Oljas Süleymenov: nəzəri
baxışlar və tədqiqatlar müstəvisində
Oljas Süleymenov yaradıcılığı daim tədqiqatçıların
diqqət mərkəzində olub. Şairin
yaradıcılığının elmi baxımdan öyrənilməsinə
XX əsrin 70-ci illərindən başlanılıb. Alim və
tədqiqatçılar tərəfindən onun əsərlərinin
dil-üslub və ideya-obrazlı xüsusiyyətləri, bədii
üslub manerasının özəlliyi və sairlə
bağlı araşdırmalar aparılıb. Eyni zamanda əsərlərinin
ritm, qafiyə və ölçü baxımdan
araşdırılmasına K.S.Buzaubaqarovanın, şairin
poetik dilinin özəlliklərini öyrənən
N.M.Bayqaninanın, əsərlərindəki vahid üslub
komplekslərinin, yaradıcılıq kontekstinin öyrənilməsinə
S.Dikanbayeva kimi müəlliflərin dissertasiyaları həsr
olunub.
Bundan başqa, X.X.Mahmudovun "Nəzəri
üslubiyyatın bəzi məsələləri", yenə
də onun "Oljas Süleymenov şair və filoloq"; K.S.Buzaubaqarovanın
"Oljas Süleymenov şeiri"; N.Bayqaninanın
"O.Süleymenovun poetik dilinin spesifikası"; S.Dikanbayevin
"Üslubi kompleks" və başqalarının elmi-tədqiqat
əsərləri Süleymenovun
yaradıcılığının
işıqlandırılmasında böyük rol oynayıb.
Tədqiqatçılar O.Süleymenovun üslub
manerası və obraz xüsusiyyətlərini, çoxcəhətli
və birmənalı qarşılanmayan poetik
yanaşmalarını və ifadələrini,
yaradıcılığında yer almış dualist
dünyagörüşünü, düşüncəsinin
etnik çöllük köklərini əsasən
üç mərhələyə bölürlər. Bununla
belə, bu mərhələlər bundan sonra transformasiyalara da
uğraya bilər. Süleymenov öz
yaradıcılığını bu gün də davam
etdirdiyindən bu bölgülər yetərincə şərti
xarakter daşımaqdadır:
1. Şairin 1959-1965-ci illəri əhatə edən son
dərəcə çılğın və təntənəli
bəyanları, ətraf aləmin, insanların dərki və
onların başa düşülməsi, şairin sosial bəlalar
üzərində düşüncələri, öz
etnik-milli mədəniyyətini hiss edib, bundan qürur
duyduğu mərhələ - 30 yaşa qədər olan erkən
yaradıcılıq dövrünü əhatələyib.
2. Şairin 30-40 yaş aralarını əhatə edən
(1966-1975) eksperimentçilik dövrü. Süleymenov bu
dövrdə yeni formaların axtarışına
çıxmaqla daha görümlü epik mənzərələri
canlandırmağa, əsərlərinin janr əlvanlığını
gücləndirməyə, söz və çeşidli ifadə
eksperimentlərini həyata keçirməyə, müasirliyin
bəzi məsələlərinə cavab tapmaq
üçün öz etnik tarixi köklərinə müraciət
etdiyi dövr kimi xarakterizə olunur. Maraqlıdır ki,
şairin məhz bu dövr yaradıcılığında
müəllif ironiyası xüsusi şəkildə
formalaşır. Süleymenovun bu tipli əsərlərini
L.Mil "qayersto", L.Anninski "paradoks", V.Qusev
"intellektual sirk" kimi səciyyələndirirlər. Bu,
onillik yaradıcılıq baxımından maraqlı olmaqla, həm
də məhz bu kəsimdə sənətkarın öz
orijinal fərdi üslubunun yaradıcılığı
dövrü kimi diqqət mərkəzinə düşür.
Şair bu dövrdə səviyyəsini arxiv mənbələrinə
müraciət etməklə, V.Turbinin təbirincə desək,
"öz savadlı səviyyəsini artırmaq qeydinə
qalmaqla" həyata keçirir. Çünki "Az i
Ya" və "Gil kitab" kimi maraqlı və birmənalı
qarşılanmayan əsərlərin ortaya gəlməsi də
məhz bu dövrə təsadüf edir.
3. Yaradıcılığının yetkin 40-50
yaş (1976-1985) dövrü. Filosof-şairin sənətkarlıq
konsepsiyasının davamlı və inkişafda olan istiqamətləri
onun bu dövr yaradıcılığındakı daha
çox fəlsəfi düşüncə,
poeziyasındakı rəngkarlıq və incə ironik
allüziyalarla fərqləndirilir. Onun bu dövrə aid ortaya
qoyduğu nümunə ən mühüm mənbə də məhz
"Göyərçin kitabı"dır. Bu əsərdə
şair sanki "Gil kitab"dan gələn milli şüurun
mənbələrini dərindən təhlil etməklə bədii
nümunələrində yeni sintez səviyyəsinə
yetişməklə özünü dünya mədəniyyəti
hüdudlarında təsdiqməyə müvəffəq olur
ki, bu məsələlərə kardinal münasibət də
məhz Q.Şaşkinanın "Söz şairin obrazlı
sistemində (O.Süleymenovun poeziyasının materialları əsasında)"
namizədlik dissertasiyasında əsaslı şəkildə
nəzərdən keçirilib.
Onun təsəvvüründə Şair xüsusi və
qeyri-ordinar bir şəxsiyyətdir və az qala ölməz
ölümə məhkum olmayacaq ilahilik səviyyəsinə
qaldırılır. Bundan başqa, Süleymenovun
baxışlarında Şair sözün mifoloji və magik
gücünə malikdir. O, nəyi isə yaratmağı
bacarmaqla, həm də özündə müdrikliyi əks
etdirməkdədir. Odur ki, sənətkar "Yermakın abidəsi
önündə çıxış" şeirində
aşağıdakıları heç də təsadüfən
demirdi:
İndi yaxşı ənənə var
Dahilərin önündə yığışmaq
Yandan keçənlərin simasını
Haqq sözünün simasında yaratmaq.
Şair özünün obrazları üçün
nümunə olaraq A.S.Puşkin, M.Y.Lermontov, M.Utəmisov, N.Hikmət
kimi simalara nəzər salır, sənətkarın faciəvi
şəxsiyyət olduğunu bir daha sübut etməyə
çalışır. Süleymenov əsərlərində əsl
Şairi "xəstə" qafiyəpərdazlarla, mənəviyyatdan
kənar "şairlər"lə müqayisə edir.
Bunlara nümunə olaraq biz onun "Kaktus"unda Aman və
Yappası, "Ölümsüz qarışqa"da Nekrofil və
Biofil"i və "Gil kitab"da Koteni göstərə bilərik.
Süleymenovun düşüncəsində əsl Şair ətraf
aləmi sözlə dəyişməyi və əsl tarixi
yenidən yarada bilənlər adlandırılmalıdır.
Biz O.Süleymenovun qazax milli ənənələrinə
bütün yaradıcılığı boyu sadiq
qalmasını da burada kənarda qoya bilmərik. Burada belə
fikrin həm də digər çoxsaylı təfəkkür
sahibləri tərəfindən təqdir oldunduğunu bir daha
yada salmaq istəyirik. M.Auezov, M.Tursunzadə, Q.Müsrepov,
Ç.Aytmatov, B.Slutski, E.Mejelaytıs, K.Simonov, S.Samoylov,
Q.Quliyev, poeziya həmyaşıdları, rus şairləri
A.Voznesenski, R.Rojdestvenski, Y.Yevtuşenko, tacik şairi M.Qənaət
və başqaları onun etnik bazaya bütün vücudu ilə
bağlı olduğunu qeyd etmişlər.
Adlarını çəkdiyimiz şair və
yazıçılarla yanaşı, tanınmış ədəbiyyatşünas
və tənqidçilər qazax estetləri, rus, fransız,
Azərbaycan və başqa ədəbiyyatların nümayəndələri
qazax adət-ənənələrinə
bağlılığı ilə bərabər, həm də
Süleymenovun əsərlərində qazax və rus ədəbi-bədii
düşüncəsinin sintezini gördüklərini etiraf
etməkdədirlər. Məsələn, rus tənqidçi
Leonid Martınov O.Süleymenovun əsərlərini rus dilində
yaratmaqla, bütövlüklə qazax olaraq şair kimi nəzərdən
keçirdiyi halda, B.Slutski "Bizim poeziyada rus Asiya heç
zaman belə tam şəkildə danışa bilmədiyini"
dilə gətirmişdi.
Lev Anninski isə "Ehtiraslar həlqəsində"
adlı məqaləsində yazırdı: "Oljas
Süleymenov (rus dilində yazmasına baxmayaraq) şairin milli
qiyafəsi yetərincə nəzərə çarpandır.
O, hər cəhətinə və hər şeyinə görə
qazaxdır: çöllük peyzajına
bürünmüş metaforalarda ən yüksək
düşüncələrə daldığı
başlıca fikri belə, onun bütün hallarda Asiyanın
gələcək dünya əməkdaşlığına nə
verəcəyi haqqında düşünməsidir".
D.Moldavski özünün "Çöllük,
şeirlər və zaman" adlı məqaləsində isə
O.Süleymenov yaradıcılığının qazax folklor ənənələri
ilə bağlılığı sahəsində
axtarışlar aparır. Və qeyd edir ki, o, xalq
yaradıcılığını daha geniş başa
düşür. Onun şeir və poemalarına qazax eposunun,
toy nəğmələrinin, oynaq qafiyələrin ritmi hopur.
O, sanki unudulmuş, yaxud aradan çıxıb mərasimlərlə
bağlı fikirlər irəli sürüb, onu alleqoriyaya
çevirir və bununla da onların müasirliyə yolunu
açır.
Təxminən qeyd etdiyimiz bu tipli fikirlərə
yaxın məsələlərə M.Auezov "Nəsillərim,
döyüşdə məni müdafiə edin" məqaləsində
O.Süleymenovun poeziyasının milli özünəməxsusluğu
üzərində daha çox dayanır. O, Süleymenov
yaradıcılığında özünü nümayiş
etdirən bu tipli keyfiyyətlərin təsdiqini sübut edən
amillərin xeyli əlamətlərini incələyərək
qeyd edir ki, onun poeziyasında köçərinin öz
spesifik dünya qavrayışı ilə yenidən
doğulması daim hərəkətə, fəaliyyətə
can atması ilə bağlıdır... Onun hərəkəti
öz çıxış nöqtəsinə malik olmaqla
bütün tərəflərə istiqamətlənməklə
nəinki xətli, həm də dairəvi olmaqla inkişaf edə
bilər. Çünki köçərini düz dairəvi
çöllük əhatə edir. Yurtanın
özünün orta mili düz olmaqla üfüqi
bünövrəsinə və ortadakı
çıxıntısına qədər dünyayla
bağlı təsəvvür yaradır. Və qeyd edir ki,
O.Süleymenovun özündə "Dünya dairə kimi
qucaqdır" - ifadəsi vardır.
O.Süleymenovun 1969-cı ildə nəşr
olunmuş "Gil kitab"ı maraqlı və böyük ədəbi
hadisə olmaqla, həm də yazıçının
yaradıcılıq bioqrafiyasının ən mühüm həlqələrindən
hesab edilməkdədir. Bu nəşr
özü-özlüyündə eksperimental poemaları birləşdikməklə,
həm də O.Süleymenov poetikasında yeni nəfəs, yeni
naxış kimi görünürdü. "Gil kitab"da nə
tarix, nə də hər hansı digər hadisəylə
bağlı işarə belə olmasa da, orada ekzotik hal, xasiyyət
və adətlər yer alır və məhz bu cəhət də
onun əsərini əyləncəli tarixi ədəbi
nümunəyə yaxınlaşdırır. Belə müstəvidə
O.Süleymenovun yaradıcılıq yolu 1970-1980-ci iillərin
böyük şairləri Andrey Voznesenki və Bella Axmadulina,
latış şairi İmant Ziedonis, ukraynalı İvan
Draç və Vadim Korotiç, tacik Mömin Qənaət
yaradıcılığı ilə həmahənglik təşkil
edir. O.Süleymenovun "Gil kitab" əsərinə
ayrıca tədqiqat işi həsr etmiş S.N.Maşkova isə
hesab edir ki, şairin nəzərdən keçirilən
poemasından novatorluq xarakterli janr məntiqi onun əvvəl,
erkən dövr əsərləri, xüsusən "Yer,
insana əyil" ilə tutuşdurub-qarşılaşdırdıqda
daha çox müəyyənləşir".
Oljas Süleymenovun əsərlərində biz müəllifin
qazax xalqının milli və sosial özünəməxsusluğunun
bütün mahiyyətini onun tərəfindən inamla təqdim
etdiyi psixoloji xüsusiyyətlərinin
yazıçının özünün müəllif
üslubunun qeyri-adi formada təqdimatında görürük.
O.Süleymenov poeziyasında qazax milli koloriti
özünü ona görə yetərincə parlaq
nümayiş etdirir ki, poeziyada onun spesifik xüsusiyyətlərinin
konsentrasiyası göz
önündə dayanır. Şeirlərində təcəssümünü
tapmış fikirlər daha çox emosionallıqla ortaya
çıxmaqla, həm də bədii ifadəlilik
imkanları sayəsində ritm, strofika və qafiyənin
köməyi ilə təcəssüm olunur. Bununla belə,
qeyd edilməlidir ki, müəllif qazax milli stixiyasında
özünü yetərincə sərbəst hiss etdiyindən
onun şeir və poemalarının digər dillərə, o
cümlədən Azərbaycan dilinə çevrilməsi də
yetərincə çətinliklər yaradır.
O.Süleymenovun yaradıcılıq manerasından
danışarkən ilk növbədə onun milli
spesifikasının mühüm əlaməti kimi
çıxış edən
sözyaradıcılığının qeyri-adi olduğunu
qeyd etməyə ehtiyac vardır. Çünki O.Süleymenov
yeni söz və söz birləşmələri
yaratdığı zaman o, nəinki dildəki morfoloji və
leksik imkanlardan yararlanır, həm də eyni zamanda qazax
xalqının milli həyatını əks etdirən
obrazlardan gen-bol istifadə edir.
Təsadüfi deyil ki, professor R.Abazov özünün
"Yaşıl səhra: Oljas Süleymenovun həyatı və
poeziyası" adlı kitabında şairin Avrasiya və
dünya məkanında yerini müəyyənləşdirərkən
diqqəti daha çox
"yazıçı-intellektualın" diqqətini milli,
regional və dünya mədəniyyəti nümunələri
üzərində cəmləşdirməklə onu "dahi
yazıçı kimi əsərlərində ən incə
detalları qeyd etməyi bacaran tamamilə mükəmməl və
özü üçün səciyyəvi olan lokal yazı
üslubuna malik olub, yaradıcılıq üslubunu
amerikalı yazıçı E.Heminqueylə müqayisə
edir. O.Süleymenov da Heminquey kimi dünyanı çox gəzib-dolaşıb.
O.Süleymenov da Heminquey kimi daim cəmiyyətin və
insanın humanist naturasına və onun dünyanı dəyişmək
imkanına malik olduğunu qeyd edib.
Beləliklə, O.Süleymenovun
yaradıcılığına çeşidli yanaşmalar
müstəvisində nəzər saldıqda
görürük ki, sənətkarın əsərləri
müxtəlif yönlərdən, fərqli tədqiqatçılar
tərəfindən təhlil ediləndə son dərəcə
orijinal baxış bucaqları ortaya çıxır və
onlar son nəticədə O.Süleymenovun poetik mətnə
müraciətinin qeyri-adi mənzərələrini
yaradır.
Nizami TAĞISOY
Professor
525-ci qəzet .- 2025.- 11 mart(№45).- S.14.