100 ilin 16 ili
Mən 15 yaşımda, 20 yaşımda
Elə bilirdim ki, 40 qocalıqdır.
50-yə çatıram, vallah başımda
Uşaqlıq havası hələ qalıbdır.
B.Vahabzadə
Vallah, deyirəm ki, Allahın da qəribə işləri
var. Elə bil ki, qəsdəndir. Mən heç bir zaman
atamın yubileylərində iştirak etməmişəm,
qismət olmayıb. 1975-ci il 50 illik yubileyində, avqust
ayının 12-də Şəkidə idim. Atamın yubileyində
iştirak etmək üçün Bakıdan gəlmişdim.
Qəfil telefon zəng çaldı. Dedilər ki, avqustun 16-da
təcili olaraq Moskvada olmalıyam (sənədlərim Moskvada
idi, xaricə getməli idim). Nə qədər xahiş, nə
qədər minnət etdimsə, - olarmı - bir gün gec gəlim
- xeyr, nə danışırsınız, filankəs sizi qəbul
edəcək, hökmən avqustun 16-da Moskvada
olmalısınız. Atamı vaxtından əvvəl təbrik
elədim, elə həmin gün Bakıya gəldim, oradan da
Moskvaya uçdum. Avqustun 16-sı yubiley mənsiz oldu.
1985-ci il. Əfqanıstadayam. Avqust ayının əvvəlləri,
- heç olmasa məni 3-4 günlük Bakıya getməyə
icazə vermələrini xahiş etdim, icazə vermədilər.
Atamın 60 illik yubileyidir. - Nə danışırsan? Burada
olmalısan. Heç yana gedə bilməzsən. Əgər
bizdən xəbərsiz bir yana gedib eləsən, tribunala verilərsən.
Ömürlük karyeranı itirərsən. Yenə
iştirak edə bilmədim. Telefonla təbrik etdim atamı.
1995-ci il. Atamın 70 illik yubileyi. Türkiyədəyəm.
Heç cürə gələ bilmədim. Nə qədər
çalışdımsa, mümkün olmadı.
2005-ci il. Atamın 80 illik yubileyi. Pakistandayam. Çox
vacib görüşlər var idi. Bunların
hamısını mən təşkil etməli idim. Hər
şeyi özüm həll eləməliyəm. Əlacsız
qaldım. Utana-utana atama zəng eləyib:
- Ata, 90 illik yubileyində istəyir iki dünya bir ola,
hökmən gələcəyəm və iştirak edəcəyəm.
Atam da gülə-gülə:
- Ay oğul, işində ol. Nə yubiley filan.
İşindən yayınma.
2009-cu il. Atam dünyasını dəyişdi.
Yubileylərində ola bilmədim, dəfnində oldum.
Demək, mənim alnıma yubileylərdə iştirak etmək
yox, dəfndə iştirak etmək yazılmışdır.
2015-ci il. Atamın 90 illik yubileyi idi. İki dünya
bir olmadı. Öz yerində qaldı. Atam isə olmadı. Mən
də gəlmədim. Atamdan sonra Bakıya gəlmək istəmədim.
Atamdan sonra 12 il ərzində Bakıda cəmisi bir, ya iki dəfə
oldum.
Bu il atamın 100 illik yubileyidir. Türkiyədə
artıq silsilə tədbirlər başlayıb. Deməli,
qismət belə imiş. Allah saxlamışdır ki, 100 illik
yubileyində iştirak edim. Mən isə...
lll
Həə.... Ay ata, bu il sənin düz 100
yaşın tamam olur. Bitir yox, məhz tamam olur. 100
yaşın mübarək. Bizdən sonra bu dünyaya gələnlər
200 yaşını görsünlər, təbrik etsinlər.
1962-ci ilin may, ya da ki iyun ayı olardı. Birinci sinfi
bitirib, ikinci sinfə keçmişdim. Və həmin il
Şamaxıda M.Ə.Sabirin 100 illik yubileyi keçirilirdi. Atam
məni də özü ilə Şamaxıya
aparmışdı. Təzə maşın da
almışdıq "Volqa M-21". Bu "Volqa" lap ilk
buraxılışlardan idi. Kapotunun üstündə
"maral". Südlü qəhvə rəngində olan bu
maşın, bəlkə də mənim uşaqlıq illərimin
ən böyük və ən ilk iftixar mənbəyi idi.
Maşının nömrəsi də, indiyə qədər
yadımdadır. 55-82 AU. Dumanlı şəkildə
qırıq-qırıq epizodlarla yadıma gəlir ki,
maşının arxa oturacağında oturub, elə yol boyu
atama sual-sual ardınca yağdırırdım. - Ay ata, 100
yaş çoxdur? Ata, Sabirin 100 yaşı tamam olur? 100
yaş çoxdur, ay ata? Yubiley nə deməkdir? Bəs sənin
100 yaşın nə vaxt tamam olacaq, hə? İstəyərdin
100 yaşın tez tamam olsun? Atam da gülə-gülə:
- Özün yaşayarsan, özün də, görərsən.
lll
Həə... Mən yaşadım və gördüm.
Çox şeyləri gördüm, çox şeyləri
başa düşdüm. Gördüm ki, sən demə....
Eh, 100 yaş nədir ki, .... əslinə qalsa, heç nə.
Yaşanılan hər gün, bir insan ömrü
üçün 100 il nədir ki,... Amma yoox... Əgər lap
düzünə qalarsa, 100 yaş çoxdur. Özü də
lap çoxdur. Lap insanı bezdirənə qədər
çoxdur. Həm də atam özü tez-tez deyərdi ki, 70
yaşdan artıq yaşanılan hər gün Allahın sənə
verdiyi hədiyyədir. Hədiyyənin isə gərək qədrini
biləsən.
Onda belə çıxır ki, 70 il hökmən, məcburən
yaşamalısan ki, sonra da bu hədiyyəni alasan. Yox. O
vaxtlar mən o fikirlərlə razı deyildim. Bunu ona elə
öz sağlığında da deyirdim. O da deyərdi ki, - Ay
bala, 70 yaşına qədər yaşa, sonra bu barədə
öz övladlarınla mübahisə edərsən.
Nə deyim... Hə... Düz deyirmiş. İndi mən
artıq demək olar ki, hədiyyələrlə
yaşayıram. Əslinə baxsan, elə 50 yaş
özü də, lap elə 70 yaş da, fərqi yoxdur. Hər
neçə yaşın olursa olsun, lap elə
doğulduğun gündən ta elə bu günə kimi, hər
günümüz elə Allahın bizə verdiyi hədiyyəsi
deyilmi? Əlbəttə, hədiyyəsidir.
Amma Allah bu hədiyyələri bəzən... Hm... Bəzən
yox... Elə çox vaxt, elə böyük əzab və əziyyətlərlə,
elə böyük zülmlərlə bizə verir ki. Sonra da
onu bizə böyük bir zülmlə yedizdirir. Və biz də
bu əzab-əziyyətli, müsibətli, məşəqqətli
hədiyəni çox böyük çətinliklə,
udquna-udquna, illər boyu yeyib qurtara bilmirik. Udub qurtarandan sonra
da, uzun müddət boğazımızda yarası qalır.
Amma bəzən də eh... bəzən də elə gözəl
hədiyyələr verir ki, elə onu da gün ərzində
tez yeyib qurtarırıq. Heç dadı damağımızda
qalmağa belə vaxt da tapmır. Amma hər halda hədiyyə
elə hədiyyədir. Hədiyyənin pisi-yaxşısı
olmur. Əgər belə, bu cür hər şeyi
saf-çürük eləsən, onda heç
yaşamağına belə dəyməz. Hər halda, bu hədiyyələr
ötürdüyümüz və
yaşadığımız günlər vasitəsilə
xatırlanır. Çünki xatırlanacaq şeylər
çoxdur və var. Amma o xatirələr daha donub. Hərəkət
eləmir.
lll
Hə... İndi nəvələrimə deyirəm. Ulu
babanızın 100 yaşı tamam olur. Bax gələrsiniz
ha... (nəvələrim xarici ölkədə
yaşayırlar). Düz 100 yaşı tamam olur.
Uşaqlar da təəccüblə:
- Uy da, ay baba 100 il. 100 il çoxdur? Lap çoxdur? Bəs
sənin 100 yaşın nə vaxt tamam olacaq?
Mən də gülə-gülə:
- Yaşayarsınız, özünüz də görərsiniz
deyirəm.
İndi isə bir məsələni başa
düşdüm ki, heç bir elmi-texniki tərəqqi,
heç bir inkişaf insan ömrü qədər, yaş qədər
heç kimdə bu qədər təəccüb doğurmur.
Nə qədər dünya dəyişsə də belə, bu
cür suallar deyilir, soruşulur. Və deyiləcək və
soruşulacaq. Cavab isə yoxdur. 100 yaş çoxdur, yoxsa az.
Bunu isə heç kim bilmir.
Atam şir bürcünün bitməsinə 6 gün
qalmış dünyaya gəldi. Dolça bürcünün
bitməsinə 8 gün qalmış isə,
dünyasını dəyişdi. Düz 16 il bundan əvvəl
(Mən bu bürclər məsələsinə o qədər
də inanmıram. Amma indi sözdür də deyirlər). Və
bu 16 ilin civarında o qədər mühüm hadisələr
baş verdi ki... (İndi əgər bu hədiyyələr məsələsinə
inansaq, demək, Allah atama 13 il, 5 ay, 24 gün hədiyyə
vermişdir). İndi ay ata, sənsiz keçən bu 16 ili
çək-çevir edəndə görürsən ki, bu
illər ərzində o qədər mühüm hadisələr
baş verib ki və bütün bu mühüm hadisələr
bu 16 ilə necə sığışa bildi? Bu 16 ildə elə
bil ki, dünya birdən-birə dəyişdi. Dünya həm
boşaldı, həm də doldu. Qohum-qardaş, nəsil-əqraba,
hamı bir-bir, iki-bir bu dünyanı tərk etməyə
başladılar, dünyalarını dəyişdilər. Ay
bala, bizə nə oldu? Kimin nəfsinə keçmişik?
Gözə gəlmişik? Amma heç fikirləşmirdim ki,
bir yandan boşalan bu dünyaya, o biri yandan da təzə
qohum-qardaşlar əlavə olunur. Təzə nəsillər
gəlir, qohum-qardaşlar təzələnir. Amma o
boşluqlar dolurmu? O boşluqları təzə nəsillər
doldura bilirmi? Təzə nəsil... Deyək ki... Həə....
Doldurur. Bizim üçünsə... Şəxsən mənim
üçün yox. Çünki bizi, o dünyalarını
dəyişən nəsillərlə çox maraqlı hadisələr
bağlayır. Təzə nəsil isə o ötən hadisələri
ancaq bizlərdən eşidirlər. Bəziləri onlar
üçün maraqlı olur, bəziləri isə yox. Biz
isə çalışırıq ki, bizim
keçmişimizin hər günü onlar üçün
maraqlı olsun. "Biz başqa cür edərdik, belə etmək
yaramaz, olmaz, bizim dövrdə filan məsələ başqa
cür olardı (Axı necə olurdu? Pis olurdu, yoxsa
yaxşı olurdu?). Hə, bax onu isə heç
özümüz də bilə bilmirik, heç vaxt da bilməyəcəyik.
Biz bu cür belə yaşayırıq".
Bəs bizim bugünkü belə yaşayış tərzimizi
atam görsə idi, görəsən, o, nə deyərdi?
Çox şey eşitmək istəyərdim. Axı, o rəhmətlik
bizim müəyyən yaşımızdan sonra heç bir
işimizə müdaxilə etməzdi, qarışmazdı.
Özünüz bilərsiniz, - deyərdi.
lll
O dünya bu dünya, cənnət və cəhənnəm.
Mən belə ritorik suallara bəzən inanıram, bəzən
də inanmıram. Bəzən də, ürəyimdə
qalmış, atamdan soruşmadığım suallarım var
ki (belə suallar çoxdur, lap çoxdur, özü də,
gündən günə də artır). İndi heyifsilənirəm
ki, axı niyə o vaxtlar bunların cavabını atamdam
soruşmamışdım (Həm də hardan biləydim ki,
zaman dəyişdikcə, nə və nə zaman, o və nələr
necə olacaq). Və bilirəm ki, ürəyimdə qalan, hələ
də öz aktuallığını itirməyən,
bütün bu günü-gündən artan suallarımın
cavabını heç vaxt da bilməyəcəyəm. O
sualların cavabını bilməkdən ötrü
özümü aldadıram ki, o dünyanın
varlığına inanım. Və nə zamansa, o biri
dünyaya gedərəmsə, hökmən bu sualların
cavabını atamdan soruşum. Əlbəttə, bu
soruşacağım sualların heç biri nə məişət
mövzusunda, nə də ki, yaşayış barəsindədir.
Nə atam məişət adamı olub, nə də mən məişət
adamıyam. Yox.
Bəzən də gecələr, çox vaxt işlədiyim
vaxt, otağımda oturub siqareti siqaretə calayıb, atamla
söhbət edirəm. Qəribədir, çox qəribədir.
Bunu mən kimə desəm, inanmaz. Bəzən onun səsini də
eşidirəm. Söhbət qızışır. Söhbət
öz məcrasından çıxıb, mübahisəyə
də çevrilir.
- Oğul bəsdir, bəsdir dedim sənə...
- Axı niyə... Filan iş filan cür...
- Ona görə ki...
- Niyə axı, niyə ki?..
- Bəsdir dedim sənə. Sənin bilmədiyin
şeylər çoxdur, bildiklərin də başına bəla
olur.
- Əgər bəla olacaqdırsa, niyə bunları mənə
deyirdin, izah edirdin, başa salırdın?
- Başa düş, səhv etmişəm. Sən isə
öz övladına bunları öyrətmə. Heç vaxt
demə. Qoy rahat yaşasınlar. Sən isə rahat yaşaya
bilmirsən. Günah məndədir.
- Yox ata, sən heç bir günahı olmayan bir
nursan.
Saatlarla çəkən bu mübahisələrdə,
birdən atamın səsinə ayılıram.
Başımı yazı masasının üstündən
qaldırıb ətrafa baxıram. Otaq duman içindədir.
Siqaret tüstüsündən göz-gözü
görmür. Külqabı siqaret kötüyü ilə dolu
idi. Bu siqaret kötükləri atamın dediyi kimi, "hədəfinə
dəyməyən arzu-niyyət oxları idi". Təəccüblə
öz-özümə - Bu qədər siqareti mən çəkmişəm?
Yoox. Ola bilməz. Yəqin ki, atam çəkib. Həm də
mən atamın yanında heç vaxt siqaret çəkməmişəm
axı. Yenə də, mübahisəmiz yarımçıq
qaldı, heç nə soruşa bilmədim. Atam çəkilib
getdi.
Bəzən fikirləşirəm ki... İndi həyatdır
da... Bir gün gələn, bir gün də gedir. "Gələn
qalmaz, gedən gəlməz əcəb sirr" olan bu
dünyadan, o dünyaya getsəm, necə olacaq? Mən lap belə
milyon adamın içindən, atamı görən kimi
tanıyaram, çünki o, 83 yaşında
dünyasını dəyişəndə, saçları
düm ağ, beli də bir qədər bükülmüş
(əyilmiş yox,
bükülüb-yığılmış), barmaqları
şümşad, nurdan yaranmış bir kişi idi. Gözəl
yatımlı səsi də var idi. O səs indi də
qulağımdadır. O dünyada necə vardırsa, eləcə
də qalacaq. Heç nə dəyişməyəcək. O
dünyada daha yaşa dolmayacaqdır ki. O dünyada
yaşamır axı (Hardan bilirsən ki? O biri dünyada həyat
yoxdur, olmusan orda?). Və necə vardırsa, eləcə də
qalacaq, dəyişməyəcək. Çünki deyilənlərə
görə, o dünyada qocalmaq yoxdur, qocalan burda qocalır. O
isə məni görsə, bəlkə də heç
tanımadı da. Çünki atam dünyasını dəyişəndə
mənim 54 yaşım var idi. Saçlarım ağ-qara idi.
Çox ağarmamışdı. Belim də bükülməmişdi.
Belim indi yəqin ki, bir qədər bükülüb.
Üzüm qırışmamışdı, indi üzüm
də qırışmağa başlayıb. Yəqin ki, əvvəl-əvvəl
tanımayacaq məni. Mən də deyəcəyəm ki, mənəm
də... Sənin oğlunam. Tanımadın? Bax...
Saatını da göstərəcəm.
- Bax ay ata, sənin vaxtı ilə taxdığın
saatdır da... Səndən sonra bunu düz... ildir ki mən
taxıram. Bax, bu saat çıqqıldayanda elə bil sənin
səsini də eşidirəm. Bu çıqqıltı elə
bil sənin sağ tərəfində yerləşən
ürəyinin döyüntüsüdür (Vəsiyyət
etmişəm ki, məni bu saatla birgə dəfn etsinlər).
Həə... Həyatda olduğu kimi, bir qədər
gözlərini qıyıb, sonra bəlkə məni
tanıdı. Həmişə uzun müddət ayrılandan
sonra, məni görəndə sevincdən gözləri
dolardı. Qollarını açıb məni qucaqlayardı.
- Ay bala, de gəl çıx da...
Yəqin ki, yenə məni görən kimi gözləri
dolacaq. Amma indi bilmirəm, bu, sevinc göz
yaşlarıdır, yoxsa həsrətin göz yaşları.
Yoxsa... Yəqin ki, daha deməyəcək - ay oğul, gəl
çıx da. Sonra mənə diqqətlə baxıb deyəcək
(bunun yuxusunu da dəfələrlə görmüşəm).
- Ay oğul, saçların, nə yaman ağarıb?
Ay oğul, sən nə yaman dəyişmisən... Nə yaman
yaşlaşmısan. Bəs sən nə tez gəldin buraya?
Axı, sən orda hələ qala bilərdin. Axı hələ
sənin vaxtın deyildir.
- Axı, nə mənası var ki... Ay ata. Axır-əvvəl
gəlməli idim də. Bəlkə də ürəyimdə
saxladığım o sualları ondan soruşacağam. Yox... Mənası
yoxdur, hər şey qurtarıb. Həyat bitib axı. Ondan
soruşub bildiklərimi (Axı... Kimə nə sübut edəcəm
ki?). Həmişə olduğu kimi soruşmayacaq -
İşin-gücün nətəhərdir, ay oğul?
Çünki, mən artıq onun yanındayam. Burda isə nə
iş var, nə də ki güc.
lll
Bir neçə il bundan əvvəl yaman bərk xəstələnmişdim.
Lap belə çabalayırdım. Hərarətim lap 40-ı
da ötmüşdü. Elə hey atamı
çağırırdım, sayıqlıyırdım. Birdən
burnuma armud qoxusu dəydi. Ötən yazılarımda da, elə
həmişə deyirəm ki, atamdan armud qoxusu gəlirdi. Mənim
armud qoxulu atam. Başımı qaldırdım. Hm... Vallah
atamı gördüm. Billah atamı gördüm. Atam mənə
armud gətirmişdi. Birdən çarpayımın
böyründəki dolaba baxdı. Vaxtilə özünün
taxdığı saatını gördü, gülümsədi.
Əlini alnıma qoydu, sonra dedi ki, hələ yanıma gəlməyə
tələsmə. Hələ sənin bəzi görüləsi
işlərin qalıb, onları gör qurtar. Sən təbiətcə
tərs və inadkar adamsan, işlərini görüb
qurtarmayana qədər əl çəkən deyilsən. Bir
də yuxuna gəlib bu barədə danışarıq. Birdən
qəfil ayıldım. Gözümü açanda artıq
hava işıqlaşmışdı. Çox təəccüblüdür,
otaqdan armud qoxusu gəlirdi. Atam da yox idi. Hərarətim də
keçmişdi. Çox təəccüblüdür...
lll
Hə... Yadımdandan çıxmışdı.
Deyirlər axı, insan yaşadığı dünyaya bir
neçə dəfə gəlir. Hər halda bu sözü
bir neçə dəfə eşitmişəm, həm
müxtəlif kitablardan oxumuşam, həm də bunu belə
süjetli filmləri də görmüşəm. Bəlkə
də, elə-belə insanların özlərinə təskinlik
vermək üçün, uydurduqları, dedikləri
sözdür də. İndi ay ata, belə bir şey əgər
doğrudursa və mən də indi sənin yanında olsaydım,
yaşadığın dünyaya səndən sonra gəldiyim
kimi və əgər hər şey də növbə ilədirsə,
demək, sən məndən əvvəl o köhnə vaxtilə
yaşadığımız dünyaya qayıdacaqsan. Mən
yenə də tək, sənsiz qalacağam. Çox xahiş
edirəm, məni tək qoyma və məni də o köhnə
dünyaya qayıdanda özünlə gətir. Və əgər
mən sənsiz öz növbəmdə köhnə
dünyamıza qayıtsam, nə sən məni
tanıyacaqsan, nə də mən səni. Növbə
çatan kimi, məni də özünlə gətirərsən.
Dünya sənin gördüyün dünya deyil. Səndən
sonra dünya çox dəyişib. Dünya çox çətin
dünyadır. Dünya sən gördüyün dünya
deyil.
"İnsanların yaşaması üçün ən
təhlükəli olan yer dünyadır".
Eynşteyn
lll
Atam mənə həmişə deyərdi:
- Oğul, necəsən, nə cürsən, kimlərinsə
xoşuna gəlirsən, kimlərinsə yox, xasiyyətin
pisdir, ya yaxşıdır, bu, sənin öz işindir,
özün bilərsən. Amma bir xasiyyətin xoşuma gəlir,
alqışlayıram. Aciz adam deyilsən, heç kimin də
qabağından qaçan oğullardan olmamısan. Həmişə
öz sözünü demisən. Amma hamı ilə belə
olma. Mən bu dünyada olmayandan sonra, öz səviyyəndə
olmayanların cavabını vermə, onları sayma. Adamı
öz səviyyəsində olmayanlar məhv edir.
- Yox, ay ata. Səndən sonra heç nəyə fikir
vermirəm. Səviyyədə olanların da, olmayanların
da, hamısının cavabını verirəm. Elə ona
görə də dözmədim, yanına gəldim.
lll
Atamgilə gedirəm. Atamgil Hüsü Hacıyev
küçəsində, o mənim həmişə müqəddəs
bildiyim binada yaşayırlar. Həyətdəki tağdan birdən
maşınımız çıxdı. Atam məni
görüb əl elədi, dayandı.
- Ay oğul, hara gedirsən, otur bir yerdə gedək.
İsfəndiyar VAHABZADƏ
525-ci qəzet .- 2025.- 13 mart(№47).- S.12;13.