Naxçıvan və İrəvanda
dini-ruhani mühit: çar hökumətinin məkrli siyasəti
fonunda
2-Cİ YAZI
Naxçıvan Muxtar Respublikası Dövlət
Arxivində saxlanılan, İrəvan quberniyasının
İdarə Heyətinin qazıların təyini ilə
bağlı bir neçə iş xüsusi maraq doğurur.
İrəvan quberniyasının İdarə Heyətinin
1894-cü ilin iyun ayının 6-da başlayıb həmin ilin
iyun ayının 9-da, cəmi üç günə qurtaran
bir işi sabiq Göyçay qəza qazısı olmuş,
müraciət etdiyi vaxtda isə Yelizavetapol məhəllə
mollası olan Axund Hacı Aliya Molla İsmayıl oğlunun
Ordubad qəzasının qazısı təyin olunması ilə
bağlı xahişnaməsinə baxılıb rədd
cavabı verilməsi ilə bağlıdır
(Naxçıvan MR Dövlət Arxivi, f. 23, s.1, iş 944,
v.1-10). İş materiallarında onun İrəvan qubernatoruna
ünvanladığı 28 may 1894-cü il tarixli ərizəsində
yazılıb:
"Mənə xəbər gəldi ki, Ordubad qəzasının
qazısı vakant vəzifəsi
açılmışdır. Ona görə də Zaqafqaziya
Şiə Ruhani İdarəsinin mənə verdiyi
"Axund" adına layiq görülməyim barədə
08 dekabr 1889-cu il tarixli, 1822 nömrəli attestatın nüsxəsini
Sizə təqdim etməklə Zati-alilərindən mənim həmin
vakant vəzifəsinə təqdim edilməyim barədə sərəncam
verilməsini acizanə xahiş edirəm.
Attestata gəldikdə isə, Zati-aliləri, İrəvan
qubernatoru Baş Qərargahın general-mayoru Freze Aleksandr
Aleksandroviç cənablarına mənim sabiq Göyçay
qəza qazısı xidmətimlə bağlı bildirirəm
ki, məlumatlar Bakı Şiə Quberniya Məclisindən tərəfimdən
alınan kimi dərhal təqdim olunacaqdır".
Ümumiyyətlə, xahişnamədən də
aydın olduğu kimi həmin dövrün qanunvericiliyi qəza
qazısı olmaq üçün şəxsin "Axund"
adına malik olmasını şərt kimi nəzərdə
tutduğunu göstərir.
Qeyd edək ki, işdə olan qubernatordan Yelizavetpol
polismeyesterinə ünvanlanan 09 iyun 1894-cü il tarixli, 2788
nömrəli cavab məktubunun məzmunu isə belədir:
"Yelizavetpol şəhərinin məhəllə
mollası Axund Hacı Aliya Molla İsmayıl oğlu may
ayının 28-də mənə məruzə qeydi ilə
müraciət edərək Ordubad qəzasının
qazısı vəzifəsinə təyin olunmasını
xahiş etmişdir. Zati-alilərinə təklif edirəm ki,
adı çəkilən şəxsə elan edəsiniz ki,
hazırda vakant yeri olmadığından onun məruzə
qeydi tərəfimdən nəticəsiz qalmışdır.
Bununla bərabər ona məktubla əlavə olunmuş və
ünvanımıza məruzə qeydi ilə birlikdə
göndərdiyi "Axund" adının verilməsinə
dair 1822 nömrəli attestatını da təqdim edəsiniz".
Onun hansı səbəbdən qazı vəzifəsinə
təyin olunmasına dair başqa sənəd aşkar edə
bilməsək ki, bu iş ən azı məhz belə bir
şəxsin qazı olmaq üçün müraciət etmə
faktının olduğunu ortaya qoyur.
Naxçıvan Muxtar Respublikası Dövlət
Arxivində saxlanılan İrəvan quberniyasının
İdarə Heyətinin qazıların təyini ilə
bağlı işlərindən biri də 22 noyabr 1903-cü
ildə başlayıb 04 yanvar 1904-cü ildə qurtaran
Keştaz məhəllə mollası Hacı Molla Həmid
Molla Tağı oğlu Axundzadənin Şərur-Dərələyəz
qəzasının vakant qazısı vəzifəsinə təyin
olunması ilə əlaqədar toplanmış sənədlər
haqqındadır (Naxçıvan Muxtar Respublikası Dövlət
Arxivi, f. 23, s.1, iş 1820, v.1-4). İş materiallarında
onun İrəvan qubernatoruna ünvanladığı 22 avqust
1903-cü il tarixli xahişnaməsində yazılıb:
"Zati-aliləri, İrəvan qubernatoru cənablarına,
Şərur-Dərələyəz qəzasının
Ərəb-Zeycə kənd sakini Keştaz məhəllə
mollası Hacı Molla Həmid Molla Tağı oğlu Axundzadədən
xahişnamə
Şərur-Dərələyəz qəza
qazısı Hacı Molla Əli Axundzadə cari ilin 15 iyul
tarixində vəfat etməsi səbəbindən onun
tutduğu vəzifə vakant olaraq qaldığı
üçün bizlər, məhəllə mollaları həmin
vəzifənin tutulmasında namizəd sayılırıq.
Yuxarıda göstərilənlərə əsasən
yüksək acizanəliklə Sizdən, Zati-alilərindən
mənim Şərur-Dərələyəz qəza
qazısı vəzifəsinə təyin edilməyimi
xahiş edirəm".
Bu xahişnamə ilə əlaqədar olaraq İrəvan
qubernatoruna həmin mollanın keyfiyyətləri barədə
və nə dərəcədə həmin şəxsi
göstərilən vəzifənin yerinə yetirilməsinə
uyğun hesab edilməsinə dair məlumat verilməsi təklif
edilib. Sorğuya 13 noyabr 1903-cü il tarixdə İrəvan
qubernatoruna onun 22 avqust tarixli 1776a nömrəli göstərişi
əsasında göndərilmiş raporda belə cavab verilib:
"Toplanmış məlumatlar əsasında məlum
olmuşdur ki, Keştaz məhəlləsinin mollası
Hacı Molla Həmid Molla Tağı oğlu Axundzadə
yaxşı əxlaqi keyfiyyətlərə malikdir, fanatik
deyil, zərərli sektalara malik deyil və əhali arasında
hörməti vardır".
Adı çəkilən mollanın qazı vəzifəsinə
təyin olunmasına layiq bilindiyi məruzə olunan
sözügedən raportda "fanatik deyil", "zərərli
sektalara malik deyil" ifadələri ilk baxışda adi
sözlər kimi görünsə də, əslində son dərəcə
diqqəti cəlb edən nüanslara işarə edir. Tamamilə
başqa anlam daşıyan bu həssaslıqla
seçilmiş sözlər bəlkə də həmin
mollanın dini dəyərlərə dərindən
bağlı olmadığının diplomatik dillə ifadəsini
əks etdirir. Yəni sanki çatdırılmağa
çalışılır ki, bu molla "Siz
düşündüyünüz adamdır və rus siyasətinə
uyğun kadrdır".
Təəssüf ki, arxivdə bu işdə
saxlanılan başqa sənədlərə rast gəlmədiyimizdən
onun qazı təyin olunub-olunmamasını müəyyən
edə bilmədik.
Naxçıvan Muxtar Respublikası Dövlət
Arxivində saxlanılan İrəvan quberniyasının
İdarə Heyətinin qazıların təyin edilməsi ilə
bağlı 12 yanvar 1905-ci ildə başlayıb 18 yanvar
1905-ci ildə qurtaran Naxçıvan qəzasının Vənənd
və Dırnıs kəndlərinin mollası Axund Molla Məmməd
Bağır Axundzadənin Ordubad qəza qazısı vəzifəsinə
təyin edilməsinə dair iş də diqqət çəkir
(Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi, f. 24,
s.1, iş 2412, v.1-5). İş materiallarında onun Vənənd
kəndindən İrəvan qubernatoruna
ünvanladığı 06 yanvar 1905-ci il tarixli emosional dillə
yazmış olduğu xahişnaməsində deyilir:
"Zati-aliləri, İrəvan qubernatoru cənablarına,
Bunu İrəvan quberniyası da təsdiq edər ki,
iki kasıb kəndin məhəllə mollası vəzifəsini
layiqincə və qüsursuz icra edərək bu vəzifədə
mən cavanlığımı və başqa fiziki işlə
məşğul ola biləcək bacarığımı
itirmişəm. Böyük ailə sahibi olmaqla yoxsul əhali
arasında mən uzun illər yoxsulluq və çətinliklər
çəkmişəm. Bu Sizə Zati-alilərinə də məlumdur.
Ona görə də Xarici Dinlərin Nizamnaməsinin 1465-ci
maddəsinə əsasən Sizdən artıq dərəcədə
mənim Ordubad qəza qazısı vakant olan vəzifəsinə
acizanə təyin olunmağımı xahiş edirəm".
Xahişnamədəki "Bu Sizə Zati-alilərinə
də məlumdur" ifadəsi adı çəkilən
mollanın İrəvan qubernatoru ilə bəlkə də əvvəllər
də ya yazışması olmasını, yaxud da hansısa
bir formada əlaqə qurmasını və haqqındakı məlumatları
bilməsini deməyə əsas verir. Emosional dillə
yazılış üslubu isə sanki mollanın həmin
vaxtdadək "canla-başla" qulluq etməsinin nəzərə
alınaraq iddiasında olduğu vəzifəyə təyin
olunmağa haqqı çatması düşüncəsini
ehtimal etməyə yol açır.
İş materiallarından aydın olur ki, 18 yanvar
1905-ci il tarixdə "xahişnamə gələcəkdə
məlumatlarla və verilmiş nəticə ilə
qaytarılması şərti ilə İrəvan quberniya Məclisinə
göndərilib".
Məclisin sədri və digər üzvlər tərəfindən
imzalanmış 24 yanvar 1905-ci il tarixli heç də molla
üçün ürəkaçan olmayan cavab məktubunun mətni
isə belədir:
"Xahişnaməni qaytarmaqla Quberniya Məclisi nəzərinizə
çatdırır ki, Vənənd məhəllə mollasının
Ordubad qazısı vəzifəsinə təyin edilməsini Məclis
mümkünsüz sayır. Səbəb isə onun təcrübəsizliyi
və kargüzarlığı bilməməsidir".
Naxçıvan Muxtar Respublikası Dövlət
Arxivində saxlanılan İrəvan quberniyasının
İdarə Heyətinin qazıların təyin edilməsi ilə
bağlı başqa bir iş 31 mart 1905-ci ildə
başlayıb 15 may 1905-ci ildə qurtaran Eçmiədzin qəzasının
Təkin məhəllə mollası Axund Əbdül Həsən
Qazizadənin Ordubad qazısı vakant vəzifəsinə təyin
olunması ilə əlaqədar toplanmış sənədlər
barəsindədir (Naxçıvan Muxtar Respublikası Dövlət
Arxivi, f. 24, s.1, iş 2418, v.1-9). İş materiallarında
onun İrəvan qubernatoruna ünvanladığı 31 mart
1905-ci il tarixli xahişnaməsində yazılıb:
"Zati-aliləri, İrəvan qubernatoru cənablarına,
Eçmiədzin qəzasının Təkin məhəllə
mollası həmin qəzanın Təkiyə kənd sakini
Axund Əbdül Həsən Qazizadə tərəfindən
xahişnamə
Zaqafqaziya Şiə Ruhani İdarəsinin 1457 nömrəli
mənim "Axund" adına layiq görülməyim barədə
Zaqafqaziya Müsəlman Ruhanisi tərəfindən təsdiq
edilmiş Əsasnaməyə əsasən yüksək ruhani
vəzifələrinə təyin olunmasına hüquq verən
attestatı, eləcə də Şaxtaxtı iki illik məktəbinin
şəhadətnaməsini sizə təqdim etməklə
acizanə Sizdən Zati-alilərindən məni vakant Ordubad
qazısı vəzifəsinə təyin etməyinizi
xahiş edirəm".
İşdə saxlanılan digər sənədlərdə
Axund Əbdül Həsən Qazizadənin öz bilik dərəcəsinə
və əla əxlaqi keyfiyyətlərinə əsasən
onun qəza qazı vəzifəsinə layiq olduğu, bundan
başqa, kifayət qədər rus dili savadının
olması səbəbindən onun yüksək ruhani vəzifəsində
arzu edilən və xidmət maraqları üçün
xeyirli olmasından bəhs olunur.
Məhz qeyd olunan sənədlərdə "rus dili
savadı" və "xidmət maraqları
üçün xeyirli olması"nın onun "müsbət"
keyfiyyətləri kimi göstərilməsi adı çəkilən
mollanın rus siyasətinə uyğun kadr olmasını
gün kimi ortaya qoyur. Təsadüfi deyil ki, mollanın məhz
bu xarakteristikası təkan verib ki, onun xahişnaməsi 04
aprel 1905-ci il tarixdə iki ədəd qoşma ilə
lazımi məlumatların və rəyin alınması
üçün imzanın təqdim edilməsi məqsədilə
İrəvan Quberniya Məclisinə göndərilsin.
Vitse-qubernatorun imzası ilə təsdiq olunaraq
göndərilmiş cavab məktubundan isə məlum olur ki,
aidiyyəti məlumat "Təkin məhəllə
mollası Axund Əbdül Həsən Qazizadənin Ordubad qəza
qazısı vəzifəsinə təyin edilməsi barədə
lazımi sərəncam verilməsi üçün Quberniya Məclisinə
bildirilmişdir".
Oradan Naxçıvan qəza rəisinə
ünvanlanmış 07 oktaybr 1905-ci il tarixli, 4228 nömrəli
məktub isə onu deməyə əsas verir ki, Quberniya
İdarəsi 15 may 1905-ci il tarixli, 1822 nömrəli göstərişi
ilə haqqında söhbət açdığımız
molla Ordubad qəza qazısı vəzifəsinə təyin
olunub.
Bütün bu sənədlərdən bir daha
aydın olur ki, sözügedən dövrdə qəza
qazısı vəzifəsinə təyinatlar Rusiyanın
müsəlman dini idarəçiliyinə birbaşa nəzarət
siyasəti ilə bağlı olub. Söz yox ki, bu hakimiyyət
yalnız özünə etibarlı və idarə oluna bilən
namizədləri təsdiqləyir, bununla da öz maraq və mənafeyini
üstün tuturdu.
Yunis XƏLİLOV
Naxçıvan Dövlət Universitetinin Hüquq fənləri
kafedrasının baş müəllimi, hüquqşünas
525-ci qəzet .- 2025.- 11 mart(№45).- S.15.