Ümid, qorxu və həqiqət
Esse
Qəribədir, yaşım az olsa da, yaman səbirsizəm.
Oxuduğum kitabı, həvəslə
başladığım işi yarımçıq qoymaq vərdişə
çevrilib. Yaşıdlarımdan fərqli olaraq filmlərə,
seriallara da maraqsız yanaşıram. Böyük vaxt kəsiyi
ərzində bir-iki filmə güclə baxıram. Hərdən
o filmləri belə yarımçıq qoyuram. Təkcə
balaca qardaşımın təkidi ilə baxdığım
filmləri sona çatdırıram. O da ki qorxumdan. Beş
yaş balaca olmasına baxmayaraq, elə bilirəm məndən
beş yaş böyükdür. Nə yalan deyim, zövqü
belə məndən yaxşıdır. Onunla
baxdığım filmlərin təsirindən sözün
açığı, uzun müddət çıxa bilmirəm.
Oxuduğum kitablarda dadı damağımda qalan
cümlələr kimi, baxdığım filmdə də
dadı damağımda qalan səhnələr, replikalar olur. Hərdən
həmin səhnələrdən dərs çıxartmaq istəyirəm,
sonra düşünürəm ki, axı mən elə bir
şey yaşamamışam. Həmin situasiya ilə rastlaşmağıma
baxmayaraq, uzun müddət səhnənin təsirindən
çıxa bilmirəm. Sanki bu dəqiqə mən də
oxşar hadisəni yaşayacağam, ordan
çıxaracağım dərs mənim köməyimə
çatacaq.
Şouşenkdən qaçış
"- Dünyada daşdan olmayan və heç kimin səndən
ala bilməcəyi bəzi şeylər var. Sənin daxilindən
ala bilməyəcəkləri və toxuna bilməyəcəkləri
şeylər.
- Nə?
- Ümid".
Uşaq olanda baxdığımız filmlərdə
sehri olan qəhrəmanlara həsəd aparar, onlar kimi
olmağı, xüsusi gücümün olmasını
arzulayardım. Böyüdükcə başa
düşürsən ki, əslində elə insan özü
sehrli qüvvədir. Sadəcə filmlərdəki obrazlardan fərqli
olaraq, bizim sehrimiz bir anın içində olmur, müəyyən
zaman keçəndən sonra istədiyimizə nail
olmağımız mümkündür. Bu zaman ərzində o
sehri qüvvədə saxlayan hisslər var - ümid və
inam.
Ulduzlararası
"Əvvəllər göyə baxıb
ulduzlardakı yerimizi bilmək istəyərdik. İndi isə
başımızı aşağı salıb
torpağdakı yerimizi düşünürük".
Qəribədir, uşaqlıqdan göylər hər
zaman daha maraqlı olub. Elə o vaxtdan bütün
yaxşıların, mələklərin göylərdə
olduğunu düşünmüşük. Uşaq olanda daha təmiz,
daha saf idik axı. Buna görə də özümüzü
o təmiz göylərə layiq bilirdik. Amma
böyüdükcə, çirkaba bulandıqca fərqinə
varırıq ki, qaranlıq, bütün vahiməli
varlığların olduğu yeraltı dünya -
torpağın altı layiq olduğumuz tək yerdir.
Çernobıl
"Biz həqiqəti axtarmağa o qədər diqqətimizi
cəmləmişik ki, əslində, az adamın onu
tapmağımızı istədiyini görə bilmirik. Ancaq
görsək də-görməsək də, seçsək də-seçməsək
də, həqiqət həmişə oradadır. Reallıq
bizim ehtiyaclarımıza və istəklərimizə əhəmiyyət
vermir. Hökumətlərimizə, ideologiyalarımıza,
inanclarımıza əhəmiyyət vermir. Həmişə
pusquda dayanıb gözləyir. Bir vaxtlar həqiqətə
görə verəcəyim cavabdan qorxurdum. İndi isə sadəcə
bir şey maraqlıdır - yalanların cavabını necə
verəcəyəm".
Cəfər Cabbarlının "Oqtay Eloğlu" əsərində
belə bir ifadə var: "O, çirkin də olsa, həqiqət
olduğu üçün gözəldir". Acı həqiqət
bu qədər gözəldirsə, niyə insan övladı
şirin yalana daha çox can atır? Nə üçün
doğru olanı danışmaq qədər onu eşitmək
də bizə çətin gəlir? Sözün düzü,
deyəsən, bu barədə bir fikir bildirə bilməyəcəm.
Bunun səbəbini isə hələ yaşımın az
olması ilə əlaqələndirirəm (Cavab verə bilmədiyim
hər sualdan bu bəhanə ilə boyun
qaçırmağı da vərdiş halına
salmışam). Ya indiyə kimi az yalan eşitmişəm, ya
da doğru bildiklərimin əslində böyük bir yalan
olduğunu hələ də dərk edəcək yaşa gəlib
çıxmamışam. Bəlkə də, elə
böyüməkdən buna görə qorxuram. Bəlkə də,
oxuduğum hər kitab, baxdığım hər film məni həqiqətə
daha çox yaxınlaşdırır deyə onlardan
qaçıram. Geriyə boylananda görürəm ki, elə
çoxumuz yalanlarla böyümüşük. Hər yeni il
eşitdiyimiz "Şaxta Baba sənə nə gətirsin?",
yıxılanda eşitdiyimiz "Böyüyəndə
yadından çıxacaq", yatmaq istəməyəndə
eşitdiyimiz "Yatsan, səni parka aparacağam", sevmədiyimiz
yeməyi bizə verəndə "Bu yeməyi ye, sənə
konfet verəcəyəm" kimi yalanlar uşaqlıqda bizi
necə xoşbəxt edərdi. Deməli, xoşbəxtliyi
yalanlarda görə-görə böyümüşük.
Buna görə də şirin yalana daha çox can
atırıq. Sonda bizi nəyin gözlədiyini bildiyimiz
halda...
Ləman İLKİN
525-ci qəzet .- 2025.- 11 mart(№45).- S.11.