Quba teatrı: Xatirələr məkanından
Könüllülər səhnəsinə
Fətəli xan küçəsi ilə
üzüaşağı, Quba Meydanına doğru gedirdim.
Qarşıdan ağır-ağır gələn
ağbirçək qadına yaxınlaşanda bir-birimizi
tanıdıq. Vaxtilə Quba Dövlət Dram Teatrında
çalışan, teatr bağlanandan sonra fəaliyyətini
qonşu Dağıstanda, Dərbənd Dram Teatrında davam
etdirən, Dağıstanın Xalq artisti Düriyyə Rəhimova
idi. Hər dəfə Qubaya gələndə bizim Mədəniyyət
evinə gəlir, hal-əhval tutur, yaradıcılıq
işlərimizlə maraqlanır, tövsiyələrini
verirdi. Budəfəki gəlişindən xəbərim yox
idi.
- Nə yaxşı görüşdük. Bir az
qayğılı görünürsünüz.
- Çox qocalmışam, oğlum. Dedim bir doğma
yurdumu gəzim. Bəlkə, heç bir də Qubaya yolum
düşmədi. Təskinlik verməyə
çalışma. Yaş öz işini görür.
Artıq ömrün qürub çağıdır. İstəyirəm
Qubaya doyunca baxım.
- İndi hara gedirsiniz belə?
- Keçmiş Quba teatrının yerləşdiyi
binaya baxmaq istəyirəm. Ömrümün gənclik
çağları o teatrda keçib.
- Olar ki, mən də sizinlə gəlim?
- Nə deyirəm, gedək.
Sülh küçəsinə dönüb
"Sevinc" sarayına doğru addımladıq. Quba
teatırı o zaman Mədəniyyət evi olan bu binada fəaliyyət
göstərmişdi.
Sonralar bura şadlıq sarayına çevrilmişdi.
Son illərdə isə müasir tipli, daha çox tutumlu
saraylar inşa olunduğundan indi bu qədim binaya gedib-gələn
yox idi.
- Azərbaycanın ilk bölgə teatrı olan
Abbasqulu ağa Bakıxanov adına Quba Dövlət Dram
Teatrı bax bu binada fəaliyyətə başlayıb. O
vaxtlar bura Voroşilov adına klub idi. Onu da deyim ki, Qubada hələ
1890-cı illərin axırlarında
teatrlaşdırılmış kiçik səhnəciklər
hazırlanırdı. XIX əsrin sonu, XX əsrin əvvəllərində
yaşayıb yaradan, Qubadan olan, Azərbaycanın ilk qadın
dramaturqu "Elmin bəhrəsi", "Gəlin və
qayınana" kimi pyeslərin müəllifi Səkinə
Axundzadənin qələmə aldığı səhnəciklər
Quba da teatr incəsənətinin ilk nümunələri
olmuşdur. 1940-cı ildə həmin bu Voroşilov klubunda
kolxoz-sovxoz teatrı yaradıldı. 1946-cı ildə isə
dövlət dram teatrına çevrildi və teatra
Bakıxanovun adı verildi. O vaxt mən yeniyetmə uşaq
idim. "Sevil", "Arşın mal alan", "Ər və
arvad" tamaşalarına həvəslə gedib tamaşa
edirdim. Sonralar bu sənətə elə bağlandım ki,
özümü teatrsız, tamaşasız təsəvvür
edə bilmədim. Quba teatrında 50-ə yaxın obrazı
canlandırmışam...
Sarayın qədim, möhkəm qapıları
bağlı idi. Gözətçidən içəri
keçmək, otaqlara və zala baxmaq üçün
qapıları açmağı xahiş etdim. Etiraz eləmədi.
Yəqin sarayda nəsə mərasim, tədbir hazırlamaq
fikrində olduğumuzu düşünmüşdü.
İçəri daxil olduq. Düriyyə xanım dəhlizin
divarlarındakı qədim naxışlara, pəncərələrə,
qapılara həyəcanla baxırdı.
Sarayda müasirliklə yanaşı, qədimlik də
diqqəti cəlb edirdi. Elə yaşlı aktrisanı həyəcanlandıran
da bu naxışlar, qapılar, otaqlar idi.
- Bax, bura qrim otağımız idi. Səhnəyə
giriş isə bax bu qapıdan idi.
Zala daxil olduq. Səhnə bəy-gəlin və
musiqiçilər üçün
uyğunlaşdırılmışdı. Lakin səhnənin
arxa divarındakı barelyef formalı teatr təsvirləri
görünür, həmin dövrdən qalmışdı.
Düriyyə xanım da bu təsvirlərə baxa-baxa
üzü səhnəyə doğru oturacaqların birində
əyləşdi.
- Bəs teatr niyə bağlandı?
Dərindən ah çəkdi. Əllərini sinəsində
çarpazlayıb xeyli susdu.
- Teatrda erməni əsilli, Anik ləqəbli Anaida
Şaginyan adlı aktrisa vardı. Nədənsə teatrda
oynanılan bütün müsbət rollar, baş rollar Anikə
verilirdi. Şaginyan isə teatrda çalışan digər
millətlərə kin və nifrət bəsləyirdi. Bir
gün o teatrın müdiri Məmmədağa ilə evləndi.
Elə o vaxtdan da teatrın qara günləri başladı.
Sonralar görkəmli aktyorlar kimi tanınan Səyavuş
Aslan, Ofeliya Aslan, Məcnun Hacıbəyov, Azərbaycan səhnəsinin
böyük rejissorlarından olan Ağakişi Kazımov gənclik
illərində Quba teatrında çalışıblar.
Bundan başqa, Gülsüm Fərəczadə, Məmməd
Əhmədov, Mustafa Süleymanov, Cavanşir Əhmədov,
Metetya Ravinov, Əli Cəfərov kimi istedadlı
aktyorlarımız da var idi. Şaginyanın
tamahkarlığı teatrımızın
bağlanmağına səbəb oldu.
Ağbirçək aktrisanın gözləri
dolmuşdu. Elə bu vaxt zala ağ saçlı, möhkəm
cüssəli bir kişi daxil oldu. Rəsmi, səliqəli
geyinmişdi. Çöhrəsindən ziyalı olduğu bəlli
idi. Gümrah səslə salam verib ətrafa, səhnəyə,
divardakı və tavandakı qədim təsvirlərə
tamaşa etdi.
- Qubaya elmi konfransa gəlmişdim. Konfransdan sonra dedim
bir keçmiş Quba teatrının binasına baş çəkim.
Bu bina mənə həm Quba teatrını, həm də gəncliyimi
xatırladır.
Tanıdım. Məşhur teatrşünas alim,
professor İnqilab Kərimov idi. Hörmətlə
salamlaşıb tədqiqatlarını həvəslə
oxuduğumu bildirdim.
Heykəl kimi donub qalanqadına diqqətlə baxıb
dedi:
- Olmaya siz Düriyyə Rəhimovasınız?
- İnqilab müəllim, səsiniz elə gəncliyinizdəki
gurluğunda qalıb. Əcəb işdir, siz də, mən də
bu gün təsadüfən Quba teatrını yad edib buraya gəlmişik.
- Hə, mən bu teatrda sizin oynadığınız
rollara tamaşa etmişəm. O vaxt bir neçə dəfə
teatrşünas kimi Quba teatrına ezam olunmuşam. Heç
yadımdan çıxmaz, 1962-ci ilin əvvəlləri idi.
"Azərbaycan gəncləri" qəzetinin redaktoru
tanınmış jurnalist, yazıçı Cəmil Əlibəyovla
onun iş otağında görüşdüm. Quba Dövlət
Dram Teatrındakı özbaşınalıqdan bəhs edən
çoxlu imzasız şikayət məktublarını
göstərib dedi: - Bu səpkili məktubların arası kəsilmir.
Xahiş edirəm Qubaya gedib bu imzasız məktublarda
yazılanları yoxlayasan. Məsəl var, deyərlər:
"Od olmasa, tüstü çıxmaz".
Razılaşdım, ezamiyyə vərəqini
götürüb, səhəri günü avtobusla yola
düşdüm. Gündüz saat üçdə Qubaya
yetişib, birbaş teatra getdim, gözətçidən
başqa heç kəs yox idi. Gözətçi: - Ay
oğlul, - dedi, - Məmmədağa (teatrın direktorunu
deyirdi) iki gündür ki, İrəvana qaynının ad
gününə gedib. Ona görə də tamaşalar təxirə
salınıb, axı tamaşadakı əsas rolları Məmmədağanın
arvadı Şaginyan ifa edir. Yəqin ki, bu gün olmasa da, sabah
gələr. Aktyorlar da yəqin ki, bağdakı çayxanada
olarlar. Səhər teatra gələndə məni 45-50
yaşlarında uca boylu, möhkəm bədənli, qarabəniz
bir nəfər qarşıladı, gülə-gülə əl
uzadıb: - Məmmədağa, - dedi və mənə imkan
vermədən, - Ə kişi, gəlişin barədə bir
xəbər verəydin də, heç yaxşı olmadı.
Sonra yan otaqdan bir nəfəri çağırıb: - Tez get
Cəfər kişiyə de, günortaya yaxşı yemək
hazırlasın, hörmətli qonağım var.
Yarıciddi-yarızarafat soruşdum: - Hardan bildin ki,
hörmətliyəm, biz ki, ilk dəfədir
görüşürük? Mən hələ
özümü təqdim etməmişəm.
Bic-bic qımışdı: - Ay pir olmuş, - dedi, -
bunu bilməyə nə var ki? Gözətçi
ucundan-bucağından mənə danışıb.
Əsası budur ki, mənim gözlərim sərraf gözləridir.
"Vaqif" əsərini, görünür, yaxşı
bilirsiniz. Bilirsiniz, "Vaqif" əsərini özüm
tamaşaya hazırlamışam. Qacar rolunun ən
yaxşı ifaçılarından hesab olunuram, - dedi. -
Gülümsədim. Qolumdan tutub: - Gedək mənim kabinetimə,
sənə pürrəngi, mürəbbəli çay təşkil
edim, - dedi.
- Yox, - dedim, - teatrın səhnəsinə, qrim
otaqlarına baxmaq istərdim. Etiraz etmədi,
tamaşaçı salonuna, qrim otağına, səhnəyə
baxıb, paltar saxlanan otağa keçdik. Geyimlər kif iyi
verirdi. Foyeyə keçdik. - Bu gün hansı tamaşanı
göstərəcəksiniz? - sualım elə bil onu arı
kimi sancdı. Hirsini zorla boğub: - Bu gün tamaşa
olmayacaq, "Qatır Məmməd" tamaşasını
göstərməliydim. Yasəmən rolunu oynayan aktrisa xəstələndiyi
üçün göstərə bilməyəcəyik, -
dedi.
Soruşdum: - Rolun ikinci ifaçısı yoxdur? -
Canım, nə qoyub, nə axtarırsan, bura Bakıdakı
Dövlət Dram Teatrı deyil ki, aktrisalar rol
üçün növbəyə dursun. Bir də ki, Yasəmən
rolunu oynayan akrtrisa Şaginyandan sonra bu rolu kimə etibar etmək
olar? Əslində Şaginyan özü də buna razı
olmaz, teatrın altını-üstünə çevirər.
Bir neçə gün bundan əvvəl Bakıdan bir
neçə gənc göndəriblər. Biri rejissordur,
Ağakişi (sonralar Xalq artisti Ağakişi Kazımov), biri
aktyordur Səyavuş adında (Xalq artisti Səyavuş Aslan),
bir də aktrisadır, deyəsən, Səyavuşun
arvadıdır (Ofeliya Əfqanlı-Aslan). Nə bacarıq
var, nə istedad, gəl ki iddiaları yerə-göyə
sığışmır. O gün ağzından süd iyi gələn
o aktrisa gör mənə nə deyir: "Məmmədağa
müəllim, məni Şaginyana dublyor yazın da, axı 50
yaşlı qadın nə vaxta kimi 18-20 yaşlı qız
rollarını oynayacaq? Elə bil dünya başıma hərləndi;
qonaq olmasaydı, cavabını verərdim. Ağakişi də
mən hazırlayan tamaşaları bəyənmir, deyir
primitivdir. Gördüm yox, bu uşaqlarla bir iş görmək
olmaz. Dedim necə gəliblər, eləcə də getsinlər.
Mən Ağakişinin də, Səyavuşun da,
Ofeliya xanımın da istedadına bələd idim. Bu gənclərin
böyük gələcəyinə inanır və ümid bəsləyirdim.
Ancaq Məmmədağanın "necə gəliblər, eləcə
də getsinlər" fikrinə ürəkdən razı
idim. Çünki Məmmədağanın danışıq
və rəftarından hiss edirdim ki, onlar burada
"bataqlığa düşən adam kimi" məhv olub
gedəcəklər. Bir qədər sonra teatrın
tanınmış, qabaqcıl aktyorlarından Əli Cəfərov
(görkəmli filoloq, alim, Əkrəm Cəfərin
qardaşı oğlu) və Mustafa Süleymanov (sonralar Azərbaycan
Dövlət Akademik Dram Teatrında işlədi) gəldilər.
Məmmədağa dil-boğaza qoymurdu. Aktyorlar isə susur,
narazılıq işarəsi olaraq, başlarını
yırğalayırdılar. Mən aktyorlarla ayrılıqda
söhbət etməyi vacib bildim. Fürsət tapıb
görüşdüm. Əli Cəfərov da, Mustafa
Süleymanov və digər aktyorlar da birağızdan bildirdilər
ki, bu teatrda heç bir qayda-qanun, nizam-intizam yoxdur,
yaradıcılıq işi barədə
düşünülmür. Özbaşınalıq hökm
sürür, Məmmədağa milliyətcə erməni olan
arvadı Şaginyanın dediyi ilə durub-oturur, teatrda direktor
Məmmədağa yox, arvadı Şaginyandır. Rolları
da o bölür. Cavan qız-qadın rollarını
özünə götürür. Elə olur ki, tamaşada
ana qızından cavan görünür. Məsələn,
"Qatır Məmməd" tamaşasında Gülcamal
rolunu Şaginyan, onun anasının rolunu 23 yaşlı cavan
aktrisa ifa edir. "Vaqif" tamaşasında Şaginyan Xuramanı,
cavan aktrisa Gülxarın anası Əminə rolunda
çıxış edir. Özü də iş
burasındadır ki, o özünü elə qrim edir ki, səhnədə
daha cavan və gözəl görünsün. Məmmədağanın
11 yaşında oğlu tamaşanın ən dramatik yerində
iti səhnəyə çıxarıb onunla əylənir,
soskanı su ilə doldurub paltarların üstünə
tökür. Maaşlarımız vaxtı-vaxtında, həm
də tam şəkildə verilmir. Aktyorlar, texniki
işçilər Quba Dövlət Dram Tatrında
irili-xırdalı nöqsanlardan, tez-tez baş verən
xoşagəlməz hadisələrdən ürək
yanğısı ilə yana-yana danışdılar.
(Ardı var)
Ramiz RAMAZANLI
Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət
Mərkəzinin direktoru
525-ci qəzet .- 2025.- 12 mart(№46).- S.11.