Son mesajına
atasından cavab gözləyən şəhid qızı
Müharibənin üzünü, onun fəsadlarını,
vahimə içində yaşayan insanları, torpağı
qoruyan oğulların hamısını Ağdamda
gördüm. İşğalına iyirmicə gün
qalmış olan Ağdamda. Bu haqda kifayət qədər
danışmışam, amma üstündən 32 il keçsə
də, düşmən ağ bayraq qaldıraraq Ağdamı
təhvil versə də, artıq orada Azərbaycan bayrağı
dalğalansa da, ilk dəfə gördüklərlərimi
yaddaşımdan silə bilmirəm. Vətən müharibəsinin
qəhrəmanları bizə azad Qarabağı qaytarmaqla
yanaşı, özlərindən sonra çox ağır bir
mövzu qoydu qələm əhli
üçün. Ağır da olsa, yazmağa borcluyuq. Təki
Vətən, bizlər yaşayaq deyə, Tanrının onlara
bəxş etdiyi həyatı fəda edənlərdən necə
yazmayasan? Axı yarımçıq qalan hər ömrün
arxasında isə nələr var, nələr...
Bu gün haqqında danışmaq istədiyimiz qəhrəman
hərbçi olub. Özü də anasının istəyilə
bu yolu tutan və sonunda Vətən uğrunda şəhid
olmaq eşqilə yaşayan hərbçi. Xmelnitski Ali
Artilleriya Komandanlıq Məktəbində artilleriya
ixtisası üzrə ali hərbi təhsil alıb. Məktəbi
bitirəndən sonra ona yaxşı iş təklif olunsa da:
"Vətənin bu günündə mən bir hərbçi
olaraq yalnız öz torpağımda olmalıyam" deyərək,
geri qayıdıb. I Qarabağ savaşında düşmənə
dağ çəkən bu Vətən oğlunun
başına yüksək məbləğdə pul
mükafatı qoyulsa da, "Kobra" ləqəbli
polkovnik-leytenant Xeyrulla İbrahimov 20 il Azərbaycan Silahlı
Qüvvələrində qüsursuz xidmət etdi. Vətən
Müharibəsində 4-cü Ordu Korpusunun Artilleriya rəisi təyin
edilib. 2020-ci il oktyabr ayının 26-da Xocəvənd rayonunun
Qırmızı Bazar istiqamətində Zoğalbulaq kəndi
istiqamətindəki yüksəklikdə şəhid olub və
düşmən sevincək halda bu xəbəri öz mətbuatında
yayaraq bildirib: "Nəhayət ki, Kobranı məhv
etdik". Bizim üçün
onlar cismən olmasalar da, həmişəyaşardırlar.
Şəhid qəhrəmanın
qızı Ləman İbrahimlinin xatirələrini
oxucularımızla bölüşmək istədik.
- Anamı itirəndən sonra elə bir boşluqda
idik ki, oradan çıxmağa nə gücümüz
qaldı, nə də taqətimiz. Atam mənim
üçün dünyanın ən güclü insanı
idi. Amma onun göz yaşlarını görəndə
anladım ki, ən güclü insanın belə, zəif
nöqtəsi mütləq olur. O zaman atam anama ithafən
şeirin ilk misrasında belə yazmışdı: "Bir
ölüyəm, gəzirəm torpaqda sənsiz". İndi
mən bir ruh kimi gəzirəm torpaqda onlarsız. Hər gecə
ard-arda ana-atasını itirən biri kimi yuxuya gedib və bunun
qorxulu kabus olduğuna özünü inandırmaq hissilə səhər
oyanmağın adı varmı görən? Beş ildir bu
hissi yaşaya-yaşaya qalmışam.
Atam haqqında artıq həyatda olmayan biri kimi
danışmağı qəbul edə bilmirəm,
çünki bu yoxluqla barışmaq lazımdır. Bununla
barışmağa isə ömrüm yetməz. Bəlkə
atam hərbçi olmasa idi, yəqin onun fərqli xüsusiyyətləri
olardı. Lakin o, 14 yaşından hərbi nizamnamənin
qayda-qanunları ilə böyüməyə başlayıb.
Hədsiz dəqiq insan idi. Onun əvvəlcədən
düşünülməyən, götür-qoy etmədiyi,
plansız görülən bir işi olmayıb. Bir dəftərçəsi
vardı, orada gündəlik gördüyü işlərin
hesabatını yazardı. Güclü yaddaş sahibi idi.
Rejimə mütləq qaydada riayət edərdi. Bu rejimdə nə
artıq yemək, nə də yatmaq vardı. Heç gec
yatmağı da sevməzdi. Səhər 7-də atam ayaq
üstə olardı. Hərbidən ayrılandan sonra da bu
rejim öz qaydasında davam etdi.
Polkovnik-leytenant Xeyrulla İbrahimov 40 yaşında
istefaya çıxıb. Bu yaşın 20 ili Vətənə
qüsursuz xidmətlə keçib, I Qarabağ
savaşında ad qoyub. Lakin biz atamın I Qarabağ
savaşında nələr görüb, nələr etdiyini əsla
bilməmişik. Nə biz maraqlanardıq, nə də
özü söyləyərdi. O, başdan-ayağa sırf hərbçi
idi və bu nizamnaməyə riayət etmək onun həyat
yolu olub. Azdan-çoxdan bildiklərimiz də onun
döyüş yoldaşlarının sayəsindədir.
Söyləyirdilər ki, atam masanın üstünə bir
külqabı qoyubmuş və hər gün ora bir erməni
qulağı atardı. 3-4 nəfərin görməli
olduğu işi o, təkbaşına edərmiş. Kəşfiyyata
belə, özü gedərmiş ki, qaranlıq bir məqam
qalmasın. Artilleriyanı ən incə
xırdalıqlarına qədər bilməyi, onu yüksək
səviyyədə idarə etməyi atamın işinin
mükəmməl bilicisi olduğunun sübutudur. O müharibədən
sonra ayağındakı qəlpə ilə gəzdi atam və
ağrılarını da heç zaman büruzə vermədi.
Düşmənlərin Azərbaycanı məğlub ölkə
kimi tanıtması ona o qədər ağır gəlirdi
ki... Qarabağın azadlığı onun ən böyük
arzusu idi. İnanırdı ki, o torpaqlar mütləq
müharibə gücü ilə geri qaytarılacaq. Bu xəbəri
hər gün gözləyirdi.
Vətən müharibəsinin ikinci günü cəbhəyə
getdi. Biz dörd ay idi ki anamızı itirmişdik, atamıza
ehtiyacımız çox idi. Lakin atam Vətənini,
torpağını hər şeydən üstün tutdu.
Anamın haqq dünyasına qovuşmağından üç
gün əvvəl atam mənə təklikdə bir söz
dedi: "Hər şeyə hazır ol". Atama:
"Heç nəyə hazır olmaq istəmirəm"
deyib, uzaqlaşdım, çünki anamın
sağalacağına çox inanırdım. Amma o zaman
bilmirdim ki, dörd aydan sonra atamı da itirəcəyəm.
Hamı bilirdi ki, atamı bu yoldan saxlamaq
qeyri-mümkündür. Nənəm ona deyəndə ki, bu
uşaqları heçmi düşünmürsən?
Cavabında belə deyib: "Sən möhkəm anasan, bilirəm
ki, onları tək qoymazsan. Ana, mənim bildiyim mövqeləri
orada heç kəs bilmir, mən getməyə bilmərəm".
Gündə bir dəfə əlaqə
saxlayırdı səsini eşidirdik. Oktyabrın 26-sı
günorta saat 1-ə işləmiş atamla son telefon
danışığımız oldu. Anamı itirəndən
sonra yaşadığımız evdə qalmaq bizim
üçün çox ağır idi. Ona görə də
başqa evə köçməyə qərar verdik.
Köçümüzü qablaşdırarkən bir əşyanı
aparıb-aparmayacağımızı dəqiqləşdirmək
üçün atama zəng çaldım. Dedi: "Qoy
qalsın orda, atan sənin üçün daha gözəlini
alacaq. İndi əməliyyata gedirik sonra
danışarıq". Lakin nədənsə fikrini dəyişdi
və aramızda belə bir dialoq oldu:
"- De görüm başqa bir sözün varmı,
qızım?
- Yox. Özündən muğayat ol. Səni çox
sevirəm, ata.
- Mən də sizi çox sevirəm. Allaha əmanət
olun, bala".
Onun son cümləsi səsinin tonuna qədər hələ
də qulağımda səslənir. Bu
danışığımızdan sonra hönkürtü ilə
ağlamağa başladım. Səbəbini belə, bilmədən
özümü sakitləşdirə bilmirdim. İçimdə
həyəcan dolu bir narahatlıq vardı. Həmin gün həm
də qardaşımın doğum günü idi.
Özümü ələ alıb yenidən atama zəng
çaldım, yazdım, lakin ondan cavab gəlmədi.
Hansı ki atam heç zaman yazdıqlarımı cavabsız
qoymazdı. Son mesajım hələ də cavab gözləyir.
İstefaya çıxandan sonra ancaq ailəsi və
doğmaları üçün yaşadı. Atanın
çox dadlı və fərqli yemək hazırlamağı
vardı. Biz oyanana qədər nələrsə yaradardı.
Bəzən olurdu ki, çox mehribanlıqla bizi də
oyadardı ki, bərabər hazırlayaq. O saatda yuxu bizim
üçün nə qədər şirin olsa da, hər
zaman olduğu kimi atam qalib gəlməyi bacarardı. Anamın
bişirdiklərinin xüsusi ləzzəti olsa da, atam əlaqəsi
olmayan qarışıq ərzaqlardan elə yeməklər
hazırlayırdı ki, dadından doymaq olmurdu. Rayona getməyi
həvəslə gözləyərdim, çünki bilirdim
ki, xan kababını mütləq yeyəcəyik. Fərqli
xasiyyətlərindən biri də dərmanlara qarşı
olmağı idi. Onun özüməxsus müalicə
üsulları vardı. Vay o gündən birimiz xəstələnəydik.
Dərhal özünün "şəfa otları"
adlandırdığı bitkilərdən çay dəmləyərdi.
İsrarımıza rəğmən, o çayı mütləq
bizə içirərdi. Sonda isə həqiqətən
sağalardıq.
Xatirələrlə yaşamaq çox
ağırdır. O zaman balaca olsam da, tez-tez yadıma
düşən bir xatirə var. İlk dəfə atamın
göz yaşlarını görməyimi heç cürə
unuda bilmirəm. Yadımda deyil neçə yaşım olub.
Atam məni özü ilə balıq ovuna
aparmışdı. Evə qayıdanda maşından əşyaların
daşınmasına mən də kömək etmək istədim
və həmin vaxt tilovun qırmağı barmağıma
ilişdi. İsti-isti olduğundan nə baş verdiyini hələ
anlamamışdım ki, ilk dəfə atamın göz
yaşlarını gördüm. "Qorxma, qızım,
heç nə yoxdur" deyə-deyə məni dayanmadan
öpürdü. Həmin vaxt nə qorxmuşdum, nə də
ağrı hiss etmişdim, çünki atam yanımda idi.
İllər keçdi, anam bizi tərk edib haqq dünyasına
qovuşdu. Bax, onda atamın göz yaşları tükənmək
bilmədi. Atamla həmsöhbət olmuşduq, saatlarla həyətdə
oturub dərdləşərdik. Çox sevdiyi qadını
itirmək atam üçün böyük zərbə oldu,
sanki bir günün içində qocaldı.
Atam evimizin qocaman çinarı idi. Tək kölgəsi
bizi hər şeydən qorumağa yetərdi. Hər birimiz
onun diqqətini, qayğısını, nəvazişini
ayrı-ayrılıqda hiss edərdik. O, ailəmizin ən
böyük qazancı idi, özümü o qədər rahat
hiss edirdim ki... İndi o illərin, o anların xatirələri
və həsrətilə yaşayıram. Atam qısa həyatında
elə bir ömür yaşadı ki, onunla yalnız qürur
duymaq olar. Ömür boyu bu ağrı ilə yaşasam da,
onlardan görüb-götürdüyüm kimi
şükürlü olacağam, çünki nə vaxtsa
ruhlarımızın qovuşacağını bilirəm.
SÖZARDI: Müsahibədən kənar mövzularda
xeyli söhbətləşdik Ləman
xanımla. Yazı üçün şəkil seçiminə
gələndə müsahibimin cavbına əvvəl-əvvəl
təəccüblənsəm də, sonda anlayışla
yanaşmağa məcbur oldum. Qəti şəkildə
yazıda şəklinin getməsini istəmədi, əlavə
elədi ki, bu illər ərzində heç yerə şəkil
verməyib, sosial şəbəkələrdə isə şəkilləri
onun razılığı olmadan yayımlanıb.
Tamilla M-ZADƏ
525-ci qəzet .- 2025.- 13 mart(¹47).- S.10.