"Özündən
muğayat ol, ana..."
"Bir zamanlar mart mənim ən sevdiyim ay idi, ailəmizin
ən gözəl günlərini martda
yaşamışdıq. Rəşad martda doğulmuşdu,
nişanlısının qız toyu martda olmuş, 23-də
öz toyu olmuşdu, qızı Selcan martın 25-də
doğulmuşdu. Hər il martın 8-də birinci
qapımı açan, hədiyyəmi alan, gözəl
sözlərlə dilimi sevib məni təbrik edən Rəşad
idi. İraq Selcanımdan, daha mart ayını sevmirəm,
balamın ad gününü hər il martın 13-də Şəhidlər
xiyabanında qeyd edirəm..."
Doğru deyiblər, dünyada istehsal olunan
bütün silahların hədəfi yalnız anaların
ürəyidir. Əslində dünyanın bu qədər
tanka-topa, zirehə, silaha deyil, ovuc içi boyda sevgiyə, mərhəmətə
ehtiyacı var. Hər dəfə Rəşad Budaqovun
anası, ağappaq saçlı, qara yaylıqlı Sədaqət
xanımı görəndə belə düşünürəm.
Baxışlarından hələ də gözlərimi gizlətməyə
çalışıram. Acılar ürəyini söküb
parçalayır, övlad dərdi yaralarını
qaysaqlatmır. Dərdini içinə sığdıran Sədaqət
xanım çox danışmağı sevmir, ürəyində
çəkir, oğlunun ruhunu içinə hopdurub. Amma
çöhrəsindəki kədərin içindən bir
işıq düşür çevrəsinə. Ürəyi
köz-köz yansa da, bu gözü-könlü tox ananın təmkininə,
sevdasına qibtə edirəm.
Oğlu mayor Budaqov Rəşad Ramiz oğlu bir
işıq yolçuydu, sevda yolçusuydu və bu yolu
gülə-oynaya, oxuya-oxuya getmişdir. Toy-düyünə
gedirmiş kimi. Ölüm Rəşad kimi oğulların
işığından qorxurdu. Nə böyük sevgidir, nə
dərin bağdır vətən sevgisi, vətən
bağı. Rəşad iki qız övladını
atasız qoydu ki, vətəni övladsız qalmasın,
yağılar yurduna dadanmasın. Vətənimizin
başına bu fəlakətlər gələndə Rəşad
3-4 yaşında körpə idi, 1986-cı il martın 13-də
Yevlaxda anadan olmuşdu. 1994-cü ildə Yevlax şəhərində
Qənbər Məhərrəmov adına 4 saylı tam orta məktəbin
I sinifinə gedir. Hərbə çox həvəsliymiş,
odur ki, 2004-cü ildə orta məktəbi bitirən kimi Heydər
Əliyev adına Ali Hərbi Məktəbə daxil olmuş,
2008-ci ildə buranı bitirərək, Azərbaycanın ordu
sıralarında tankçı zabit kimi xidmətə
başlamışdır. Təhsil aldığı Heydər
Əliyev adına Ali Hərbi Məktəbdə andiçmə
mərasimində Prezident İlham Əliyevin iştirakından,
təlimlər zaman Ali Baş Komandanın ona qol saatı
bağışlamasından fərəhlə
danışarmış.
Xidmətinin çox hissəsini cəbhə bölgələrində
- Füzuli, Ağcabədi, Ağdam, Bərdə, Goranboy və
digər yerlərdə keçirmişdi. İlk xidmətinə
tağım komandiri kimi başlayıb, bölük qərargah
rəisi, hərbi hissə komandirinə qədər yüksəlmişdi.
Şəhid olduğu günədək ən qaynar bölgələrdə
xidmət etmişdi. Ən son "N" saylı hərbi hissədə
briqada komandirinin Maddi Texniki Təminat üzrə müavini vəzifəsində
çalışırdı. 2016-cı ilin Aprel
döyüşləri zamanı Ağdam istiqamətində
gedən döyüşlərə qatılaraq, peşəkar
hərbçi kimi düşmənin döyüş
texnikasını sıradan çıxarmışdır.
Şəhid olmağı özünə şərəf
bilən cəsur, bütöv əxlaqlı, heç
düşünmədən canını millətinə fəda
edən oğullardan biri idi. İkinci Qarabağ
savaşında Rəşad taboru ilə Talış kəndinin
işğaldan azad olunması uğrunda döyüşlərə
təyinatlanır. Ən qanlı savaşlardan biri
Talış və Suqovuşanın azad olunması uğrunda
gedən döyüşlər idi. Rəşad ilk günlərdə
yaralansa da, tibb bacısına sarğısını dəyişməyə
də imkan vermir. Əsgərlərinin yanında olmaq istəyib.
Hər əsgərə, döyüşçüyə
qardaş kimi, ata kimi yanaşıb.
Sentyabrın 28-də kəndi tamamilə düşmən
izindən təmizləsələr də, Rəşad bu
ağır döyüşlərin birində qəhrəmanlıqla
şəhid olur və nəşi üç gün şiddətli
döyüşlərin getdiyi ərazidə qalır.
Oktyabrın 1-də Şəhidlər xiyabanında
böyük izdihamla dəfn olunub. Rəşad müqəddəs
qanını torpağa axıdaraq Talışı,
Suqovuşanı bizə vətən etdi.
Sədaqət xanım bu dərdə mərdliklə
dözür, amma övladından danışmaqdan doymur:
"...Sentyabrın 27-də axırıncı dəfə
qonağım oldu balam. Rəhmətlik atasının ad
günüydü, gedib atasının qəbrin ziyarət edib
yasin oxutdurub gəldi. Qəşəng aş dəmləmişdim,
doyuncan yedi və getdi. Axırıncı dəfə zəng
eləmişdi, dedi ana, özündən muğayat ol,
öpürəm səni. O günü ağrısız
xatırlaya bilmirəm, yaşadıqlarımı,
keçirdiyim müsibətli günlərimi ifadə etməkdə
çətinlik çəkirəm. Balamın nəşi 3
gün qaynar döyüş ərazisində
qalmışdı. Dünya başıma uçdu, o gündən
ürəyimi qoparıb atdılar ayağımın
altına. Onun haqqında danısmaqdan doymaram, hər balamı
xatırladıqca ciyərim yanır. Bu dərd qaysaq
bağlamaz, bu acı bitməz, amma balam vətəni, millətimin
namusu və şərəfi uğrunda həyatından
keçib, onunla fəxr edirəm" deyir. Sədaqət dərdi
səbirlə, sevərək çəkir. Nə yaxşı
ki, millətimizin belə güclü, anaları,
qadınları var.
Gözəl arzuları vardı Rəşadın. Alitəhsilli
mütəxəssis olan ömür-gün yoldaşı
Gülnarə xanımla isti ocaqları, mehriban ailəsi, iki
körpə qızı - Selcanı və Milayı vardı.
Mingəçevirdəki evlərində
yaşayırdılar, içərisində xoşbəxt
yaşamaq arzusunda idilər. Xalqımıza qarşı
törədilən vəhşilik,
işğalçılıq və soyqırımı minlərlə
Rəşadın arzularını gözündə qoydu. Bu vətənin
anaları-ataları övladlarını xoşbəxt
böyütsün deyə, öz övladlarını
atasız qoydu, evlərinə çox sevdiyi üçrəngli
bayraqla döndü. Mayor Rəşad Budaqov hərbçi
şərəfilə adını tariximizin ən parlaq səhifəsində
yazıb.
Budaqov Rəşad Ramiz oğlu ölümündən
sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin
sərəncamı ilə "Azərbaycan bayrağı"
ordeni, "Vətən uğrunda" və
"Suqovuşanın azad olunmasına görə"
medalları ilə təltif olunub.
Əminə YUSİFQIZI
Əməkdar jurnalist
525-ci qəzet .- 2025.- 13 mart(№47).- S.13.