Ukraynanın qaranlıq taleyi -
ABŞ nə istədiyini deyir, Aİ boş vədlər verir
Asim Mollazadə: "Ukrayna öz torpaqlarını atəşkəsə
güzəştə gedə bilməz"
ABŞ və Avropa İttifaqı Rusiya-Ukrayna
münaqişəsi ilə bağlı müəyyən
addımlar atırlar. Amma bu addımlar Kiyev üçün hələ
ki, yaxşı heç nə vəd etmir. Tramp
administrasiyası münaqişəni tez bir zamanda bitirmək,
ilk növbədə isə atəşkəsə nail olmaq istəyir.
Ağ Ev açıq şəkildə bəyan edib ki, daha bu
müharibənin davam etməsi üçün maliyyə və
silah dəstəyi göstərmək niyyətində deyil.
Xatırladaq ki, bir müddət öncə
Vaşinqtona gedən Vladimir Zelenski ilə Donald Tramp
arasında siyasi qalmaqal yaşanmışdı. Bundan sonra
Ağ Ev rəhbəri Ukraynaya bütün hərbi
yardımların dayandırılmasına dair əmr
imzaladı. Ağ Ev-in bununla bağlı bəyanatında
deyilirdi ki, "prezident açıq şəkildə
sülhü hədəflədiyini elan edib. Biz tərəfdaşlarımızın
da bu məqsədə sadiq qalmasını istəyirik. Biz
yardımımızı dayandırırıq və onun həllə
töhfə verməsini təmin etmək üçün nəzərdən
keçiririk".
Yeri gəlmişkən, ABŞ mediası yazır ki,
Amerika yardımının bərpa olunacağına dair
heç bir işarə yoxdur. ABŞ-ın Ukraynadakı
nümayəndəsi Kit Kelloq daha əvvəl bildirib ki,
Vaşinqton yardımı kəsməyib, lakin
dayandırıb. Yardımı bərpa etmək qərarının
nədən asılı olacağını isə bilmir.
Avropa İttifaqına gəlincə, Ukraynanı
sözdə dəstəklədiyini göstərməyə
çalışsa da, əməldə ciddi addımlar
atmır və həmrəylik nümayiş etdirmir. Bu
baxımdan ötən həftə sonu keçirilmiş Avropa
İttifaqının fövqəladə sammitinin nəticələrini
də birmənalı qiymətləndirmək mümkün
deyil. Çünki həmin sammitdə ciddi nəticələr
əldə olunmadı, başqa sözlə, Avropa gözlənilən
birliyi nümayiş etdirə bilmədi. Sammitdə Avropa
Komissiyasının sədri Ursula Fon der Lyayenin təklif etdiyi
Avropanın müdafiə qabiliyyətinin gücləndirilməsinə
dair planı razılaşdırmaq mümkün olsa da,
Ukraynaya hərbi yardımı davam etdirmək məsələsində
vahid mövqe ortaya qoyulmadı. Buna səbəb
Macarıstanın Baş naziri Viktor Orbanın münasibəti
idi. Beləliklə, bəyanatı 27 deyil, Aİ-yə üzv
26 dövlətin liderləri təsdiqləyib.
Macarıstanın Baş naziri mövqeyini onunla izah
edib ki, Budapeşt Ukraynada sülhə gedən yolun hərbi dəstəkdən
keçdiyinə inanmır. Aİ Şurasının sədri
Antonio Kosta yekun mətbuat konfransında Macarıstanın
Ukraynadakı müharibəyə fərqli strateji
yanaşması olduğunu, lakin Budapeştin tək
qaldığını deyib: "O, təcrid olundu və
sıralarımızı bölə bilməyəcək".
Orban isə cavab olaraq bildirib ki, əksinə, Avropa
İttifaqı təcrid olundu, Macarıstanın isə
ABŞ, Çin və Rusiya ilə əla münasibətləri
var.
Dünən isə Səudiyyə Ərəbistanında
ABŞ-Ukrayna rəsmilərinin nizamlanma üzrə
görüşü keçiriləcəkdi. ABŞ Prezidenti
Donald Tramp jurnalistlərlə söhbətində deyib ki, Səudiyyədəki
danışıqlardan müsbət nəticələr
gözləyir.
Onun sözlərindən bəlli olub ki, ABŞ Ukrayna
ilə kəşfiyyat məlumatlarının mübadiləsində
yaranmış fasiləni də tam aradan qaldırmağa
yaxındır.
Qeyd edək ki, ABŞ-nin kəşfiyyat məlumatlarının
Kiyev rəsmilərinə ötürülməsinin
dayandırılması barədə qərar Tramp tərəfindən
verilmişdi. Bu, Vladimir Zelenskiyə Rusiya ilə sülh
danışıqlarının aparılmasında Trampla əməkdaşlıq
etməsi üçün edilən təzyiqin bir hissəsi
idi. Xarici KİV yazır ki, "Zelenskinin Ukraynanın
"mümkün qədər tez danışıqlar
masasına oturmağa hazır olduğu"
açıqlamasından sonra silah tədarükü və kəşfiyyat
məlumatlarının mübadiləsinin bərpası
ehtimalı nikbinlik yaradıb".
Keçən il Ukraynada prezident seçkilərinin
keçirilməməsi səbəbindən Vladimir Zelenskinin
qeyri-legitimliyi Kremlin əsas iddialarından biridir. Ağ Evə
qayıtdıqdan sonra Tramp və onun administrasiyası da
Ukraynada seçkilərin keçirilməsində israr etməyə
başlayıb.
Bu arada NBC yazır ki, Amerika və Ukrayna nümayəndə
heyətlərinin Səudiyyə Ərəbistanında
görüşündən əvvəl Donald Tramp köməkçilərinə
açıq şəkildə bildirib ki, yardım və kəşfiyyat
məlumatlarının mübadiləsinin bərpası
üçün təkcə mineralların hasilatı, tədarükü
barədə saziş kifayət etməyəcək. ABŞ
prezidenti, həmçinin Zelenskinin sülh
danışıqlarına münasibətinin dəyişməsini,
o cümlədən ərazi itkiləri də daxil olmaqla
güzəştə getməyə, seçkilər
keçirməyə və bəlkə də prezidentlikdən
istefa verməyə hazır olduğunu görmək istəyir.
Məlumata götə, ABŞ rəsmiləri Səudiyyə
Ərəbistanında təkcə Ukrayna nümayəndə
heyəti ilə deyil, Rusiya nümayəndə heyəti ilə
də görüşəcəklər. Ukrayna-Amerika
görüşü martın 11-də baş tutacaq.
Görüşdə prezident Donald Trampın
administrasiyasının yüksək vəzifəli şəxsləri
iştirak edəcək. Ukrayna prezidenti Səudiyyə Ərəbistanına
səfər etsə də, görüşdə olmayacaq.
Ukrayna nümayəndə heyətinin tərkibinə Prezident
Aparatının rəhbəri Andriy Yermak, həmçinin
xarici işlər naziri Andriy Sybiqa, müdafiə naziri Rustem
Umerov və Prezident Administrasiyası rəhbərinin
müavini Pavlo Pali daxildir.
Göründüyü kimi, Ukrayna heç də asan və
əlverişli şərtlərlə danışıqlara
getmir. Kiyev üçün çox çətin
çağırışlar var, amma müharibəni davam
etdirmək imkanları da artıq tükənib. Vaxtilə
Ukraynanı müharibəyə sürükləyənlər
də indi yaxalarını kənara çəkirlər.
Milli Məclisin deputatı Asim Mollazadə "525"ə
müsahibəsində Tramp administrasiyasının Rusiya-Ukrayna
münaqişəsinin nizamlanmasındakı fəaliyyətini
şərh edib, bu mövzuda digər suallara aydınlıq gətirib.
Deputatın sözlərinə görə, bu günə kimi
qeyd edilən məsələdə hansısa ciddi bir
inkişaf müşahidə olunmayıb: "Hər hansı
ciddi inkişafdan söhbət gedə bilməz. Hər gün
Ukraynanın şəhərləri bombalanır, hədəfə
alınır, uşaqlar, qadınlar qətlə yetirilir.
İnsan tələfatı davam edir. Bunu inkişaf
adlandırmaq çox çətindir. Düşünürəm
ki, Rusiya beynəlxalq ictimaiyyətin təzyiqinə məruz
qalmalıdır. Əks halda, bu davam edəcək. Hələlik
mən Rusiyaya ciddi təzyiqləri görmürəm və
Ukrayna öz torpaqlarını atəşkəsə güzəştə
gedə bilməz. Vaxtilə dünya, ermənilər tərəfindən
Azərbaycan uşaqlarının qətlə yetirilməsinə,
insanlarımızın amansız işgəncələrə
məruz qalmalarına, həm Qarabağdan, həm Qərbi Azərbaycandan
100 minlərlə soydaşımızın etnik təmizləməyə
məruz qalmalarına göz yummuşdu. Azərbaycan
torpaqlarının 30 illik işğalına nəhayət,
özü son qoydu. Ümid edirəm ki, Ukrayna öz problemlərini
həll etmək üçün kifayət qədər dəstək
alacaq. Başqa alternativ mən görmürəm.
Çünki Rusiya heç bir güzəştə getmir və
işğal davam edir".
"Azərbaycanın etdiyini Ukrayna niyə edə bilmədi?
Nəzərə alaq ki, Bakıdan fərqli olaraq Qərb və
Avropa Kiyevə lazımi dəstəyi verdi", - sualına
cavab olaraq deputat deyib ki, çünki Ukraynanın dövlətçilik
anlayışı olan lideri olmadı. Azərbaycanda isə
güclü lider var və o, münaqişəyə son qoya
bildi. Azərbaycan lideri böyük dövlətçilik təcrübəsinə
malikdir.
A.Mollazadə ABŞ-la Rusiyanın hiss olunan
yaxınlaşması və Trampın burada əsas məqsədinin
nədən ibarət olmasına da toxunub: "Hesab edirəm
ki, Trampın əsas məqsədi Rusiyanı Çinin
cinahından çıxarmaq, Çindən ayırmaqdır.
Ona görə də Rusiyaya müəyyən güzəştlər
vəd edib, Ukraynaya ciddi dəstəyi azaldıb və yaxud
dayandırmaqla hədələyir. Problem burada Trampın
Çindən çəkinməyidir və Çinin
günü-gündən güclənməyidir. Çinin belə
güclənməyinin əsas səbəbi bundan əvvəl
olan Ağ Ev administrasiyanın fəaliyyətidir. Bayden
administrasiyası Amerikanı tədricən zəiflədərək
Çinin imkanlarını atrırmaqla onu daha da gücləndirdi.
Çin bu gün həm iqtisadi nöqteyi-nəzərdən,
həm də hərbi baxımdan super qüvvəyə
çevrilir. Tramp bundan çox narahatdır və
Rusiya-Çin müttəfiqliyi də əslində Çini
çox gücləndirə bilər. İndi Tramp da
Rusiyanı bundan çəkindirməyə
çalışır".
Martın 6-da keçirilən Avropa
İttifaqının fövqəladə sammitinin
yekunlarını dəyərləndirən deputat hesab edir ki,
bu sammitin yekununda biz hər hansı ciddi nəticə görmədik:
"Yəni Ukraynaya böyük həcmdə dəstəyin
şahidi olmadıq. Avropa İttifaqı burada sadəcə
olaraq sözdə dəstək verir, amma əməldə
silah, maliyyə dəstəyi göstərilmir. Ukraynaya yetərincə
dəstək yoxdur. Daha çox sözlər, vədlər
görürük. Avropa İttifaqının daxilində də
bu məsələ ilə bağlı ciddi fikir
ayrılığı mövcuddur".
Səudiyyə Ərəbistanında gözlənilən
ABŞ-Ukrayna görüşünün Kiyev üçün
nə ilə nəticələnə biləcəyinə gəlincə,
deputat deyib: "Biz çox istərdik ki, burda hansısa
müvəqqəti atəşkəsdən söhbət getməsin,
Ukraynaya ciddi təhlükəsizlik qarantiyaları verilsin. Bu,
çox vacibdir. Xatırladıram ki, Ukrayna ilə
bağlı bir Minsk formatı var idi. Bu formatın adı da bədnamdır.
Azərbaycan Minsk qrupunun nə olduğunu çox gözəl
bilir. Həmin Minsk formatı münaqişənin genişlənməsinin,
Ukraynaya hücumun qarşısını ala bilmədi. Ukrayna
bir çox vədlər almışdı. Budapeşt
razılaşması var idi. Ukraynadan nüvə silahları
alanda vədlər verilmişdi, amma bütün bu vədlərin
heç bir nəticəsi olmadı. Ona görə də mən
bu danışıqların uğurla, sürətlə
hansısa bir nəticəyə gətirəcəyinə,
Ukraynanın torpaqlarının azad ediləcəyinə, ərazi
bütövlüyünün, suverenliyinin bərpa
olunacağı ilə nəticələnəcəyinə
inanmıram".
Pərvanə SULTANOVA
525-ci qəzet .- 2025.- 11 mart(№45).- S.6.