Dilbər bibimlə -
Dilbar mamamla bayram görüşümüz
...Ortayaşlılığım xarakterik duyğularla
gəlib, elə normativ sayılası davranışlarla da
keçir. Bunu o qədər istəməsəm də,
baxıram ki, başım bugünümdən azca ayazıyan
kimi fikrim-meylim sabahımdan çox dünənimə yönəlir.
Olacaqların dumanında azıb-itməmək
üçün olmuşlara sığınır, xatirələrimi
diri, yaddaşımı aydın-ayıq saxlamağa
çalışıram. Gözlərim gələcəkdən
artıq keçmişə dikilir: birincidə ehtimalların təlaşı,
ikincidə dəyişilməzliyin rahatlığı var
çünki. Qorxmağa dəyməz: görünür,
50-nin bircə addımlığında bunlar hamısı olan
işdir...
8 Martda Dilbər bibimin - bizə behiştlik nənəmdən
yadigar olan istəkli Dilbar mamamın ziyarətinə gedib
hüzurunda bayramını təbrik elədim...
Onu kitab dilincə, standart üslubca "Dilbər
bibi" kimi tanıtmaq - ən azı mənim aləmimdə
- hələ nəsə demək deyil. Bu ifadədə bəlli
bir soyuqluq, yetməzlik var. Ancaq öz tərəflərimizcə,
öyrəşdiyimiz üzrə "Dilbar mama" deyəndə
aramızdakı müstəsna doğmalığın,
ünsiyyətdən duyduğumuz hərarətin, ona xas şəfqət
və əzəmətin miqyasını, sanbalını dilə
gətirib çatdırmaq olur...
Yenə qapını üzümə özü
açdı, yalnız onun göstərə biləcəyi nəvazişlə,
dadlı salamlamayla qarşıladı. Körpəliyimdən
qulaq yaddaşıma hopmuş munis kəlmələr ruhumda
uyuyan mehr dalğalarını oyadıb şahə
qaldırdı.
İkimiz üçün də bayram üstünə
bayram gəlmişdi. Alqışlı, xeyirdualı dodaqlarıyla
öpdükcə öpdü, şəfqətli əlləriylə
hey oxşadı məni. Özüylə adaşı -
sonbeşik nəvəsi arasında oturtdu, həmin anı
fürsət bilib ürəyimdə ülvi bir arzu da tutdum...
Çeşidli ləziz mürəbbələrindən
dadıb, can dərmanı çayından içə-içə
saatlar boyu söhbətləşdik. Əlbəttə, daha
çox o danışdı, mən dinlədim, suallar verdim:
yaddaş-xatirə xəzinəsindən,
duyğu-düşüncə saxlancından zehnimə,
könlümə yenə də misilsiz töhfələr, ələdüşməz
nemətlər ötürdü.
Özü demiş, Köhnə Arvaddır Dilbar mamam.
Təbii ki, məsələ təkcə 1942-ci il təvəllüdlü
olması deyil. Ultraliberalist-psevdofeminist zehniyyət inciyərsə,
incisin, amma Köhnə Arvad - bu məqamda, Dilbar mamamın
nümunəsində - yüksək keyfiyyət nişanı,
üstün səviyyə göstəricisidir.
Bir vaxtlar qıtlığın,
müşkülün aşağı həddini də
görüb, sonralar və indi varın-imkanın,
ixtiyaratın yuxarı yerini də. Dünyanın cürbəcür
şəklinə-cilvəsinə, zamanın, insanların min
cür halına şahid olub. Ömrünün saysız
eniş-yoxuşunda dəfələrlə bərkə-boşa
düşüb. Çox zəhmətə qatlaşıbsa,
bol da bəhrəsini alıb. Nisgil-qüssə yeyibsə,
göz-könül dolusu şadlıq-fərəh də
dadıb. Amma bunların heç biri bu xan-sultan ruhlu
qadının vüqarından, ləyaqətindən bircə
qəlpə qoparıb aparmadığı kimi, onun nəcib təbiətinə
zərrəcə təkəbbür, ucuz-yersiz qürur da gətirməyib.
Halallığı, qoçaqlığı, məğrurluğu,
comərdliyi, qayğıkeşliyi, xanımyana təmkini
Dilbar mamama həm qüvvət, həm zinət verib.
Bu 83 yaşında da elə öz hal-xasiyyətində,
45 ildən bərisini xatırladığım məxsusi tərzindədir
Dilbar mamam: üz-gözünün könül isidən nuru,
dilinin-qəlbinin ruha məlhəm duası-alqışı,
halal süfrəsinin tükənməz bərəkəti ilə!
Uşaqlıqdan bizi gah sevindirib könlümüzü
açan o xoş-həlim, gah da irili-xırdalı xətalardan
çəkindirən zabitəli, amma hər bir halda gur-qəltanlı
səsi yenə həmişəki təsirində-hökmündədir.
Şadlananda da, acıqlananda da rəhmətlik Əzət nənəmi
çox-çox xatırladan əziz ədaları,
doğmalıq qoxuyan ilıq, təravətli nəfəsi də
öz yerində...
Allah bu layiqli ömrünə daha da bərəkət
versin, canın-başın beləcə sağlam qalsın,
gözəl bibim - ağbirçəyim!
İşığın da, kölgən də həm evindən,
həm başımızın üstündən hələ
uzun zaman çəkilməsin, Dilbar mama!
...Çox zaman hafizəmiz üçün əşyalardan,
məkanlardan, qoxulardan mədəd umur, onları
xatiratımıza söykək tuturuq. Halbuki
yaddaşımızın ən etibarlı mənbələri,
ən məhrəm pasibanları ortaq keçmişimiz olan
insanlardır: qollarımızı uzatsaq, çiyinlərini
qucaqlayacağımız, barmaqlarımızı açsaq,
yanaqlarını, saçlarını
oxşayacağımız insanlar!
Seyfəddin HÜSEYNLİ
"Dünya ədəbiyyatı" dərgisinin
baş redaktoru
525-ci qəzet .- 2025.- 11 mart(№45).- S.13.