Dəyər haqq edənə
veriləndə
Bədirxan Əhmədov-70
Aprel ayının 20-də ədəbiyyatşünas
alim, tədqiqatçı, publisist, müasir hərbi
jurnalistikamızın cığırdaşlarından biri Bədirxan
Əhmədlinin (Başkeçidli) 70 yaşı tamam olur.
Müxtəlif fəaliyyət sahələrini ifadə edən
bu məfhumların hər birinin qarşısına istənilən
təşbehi artırmaq mümkündür. Təxminimcə,
ardıcıllıq da belə olardı: tanınmış,
yorulmaz, istedadlı, məhsudlar və sair. Ancaq bunların
heç birinə ehtiyac görmədim. Çünki professor
Bədirxan Əhmədli Azərbaycan daxil, türkdilli
xalqların ədəbi irsinin yüz əlli ilə yaxın
dövrünü səylə araşdırıb elmi, nəzəri
baxımdam mükəmməl təhlil etmiş filoloq alim, bu
xalqların tarixi və ədəbiyyatı ilə
bağlı ciddi tədqiqatları ilə ümumtürk elmi
mühitinin sərhədlərini aşmağı
bacarmış elm adamıdır. Qürurvericidir ki,
tanınmış alimin son vaxtlar, xüsusi ilə son 10 ildə
qeyd olunan istiqamətlərdəki səmərəli fəaliyyəti
bu coğrafiyanın sərhədlərini bir qədər də
genişləndirərmiş, ona ümumşərq ədəbiyyatşünaslığında
kifayət qədər elmi nüfuz
qazandırmışdır. Bədirxan Əhmədli artıq
irəli sürdüyü tezislər,
çıxardığı elmi nəticələr,
maraqlı, cəsarətli mühakimə və fikirləri ilə
elmi ictimaiyyətin hesablaşdığı dəyərli ədəbiyyatşünas
alim kimi qəbul edilir.
Filologiya elmlər doktoru, professor Bədirxan Əhmədli
yalnız son 20 ildə Türkiyə, Polşa, Almaniya, Cənubi
Koreya, Çin, Pakistan, Özbəkistan, Hindistan və digər
ölkələrdə beynəlxalq elmi konfrans, simpozium,
konqres, seminarlardakı məruzələrinin, sadəcə
adlarını çəkmək kifayətdir ki, onun ədəbiyyatşünaslıq
sahəsində elmi fəaliyyətinin miqyasını,
çoxtərəfli və sistemli
araşdırmalarının həqiqi dəyərini və
siqlətini təsəvvür edə biləsən. Necə
deyərlər, görünən dağa bələdçilik
gərəkməz. Elə bu məntiqlə xaricdə təqdim
olunmuş həmin məruzələrdən bəzilərinin
həsr edildiyi mövzulara diqqət yetirək. "Azərbaycan
mühacirətinin formalaşmasında Polşa amili",
"Postmodernist baxış açısından "Kitabi Dədə
Qorqud", "Türk dünyasında milli mücadilə və
ədəbiyyat", "Çağdaş Koreya bədii nəsri
dünya ədəbiyyatı kontekstində", "Ədəbi
düşüncədə birlik-bərabərlik mesajları;
Türkiyə və Azərbaycan şeirində
Qarabağ", "Azərbaycan-Pakistan ədəbi əlaqələri:
tarix və bu gün", "Əlişir Nəvai
yaradıcılığı Azərbaycan ədəbiyyatşünaslığında"
və s.
Bir daha vurğulayaq ki, bu məruzələrin hər
birində mövzuya tamamilə yeni baxış, problemin
qoyuluşu, həm tarixi, həm də çağdaş
kontekstdə düzgün dəyərləndirmələr, irəli
sürülən elmi, nəzəri mülahizələr və
çıxarılan elmi nəticələr görülən
işin miqyası və əhəmiyyəti ilə
bağlı aydın təsəvvür doğurur. Professor Bədirxan
Əhmədlinin dünyanın müxtəlif ölkələrinin
məşhur universitetlərinin dəvəti ilə elm və
təhsil ocaqlarında oxuduğu mühazirələrdə də
eyni yanaşma hakimdir. Belə mühazirələrin
sayının son vaxtlarda xüsusilə artması bu qənaətimizi
bir daha təsdiqləyir. Bütün bunlar günlərlə,
bəzən həftələrlə aparılan israrlı
araşdırmaların, elmi-nəzəri təhlillərin, ən
başlıcası da illər ərzində
formalaşmış müntəzəm və həvəslə
mütaliə etməyin nəticəsidir.
Professor Bədirxan Əhmədlinin ölkə daxilində
keçirilən elmi toplantılardakı məruzələrlə
ötəri tanışlıq da alimin
qaldırdığı problemlərin dərinliyi,
aktuallığı, tədqiq edilən mövzuların
genişliyi ilə diqqəti cəlb edir. Onların da adı məzmunu
barədə çox şey deyir. "Ədəbi-bədii
düşüncədə 1920-ci il Gəncə
üsyanı", "Çağdaş Azərbaycan və
Koreya romanlarında Doğu-Batı diskursu; gələnəkdən
avanqardçılığa", "Əhməd bəy
Ağaoğlunun yaradıcılığında demokratiya
axtarışları", "20-30-cu illər Azərbaycan ədəbiyyatını
metodoloji dəyərləndirmənin bəzi aspektləri"
və sair. Zənnimcə, məhz bu məqamda professor Bədirxan
Əhmədlinin Azərbaycan ədəbiyyatşünaslıq
elminə verdiyi dəyərli töhfələr barədə
konkret danışmağın vaxtıdır. Çünki
alimin zəngin elmi yaradıcılığına nəzər
yetirmədən, filologiya sahəsində beynəlxalq, yaxud yerli
elmi toplantılarda etdiyi yüksək səviyyəli
çıxışların haradan qaynaqlandığı barədə
təsəvvürlər tam ola bilməz. Oxucunu yormamaq
üçün, müəllifin çoxumuza məlum,
sayı otuza çatan elmi əsər, monoqrafiya və dərsliklərinin,
sadəcə, dördünün adını çəkməklə
kifayətlənək. "XX yüz il Azərbaycan ədəbiyyatı:
mərhələlər, istiqamətlər, problemlər",
"Azərbaycan mühacirət ədəbiyyatı: təşəkkülü,
problemləri, şəxsiyyətləri",
"Türkçülüyün üçlü formulu: nəzəri
və tarixi aspektləri" və üç cildlik "XX əsr
Azərbaycan ədəbiyyatı tarixi". Bu dəyərli əsərlər
barəsində filoloq alimlərimiz bir peşəkar kimi,
artıq öz sözlərini deyiblər. Bizə düşənsə,
Bədirxan müəllimin həmin əsərlərdə də
öz üslubuna sadiq qalaraq müraciət etdiyi mövzunu
mükəmməl və sistemli şəkildə işləməsini,
ortaya yüksək elmi dəyərə malik əsərlər
qoyduğunu qeyd etməkdir.
Professor Bədirxan Əhmədlinin zəngin elmi
yaradıcılığına xas olan və onu yaxşı mənada
fərqləndirən xüsusiyyətlər var. O, müraciət
etdiyi mövzunu çağdaş yanaşma prizmasından dəyərləndirib,
təhlil süzgəcindən keçirməklə dəqiq
elmi nəticələr çıxarır. Müəllifin
milli təfəkkürün qaynaqlarına işıq salan, Azərbaycan
əvəzsiz ədəbi-bədii irsinin nümayəndələrini
dünya ədəbiyyatşünaslıq elminə yenidən
tanıdan əsərlərinin həm elmi ictimaiyyət, həm
də geniş oxucu auditoriyası tərəfindən maraqla
qarşılamasının digər səbəbi onlardakı
sistemlilik, sadə, oxunaqlı dillə yazılması və
bütün mülahizələrin məntiqi əsaslandırılması
ilə bağlıdır. On il öncəki yazıma istinadla
daha bir fikri təkrar edirəm, "məhsuldar alimin ədəbiyyatşünaslıq
elmimizin böyük yükünü çiyninə
götürməsi yalnız milli intibahın əsasında
dayanan milli təfəkkür qaynaqlarına bələdliyindən
irəli gəlmir. Bu, həm də onun bütün
varlığı ilə tarixi kök üzərində
yüksələcək çağdaşlığa
bağlı olmasının, ümumxalq və fərdi təfəkkürün
inkişafına təkan verməyin əhəmiyyətini
düzgün qiymətləndirməsinin nəticəsidir".
Əsl ziyalını digərlərindən fərqləndirən
başlıca cəhət də məhz bu keyfiyyətlərdən
qaynaqlanır. Mənsub olduğun xalqı sevmək
yaxşı başlanğıc, təməl, onun
qayğıları ilə yaşamaq, özününkü
bilmək güclü stimul ola bilər, mühüm olanı
isə onların üzərində nələrin və necə
qurulmasıdır.
Professor Bədirxan Əhmədli özünü Azərbaycan
ədəbiyyatşünaslıq elminin təməl
daşını qoyan, ədəbiyyat tariximizi ilk dəfə
geniş tədqiq edən görkəmli ədəbiyyatşünas
alim Firudin bəy Köçərlinin xələfi hesab edir.
Çəkinmədən deyirik ki, böyük alimin "bu
sahədə bir institutun işini gördüyü" barədə
məşhur deyimi bu gün ədəbiyyatşünaslıq
elmimizin tanınmış nümayəndəsi kimi, professor Bədirxan
Əhmədliyə aid edilə bilər. Zənnimcə, onun
öz böyük sələfinin yolunu davam etdirərək
bütöv, həm də çox mürəkkəb bir
dövrü tədqiqat obyektinə cəlb etməklə,
yüksək elmi zəka, dərin təhlil qabiliyyəti,
ağır zəhmətlə təkbaşına ərsəyə
gətirdiyi üç cildlik "XX əsr Azərbaycan ədəbiyyatı
tarixi" dərslik-monoqrafiyası bu qənaətimizdə
yanılmadığımızın təsdiqidir. Bu dəyərli
dərslik bir sıra məziyyətlərinə, ən
başlıcası elmi-nəzəri tərəflərinə
və sistemli yanaşmaya görə, eləcə də
dövrün siyasi proseslərindən qaynaqlanan məsələlərin
ədəbiyyata, bədii düşüncəyə təzyiq
və təsirinin təhlili və qiymətləndirilməsi
baxımından böyük əhəmiyyət kəsb edir. Dərsliyin
ölkənin ali və orta təhsil məktəblərinin
yuxarı siniflərində məmuniyyətlə istifadə
edildiyini və yüksək tələbat olduğunu nəzərə
alaraq, müəllif bi ilin yanvar ayında öz vəsaiti
hesabına üçcildliyi yenidən çap etdirmişdir.
Ancaq təəssüf ki, monoqrafiyanın bu dəfəki
tirajı da yüksək tələbatı qarşılamaq
üçün yetərli olmayacaqdır. Ümid edirik ki, bu məsələ
Elm və Təhsil Nazirliyinin sahə ilə əlaqəli
mütəxəssislərinin və AMEA-nın müvafiq
institutunun rəhbərliyinin diqqətini cəlb edər.
Dəyərli professorun elmi-pedaqoji fəaliyyəti də
örnək nümunələrlə zəngindir. Hazırda
Nizami adına Ədəbiyyat İnstitutunun Şərq
xalqları ədəbiyyatı şöbəsinin müdiri vəzifəsində
işləyən tanınmış alim Ədəbiyyat
İnstitutunun Müdafiə Şurasının üzvü,
müxtəlif dissertasiya şuralarının eksperti və
opponentidir. Təcrübəli elm adamı olaraq, rəhbərlik
etdiyi doktorantların bir alim kimi formalaşması üçün
nəzəri və metodoloji tövsiyələrini əsirgəmir.
Bunun nəticəsidir ki, onun yetişdirdiyi gənc alimlər
davamlı uğurları ilə daim öz elmi rəhbərlərinin
etimadını doğruldurlar. B.Əhmədli həm də Xəzər
Universiteti və Bakı Slavyan Universitetində dərs dediyi yüzlərlə
tələbəyə ədəbiyyatımızı, zəngin
söz sənətimizi sevdirib.
Alim, tədqiqatçı Bədirxan Əhmədlinin
həyat və yaradıcılığında başqa bir mərhələ
və onu digər cəhətdən xarakterizə edən bir xətt
də var, hərbi jurnalistlik fəaliyyəti. Doğrudur, hərbi
jurnalistikaya gəlməzdən əvvəl o, tamam fərqli
bir sahədə "Vətən səsi" qəzetində
çalışmış, istedadlı publisist, jurnalist kimi
maraqlı və oxunaqlı yazıları ilə
tanınmışdı. Azərbaycana məxsus ərazilərdə
yaradılan Ermənistandan zorla, ölüm təhdidi
altında qovulan azərbaycanlıların
qaçqınlıq həyatının acı həqiqətləri
barədə Vətənin və millətin haqq səsinin
dünyaya duyurmağa çalışanların cərgəsində
olmuşdu. Azərbaycan torpaqlarının işğalı məqsədi
ilə təcavüzkar hərəkətlərini getdikcə
genişləndirən ermənilərin iyirminci əsrin əvvəllərində
də eyni cinayətləri törətdiklərinə dair
neçə arxiv sənədini, rəsmi bəlgələri
hazırlayıb qəzet səhifələrinə
çıxarmışdı. Son 200 illik tariximizin bir sıra
məqamlarına, xüsusi ilə Xalq Cümhuriyyəti
dövrünə, Azərbaycana qarşı erməni təcavüzünün
tarixi köklərinə işıq salan bu sənəd və
materiallar onun təşəbbüsü ilə qəzetdə
müntəzəm dərc olunurdu. Bu dəyərli mənbələrdən
sonralar bir çox tədqiqatçılar da istifadə etdilər.
Yəqin ki, Ermənistanın Azərbaycana və qardaş
Türkiyəyə qarşı əsassız torpaq
iddialarından əl çəkmədiyi zamanadək onlar
aktual olaraq qalacaqdır.
Əlbəttə, jurnalist Bədirxan Əhmədlinin
həyatında heç vaxt unudulmayacaq bir çox məqamlar
"Xalq ordusu", 1993-cü ildən isə "Azərbaycan
ordusu" adı ilə çıxan, müstıqillik
dövrümüzün ilk hərbi qəzetində işlədiyi
dövrlə bağlıdır. Yeri gəlmişkən, biz
"Vətən səsi"ndə olduğu kimi, bu qəzetdə
də birgə çalışırdıq. Buna görə də
eşitdiklərimi deyil, şahidi olduqlarımı və hiss
etdiklərimi yazıram.
Bizim tərəddüdsüz seçdiyimiz qəzet
Müdafiə Nazirliyinin orqanı idi. Bu o demək idi ki, istəyimizdən
asılı olmayaraq bütün fəaliyyətimiz rəsmi
çərçivə ilə sərhədlənmişdi.
Ancaq öz təcrübəsinə, daha çox da sələflərinin
keçdiyi yolun dərslərinə əsaslanan Bədirxan
Başkeçidli (həmin illərdə bu imza ilə tanınırdı
- L.Ş.) mətbu sözün tarixi rolunu, təsir və səfərbəredici
gücünü düzgün dəyərləndirərək
yalnız yazıları ilə deyil, irəli
sürdüyü orijinal və cəsarətli ideyalarla da
sözünü deyir, qəzetin ordu quruculuğunda daha fəal
iştirakına stimul yaradırdı. Onun toxunduğu
mövzuların aktuallığı diqqəti cəlb edir, qəzetin
oxucu auditoriyasını genişləndirməklə
yanaşı, ətrafına yeni yazarları da
toplayırdı. Beləliklə, bəzi hallarda hərbi
nizam-intizam qaydalarına uyğun gəlməsə də, rəsmi
üslubun sərhədləri çərçivəsinə
sığımayan bu fəaliyyətlərə yaşıl
işıq yandırmaqdan başqa seçim qalmırdı.
"Xalq ordusu"nun bir neçə sayının
birbaşa cəbhə xəttində çapı da onun
ideyası idi. Səngərlərin
bir addımlığında hazırlanan həmin saylar qəzetin
tirajını iki dəfəyə yaxın
artırmışdı. Onun təşəbbüsü və
müəllifliyi ilə qəzetdə Azərbaycanın
döyüş ənənələrindən, ordu tarixindən
bəhs edən yazıların, milli
marşlarımızın yaranmasına təsir göstərən
"Türk marşları"nın, vətənpərvərlik
ruhunda yazılmış ədəbi nümunələrdən
parçaların dərc olunması "Xalq ordusu"nu
dövrünün ən oxunaqlı dövri nəşrləri
sırasına çıxarmışdı. Səsi cəbhə
xəttindən, birbaşa səngərlərdən gələn
baş leytenant, sonralar kapitan Bədirxan Başkeçidlinin
müəllifi olduğu başqa lahiyələr, təşəbbüsü
ilə açılan rublikalar da ilk hərbi qəzetimizi
maraqlı etməklə onu oxuculara sevdirdi. Belə nümunələrdən
biri, onun "Xalq ordusu"na fotomüxbir lazımdır"
adlı çağırış yazısına səs verən
bir neçə fotoqraf birbaşa cəbhə xəttinə
getmək üçün qəzetə üz tutmuşdu.
Sonralar qəzetin hərbi fotomüxbiri olan Əli Qafarov da
onların arasında idi.
Həmin vaxt yeni yaranmaqda olan Azərbaycan Ordusuna hərbi
jurnalistlər gərək olanda tərəddüdsüz bu sahəyə
üz tutan dostlarımızın başlıca amalı Vətənin
müdafiəsi kimi həyati əhəmiyyət kəsb edən
məsələdə öz bacardığını əsirgəməmək,
ölüm-dirim savaşı gedən səngərlərdən
reportajlar yazaraq əsgər və zabitlərimizi düşmənə
qan uddurmağa ruhlandırmaq idi. Vətənin
çağırışına yubanmadan haray vermək hər
bir fərdin borcudur. Ancaq öz qələmi, düşüncəsi,
istedadı ilə bu işin təşkilində iştirak etmək
bacarığı olanlar birinci sırada bu yolda xidmətə
hazır olmalıdırlar. O da öz hərbi jurnalist
dostları ilə bu borcunu yerinə yetirmişdi. Həm də
heç nə ummadan, kimdənsə tapşırıq
gözləmədən. Cəbhəyə, Vətənin
ürəklərdə qübar edən, ancaq bir an belə
inamımızı itirmədiyimiz qələbəsinə
öz töhfəsini vermək, borcundan çıxmaq
üçün. Bu qələbə isə bizlərə həmin
unudulmaz günlərdən yalnız 28 il sonra, 2020-ci ilin noyabr
ayının 9-da qəhrəman şəhidlərimizin və
qazilərimizin şücayəti və xalqımızın
birliyi sayəsində qismət oldu. Qarabağ uğrunda
savaşda düşmən üzərində qazanılan bu
şanlı Zəfərdə gənc əsgər və zabitlərimizin
Vətənə, xalqa sədaqət ruhunda yetişməsində
yaxından iştirak etmiş müharibə
veteranlarımızın, Respublika Veteranlar Təşkilatı
Rəyasət Heyətinin üzvü Bədirxan Əhmədovun
da danılmaz əməyi vardır. Bu qeydləri yazır və
bir məqama toxunmadan keçə bilmirəm.
Yanılmıramsa, Azərbaycanın müasir hərbi
jurnalistikasını yaradanlardan yalnız bir nəfər -
"Xalq odusu" qəzetinin məsul katibi olmuş
istedadlı jurnalist Rəşid Faxralı əməkdar jurnalist
adına layiq görülüb. Onlardan kimlərinsə, eləcə
də Bədirxan Əhmədlinin milli mətbuatımızın
150 illik yubileyində yada düşəcəyinə ümid
edirik. Ona da ümid edirik ki, ədəbiyyatşünaslıq
elmimizə yeni dəyərli töhfələr verəcəyinə
inandığımız tanınmış alimin 70 illik
yubileyi AMEA-nın Ədəbiyyat İnstitutunun təşəbbüsü
ilə qeyd ediləcək. Bunu da ölkənin elmi və ədəbi
ictimaiyyətin rəğbətlə qarşılayardı.
Professor dostumuzun 60 illik yubileyi münasibəti ilə
hər ikimizin yüksək dəyər verdiyi "525-ci qəzet"də
dərc olunmuş yazımdan bir cümlə ilə bu qeydlərimi
bitirir, Bədirxan müəllimə cansağlığı,
elmi, pedaqoji və publisitik fəaliyyətində yeni
uğurlar arzulayıram. "Alimin yaşı elmi
araşdırmaları, yaratdığı əsərlərlə
ölçülür. O əsərlər ki, ömürlərinin
illərlə yox, qərinələr, əsrlərlə
ölçüləcəyinə şübhə yoxdur.
Burada şişirtmə, mübaliğə
olmadığının ən yaxşı sübutu təkcə
ədəbiyyatçılar yox, tamamilə başqa sahənin
nümayəndələrinin də onun elmi əsərlərinə,
kitablarına etdikləri çoxsaylı istinadlardır".
Lətif ŞÜKÜROĞLU
Tarix üzrə fəlsəfə doktoru
525-ci qəzet .- 2025.- 11 mart(№45).- S.12;13.