rahibə
Bingenli Hildegard deyirdi ki, "kişi torpaqdan
yarandığı halda, qadın Adəmdən - canlı bir
maddədən yaradıldı..." və məhz bu,
qadının üstünlüyünün təsdiqidir. Digər
tərəfdən, nəslin davam etməsində iki vacib
başlanğıcdan biri digərindən necə üstün
ola bilər?
Düşüncənin "primitiv" səviyyəsi
hesab edilən, əslində isə bünövrəsi olan
mifləri saf-çürük edəndə görürsən
ki, Olimpin tanrıları arasında qadınlar da var və
orada kimsə cinsinə görə alçaldılmır, əzilmir,
qadının əlinə qılınc, dilinə hikmət
yaraşır. Milli kökümüzdə, yaxud İslam dinində
də qadını bütün bəlaların cavabdehi, zə(r)if
məxluq hesab edilmir. Dinimizə görə Yaradan Müqəddəs
Məryəmə nur və kəlam kimi İsa Məsihi nazil
edib, möcüzələr verib. Ancaq bəzən Quran-Kərimi
öz düşüncəsinə uyğunlaşdıranlar
belə qərar çıxarırlar ki, müqəddəs mətndə
də yazılıb ki, qadın kişidən əskikdir. Ayə
soruşanda hədis deyirlər. Halbuki cavab olaraq neçə
ayə gətirmək mümkündür ki, Allahdan müraciət
hər ikisinə eynidir, insana, cəmiyyətə aid verilən
hökmlər hər ikisinə ünvanlanır, "biz hər
şeyi qoşa yaratdıq" ifadəsi ilə dönə-dönə
yaradılış qanunauyğunluğu təsdiqlənir. Miras
və məhkəmə şahidliyini nümunə gətirirlər,
amma orada da kiminsə üstünlüyü
vurğulanmırsa, əcəba, ilahi hökmə bu
"kişi" müdaxiləsinin səbəbi nədir?! Belə
cahil bəyanatlar əvəzinə, Qurani-Kərimi daha diqqətlə
oxumaq, oxuduğunu dərk eləmək yaxşı
olmazmı?!
Maraqlı bir faktı da deyim ki, düşüncə
tarixinin əhəmiyyətli məqamlarında,
dönüş nöqtəsi yaradan kişinin yanında
mütləq bir Qadın olub, çünki yalnız
tamamlanmış bir ideya, düşüncə
dönüş yaratmaq iqtidarındadır. Bunu həmin
kişilərin əksəriyyəti açıq şəkildə
etiraf ediblər. Bəs qadının adını bu tarixdən
silən, o zirvədə kişinin adını tək saxlayan,
qadını isə cəmiyyətin gah zə(r)if - yazıq təbəqəsi,
gah günahkar - yad ünsürü kimi görən kimlərdir?
Görəsən, ilk filosof hesab edilən Pifaqorun irsini qoruyub
saxlayan və məktəbinin yaradıcısı olan
qızı Damonu niyə tanımırlar? Niyə Sokratın
müəllimi Diotimanın eşq haqqında düşüncələrini
Platonun adına çıxırlar? Leybnizin monadlarından
danışanda bu ideyanın və bu haqda ilk məqalənin
müəllifi Anne Konveyin adını niyə çəkmirlər?
Ümumiyyətlə, tarixdə filosof qadının olmamasını
iddia edənlərin Rafaelin məşhur "Afina məktəbi"
adlı freskasında neçə qadın filosofun rəsmi əks
olunduğundan xəbərləri varmı? Görəsən,
Mariya Sklodovskaya-Kürinin iki dəfə Nobel mükafatı
alanda da, Paris Universitetinin ilk qadın professoru, Paris Tibb
Akademiyasının ilk qadın üzvü seçiləndə
də məhz kişi həmkarları ilə
apardığı mübarizə kimə isə
maraqlıdırmı? Onun əməyini 5 il əvvəl həlak
olmuş həyat yoldaşının adına çıxanlar
görəsən, eyni həvəslə Albert Eynşteynin
Nobel mükafatında onun ilk həyat yoldaşı Mileva
Mariçin xidmətlərindən də
danışırlarmı? Böyük sənətdə
qadın müəllifin olmadığını iddia edənlər
Rodenin yaradıcılığında böyük yüksəlişə
səbəb olan Kamilla Klodelin sənət əsərləri
ilə tanışdırlarmı? Görəsən, niyə
hansı isə dahi qadının əməyini etiraf etmək əvəzinə,
onun qadınlığını önə çəkməyi,
haqqında uydurulan bir-iki şayiəni daha maraqlı hesab edirlər?
Bunu edən kimlərdir? Səbəb nədir?
Cavab sadədir. Qadın diqqətindən məhrum
qalan, yaxud əksinə, qadın istismarında əzilənlər
qadını inkar edirlər və bunu çox aqressiv şəkildə
bildirirlər. Belələri qadının düşünmək
qabiliyyətini, yaradıcılıq istedadını nəinki
şübhə altına alır, hətta bunun
üçün dəlil-sübut da gətirməyə
çalışırlar. Əslində, belə hücumlar,
rişxəndlər qadının gücü
qarşısında acizliyin, qorxunun etirafıdır. Bunun ən
möhtəşəm nümunəsi Viktor Hüqonun "Paris
Notr-Dam kilsəsi" əsərindəki Allahdan bixəbər
keşiş Klod Frollodur: xəlvətdə qaraçı
qızı Esmiraldanın həsrətini çəkə-çəkə
ona qara yaxıb, ölümünə hökm verir. Belə
"qəhrəmanlara" Anarın "5 mərtəbəli
evin"də də rast gəlmək mümkündür: Təhminə
haqqında "söz uyduranları" deyirəm. Məhz
heç cür yüksələ bilməyən kişi
heç olmasa qadını alçaltmaqla
"hündür" görünmək istəyir. Burada
yadıma "Kitabi Dədə Qorqud"dan sarı donlu Selcan
xatunla Qanturalı düşür. Əvvəlcə yekə-yekə
"Baba, mana bir qız alı ver kim, mən yerimdən turmadan
ol turğac gərək! Mən qaraqoç atıma binmədən
ol binmək gərək!.." deyir. Elə ki, belə bir
qız onu yağıdan xilas edir, bunu özünə əskiklik
sayır və el içində ondan əskikliyini gizlətmək
üçün yarım deyib, atasının isti
ocağından ayırdığı halalını
öldürmək istəyir. Yaxud Bamsı Beyrəklə
Banuçiçəyin məşhur yarışmasında
uduzduğuna görə el içində xar olmamaq
üçün Beyrəyin hansı namərdliklə
qızı yıxmasını kimsə demir. Əcəb
üstünlükdür!
Deməli, məntiqlə, özünə güvənən,
ağıllı, öz üstünlüyünü sübut
etmək üçün kimsəni alçaltmağa
ehtiyacı olmayan kişi heç vaxt qadını inkar etməz,
onun ağlına, bacarığına şübhəylə
yanaşmaz! Məsələn, bütün yazıları
başdan başa inkar üzərində qurulan Fridrix Nitsşe
heç vaxt qadının gücünü inkar etməyib,
çünki inanırdı ki, "Hər kəs
özündə ana tərəfdən bir surət saxlayır:
məhz bu surət təyin edir ki, o ümumiyyətlə
qadınlara hörmətlə yanaşacaq, onlara nifrət edəcək,
yoxsa tamamilə laqeyd qalacaq". Hətta həyat yoldaşından
narazı olan Sokrat da qadınların nə gücünü,
nə ağlını inkar edirdi, çünki
özünün iki ustadı qadın idi: Diotima və Aspazia.
Mövlana isə deyirdi ki,
Qadın Haqq nurudur, sevgili deyil;
Sanki yaradıcıdır, yaradılmış deyil.
Bunlar qadına verilən qiymətdən daha çox,
həmin şəxsin öz səviyyəsinin göstəricisi,
obyektiv həqiqəti görmək cəsarətidir.
Hörmətli oxucu! Ailədə baş vermiş
münaqişədə, hətta faciədə ilk növbədə
qadını günahlandırırlar, hətta məlum atalar
sözlərini də buna uyğunlaşdırıblar:
"Yaxşı at özünə qamçı
vurdurmaz". Razıyam, ailədə baş verən hər
nöqsanın qaynağı qadındır, çünki
evində həyat yoldaşını incidən kişini də,
qız uşağı doğulanda yasa batan valideynləri də
qadın-ana tərbiyə edir. İtalyan şairə Moderata
Fontenin fikrinə görə, "müdrik, dindar və
xeyirxah arvadı olan kişinin özü cahil, rəzil və
pis bir insan olsa da, bu, həmin qadının hörmətinə
bir ləkə gətirmir. Lakin bir qadın bədbəxtlikdən
arxasınca düşmüş bir heyranı tərəfindən
yoldan çıxarılarsa, qürurunu itirərsə, bu vəziyyət
o dəqiqə ərə böyük bir alçaqlıq və
xəcalət gətirir; o, nə qədər müdrik və
hörmətli bir şəxs olsa da, o, qadına
bağlıdır, qadın ona deyil". Maraqlıdır,
kişi daim öz gücü ilə öyünür, amma ya
bilmir, ya da bilmək istəmir ki, onun gücünün də,
zəifliyinin də qaynağı qadındır.
Qadın məhz güclü olduğuna görə,
onun israrla zəif olduğunu bildirənlərə
qarşı təvazökarcasına susur. Hətta
eramızın 3-cü əsrində kilsə öz hakimiyyətini
gücləndirəndə Misirin İsgəndəriyyə
kitabxanasında dərs deyən, elmdə neçə kəşfin
müəllifi olan Hipatiyanı daş-qalaq etdirdi və
qadına düşünməyi (!), başını
qaldırıb fikir bildirməyi haram buyurdu. Amma qadın
çıxış yolu tapdı: məhz həmin kilsənin
divarları arasında, İsa Məsihin nişanlısı
kimi toxunulmazlığı əldə etməklə - rahibəliyi
qəbul etməklə uzun əsrlər boyu bu şəkildə
öz fikirlərini söyləmək imkanı qazandı.
Qadının gücü məhz ömür boyu
qarşısına qoyulan maneələrdən keçməyi
bacarığıdır.
Amma bəzən qadın o dərəcədə
çıxdaş edilib ki, onlar öz hüquqlarını tələb
etməyə, səslərini ucaltmağa məcbur olublar və
beləcə feministlər ortaya çıxıb. Təəssüflə
qeyd edim ki, onu yalnız bir cins kimi təqdim edən və
bununla sanki Kantın "vəsiyyətinə" əməl
edən feministlər qədər qadınlara heç kim zərər
verməyib. Bu, həm qadının zəif, ikinci cins
olmasının etirafı, həm də digər bərabərhüquqlu
kişiyə düşmən kəsilməkdir. Qəribə
paradoks alınır: qadın kişidən "qisas" almaq
üçün özünə ziyan vurur və bu, bir daha
sübut edir ki, kişini zəiflətmək istəyirsənsə,
onun qadınını zəiflət. Bu, yalnız ailəyə
aid deyil, düşüncə müstəvisində də belədir.
Bir xalqın düşüncəsini tənəzzülə
uğratmaq istəyirsənsə, oradan qadınları sil. Məhz
"öz cinsi hüdudlarından kənara çıxmayan
qadın" ilk növbədə öz həyat
yoldaşını, daha sonra ailəsini məhv edir.
Hörmətli oxucu! Mənim sadaladığım
nümunələr Qərb düşüncə tarixinə
aiddir və mənə irad tutula bilər ki, tariximizdə
qadın ən yüksək yerdə oturdulub, xan belə ona
XANım deyib, Azərbaycanda qadına ilk dəfə səs
hüququ verilib, Hacı Zeynalabdin Tağıyev qız məktəbi
açıb, şairlərimiz necə gözəl sözlər
deyib haqqında və daha neçə möhtəşəm
fakt. Qəbul edirəm. Azərbaycan həmişə
düşüncə tarixinin əhəmiyyətli yerlərindən
birini tutub, buna həm onun coğrafi mövqeyi, həm də
möhtəşəm fikir potensialı imkan verib. Bu
düşüncə sahibləri arasında qadınlar da olub
və var. Bunu inkar etsələr də, barışmasalar da,
görməz gözə qoysalar da, Azərbaycanın
düşünən və yaradan qadınları var,
olmalıdır, yoxsa ümumiyyətlə inkişaf dayanar.
Amma siz də qəbul edin ki, Azərbaycanda məhz
kökü Qərbə gedib çıxan bu nöqsanlar, əslində
avropalaşmanın bu "yan effektləri" ya milli mentalitet
adı ilə, ya da qadının anadangəlmə qüsuru
kimi təqdim edilir. Kiçik bir epizodu xatırladım. Qurban
Səidin "Əli və Nino" əsərində yeni
qurulmuş Cümhuriyyətə gələn diplomatik
qonaqları qəbul etmək üçün "səviyyəli
bir ailə, ev" tapa bilmirlər və xaricilərin
qarşısına Ninonu - gürcü qızını
çıxarırlar. Məhz Cümhüriyyət illərində
Azərbaycanın çox savadlı, səviyyəli, mədəni
xanımlarının olduğu məlumdur, amma önə
çıxarılan Nino olur! İndi də həmin ətalətlə
Azərbaycan qadını daha çox "Tükəzban"
kimi tanıdılır. Cəfər Cabbarlının Sevili,
Almazı yox, Səməd Vurğunun Aygünü yox, heç
Ustad şair Dədə Ələsgəri deyişmədə
bağlayan, sazını yerə qoyduran Həcər xanım
da yox, adı-kimliyi bəlli olmayan, savadsız, bədbəxt
bir cahil qadın Azərbaycan qadınının simvoluna
çevrilib! Doğrudanmı, ildə bir dəfə
çıxıb belə tutarlı cavab verən,
yaddaşları təzələyən qadına ehtiyac var:
Mən Həcərəm, əbrü ətlaz geymərəm,
Öz-özünə sultan mənəm, bəy mənəm.
Şövq əhlisən, xətirinə dəymərəm,
Səhv düşübsən sən pirana, deyirəm.
Bəli, kimsə kimdənsə üstün deyil,
çünki Allah-Təala hər şeyi cüt yaradıb ki,
tərəzinin gözü heç vaxt əyilməsin. Bunu əyməyə
çalışanların isə məhz özünün
vestibülyar aparatında nöqsan olduğuna şübhə
yaranır. Tərəzinin hər iki gözü eyni deyil, amma
bərabərdir.
Nəhayət, daim verilən suala qısa bir cavab verək:
qadın güclüdür, yoxsa kişi?! Əlbəttə,
kişi, əgər qadın güclüdürsə!
Könül BÜNYADZADƏ
525-ci qəzet .- 2025.- 8 mart(№44).- S.10;11.