Baxışların
dərinliyində gizlənmiş həsrət
Qadınları, adətən, sarışın,
qızılısaçlı, kişiləri ucaboy, qamətlidirlər.
Gözləri mavidir, bəzisində yaşıl, bəzisində
sezə bilməyəcəyimiz qəribə rəng
çalarları var. Bu çalarlara görə yerli əhalidən
görünüşləri ilə fərqlənirlər.
Baxışları gözəldir, amma o baxışların dərinliyində
bir həsrət var - yurd həsrəti.
Qərbi azərbaycanlıların yurd nisgilinin tarixi
30-35 ildən daha öncəyə dayanır. Mənfur ermənilərin
planlı şəkildə bu torpaqlara köçürülməsi,
1918-ci ildə Azərbaycanın qədim tarixi şəhəri
İrəvanın, 1920-ci ildə Zəngəzur
mahalının Ermənistana verilməsi ilə başlanan
hadisələr soyqırımı, deportasiya kimi faciələrin
kütləvi hal almasına zəmin yaratdı.
O Gömürdən bu Gömürə...
Bura Gömürdür. Şahbuz rayonunun ucqar dağ və
sərhəd kəndi olan, qərbi azərbaycanlıların
kompakt şəkildə yaşadığı Gömür. Dərələyəz
mahalının Gömüründən pənah gətirən
gömürlülər. Kənddə Dərələyəzin
Axta və Gabudundan gəlib məskunlaşanlar da az deyil. Zəhmətə
qatlaşan insanların əsas məşğuliyyəti
maldarlıqdır. Dan yeri sökülən kimi iş
başına keçən gömürlülər təbiətin
bu yerlərə ərməğan etdiyi səxavət
payından faydalanır, ailələrini dolandırmaq
üçün bol məhsul əldə edirlər.
Dağlarla dövrələnmiş kəndin saf
havasını udur, dupduru bulaqların gözündən su
içirlər. Zira gözyaşı kimi dupduru bulaq suları
da onların ürəyini sərinlətmir. Yurd nisgilini bu
gözəl mənzərələr ovutmur.
Onlardan biri - Rövşən Əlipənahovla həmsöhbətik.
Deyir ki, biz 10 ailə olaraq 1970-ci ildən burada məskunlaşmışıq.
Həmin dövrdəki köç, əslində, "səssiz"
deportasiya idi. Bizim kimi neçə-neçə ailə öz
yurdunu tərk etmək məcburiyyətində qaldı. Bizdən
sonra baş verən hadisələr isə hər kəsə
məlumdur: "Dərələyəzdə erməni
olmayıb. Onlar bu yerlərə sonradan
köçürülüb. Azərbaycanlıların qonaqpərvərliyindən,
humanistliyindən istifadə edərək düşdükləri
yerə mənimdir deyib, sahibləniblər. Azərbaycanın,
demək olar ki, bütün bölgələrinə qarayara kimi
səpələnmişdilər. Amma elə qələmə
verirdilər ki, sanki bu torpaqları, bu dağları,
daşları elə bunlar yaradıblar".
Bəs tarixi faktlar, əslində, nəyi göstərir?
Qazıntılar zamanı azərbaycanlıların kütləvi
soyqırımına məruz qaldıqları qəbiristanlıqlar
aşkarlanıb. Torpaq belə bu haqsızlıqları öz
qoynunda gizlətmir. Amma mənfur erməni əsl həqiqəti
özü bilsə də, heç cür anlamaq istəmir ki,
o torpaqlara Azərbaycançılıq möhürü
vurulub. Heç bir saxta sənəd, xəritə o torpaqlardan
dərinliyə kök atmış bu tarixi silə bilməz: o
torpaqlarda ata-babalarımızın ruhu dolaşır. O
torpaqlar əsrlərdən süzülüb gələn ana-nənələrin
laylasını, şirin-şəkər balaların
gülüşünü, babaların öyüdünü,
torpaq sevgisini, oğulların at belində
yarışını, elin ən gözəl toy-bayram adətlərinin
sədasını canına hopdurub, xəzinə kimi qoruyur.
İnsanları öz elindən silah gücünə
didərgin sala bilərsən, amma onun yaddaşını,
genofondunu məhv edə bilmərsən. O xatırlayacaq, o
danışacaq, o yazacaq, gələcək nəsillərə
ötürəcək, əsla və əsla öz əslindən,
torpağından vaz keçməyəcəkdir. Rövşən
Əlipənahov da Qərbi Azərbaycan folklorunu toplayır, səbirlə
dünyagörmüş ağsaqqalları, ağbirçək
nənələri dinləyir, onların dilindən eşitdiklərini
dəftərə köçürür itib-batmasın deyə.
"Ömrümə ömür calanar..."
Fatma xanım 17 yaşında Dərələyəzin
Gömüründən gəlib. 54 ildir ki, Gömürdə
məskunlaşıb. Amma bu 54 il 17 ildə
yaşadıqlarını, ruhuna, beyninə həkk etdirdiklərini
unutdura bilməyib. Gəzdiyi dağları,
yığdığı bitkiləri xatırlayır. Dərələyəz
mətbəxində hazırlanan yeməkləri də
unutmayıb, indi şövqlə onlardan bizə də
danışır.
Adilə Əlipənahova isə 1988-ci ildə ailə
üzvləri ilə birgə öz el-obasından didərgin
düşüb. May ayında gecə ilə Kükü tərəfdən
Naxçıvana keçmiş və Gömürdə məskunlaşmışlar.
Deyir ki, Şahbuzun Gömürü də bizim
üçün doğmalaşıb. Di gəl ki, ürəyimiz
orada qalıb - dağların o üzündə. Üstündən
illər keçib. Müsahibim deyir ki, o yerləri, evimizi, o
dağı, daşı gözübağlı əllərimlə
taparam. Ahıl çağımda gedib torpağımı
görsəm, elə bilirəm, ömrümə ömür
calanar.
Əli Haqverdiyev ustadır. Gömürdə tikilən
yeni evlərdə onun da əməyi var. Qurur, yaradır, amma
viran qalmış yurdu üçün nigarandır. Valideynlərini
uşaq ikən itirib. Bir tərəfdən də yurd itkisi
ağır dərd olub ona. Doğmalarının ruhu
dolaşan o torpaqlara qayıtmaq, yarımçıq qalan
uşaqlıq, gənclik xəyallarını yenidən
yaşamaq istəyir.
Zakir Əlipənahov sürücüdür. Hər
gün Gömürdən Naxçıvan şəhərinə,
eləcə də şəhərdən Gömürə sərnişinləri
daşıyır. Doğma yurdunun hər
cığırı, hər dağı, hər dərəsi
yadındadır: "Yuxumda da ancaq o Gömürü
görürəm", - deyir. Bu, insanın doğulduğu
torpaqla ruhi bağlılığıdır, onu bir
ömürboyu tərk etməyən pak sevgisidir torpağa.
"Qismət olar Şahbuzun Gömüründən Dərələyəzin
Gömürünə daşıyaram sərnişinləri
öz yurd-yuvalarına", - deyir Zakir kişi.
Cəbrayıl kişi kəndin yaşlı sakinlərindəndir.
O deyir: "Axırıncı dəfə keçən ilin
may ayında gedib Qanlıgölün üstündən yurd yerlərimizə
boylandıq, kövrəldik, o torpaqlara
qayıdacağımız günü həsrətlə
gözləyirik. Biz torpaqlarımızı qorumaq
üçün sonuna qədər dayandıq. Amma əliyalın
idik".
Yurd yerləri o zaman dirçələcək ki...
24 dekabr 2022-ci il tarixdə Prezident cənab İlham
Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati
binasına gəlişi və buradakı
çıxışı zamanı verdiyi tapşırıq əsasında
hazırlanmış Qərbi Azərbaycana Qayıdış
Konsepsiyası addım-addım həyata keçirilməkdədir.
Bu, ilk növbədə, tarixi ədalətin bərpası,
ata-baba yurdlarından qovulmuş qaçqın
soydaşlarımızın öz doğma ocaqlarına
qayıdıb yaşamaq kimi təməl hüquqlarının
təmin olunmasına xidmət edir. Gömürlülər də
yurd nisgilinin bitəcəyinə, əzəli ata-baba
torpaqlarına qovuşacaqlarına əmindirlər. Daha
Kükünün Qanlıgölündən Vətənə
həsrətlə baxmağa gərək qalmayacaq.
Torpağın da nisgili başa çatacaq. İllərlə
sinəsində gizləyərək sədaqətlə
qoruduğu xəzinənin açarlarını gerçək
sahiblərinə təhvil verəcək. Əli usta yeni evlər
tikəcək, Cəbrayıl kişi qurumuş bağlara yenidən
can verəcək, Firəngiz xanım dağların sinəsindən
dərdə dava bitkiləri toplayacaq, Adilə xanımınsa
yeməklərinin ətri aləmi bürüyəcəkdir. Kərəm
kişi qol qaldırıb oynayacaq, Firuzə nənə bir daha
ağlamayacaq... Bax o zaman viran qalmış yurd yerləri
dirçələcək. Qarabağ dirçəldiyi kimi...
Ruhiyyə RƏSULOVA
"Şərq qapısı" qəzetinin məsul
katibi
525-ci qəzet .- 2025.- 11 mart(№45).- S.10.