Zəngəzur məsələsi:
qeyri-hüquqi aktı aradan qaldırmaq vaxtı çatıb
"Bu ərazinin qanunsuz olaraq Ermənistana verilməsi
həm də Turan mədəni-tarixi
etno-coğrafiyasının əlaqələrinin
bir-birindən qopardılması idi"
Azərbaycanın qədim və tarixi ərazisi olan Zəngəzur
vaxtilə qanunsuz şəkildə Ermənistana verilib. Azərbaycan
Xalq Cümhuriyyətinin süqutundan sonra 1920-ci ildə qəbul
edilən bu qeyri-legitim qərar əslində bir cinayətdir.
Ona görə də tarixçilərimiz, mütəxəssislər,
ictimai xadimlər heç bir hüquqi qüvvəsi olmayan bu qərarın
ləğv edilməsi təklifini irəli sürürlər.
Vaxtilə ermənilər məqsədli şəkildə bu
regiona köçürülərək onlara tarixi Azərbaycan
ərazilərində dövlət yaradıldı. Eyni zamanda,
azərbaycanlılar sıxışdırılaraq öz yurd
yerlərindən çıxarılırdı. 1918-ci ildə
cəmi 9 min kv. km ərazidə elan edilmiş Ermənistan
Respublikası məhz Azərbaycan torpaqları hesabına ərazilərini
genişləndirərək 29 kv. km. çatdırdı.
1920-ci ildən sonra Zəngəzur da daxil olmaqla, Qərbi Azərbaycan
adlandırdığımız tarixi Azərbaycan
torpaqlarının 20 min kv. km ərazisi ermənilərə
verildi.
Zəngəzur mahalının qərb hissəsinin Ermənistana
verilməsi ilə Naxçıvan Azərbaycan dövlətindən
ayrı düşdü. Sonrakı proseslər, Ermənistanın
90-cı illərdə başlayan
işğalçılıq siyasəti Naxçıvan
üçün çox çətin şərtlər
yaratdı. Muxtar Respublika blokada şəraitində qaldı.
Bu günlərdə qardaş Türkiyədə
Prezident Rəcəb Tayyib Ərdoğanla birgə
İğdır-Naxçıvan qaz kəmərinin
videobağlantı formatında açılış mərasimində
iştirak edən Azərbaycan lideri İlham Əliyev öz
çıxışında bu mövzuya da toxunub.
Dövlət başçısı deyib:
"Bildiyiniz kimi, Naxçıvan qədim Azərbaycan
torpağıdır. Ancaq artıq bir əsrdən çoxdur
ki, Azərbaycanın əsas hissəsindən ayrılıb.
Bunun səbəbi ondan ibarətdir ki, Azərbaycan Xalq
Cümhuriyyəti 1920-ci ildə süqut edəndən 5 ay
sonra sovet hakimiyyəti Qərbi Zəngəzuru Azərbaycandan
ayırıb Ermənistana birləşdirdi və beləliklə,
Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi
olan Naxçıvanla quru bağlantısı pozulub".
Prezident İlham Əliyev qeyd edib ki, 1 əsrdən
çox davam edən bu ədalətsizlik Naxçıvan əhalisinin
həyatını olduqca çətin duruma gətirib:
"Xüsusilə Birinci Qarabağ savaşı başlayan
kimi Ermənistan Qarabağı işğal etdi və eyni
zamanda, Naxçıvanı blokadaya aldı. Onların
planları Naxçıvanı da işğal etmək idi.
Ancaq o zaman mənim atam Heydər Əliyev
Naxçıvanın rəhbəri kimi buna imkan vermədi və
Naxçıvanı qorumaq üçün bütün
naxçıvanlılar səfərbər oldular, öz
doğma torpaqlarını qorudular və
işğalçını yerində oturtdular".
Prezident söyləyib ki, Naxçıvanın o zaman
işğal altına düşməməsinin səbəblərindən
biri də Naxçıvanı Türkiyə ilə birləşdirən
"Ümid" körpüsün inşa edilməsi olub:
"Türkiyədən gələn yardımlar
Naxçıvanın qorunmasına çox önəmli
töhfə vermişdir".
Prezident Zəngəzurun Ermənistana verilməsi məsələsi
barədə dəfələrlə danışıb. 2021-ci
il aprelində ADA Universitetində keçirilən "Cənubi
Qafqaza yeni baxış: münaqişədən sonra
inkişaf və əməkdaşlıq" adlı beynəlxalq
konfransdakı nitqində Zəngəzurun qədim Azərbaycan
ərazisi olduğunu vurğulayan Prezident İlham Əliyev
deyib: "Zəngəzur 1920-ci ildə, 101 il bundan öncə
Ermənistana verilib. Ondan əvvəl bu ərazi bizə məxsus
idi. Mən Göyçə deyərkən, onlar hazırda
Sevan gölü adlandırırlar. Bu, bir həqiqətdir.
20-ci əsrin əvvəllərindəki xəritəyə
baxmaq kifayətdir. Siz oraya baxarkən Sevan görməyəcəksiniz.
Siz orada Göyçəni görəcəksiniz. İrəvanla
bağlı da eyni məsələdir. Onlar İrəvanın
tarixi hissəsini dağıdıblar. Bu, aydın faktdır, mənim
əcdadlarım daxil olmaqla, azərbaycanlılar orada
yaşayıblar".
Dövlət başçısı 2022-ci ildə
Şuşa şəhərində Dünya Azərbaycanlılarının
V Qurultayındakı nitqində deyib ki, XIX əsrdə, XX əsrin
əvvəllərində ermənilərin Azərbaycan
torpaqlarına köçürülməsi, 1920-ci ildə
sovet hakimiyyəti tərəfindən Zəngəzurun Azərbaycandan
qoparılıb Ermənistana verilməsi tarixi faktdır:
"1921-ci ildə sovet hakimiyyəti tərəfindən bizə
qarşı növbəti təxribat hazırlanırdı. Zəngəzur
1920-ci ilin noyabrında bizdən qoparıldı, bir il sonra
Qafqaz Bürosu Qarabağı da bizdən qoparmaq istəyirdi.
Ancaq alınmadı və qərar qəbul olundu ki,
Dağlıq Qarabağ Azərbaycanın tərkibində
saxlanılsın. Amma buna baxmayaraq, il yarım keçəndən
sonra - 1923-cü il iyulun 7-də Azərbaycan ərazisində
tamamilə əsassız, süni bir qurum yaradıldı -
Dağlıq Qarabağ Muxtar Vilayəti. Bunun
yaradılmasının heç bir əsası yox idi. O vaxt
indiki Ermənistanda yaşayan azərbaycanlıların
sayı Qarabağda yaşayan ermənilərlə müqayisədə
bəlkə də iki dəfə çox idi. Ancaq nədənsə
bu muxtar vilayəti orada yox, burada yaradıblar".
Dövlət başçısı həmin ilin
mayında Zəngilan rayonunun Ağalı kəndində
ictimaiyyətin nümayəndələri ilə
görüşdə bildirib ki,
Azərbaycan Xalq Cümhuriyyəti süquta
uğrayandan bir neçə ay sonra Zəngəzur da bizim əlimizdən
alındı: "Bu tarixi də hər kəs bilməlidir,
1920-ci ilin noyabrında sovet hakimiyyətinin qərarı ilə
heç bir əsas olmadan tarixi diyarımız Qərbi Zəngəzur
Azərbaycandan ayrıldı və Ermənistana verildi. Bu,
xalqımıza qarşı növbəti düşmənçilik
və ədalətsizlik idi. Çünki Zəngəzurun
şərqində də, qərbində də Azərbaycan
xalqı əsrlər boyu yaşamışdır və indiki
Ermənistan ərazisində olan Qərbi Zəngəzurun
bütün toponimləri, bütün kəndlərin milli tərkibi
Azərbaycan xalqına məxsus idi".
Qeyd edək ki, Bakıda 1920-ci il noyabrın 4-də Azərbaycan
Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi
Siyasi Bürosunun və Rusiya K(b)P Qafqaz bürosunun üzvlərinin
birgə iclasında (protokol №4, 2-ci bənd) "Ermənistanda
vəziyyət haqqında Leqran yoldaşın məruzəsi"
adlı sənəd müzakirə olunub.
İclasda Nərimanov, Hüseynov və Yeqorov, Stalin,
Orconikidze, Stasova, Şeynman, Leqran, Qabrielyan və Qarayev
iştirak ediblər. Ermənistanla Rusiya arasında imzalanacaq
sülh müqaviləsində Zəngəzurun Ermənistana
verilməsinə dair məsələ barədə Siyasi
Büro üzvləri bildirib ki, b, siyasi və strateji
baxımdan faydalı deyil. Qərar yalnız
çıxılmaz halda edilə bilər. Yəni Azərbaycanın
bu ərazisi onun iştirakı olmadan Rusiyanın müqavilə
ilə Ermənistana verməsi düzgün hesab edilməmişdi.
Çünki onda bu ərazi sovetləşdirilməmişdi.
Ermənistanda sovet hakimiyyəti qurulduqdan bir gün
sonra, noyabrın 30-da keçirilən Azərbaycan K(b)P MK
Siyasi və Təşkilati Bürosunun iclasında Ermənistan
ilə əlaqələrə dair məsələ müzakirə
edildi. Müzakirə nəticəsində
aşağıdakı qərarlar qəbul olundu:
"Sovet Azərbaycanı ilə sovet Ermənistanı
arasında heç bir sərhəd mövcud deyildir; Zəngəzur...
Ermənistana keçir... bu qətnaməni tərtib etmək
Nərimanova tapşırılsın".
Tapşırığı yerinə yetirən N.Nərimanov
Bakı Sovetinin 1920-ci il dekabrın 1-də Dövlət
Teatrında keçirilən təntənəli iclasında
etdiyi nitqində Zəngəzurun Ermənistana güzəştə
gedildiyini bildirdi.
Ermənistan Xalq Komissarları Sovetinin 1921-ci il 20 iyul
tarixli qərarı ilə Ermənistan SSR 9-cu qəza olan Zəngəzur
qəzasını yaratdı, Zəngəzur qəzasının
tərkibində indiki Sisyan, Qafan, Gorus rayonları və
Meğri (Mehri) rayonunun bir hissəsi daxil edildi. Zəngəzur
bir tarixi vilayət kimi ləğv edildi.
Milli Məclisin deputatı Hikmət Babaoğlu
mövzunu "525"ə şərhində deyib ki,
İğdır-Naxçıvan qaz kəmərinin istifadəyə
verilməsi həm Naxçıvanın tarixində, həm də
Türkiyə - Azərbaycan münasibətləri tarixində
mühüm bir hadisə idi. Çünki Azərbaycan 100 il
bundan əvvəl qeyri-qanuni şəkildə
Naxçıvanın Azərbaycanla quru ərazisinin
bağlanmasının yaratdığı strateji vakumu
doldurmağa çalışır: "Biz 90-cı illərin
əvvəllərində məhz bu quru əlaqənin
olmaması ucbatından Naxçıvanın nə qədər
böyük problemlərlə üzləşdiyinə
şahidlik etdik. Əslində Naxçıvanla Azərbaycanın
quru ərazisinin kəsilməsi xüsusi strateji bir qərar
idi və çar Rusiyası və sovet Rusiyasının Azərbaycana
münasibətinin göstəricisi idi. Eyni zamanda, burda
böyük erməni hiyləsi var idi. Yəni
Naxçıvanla Azərbaycanın quru əlaqəsini kəsməklə,
Naxçıvanı blokada şəraitində saxlamaqla ordan əhalinin
çıxmasına nail olmaqla, Naxçıvanı Azərbaycandan
qoparmaq məqsədi daşıyırdı. Hazırkı
tarixi mərhələdə Azərbaycan məhz bu
haqsızlığı aradan qaldırmağa cəhd göstərir
- Naxçıvana açılan kommunikasiyalarla, yollarla. Amma əlbəttə
ki, tariximizə vurulan ən böyük zərbə hələ
də qalmaqdadır. Azərbaycan Prezidenti də Türkiyədə
İğdır-Naxçıvan qaz kəmərinin
açılışı mərasimində məhz bu məsələyə
toxundu. Zəngəzur dəhlizi, yəni Azərbaycanı Naxçıvanla
birləşdirən tarixi torpaqlarımız
xalqımızın iradəsindən kənar olaraq qeyri-qanuni
və qeyri-legitim əsaslarda, 1920-ci ildə Rusiya Kommunist
(bolşeviklər) partiyasının qərarı ilə ermənilərə
verilib. Bu qərar özü özlüyündə hüquqa əsaslanmadığına,
Azərbaycan xalqının iradəsinə zidd olduğuna
görə qeyri-legitimdir. Mənə elə gəlir ki, tarixin
indiki mərhələsində bu haqsızlığı,
qeyri-hüquqi aktı və onun törətdiyi strateji zərərləri
aradan qaldırmaq vaxtı çatıb. Azərbaycan Prezidenti əslində
bu məsələləri demək istəyirdi. Çünki
Qərbi Zəngəzurun qeyri-qanuni olaraq Ermənistana verilməsi
təkcə Naxçıvanla Azərbaycan arasında əlaqənin
kəsilməsi deyil, həm də böyük bir Turan mədəni-tarixi
etno-coğrafiyasının əlaqələrinin bir-birindən
qopardılması idi. Bu gün artıq Türk Dövlətləri
Təşkilatı çərçivəsində
qarşılıqlı inteqrasiya və
qarşılıqlı maraqlar elə bir səviyyəyə gəlib
çatıb ki, Naxçıvanı Azərbaycana və Azərbaycanı
Türkiyəyə birləşdirəcək bu dəhlizin
açılması zərurətini yaradıb. Tarixi
haqsızlığın aradan qaldırması zərurətini
gündəmə gətirib. Ona görə də ən
müxtəlif formalarda -hüquqi, siyasi, diplomatik müstəvidə
hüquqi bazanın genişləndirilməsindən tutmuş
bu qərarı qəbul etmiş subyektlərin qərarlarını
aradan qaldırana qədər gedən hər hansı bir yol
varsa, mütləq o yolu tapıb biz Zəngəzur dəhlizini
açmalıyıq".
Deputat deyib ki, bu ilk növbədə Azərbaycan
dövlətçiliyinin və Türk Dövlətləri Təşkilatının
gələcəyi baxımından vacibdir, ikincisi Ermənistan
da daxil olmaqla regionda sülhün əldə olunması və
inteqrasiyanın təmin edilməsi üçün olduqca zəruridir:
"Yəni bu dəhlizə qarşı
haqsızlığın aradan qaldırılması region
ölkələrinin, o cümlədən Ermənistanın gələcək
inkişafı baxımından yeni perspektivlər təmin edəcəkdir.
Ona görə də düşünürəm ki, bu tarixi mərhələdə
bu problem, tarixi haqsızlıq aradan götürülməlidir".
Pərvanə
525-ci qəzet .- 2025.- 8 mart(№44).- S.5.