Sükuta bələnən
yazıçı heyrəti
EYVAZ ZEYNALOVUN "NADİR ŞAH" ROMANI
BARƏDƏ QEYDLƏR
"Müsəlmanın ən böyük bəlası
düşüncə kasadlığıdır. Etiqad kor-koranə
təqliddir". İmam Rzanın məqbərəsi
qarşısında dilənçi ilə söhbətində
deyib Nadir şah bu fikirləri. Cəmiyyəti, müsəlman
aləmini ayıq gözlə görən bir filosofun
düşüncəsidir - Nadir şahın diliylə deyilən
bu fikirlər. İndi gəlin görək bunlar Nadir
şahın sözləridir, yoxsa əsərin müəllifi
Eyvaz Zeynalovun? Söhbət zamanı müəllif etiraf elədi
ki, öz fikirləridir. Amma mən çox istəyərdim
ki, bu, özünü Əmir Teymurun, Çingiz xanın
davamçısı, onların nəslindən hesab eləyən
Nadir şahın fikirləri olaydı. Əgər bu cür
düşünsəydi, hakimiyyətinin axırına
çıxan ziddiyyətlərə, etirazlara asanlıqla son
qoya bilərdi. Belə düşünə bilmədiyi
üçün o xaos onun, eləcə də böyük
Avşar imperiyasının axırına çıxdı.
Nadir şah sərkərdə idi, hökmdar yox.
Çünki qurduğu dövlətin idarə strukturları
yox idi. Ölkə qılıncla idarə olunurdu. O, sərkərdə
kimi torpaq tuturdu, Səfəvi imperiyasının itirdiyi əraziləri
cəsarətlə geri qaytarırdı. Qan
ocağıydı, müharibə tanrısıydı.
Basıb Hindistana, Dehliyə hücum edirdi. Az bir qoşunla
düşmənin böyük ordularını
çökdürürdü. İki il Hindistanı, Dehlini
tutdu, fəth elədi. Böyük sərvətlə geri
döndü öz ölkəsinə. Vergiləri
yüngülləşdirmək barədə fərman
imzaladı, hətta iki il vergi almamaq
tapşırığı verdi. Amma iki ay keçməmiş
hər şeyi ləğv elədi, xəzinəni doldururdu və
ölkədə zülmü, işgəncəni
artırırdı. Avropa missioneri Bayandurluyla I Pyotrun söhbəti
bir oxucu kimi məndə maraq doğurdu: "Bu boyda sərvəti,
gəliri olan ölkə niyə çökür? I Pyotrun
sualına Bayandurlu belə cavab verir: "Çünki ölkəni
yelbeyinlər idarə edir". Bu, Nadir şahın idarəçilikdə
buraxdığı bağışlanmaz səhvi idi. Mənə
lazım deyil dünyanın yarısını, ya
hamısını fəth elə. Mənə lazımdır
ki, milli düşüncəyə xidmət eləyən
dövlət qur. Gözünü
çıxardığı oğlu Rzaqulu xan "Atam
dünyanı tutmaq istəyir. Hər yerdə
döyüşlər gedir. Ölməsə, nə biz, nə
də qonşu dövlətlər dinclik tapacaq" - deyir.
Nadirin sərkərdə fəaliyyətinin ən doğru qiymətini
verir. Bu, Nadir şahın Rzaqulunun gözünü
çıxartdırmasından xeyli qabaqların söhbətidir.
Roman stilistikasına xas olaraq hadisələr tarixi
dövrlərə səpələnir. Tarixi xronika qorunur. Nadir
şahın xarakteri daha çox məişət, ailə
fonunda açılır. Sərkərdə kimi
görünmür bəzən. Ancaq bu, daha qabarıq
olmalı idi. Çünki sərkərdəlik Nadir
şahın həyatının mənası,
qılıncının kəsəri idi. Qılınsız
Nadir şah yoxdur. O, fəthlərə hökmdardan çox sərkərdə
kimi gedir. Təəssüf doğuranı da odur ki, xalqla da sərkərdə
kimi davranır. Hakimiyyəti ailə-sülalə üsuluyla
idarə eləyir. Muğanda keçirdiyi tacqoyma-gənəşmə
mərasimində silsilənin düzülüşünə
diqqət yetirin. Nadir şahın solunda qardaşı
İbrahim, sağında oğlu Rzaqulu, qardaşı oğlu
Əliqulu xan... Hər üçünün tarixi
aydındır - bu, bəlkə də taleyin
görküydü. Qardaşı Dağıstanda ləzgilərlə
döyüşdə öldürüldü, oğlu Rzaqulunun
gözünü çıxartdırdı, qardaşı
oğluna isə Nadirin başını ərməğan
apardılar. Çox maraqlıdır, yazıçı bu
boyda burulğanlar çevrəsində zərrə qədər
də tövrünü dəyişmir. Sakitcə seyrçi
mövqe tutur. Elə bil, bu olayların şərqli balasına
zərrə qədər aidiyyəti yoxdur. Demirəm
münasibət bildirsin, mövqe sərgiləsin, heç
olmasa gərgin situasiyanın mətnləri bir qədər
diri, canlı olsun.
Nadir şahın özünü şah elan eləməsindən
on bir il əvvəl dünyasını dəyişən I
Pyotrun Rusiya üçün gördüyü işlər
göz önündəydi. Bir-birini didən, parçalayan
knyazlıqları birləşdirdi dəli Petro deyilən
çar. Ölkədə islahatlar apardı, yeni texnologiyalar gətirdi
Rusiyaya, gedib Niderlandda gəmiçilik öyrəndi.
Ayrı-ayrı sahələrə investisiya qoydurdu. Geridə
qalmış, aqrar ölkə olan Rusiyanı ön sıralara
çıxardı. Rusiya idarəçiliyində I Pyotr elə
bir dövlətçilik ənənəsi qoydu ki,
özündən sonra bu dövlət daha da böyüdü,
inkişaf elədi, qanadlarını daha geniş aça
bildi. Və bir qanadının da altında biz qaldıq.
Avropanın təsirilə I Pyotr dini dövlətdən
ayırdı. Keşişləri kilsələrə doldurdu.
Bu yerdə yazıçı qəzəbini cilovlaya bilmir,
yerində vətəndaş mövqeyi sərgiləyir:
"Ancaq Osmanlı Avropanın içində ola-ola bunu
bacarmadı".
Hər bir əsərin cövhəri, kim nə
deyir-desin, can yanğısı, içini göynədən
milli heysiyyatdır. Əgər o, yoxdursa, qalın-qalın
kitabların kimə lazımdır?
Müəllif Bayandurun diliylə çox haqlı
olaraq deyir ki, "Tanrıçılıqdan təkallahlığa
keçid misilsiz bir səhv idi. Ən böyük yalan səmavi
dinlər, ən böyük yalançı bu dinləri Allah
adından uyduran, ən böyük cahillik onların
dalınca sürü halında getməkdir".
Əsərdə maraqlı məqamlar çoxdur.
Tarixi roman yazmağa əl qoyan yazıçı gərəkdir
ki, tarixi gedişatı dərindən qavraya. Onun bütün
keçid və dolaylarına, aşırımlarına nəzər
yetirə bilə. Təkcə tarixi xronikanı qələmə
almaya, eyni zamanda yazdığı dövrün ən xırda
incəliklərini ümumiləşdirə bilə. İsa
Muğannanın "Məhşər" romanında
dövrün epoxası bütünlüyüylə oxucu
gözü önündə sətir-sətir
açılır. Fikrini daha dolğun çatdırmaq
üçün bəzən qələmə
aldığı zamanın hadisələrinə yaxşı
mənada əlavələr eləyir. İki nəhəng
şəxsiyyəti - Nəsimiylə Əmir Teymuru
qarşı-qarşıya gətirir. Onlara dialoq qurur -
qılıncla sözü üz-üzə qoya bilir. Və bu
"əlavə" tarixi gedişatın bədii
açımına xidmət eləyir. İndi açıq
deyək, tarixi mövzuda ustad meydanı boşdur. Odur ki,
konveyer kimi tarixi romanlar "istehsal" olunur. Daha çox da
tarixi şəxsiyyətlər əsas mövzuya çevrilir.
Daha çox da qılınc bahadırları haqqında əsərlər,
romanlar durna qatarı kimi sıralanır. Müəlliflərin
çoxu da özlərini təsdiq eləmiş qələm
sahibləri deyil. Açıq deyək, bunun çoxu mövzu
kasadlığından tarixə üz tutur. Nə yaxşı
müasir mövzuda romanlarıyla özünü təsdiqləmiş
Eyvaz Zeynalov tarixi mövzuda təzə olsa da, ümumən
roman janrında özünü təsdiqləmiş nasirdir.
Romanın çox orijinal girişi var. Müəllif
uçaqda bir almanla Frankfurt şəhərinə "Nadir
şah" əsərinin Beynəlxalq Kitab Sərgisində təqdimatına
gedir. Guya kitab alman dilinə tərcümə olunub və
müəllif də o tədbirə dəvət alıb. Bu həm
də arzudur. Uçaq yoldaşı olan almana
danışır ki, Nadir şahın oğlu Əli Mirzə
Almaniyada yaşayıb, orada da torpağa
tapşırılıb. Təzada bax ki, o boyda Avşar
imperiyasında Nadir şahın oğluna yer tapılmayıb
ki, orada ömrünü başa vursun. Çünki tərəfdarları
bilirlər ki, Nadir şahın ölümündən sonra onu
orda öldürəcəklər. Odur ki, sağ qalması
üçün onu Almaniyaya qaçırdırlar. Bunu
hökmranlığı dövründə
qılıncının hökmüylə qazanıb Nadir
şah. O qədər haqsızlıq eləyib ki, indi oğlu
daşımalı olur o zülmü. Yaxşı
olmazdımı ki, ədalətli bir dövlət quraydı,
ölkənin şahlıq taxtında ədalət əyləşəydi
və övladları da öldürülməyəydi,
şad-xürrəm atalarının qurduğu dövlətdə
yaşayaydılar?
Yazıçı manerası vacib şərtdir. O qədər
vacibdir ki, onsuz yazıçının üslubu görünməz.
Üslub da yoxdursa, yazıçılıqdan söhbət gedə
bilməz. Yazıçı çox usta şəkildə
Raziyə Sultan məsələsindən yan keçir. Toxunmur
o məsələyə. Belə bir fikir var ki, Nadir
şahın oğlu Rzaqulunun gözünə mil çəkilməsinin
kadrarxası təşkilatçısı da, qardaşı
İbrahimin Dağıstanda öldürülməsinin
sifarişçisi də, ölkəni üsyanların
bürüməsinin baiskarı da həmin Raziyyə Sultan
olub. Çünki onun atasının, babasının, ulu
babasının idarə elədiyi dövlətin
sütunları üstündə hakimiyyəti mənimsəmişdi
Nadir şah. Bəlkə onlardan o daha çox layiq idi hakimiyyətdə
şahlıq eləməyə. Ancaq bir haqq-divan da var axı.
Ondan heç cür qaçmaq olmur.
Saleh bəy şah çadırının
qorunmasına cavabdehdir. Onunla yanaşı, Məhəmmədqulu
şah Əfşar da. Nadir şah onun Əliqulu xanla əlaqəsindən
xəbərsizdir. Əhməd xan əfqanların, tükmənlərin
komandanıdır. O, Nadir şaha təmizləmə əməliyyatını
axşam-axşam etməyi təklif edir. Lakin Nadir şah sabaha
saxlamağı məsləhət görür. Əcəli
maqnit kimi özünə çəkir Nadir şah.
Yazıçı manevr eləməyə bu qədər
imkanı qoyub, məlum tarixi reallığı qələmə
alır. Və hər şey bu qaranlıq gecədə sona
yetir. Məhəmmədqulu xan Əfşar Nadir şahın kəsilmiş
başını onun qardaşı oğlu Əliqulu xana
göndərir.
Qonşu məmləkətlərdə rahatlıq
yaranır. Nadir şahın Terek çayına qədər gəlməsindən
əndişəyə düşən Rusiya rahat şəkildə
ayağını yorğanından kənara uzada bilir.
Və yenə də yazıçı heyrəti
sükuta bələnir...
Avdı QOŞQAR
525-ci qəzet .- 2025.- 11 mart(№45).- S.13.