Şirindil
Alışanlını necə tanıdım...
UNUDULMAZ ALİMİN VƏFATINDAN 1 İL
KEÇİR
Şirindil mənim tələbə yoldaşım olub.
Biz Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya
fakültəsinə qədəm qoyanda yuxarı kurslardakı
sayılıb-seçilən tələbələr
sırasında onun da adını eşitmişdik. Vilayət
Quliyev, Kamran Əliyev, Şirindil Alışanlı (o vaxtlar
Alışanov idi), Teymur Kərimli və başqaları...
Fakültədə xüsusilə ədəbi tənqid
üzrə ixtisas kursunu seçənlər müstəqil
düşüncə yürütmək, cəsarətli fikirlər
söyləmək, oxucuya təqdim olunan bədii materiala daha
açıq gözlə baxmaq, həyata və hadisələrə
şablondan kənar münasibət bəsləmək
baxımından fərqlənirdilər. Şirindil də sayca
çox olmayan belə tələbələrdən biri idi.
Sovet dövrünə aid çox şeyi indi bəyənməsək
də, ötən əsrin 70-80-ci illərindəki münbit
elmi-ədəbi mühitdə gələcəyin alimləri
yetişirdi.
Şirindillə yolumuz növbəti dəfə XX əsrin
80-90-cı illərində, Azərbaycan Milli Elmlər
Akademiyasının Nizami adına Ədəbiyyat
İnstitutunda kəsişdi. Mən hələ İrəvanda
ikən elmi işimlə bağlı dissertant kimi bu instituta
sıx-sıx gəlib gedirdim. 1987-ci ilin iyununda institutda Gənc
Ədəbiyyatşünasların Beşinci Respublika
Konfransı keçirilirdi. Tədbiri Ədəbiyyat
İnstitutunun gənc alimlər şurası təşkil
etmişdi. Tələbə yoldaşımız Arif
Əmrahoğlu Məmmədov İrəvana, işlədiyim
"Sovet Ermənistanı" qəzeti redaksiyasına zəng
vuraraq təkidlə bu tədbirdə iştirak etməyimin
vacib olduğunu bildirmişdi. Gəldim. Plenar iclası Ədəbiyyat
İnstitutunun direktoru, professor Yaşar Qarayev açdıqdan
sonra institutun elmi katibi A.Şirindil "Yenidənqurma və
elmi-nəzəri fikir" mövzusunda məruzəsi ilə
yeni dövrün elmi-ədəbi inkişaf istiqamətlərinə
işıq tutdu. Tədbirdə yüz otuzdan çox məruzə,
o cümlədən mənim "C.Cabbarlının
dramaturgiyası erməni ədəbi-mədəni mühitində"
mövzusunda məruzəm dinlənildi.
Görkəmli ədəbiyyatşünas, elm fədaisi,
professor Şirindil Alışanlıdan yazdığım yerdə
o konfransı xatırlamağım təsadüfi deyil.
Çünki elm aləmində əməkdaşlığımızın
təməli orda qoyuldu. Konfransdan bir müddət sonra
Şirindil Alışanlı mənim elmi işimə ikinci
elmi rəhbər təyin olundu. Görünür, məruzəmdəki
yenilik onun da diqqətini cəlb etmişdi. Amma mən bu təyinatı
heç də məmnunluqla qarşılamadım.
"Hamının bir elmi rəhbəri var, mənim də
filologiya elmləri doktoru İsrafil Abbasov kimi elmi rəhbərim
olduğu halda, filologiya elmləri namizədi olan ikinci elmi rəhbərə
nə ehtiyac?" deyə narahatlığımı büruzə
vermişdim. Mənə izah etmişdilər ki, İsrafil
Abbasov erməni dilini bildiyi üçün mənbələri
yoxlamaq məqsədilə təyin olunub, amma onun elmi indeksi sənin
araşdırdığın dövrlə tutmur, ona görə
də Şirindil Alışanlı ikinci elmi rəhbər təyin
edilib.
Beləliklə, ilk vaxtlarda məndə etiraz
doğuran bu təyinat rəsmiləşdi və mənim həyatımdakı
ən böyük şanslarımdan (!) birinə çevrildi.
Mən bu görkəmli alimin ilk dissertantı oldum. Geniş
erudisiyası, dərin biliyi, təmkinli və səbrli
davranışı, təmənnasız xeyirxahlığı,
dəyərli məsləhətləri, hər cür şəraitdə
haqqı müdafiə etmək cəsarəti, sözü
üzə deməyi, absurda yol vermədən söylədiyi
fikri əsaslandırmaq məziyyəti, dediyini sübuta yetirmək
bacarığı, prinsipiallığı, elmi
araşdırmalarındakı dərinlik və elmi-nəzəri
qənaətlərindəki yüksək səviyyəsi, insan
və alim kimi əxlaqı,
içdən gələn səmimiyyəti ildən-ilə
Şirindil Alışanlını gözümdə
ucaltdı!
1994-cü ildə müdafiəyə
hazırlaşırdım. Dissertasiyamın qısa xülasəsini,
yəni avtoreferatını çap etdirmək lazım idi. O
zaman "Sabah" nəşriyyatının direktoru işləyən
Şirindil müəllim həm avtoreferatın redaktəsində,
Ali Attestasiya Komissiyasının Əsasnaməsinə uyğun
tərtibində mənə çox kömək etdi, həm də
lazımi sayda nüsxəni tam təmənnasız çap edərək
qaçqınlığın ağır zərbəsinə
düçar olmuş məni xeyli xərcdən qurtardı.
Avtoreferatımı pulsuz-parasız çap edən naşir
Şirindil Alışanlı içdən gələn
xeyirxahlığı ilə mənə çox böyük
yaxşılıq etmişdi. Bunu heç unutmadım!
...İllər keçəcək, vəziyyətimiz və
mövqeyimiz dəyişəcək, təxminən 2020-ci ilin
payızında bir telefon söhbətimizdə tədqiqatlarından
bəhs edən Şirindil Alışanlı iki
kitabını çap etdirmək arzusunu dilə gətirəcək.
Həmin vaxt mən Milli Məclisdə işləyirdim və
normal maaş alırdım. Şirindilin arzusu mənimçün
göydəndüşmə bir fürsət idi. Mənəvi
borcumu qaytarmaq üçün fürsət. Dərhal təklif
etdim ki, izn ver o kitabların çap xərcini mən çəkim,
əsas odur bu qiymətli araşdırmalar sandıqda
qalmasın, elmi-ədəbi ictimaiyyətə təqdim olunsun.
Şirindil müəllim təklifimə qəti etiraz etdi. Nə
qədər dil töksəm də, razılıq vermədi. Nəinki
ikisinin, heç bir kitabın çap xərcini ödəməyimə
də razı olmadı.
Bəli, professor Şirindil Alışanlı belə
şəxsiyyət idi: mərd, gözütox, təmənnasız!
Vaxtilə onun 60 illik yubileyinə də əliboş
getmişdim. İşdən gec çıxırdım, hədiyyə
axtarmağa vaxt yoxuydu, kişi xeylağına gül almaq da mənə
qəribə gəlirdi. Yubileydə Şirindil müəllimin
ailəsi məni elə səmimiyyətlə
qarşıladı ki... Toplaşanlar da
tanıdığım ədəbiyyat adamları...
Narahatlığım sovuşdu getdi..
İyirmi ildən çox Nizami adına Ədəbiyyat
İnstitutunda XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı
şöbəsinə rəhbərlik edən Şirindil
Alışanlı hey deyirdi ki, gəl sənə bir mövzu
verək, doktorluğunu yaz. Arabir həvəslənsəm də,
vaxtımın çoxunu alan işimin gərginliyi səbəbindən
təklifi qəbul edə bilmirdim.
Ömür yollarında Şirindil Alışanlı
yalnız elmi rəhbərim olmadı, mənim elmi-ədəbi
həyatımda izi qalan alim oldu. 2016-cı ildə Azərbaycan
Yazıçılar Birliyinin üzvü, Prezident
mükafatçısı Hikmət Məlikzadə "Mənzərə
Sadıqovanın yaradıcılığında insan-cəmiyyət-zaman
münasibətləri" adlı monoqrafiyasını
çapa hazırlayanda filologiya elmləri doktoru, professor,
Rusiyanın Estetika və Azad Sənətlər
Akademiyasının akademiki Şirindil Alışanlı
kitabın elmi redaktoru olmağa razılıq verdi və
çox dəyərli məsləhətləri ilə
kitabın elmi səviyyəsinə töhfəsini verdi.
Tələbə yoldaşım, elmi rəhbərim
Şirindillə bir ortaq nöqtəmiz də vardı: yurd həsrəti.
Mən 1988-ci ildə dədə-baba torpağımız
İrəvandan deportasiya olunmuşdum, Şirindil erməni
işğalında qalan Laçının həsrətini
çəkirdi. Təsadüfi deyil ki, 1 dekabr 2020-ci il tarixində
ordumuz Laçına girəndə televiziya
qarşısında oturub sevinc göz yaşlarıyla o tarixi
anları seyr edən mən ilk təbriki məhz ona yazdım.
Bəli, 2020-ci ildə Azərbaycan Prezidenti, Ali Baş
Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan
Ordusunun rəşadəti sayəsində 44 günlük
Qarabağ müharibəsində Zəfər qazandıq! Bu
tarixi hadisə xalqımızın hər bir övladı kimi
Şirindil Alışanlını da hədsiz sevindirmişdi.
Onun yurd həsrətinin əks-sədasıydı ki,
"Vətən yanğısı" adlı kitabımı
çapa hazırlayanda Şirindil Alışanlı
böyüklük göstərərək "Bədii
yaddaşa çevrilən vətən yanğısı"
sərlövhəli giriş sözü yazmışdı və
o məqaləni illərdən sonra "Sözün
yaşamaq haqqı" adlı kitabına daxil etmişdi.
"Cəfər Cabbarlı dramaturgiyasının təsir
dairəsi" adlı monoqrafiyamı çapa hazırlayanda
da professor Şirindil Alışanlı kitabın elmi redaktoru
olaraq "Klassikin coğrafi sərhədləri"
başlıqlı ön söz yazdı. Məqalənin əlyazmasını
ehtiramla qoruyub saxlayıram.
Şirindil yalnız mənə qarşı deyil,
hamıya münasibətdə həssas və
qayğıkeş idi. Dostlarına canyandıran idi. 2015-ci ilin
aprelində hansısa kitabla, yazı-pozuyla əlaqədar məsləhətləşmək
üçün Şirindilə zəng vurmuşdum. Telefondan
onun hönkürtüsünü eşitdim. Şirindilin
ovqatı darmadağın vəziyyətdəydi. Canı
yanırdı. İş yoldaşının, ədəbiyyatşünas-alim,
tələbə yoldaşımız Muxtar İmanovun
övladını itirməsi onu varından yox eləmişdi.
Hönkürə-hönkürə dedi ki, Muxtarın oğlu
ölüb, ora gedirəm... Bu, sırf Şirindil qəlbinin
harayı idi, Şirindilin dostlarına və həmkarlarına
səmimi münasibətinin ifadəsiydi. Şirindilin o səsi
uzun müddət qulaqlarımdan getmədi, o ovqatı günlərcə
yaşadım... Və onu şəxsiyyət
kimi daha bir rakursdan tanıdım.
Qəfil itkilər bizi silkələyir, həyata və
insanlara, hadisələrə münasibətdə beynimizdə
yeni qatlar açır, bildiklərimizə yeni ştrixlər əlavə
edir. Şirindilin dünyadan köçməsi xəbəri də
məni qəfil yaxaladı. Möhkəm silkələdi. Gərək
səhhətinin yaxşılaşmasını gözləməyəydim,
gedib görüşəydim, ən azından zəng edəydim,
- deyə durmadan özümü qınayıram. Amma biz
insanlar dünənimizə düzəliş vermək
iqtidarında deyilik. Mən qızı Ayseldən xəbər
gözləyirdim, yaxşı xəbər. Reallıq başqa
cür oldu.
Novruzda Şirindilə bayram mesajı göndərdim.
"O, mənə dönər, mən də görüş
üçün izn alaram", - dedim. Düşüncəmi
pozitivə kökləmişdim, sağalacağına ümid
bəsləyirdim, çünki ailəsi Şirindilin xəstəliyə
qalib gəlməsi üçün fədakarlıqla
mübarizə aparırdı. Üç gün sonra Aysel
xanımdan kövrək səsli mesaj gəldi: "Mənzərə
xanım, gördüm atama bayram təbriki göndərmisiniz.
Mən oxudum onu. Çox təəssüf ki, atam onu oxuya bilmədi.
Atam rəhmətə gedib. Martın 14-də".
Sözün bitdiyi yerdəydim. Gerçəklik çox
acı idi.
...Şirindil Alışanlını Ədəbiyyat
İnstitutunda, xüsusilə uzun illər rəhbərlik
etdiyi şöbədə böyük sevgi qazanıb. Xatirə
mərasimlərində bu sevginin şahidi oldum. Onun haqqında
indiyədək bilmədiyim çox gözəl fikirlər
eşitdim. İnsanlara münasibətdə
qayğıkeşliyinin təzahürü olan neçə-neçə
əhvalatla tanış oldum. İş yoldaşlarını,
yetişdirdiyi alimləri dinlədikcə elmi rəhbərimin
beynimdəki obrazı dolğunlaşırdı.
Vüqarlı duruşundan, yaltaqlara və yaltaqlığa ikrahla
yanaşdığından danışdılar. Elmi işlərin
müdafiəsi prosesində obyektiv mövqe sərgilədiyini
vurğuladılar. Müasir Azərbaycan ədəbiyyatşünaslığının
inkişafı, elmi-ədəbi əlaqələrin
yaradılması və milli filologiyamızın dünya
arenasında tanıdılması ilə bağlı qayğılarından
bəhs etdilər. Professor Şirindil Alışanlının
çap olunmamış əsərlərinin nəşr edilməsi
vacibliyindən danışdılar. Əmin oldum ki, Şirindil
Alışanlının fəal alim mövqeyi elmi-ədəbi
mühitdə özünəməxsus yüksək mövqe
qazanıb. İnsan kimi xarakterindəki məziyyətlər
ona qəlblərdə abidə ucaldıb. Elmi-ədəbi irsi
və sevənləri Şirindil Alışanlını
yaşadacaq!
lll
Sənsiz ötən bir ildə ədəbi mühitdə
yerin görünür, əziz Şirindil müəllim.
Ədəbiyyatşünaslıq elminə verdiyin töhfələr,
xeyirxah əməllərin Səni yaşadır. Ruhun şad
olsun, rahat uyu!
Mənzərə SADIQOVA
Yazıçı-publisist, filologiya üzrə fəlsəfə
doktoru
525-ci qəzet .- 2025.- 13 mart(№47).- S.14.