Qızıl
bazarı nəzarətə götürülür
Dövlət başçısının bu günlərdə
imzaladığı fərmanla Azərbaycan
Respublikasının Prezidenti yanında Antiinhisar və
İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin
Əsasnaməsi təsdiqlənib. Agentlik bundan sonra ölkədə
dövlət əyar nəzarətini və qiymətli
metalların, qiymətli daşların istehsalı, emalı,
istifadəsi, dövriyyəsi və sair sahələrdə
dövlət nəzarətini həyata keçirən mərkəzi
icra hakimiyyəti orqanıdır.
Azərbaycanda zərgərlik bazarı saxta
qızıl satışı üçün əlverişli
məkana çevrilib. Bu günədək bu sahədə əyar
nəzarətinin olmaması keyfiyyətsiz məhsulların
kütləvi şəkildə bazara ayaq açması ilə
nəticələnib.
Azərbaycan Zərgərlər Assosiasiyasının rəhbəri
Toğrul Abbasquliyevin fikrincə, qiymətli daşlara nəzarət
çox vacibdir: "Azərbaycan Zərgərlər
Assosiasiyası olaraq son dörd il ərzində bir neçə
dəfə bu məsələ ilə bağlı
İqtisadiyyat Nazirliyinə müraciət etmişdik.
Keçmiş Əyar Palatasının funksiyaları zərgərlik
sahəsi üçün çox önəmli idi.
Çünki hər bir qiymətli daş laboratoriyadan
keçməli, qiymətli metallar əyarlanmalı və
damğalanmalıdır. Bu, qızıl bazarı
üçün çox önəmli amillərdən biridir.
Sahibkarlar üçün vacibdir ki, aralarında ədalətli
rəqabət olsun. İstehlakçılar üçün
önəmlidir ki, aldıqları məhsulun keyfiyyətinə,
əyarına, daşların xüsusiyyətlərinə, həqiqiliyinə
əmin olsunlar".
T.Abbasquliyev düşünür ki, damğalanma və
digər nüansların bazara müəyyən təsir
göstərməsi mümkündür: "Nəzərə
alaq ki, bu yenilik qiymətlərin artımına da səbəb
ola bilər. Çünki tariflərə əsasən əyarlanma
və damğalanma müəyyən bir məbləğ qarşılığında
həyata keçirilir. Təbii olaraq sahibkarlar da bunun
üçün ödədikləri həmin vəsaitləri
zərgərlik məmulatlarının qiymətinin üzərinə
əlavə edəcəklər. Bu da qiymət artımına
müəyyən qədər təsir göstərəcək".
Azərbaycan Zərgərlər Assosiasiyası İdarə
Heyəti sədrinin müavini Rövşən Əmircanov
bildirib ki, qızıl bazarda mövcud olan nöqsanların
aradan qaldırılmasında iri bazar
iştirakçıları da maraqlıdırlar: "Əyar
nəzarətinin olmaması nəticəsində bazarda kifayət
qədər saxta malların olması zərgərlərin, həmçinin
də vətəndaşların aldanma riskinin yüksək
olmasına gətirib çıxarır.
İstehlakçılar qızıl və zinət məmulatları
aldıqları zaman qızılın keyfiyyətinin 585, 750,
999.9 və ya digər əyara uyğunluğunu göstərən
sənədləri, qiymətli daşların çəkisi,
xalisliyi, rəng şkalası və digər parametrləri əks
etdirən sertifikatları, həmçinin kassa çeki tələb
etməlidirlər".
R.Əmircanov vurğulayıb ki, Zərgərlər
Assosiasiyası tərəfindən mütəmadi olaraq
sahibkarlar arasında maarifləndirmə işləri
aparılır. Sahibkarlara qurumun əməkdaşlıq etdiyi
müvafiq laboratoriyalarda ödənişsiz şəkildə
qızıl məmulatlarının keyfiyyətini
yoxlatmaları üçün dəstək göstərilir:
"Bildiyiniz kimi, Maliyyə Nazirliyinin Qiymətli Metallara və
Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti
2019-cu ildə ləğv edilib. "Qiymətli metallar və
qiymətli daşlar haqqında" qanunun 10.3-cü bəndinə
əsasən, sahibkarlıq fəaliyyətinin subyektləri tərəfindən
istehsal edilmiş, habelə ölkə ərazisində
satışa çıxarılmış qiymətli
metallardan və qiymətli daşlardan olan zərgərlik və
digər məişət məmulatları dövlət əyar
damğası ilə damğalanmalıdır. Hazırda keyfiyyətə
nəzarət mexanizminin, qiymətli metallar, qiymətli
daşlar, onlardan hazırlanmış məmulatların
dövlət nəzarəti və tənzimlənməsi
istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən
müvafiq addımlar atılırdı. Bu işə nazarət
edən ayrıca bir qurumun olması lazım idi".
R.Əmircanov qeyd edib ki, ölkədə istehsal olunan
və satılan zərgərlik məmulatlarına dair keyfiyyət
meyarlarının yaradılması məqsədilə yeni
standartlar qəbul olunub: "Bununla bağlı 2021-ci ildə
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət
Xidməti, Azərbaycan Standartlaşdırma İnstitutu, Azərbaycan
Zərgərlər Assosiasiyası İctimai Birliyi və
"AzerGold" QSC-nin nümayəndələrindən ibarət
tərkibdə "Qiymətli metallar və qiymətli
daşlar" standartlaşdırılması üzrə
Texniki Komitə təsis edilib. Komitənin fəaliyyət
göstərdiyi üç il ərzində bu sahə üzrə
12 dövlət standartı qəbul olunub. Cari il ərzində
daha dörd standart layihəsinin qanunvericiliyə uyğun olaraq
dövlət reyestrinə daxil edilməsi nəzərdə
tutulur".
Azad İstehlakçılar Birliyinin (AİB) sədri
Eyyub Hüseynov bildirib ki, indiyə kimi qızıl
bazarında heç bir nəzarət mexanizmi mövcud deyildi:
"2019-cu ilə kimi bazara Əyar Palatası nəzarət
edirdi. Palata qızıl məmulatlarını yoxlayır,
keyfiyyəti standartlara cavab verən məhsulların üzərinə
öz möhürünü vururdu. Biz də vətəndaşlara
bildirirdik ki, qızıl alarkən mütləq məhsulun
üzərində Əyar Palatasının "rombvari"
damğasının olub-olmamasına diqqət yetirsinlər.
Əgər məmulatın üzərində damğa var idisə,
deməli, qızıl keyfiyyətli idi. Amma indi bazarda vəziyyət
tamamilə fərqlidir. Təxminən altı ilə
yaxındır ki, Əyar Palatası ləğv edilib və əvəzində
heç bir qurum yaradılmayıb. Nəticədə
qızıl bazarı nəzarətsiz qalıb və
bazarın ən çirklənmiş seqmetlərindən birinə
çevrilib. Bu sahədə böyük anarxiya var.
Qanunlardakı boşluqlar səbəbindən biz
istehlakçılara yol göstərə bilmirik".
E.Hüseynovun fikrincə, hökumət tərəfindən
bu istiqamətdə zəruri addımların atılmasına
ehtiyac var idi: "Prezidenti yanında Antiinhisar və
İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin
yaradılmasına böyük ehtiyac var idi".
İqtisadçı Pərviz Heydərov bildirdi ki,
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət
Agentliyi əslində inhisarçılığa qarşı
və istehlak bazarına nəzarət funksiyasını yerinə
yetirir. Bu qurumun qiymətli metalların emalı, idxalı,
ixracı, dövriyyəsi, saxlanması kimi məsələlərə
də nəzarət etməsi təqdirəlayiqdir: "Bizdə
qiymətli metalların hasilatı ilə "AzərGold"
məşğul olur. Həmçinin ölkəmiz dünya
bazarlarına qiymətli metallar ixrac edir. Bu, ölkəmizə
xarici valyutanın daxil olması deməkdir. Digər ölkələrdən
də qızıl alışını həyata
keçiririk".
İqtisadçının sözlərinə görə,
qızıl bazarında vahid bir qurumun nəzarətindən
sonra bu sahədəki bir çox qanunsuz faktlar aradan
qalxmış olacaq: "Ölkəmizdə qiymətli metallar
bazarına bundan əvvəl də nəzarət mövcud idi.
Amma bu nəzarət artıq konkret müvafiq qurum tərəfindən
həyata keçiriləcək. Nəticədə istər
qızıl, istərsə də digər qiymətli metal sahəsində
kortəbii halların, hərc-mərcliyin və qeyri-leqal məsələlərin
aradan qalxmasına şərait yaradılacaq. Bu nəzarət
bazarda qiymətlərin formalaşması və saxta məhsulların
bazara daxil olmasının, vətəndaşların
aldanmasının qarşısını alacaq".
Ekspert deyir ki, bazardakı qiymətlərə təsir
edən süni amillər də var. Hansı ki, bu, bazarın nəzarətsiz
qalması nəticəsində ortaya çıxırdı:
"Məsələn, müxtəlif dəllallar,
qızıl alverçiləri, qiymətli metalların, məmulatlarının
idxal və ixracı ilə məşğul olanlar bazardakı
nəzarətsizlikdən istifadə edərək süni təsirlər
yaradırlar. Əgər bazarda
spekulyativ təsirlər, amillər aradan qalxarsa, bu, qiymətlərin
təbii qanunlar əsasında formalaşmasına zəmin
yarada bilər. Əslində belə də olmalıdır. Nəzarət
bazarda neqativ halların aradan qalxması üçün əsaslı
zəmin rolunu oynayacaq. Nəticədə qiymətli metallar
bazarında süni qiymət artımının, qiymətlərin
şişirdilməsinin qarşısı alınacaq".
P.Heydərov bildirdi ki, qızıl bazarındakı
qiymətlər əsasən xarici amillərlə tənzimlənir.
Bu səbəbdən nəzarətedici orqanın müəyyənləşməsindən
sonra qiymətlərdə ciddi dəyişiklik gözlənilmir:
"Qızıl bazarındakı qiymətləri iqtisadi
qanunlar müəyyənləşdirir, tələb və təklifin
nisbəti əsasında formalaşır. Məsələn,
dünyada qızılın bahalaşması bir müddətdir
davam edir. Bu, daxili bazara da təsir edir. Ona görə də
yeni qurumun nəzarət funksiyası həyata keçirildikdən
sonra da bazarda ciddi qiymət dəyişikliyinin olması gözlənilmir".
İqtisadçı Fuad İbrahimov hesab edir ki, bu sahədə
dövlətə məxsus institutun olması mütləqdir:
"Müasir dövrdə insanların ehtiyat fondunu
formalaşdıran bir neçə vasitə mövcuddur. Bu
ehtiyat nağd vəsait, daşınmaz əmlak, o cümlədən
qızıl formasında yaradıla bilər. Qızıl əlvan
metallar arasında ən qiymətli hesab olunmaqla yanaşı,
eyni zamanda hər kəsin iqtisadi cəhətdən güvən
yeridir. Vətəndaşlar bununla öz risklərini
diversifikasiya edirlər. Əgər bu qiymətli metal vətəndaşın
aldığı dəyərdə deyilsə, həmin
istehlakçı aldanır. Vətəndaş keyfiyyətli məhsul
aldığına əmin olmalıdır. Ona görə də,
bu sahədə dövlətin nəzarəti altında bir
qurum yaradılması vacib idi".
Ekspert deyib ki, hazırda bəzi satış mərkəzlərində
qızıl məmulatlarının keyfiyyətini yoxlamaq
mümkündür. Amma bu iş vətəndaş səviyyəsində
həyata keçirildiyindən yetərli saymaq olmaz: "Bu
gün qızılın dövriyyəsini şəffaflaşdıra
bilmiriksə, bu, həm dövlətin, həm vətəndaşın
ziyanınadır. Vətəndaş belə hallarla
qarşılaşdıqda hüquq-mühafizə orqanlarına
və məhkəmələrə, eyni zamanda, keyfiyyətsiz məhsul
aldığı mağazanın rəhbərliyinə
müraciət edə bilər. Amma bunun mexanizmi
olmadığından müraciətlərin əhəmiyyəti
olmayacaq. Bu baxımdan nəzarətedici qurumun
yaradılmasına ehtiyac var idi".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 8 mart(№44).- S.9.