Həkimlikdən dövlət
xadimliyinə: Əziz Əliyevin nümunəvi həyat yolu
Böyük ispan filosofu Orteqa Qassetə görə,
bizim doğulduğumuz və yaşadığımız
sosial dünya bioqrafiyamız üçün həlledici məqamdır:
"Bu dünya təkcə insanlardan deyil, bir qədər
dumanlı şəkildə ictimai həyat, müasir
tendensiyalar, zamanın ruhu adlanan adətlərdən, zövqlərdən,
üstün tutduğumuz dəyərlərdən, ənənələrdən,
inanc sistemindən, standartlardan ibarətdir".
Bu mənada, görkəmli həkim, alim və dövlət
xadimi Əziz Əliyevin keşməkeşli həyatı qeyd
olunan məqamları özündə aydın ehtiva edir.
Əziz Məmmədkərim oğlu Əliyev 1897-ci il
yanvarın 1-də İrəvan quberniyasının Hamamlı
kəndində anadan olub. Onun acılı-şirinli
uşaqlığı, gəncliyi və məktəb illəri
doğma, doğma olduğu qədər də başıbəlalı,
tez-tez aydın səmasını qara buludlara qərq etdiyi
İrəvanla bağlı olub. Bu qədim Azərbaycan şəhərinin
ziyalı mühiti, qaynar ictimai-siyasi və elmi-mədəni
abu-havası Əzizin həyatında silinməz işlər
qoyaraq onun sonrakı inkişafında hərtərəfli və
güclü şəxsiyyət
kimi yetişməsində müstəsna rol
oynamışdı. İlk təhsilini İrəvandakı
"Rus-tatar" məktəbində alan Əziz Əliyev
1917-ci ildə İrəvan gimnaziyasını qızıl
medalla bitirmişdi. Uşaqlıqdan həkim olmaq arzusunda idi...
1917-ci ildə xeyriyyəçi Hacı Zeynalabdin
Tağıyevin istedadlı və bacarıqlı Azərbaycan
gəncinə göstərdiyi maddi yardım sayəsində o,
Petroqrada (indiki Sankt-Peterburq - A.O.) gedir və orada
dünyanın ən məşhur tibb ocaqlarından sayılan
Hərbi Tibb Akademiyasına daxil olur.
Bu barədə 2022-ci ildə Hacı Zeynalabdin
Tağıyevin abidəsinin açılışında
Prezident İlham Əliyevin böyük vəfakarlıq ifadəsi
olan nitqi xüsusi əhəmiyyət kəsb edir: "...Mən
artıq bunu bir dəfə demişəm, bir daha demək istəyirəm
ki, o tələbələrin arasında mənim babam Əziz
Əliyev də olmuşdur. Əziz Əliyev qədim Azərbaycan
torpağı olan İrəvan xanlığı ərazisində
doğulmuşdur. O da Tağıyev kimi kasıb ailədən
idi, oxumaq istəyirdi. Tağıyevə məktub
yazmışdı, xahiş etmişdi ki, ona maddi kömək
göstərilsin. Tağıyev də onu təbii ki,
tanımırdı, sadəcə olaraq, bir gəncin təhsilə
olan belə marağını nəzərə alaraq ona pul
göndərmişdir və Əziz Əliyev bu pul hesabına
o vaxt Sankt-Peterburq Hərbi Tibb Akademiyasında oxumuşdur.
Hesab edirəm ki, bu hadisə onun gələcək taleyində
həlledici rol oynamışdır. Çünki o, həm
gözəl həkim, eyni zamanda, böyük dövlət
xadimi olmuşdur. İkinci Dünya müharibəsində onu
Bakıdan Dağıstana ezam etmişlər. Bir neçə
il Dağıstanın rəhbəri vəzifəsində
işləmişdir və dağıstanlıları
sürgündən xilas etmişdir. Çünki o vaxt
başqa Qafqaz xalqları ilə bərabər,
dağıstanlıları da Qazaxıstana sürgün etmək
istəyirdilər, sovet hökumətinin belə planları var
idi. Məhz Əziz Əliyevin qətiyyətli mövqeyinə
görə bu, baş vermədi. Dağıstanlılar bunu
yaxşı bilirlər, yaxşı xatırlayırlar və
təsadüfi deyil ki, Mahaçqalada
dağıstanlıların təşəbbüsü ilə
Əziz Əliyevin abidəsi ucaldılmışdır".
1918-ci ildə doğma yurdu İrəvana qayıdan
Ə.Əliyev burada dəhşətli mənzərə ilə
üzləşir. O, erməni daşnaklarının
amansız qəddarlıqlarına tab gətirməyib ailəsini
çətinliklə Naxçıvanın Şərur
rayonuna gətirir, bir müddət sonra isə Şahtaxtı kəndinə
köçür. Ailəsinin ağır vəziyyəti və
ermənilərin törətdikləri
qırğınların fəlakətli nəticələri
Əziz Əliyevə təhsilini davam etdirməyə imkan
vermir. Lakin xarakterindəki ciddiliyi, bacarığı və
böyük iradə sahibi olması ona çətinliklərə
mətanətlə sinə gərməkdə kömək
edir. 1923-cü ildə ali tibb təhsilini davam etdirmək məqsədilə
ailəsi ilə birlikdə Naxçıvandan Bakıya
köçür. Qəbul imtahanlarını müvəffəqiyyətlə
verərək, 1919-cu ildən fəaliyyət göstərən
Bakı Dövlət Universitetinin tibb fakültəsinə
daxil olur. 1927-ci ildə çoxdan bəri arzusunda olduğu ali
tibb təhsilini əla qiymətlərlə başa
çatdıran Əziz Əliyev elə həmin ildə Xalq
Komissarları Şurasının göndərişi ilə
klinikada elmi-pedaqoji işə başlayır. Əziz Əliyev
Azərbaycan xalqı üçün əhəmiyyətli bir
dövlət xadimi və daima millətinin
sağlamlığını düşünən dəyərli
həkimdir. O, həkim kimi səhiyyə sahəsində bir
çox islahatların həyata keçirilməsində
iştirak edib, xəstəliklərin qarşısının
alınması mövzusunda ciddi elmi işlər aparıb və
Azərbaycanın səhiyyə sisteminin inkişafına
töhfə verib.
Ömrünü tibb elminin inkişafına həsr edən
Əziz Əliyev Azərbaycanda səhiyyə işinin təşkilinə
xüsusi diqqət yetirib. O, Xalq Səhiyyə Komissarlığı
Müalicə şöbəsinin müdiri, Bakı Səhiyyə
şöbəsinin müdiri, Xalq Səhiyyə
Komissarlığında müavin, Xalq Səhiyyə
komissarı və digər vəzifələrdə
çalışarkən respublikanın bütün
rayonlarını qarış-qarış gəzib, bu sahədə
problemlərin aradan qaldırılması üçün əməli
tədbirlər görüb. Əziz Əliyev həm də
müasir tibb elminin inkişafında mühüm rol
oynayıb. O, Azərbaycanın səhiyyə sahəsinin təkmilləşdirilməsi
üçün müxtəlif elmi və praktiki təkliflər
irəli sürərək səhiyyə sahəsində təhsil
almış bir çox mütəxəssisə rəhbərlik
edib. Əziz Əliyev özünün çoxşaxəli fəaliyyəti
ilə təkcə həkimlik sahəsində deyil, həm də
dövlət idarəçiliyində və cəmiyyətin
inkişafında böyük rol oynamış bir şəxsiyyətdir.
Onun səhiyyə xidmətlərinin daha geniş təbəqələrə
yayılması üçün apardığı islahatlar nəticəsində
bölgələrdə və kəndlərdə tibbi xidmətlərin
keyfiyyəti artıb. Azərbaycanın müxtəlif sosial
problemlərinin həlli ilə məşğul olub,
xüsusilə əhalinin sağlamlığı ilə
bağlı bir çox dövlət təşəbbüslərinin
rəhbəri idi.
1998-ci ildə Əziz Əliyevin anadan olmasının
100 illik yubiley tədbirində çıxış edən
Ulu öndər Heydər Əliyev alimin şəxsiyyəti ilə
fəaliyyəti arasındakı vəhdəti xarakterizə edərək
demişdi: "Azərbaycanda və Dağıstanda işlədiyi
illərdə o, elm xadimləri ilə sıx təmasda olurdu.
Bütün tibb professorları onun dostları idi, onların
çoxunu o hazırlayıb irəli çəkmişdi. Azərbaycan
incəsənəti və ədəbiyyatının Üzeyir
Hacıbəyov, Müslüm Maqomayev, Bülbül, Niyazi, Səməd
Vurğun, Süleyman Rüstəm, Qara Qarayev və bir
çox görkəmli xadimlərilə onun çox yaxın,
mehriban, ailəvi münasibətləri vardı. Bütün
bunlar ona görə olurdu ki, o, çox ziyalı bir adam idi,
yüksək səviyyədə savadlı, mədəni adam
olduğuna görə həmişə məhz bu mühitlə
təmasda olmağa çalışırdı. Həmin
adamlar da onunla yaxın olmaq istəyirdilər. O, hər cəhətdən
gözəl insan idi.
Əziz Əliyevlə Dağıstanda və Təbrizdə
bərabər olan yazıçı dostu İmran Qasımov
öz xatirələrində qeyd edir: "O, kitabı çox
sevirdi. Orduda da, Dağıstanda da, Moskvada və Bakıda da -
hər yerdə həmdəmi kitablar idi, özü də onu
maraqlandıran bütün problemlərin cavabını və
həllini onlarda tapırdı".
2016-cı ildə Rusiya Federasiyası Dağıstan
Respublikasının başçısı Ramazan Abdulatipovun
başçılıq etdiyi nümayəndə heyətini qəbul
edən Prezident İlham Əliyev Dağıstan Respublikası
başçısının "Əziz Əliyev və
Dağıstan" adlı kitaba müəlliflik etməsinə,
kitabda Əziz Əliyevin Dağıstan və Azərbaycan
qarşısındakı xidmətlərinin, İkinci
Dünya müharibəsi illərində göstərdiyi fəaliyyətinin
işıqlandırılmasına görə təşəkkürünü
bildirib.
Məlum olduğu kimi, Əziz Əliyevin
Dağıstan xalqının tarixində misilsiz xidmətləri
olub. 1942-1949-cu illərdə Dağıstana rəhbərlik
etmiş Əziz Əliyev burada yerli əhaliyə qarşı
həyata keçirilən siyasi repressiyalara son qoyulmasına,
dağıstanlılardan ibarət milli hərbi hissələrin
təşkil olunmasına, yerli hakimiyyət orqanlarına
dağıstanlıların təyin edilməsinə nail olub.
Əziz Əliyevin sayəsində dağıstanlılar bir
çox digər xalqlar kimi sürgün olunmayıblar.
Dağıstanda qırxdan çox millət bu həqiqətə
baş əyir və bu tarixi, bu qədirbilənliyi gəncliyə
bir dastan kimi təqdim edir.
Əziz Əliyevin elmi-pedaqoji fəaliyyəti ilə
yanaşı, ictimai fəaliyyəti də Vətənə,
xalqa sədaqətlə xidmətdən ibarət olub. O, müəyyən
dövrdə Azərbaycan Dövlət Tibb İnstitutuna, həm
də Əczaçılıq İnstitutuna rəhbərlik
edib, 1937-ci ildə isə paralel şəkildə Bakı
Dövlət Universitetinin rektoru vəzifəsində
çalışıb.
Əziz Əliyev İkinci Dünya müharibəsi illərində
alay polkovniki rütbəsində sovet əsgərləri ilə
birlikdə siyasi rəhbər kimi Cənubi Azərbaycana ezam
olunur. 1941-ci il avqust ayının 25-də sovet qoşunları
İran ərazisinə yeridildikdən on gün sonra Cənubi
Azərbaycan məsələsini müzakirə etmək
üçün Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsinin birinci katibi Mircəfər Bağırov Moskvaya
çağırılır. Azərbaycanda səfərbər
edilmiş partiya, sovet, hüquq-mühafizə, təsərrüfat
və mədəniyyət işçilərinin mərhələlərlə
Cənubi Azərbaycana göndərilməsinə dair
razılıq əldə edilir. Beləliklə, Əziz
Əliyevin rəhbərliyi altında xüsusi qrup
yaradılır. Təbrizdə, Urmiyədə, Ərdəbildə,
Mərənddə, Zəncanda onunla bərabər
çalışan ziyalılarımız - Süleyman Rüstəm,
Osman Sarıvəlli, Ənvər Məmmədxanlı,
İsrafil Nəzərov, Qulam Məmmədli, Mehdixan Vəkilov
və başqaları öz missiyalarını layiqincə
yerinə yetirirlər. Həmin dövrdə Əziz Əliyevlə
İranda xidmət etmiş, sonralar onun yaxın dostlarından
birinə çevrilmiş general-polkovnik N.İ.Trufanov öz
xatirələrində yazırdı: "Əziz Əliyev
İranda işləyərkən özünü dərin
siyasi savada malik bir təşkilatçı kimi göstərdi.
İranda bir çox məsələnin həllini Əziz
Əliyev öz üzərinə götürürdü".
Azərbaycanın dövlət idarəçiliyində,
ictimai-siyasi və sosial inkişafında böyük xidmətləri
olan Əziz Əliyevin xatirəsi bu gün də böyük
hörmətlə anılır. Elm və ictimai-siyasi tarixinə
nəzər saldıqda bu məzmun və mahiyyətdə az
insana rast gəlmək mümkündür. Tibb sahəsi ilə
birlikdə ölkənin ictimai-siyasi mühitində də fəal
şəkildə çalışmaq hər kəsin edə
biləcəyi iş deyil. Bunun üçün yüksək
intellekt, əzmkarlıq, vicdan və xalqına sonsuz sevgi
lazımdır. Xalqına və dövlətinə ləyaqətlə
xidmət edən Əziz Əliyevin misilsiz xidmətləri
heç vaxt unudulmayacaq, onun əziz xatirəsi
xalqımızın qəlbində daim yaşayacaq.
Anar OSMANLI
ADU rektorunun məsləhətçisi, iqtisad üzrə
fəlsəfə doktoru, Qərbi Azərbaycan İcması
Hamamlı rayon Saral icma sədri
525-ci qəzet .- 2025.- 13 mart(№47).- S.11.