Sosial şəbəkələrdəki
"ideal ailə modelləri"
İnsan həyatının ən müxtəlif sahələrinə
ciddi təsir göstərən sosial şəbəkələr
ailə münasibətlərindən də yan keçmir.
Blogerlik fəaliyyəti ilə məşğul olan bir
çox şəxs öz "ideal ailə münasibətlərinin"
videogörüntülərini yaymaq diqqət çəkməyə
çalışır, bu yolla pul qazanırlar. Həmin
görüntülərdə təqdim
edilənlərin nə dərəcədə səmimi
olub-olmadığından isə izləyicilər xəbərsiz
qalırlar. Buna baxmayaraq, bir çoxları təqdim olunan həmin
"ideal ailə modellərinə" həsəd aparır və
saxta görüntülərə aldanaraq həyatda öz
partnyorları ilə münaqişə yaşayırlar.
Mövzu ilə bağlı fikirlərini bizimlə
bölüşən psixoloq Rövşən Nəcəfov
bildirir ki, sosial şəbəkələrdə özlərini
xoşbəxt göstərmək istəyən insanlar bəzən
başqaları üçün yaşamağa
başlayırlar: "İnsanın sosial mühitdə təsdiqlənmək
və qəbul edilmək ehtiyacı var, lakin bu ehtiyac real həyatdan
uzaqlaşaraq yalnız virtual mühitdə təmin olunmağa
başlayanda ciddi problemlər yarana bilir. Davamlı olaraq sosial
şəbəkələr üçün yaşamaq, öz
həyatını reallıqdan kənar şəkildə təqdim
etmək və başqalarına süni xoşbəxtlik
nümayiş etdirmək fərdin emosional
sağlamlığını zədələyir. Xoşbəxtlik
vizual görüntülərdən və sosial şəbəkələrdə
təsdiqlənməkdən deyil, səmimi münasibətlərdən,
sağlam ünsiyyətdən və qarşılıqlı
anlayışdan qaynaqlanır. Rəqəmsal dövrün ən
mühüm əlamətlərindən biri sosial şəbəkələrin
gündəlik həyatımıza dərin
inteqrasiyasıdır. Bu platformalar insanlara ünsiyyət
qurmaq, məlumat paylaşmaq və hətta öz fərdi həyatlarını
nümayiş etdirmək imkanı yaradır. Lakin sosial şəbəkələrdə
təqdim edilən obrazlar reallıqdan çox vaxt uzaq olur.
Xüsusilə ictimai şəxslər, influencerlər və
blogerlər öz həyatlarını ideallaşdıraraq təqdim
edirlər ki, bu da izləyicilərdə qeyri-real gözləntilər
formalaşdırır. İnsanlar öz həyatlarını
başqalarının həyatları ilə müqayisə etməyə
meyillidirlər. Sosial şəbəkələrdə
paylaşılan "mükəmməl" və
"xoşbəxt" ailə şəkilləri, romantik
anlar, bahalı səyahətlər və təmtəraqlı
tədbirlər fərdlərdə öz həyatlarının
kifayət qədər maraqlı və ya dəyərli
olmadığı təəssüratı yarada bilir. Bu isə
insanlarda öz ailə münasibətlərini,
partnyorlarını və həyat tərzlərini
sorğulamağa səbəb olur və nəticədə məyusluq
və narazılıq hissi artır. Xoşbəxtlik
yarışı sanki sosial şəbəkələrdə
aparılan gizli bir müsabiqəyə çevrilir və
insanlar öz həyatlarını reallıqdan kənar şəkildə
təqdim etməyə başlayırlar".
Psixoloq Vəfa Əkbərin fikrincə, sosial şəbəkələrdəki
saxta ailə modelləri partnyorlar arasındakı problemlərin
ortaya çıxmasında bəhanə rolunu oynayır:
"İnsan psixososial varlıqdır - həm bioloji, həm
psixoloji, həm də sosial. İnsanın təkcə bioloji və
psixoloji sağlamlığı bəs eləmir, o həm də
sosial sağlam olmalıdır, özünü sübut etməlidir.
Bunlar alınmayanda insan digər iki tərəfdən zədə
alır. Nəticə etibarilə hər bir insan öz mənliyini
aktuallaşdırmaq, cəmiyyətdə yer tutmaq, status əldə
etmək üçün çalışır və
yaşayır. Dırnaqarası ideal ailələr də bu
yolla pul qazanırlar. Əslində, ekran qarşısında
olduqları kimi real həyatda elə davranmırlar, onları
izləyənlər isə saxta ailə münasibətini izləyir
və düşünürlər ki, doğru olan elə budur.
Beləcə ailədə hər hansı kiçik bir problem
varsa, həmin problem saxta ailə modelinin fonunda qabarmağa
başlayır. Əslində bu, bəhanə sayılır,
onsuz da həmin problem əvvəl-axır ortaya
çıxacaqdı. Partnyorlar arasında bu kimi hallar
yaşananda əvvəlcə özlərinə sual verməlidirlər
ki, mən nəyi səhv etmişəm, nəyi
basdırmışam, cəmiyyətə özümü necə
təqdim etmişəm ki, başqa ailələrlə
özümü müqayisə edəndə xoşbəxt
olmadığımın fərqinə varıram. Artıq elə
bir dövrə gəlmişik ki, hər bir cütlüyün
ailə terapisti olmalıdır. Hər kəs bu məsələyə
ciddi yanaşsa, belə hallarla az rastlaşarıq".
Psixoloq Sevinc Həbibova bildirib ki, sosial şəbəkələr
uşaqlara və gənclərə daha çox təsir
göstərir: "Gənclərimiz sosial şəbəkələrdə
"xoşbəxt" ailə mənzərəsini
görüb öz ailə münasibətləri ilə
müqayisə edirlər ki, bu da nəticədə
münaqişələrə səbəb olur. Amma heç nə
göründüyü kimi deyil. Sözsüz ki, filmlərdə,
seriallarda gördüyümüz bir çox hadisə real
olmadığı kimi sosial şəbəkələrdə də
o reallıq tam şəkildə deyil. Əslində, hər
şey gənclərin öz əlindədir. Onlar istəsələr,
hər gördüklərinə inanmazlar. Münasibətlərin
təməli möhkəm qurulsa, özlərini və
partnyorlarını başqaları ilə müqayisə etməsələr,
belə problemlərlə qarşılaşmazlar".
Ləman İLKİN
525-ci qəzet .- 2025.- 11 mart(№45).- S.10.