Neft niyə ucuzlaşıb?
Məlum olduğu kimi, dünya birjalarında neft qiymətləri
ucuzlaşıb. Belə ki, Londonun ICE ("InterContinental
Exchange Futures") birjasında "Brent" markalı neftin
bir barelinin qiyməti 0,03 dollar azalaraq 69,25 dollar olub. Nyu-Yorkun
NYMEX ("New York Mercantile Exchange") birjasında
"Light" markalı neftin bir barelinin qiyməti isə 0,09
dollar azalaraq 65,94 dollar təşkil edib.
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan
neftinin 1 barelinin qiyməti 1,04 ABŞ dolları, yaxud 1,41 faiz
azalaraq 72,81 ABŞ dolları təşkil edib. Hərracların
nəticələrinə görə, "Brent" markalı
neftin may fyuçerslərinin qiyməti 71,04 ABŞ dolları
təşkil edib. Türkiyənin Ceyhan limanında FOB
bazasında "Azeri Light" markalı Azərbaycan neftin bir
barelinin qiyməti 0,99 ABŞ dolları və ya 1,36 faiz azalaraq
71,59 ABŞ dolları təşkil edib. Azərbaycanın
builki dövlət büdcəsində bir barel neftin orta qiyməti
70 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən
aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ
dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66
ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən
"Azəri-Çıraq-Günəşli" (AÇG)
yataqlar blokunun işlənməsi haqqında müqavilə
çərçivəsində hasil edilir. Müqavilədə
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı
31,65 faizdir.
İqtisadçı ekspert Natiq Cəfərli deyir ki,
neftin qiyməti 70 dollara qədər enib. ABŞ-nin OPEC+dən
istəkləri də bu məsələdə təsirini
göstərməyə başlayır. OPEC+ ölkələri
aprel ayından başlayaraq hasilatı artırmağa
başlayacaqlar, könüllü şəkildə getdikləri
hasilat azalmasını geri çəkəcəklər. Bu isə
mərhələli şəkildə bazara 2,2 mln. barel neftin əlavə
olaraq daxil olması deməkdir. İki borudan asılı olan
Azərbaycan iqtisadiyyatı üçün gələcəkdə
problemlər yaranacağı açıq görünür.
Doğrudur, neftin qiymətinə günlük yox, ortalama baxmaq
lazımdır. Hələlik 2025-ci ilin ilk 2 ayında orta qiymət
80 dollara yaxın olub. Amma martın sonuna kimi bu rəqəm
72-73 dollara, apreldə isə 70 dollardan aşağı
düşə bilər. Bu isə o deməkdir ki, 2025-ci ilin
ilk yarısını büdcədə nəzərdə
tutulan neftin ortalama 70 dollar səviyyəsinə yaxın
tamamlasaq da, 2025-ci ilin ikinci yarısında qiymətlər 70
dollardan aşağı düşə, ilin sonuna orta qiymət
60-65 dollar koridorunda sabitləşə bilər ki, bu da ölkəmiz
üçün heç də yaxşı deyil.
O bildirib ki, ilin iki ayını götürsək,
"Azeri Light"ın ortalama qiymət 70 dollardan yuxarı
olub. Burada vacib məqamlardan biri, neftin qiymətinin yalnız
iqtisadi amillərlə deyil, həm də qlobal proseslərlə
bağlı olmasıdır. Əgər eniş tendensiyası
davam edərsə, bu, müxtəlif sahələrdə müəyyən
çətinliklərə səbəb ola bilər. Lakin
bazarda tarazlıq və ya mümkün müdaxilələr nəticəsində
vəziyyətin hansı istiqamətə dəyişəcəyi
hələlik tam dəqiq deyil.
İqtisadçının sözlərinə görə,
neftin qiymətinin hər 1 dollar düşməsi,
günlük olaraq Azərbaycanın valyuta gəlirlərinin
500 min dollar azalması deməkdir. Yəni ilin sonuna illik
ortalama qiymət 65 dollar olsa, bu gündə 2,5 mln., ayda 75 mln.,
ilə isə 900 mln. dollar daha az valyuta daxil olması deməkdir.
Amma bu da son deyil, neft şirkətlərinin qiymətin enməsinə
görə qazancları, gəlirləri, mənfəəti
azalacaq ki, bu da onların vergi şəklində büdcəyə
ödədiyi vəsaitin düşməsinə səbəb
olacaq: "Neftin qiymətinin aşağı düşməsi
bizim valyuta gəlirlərimizi azaldan faktora çevrilir. Azərbaycan
neftinin ortalama qiyməti təxminən 78-79 dollar
civarındadır ki, bu, kifayət qədər komfortludur.
Ortalama qiymət 70-dən aşağı düşəndən
sonra Azərbaycanda problem başlayacaq. Bu o deməkdir ki, hətta
mart ayında 70 dollara düşsə və yaxud da aprel
ayında 65 dollara da düşsə, may ayında bizim yenə
də ortalama qiymətimiz 70 dolların üstündə
olacaq. Maydan başlayaraq, qiymətin aşağı
düşməsi tendensiyası davam edərsə, bu, artıq
ciddi problemdir və Azərbaycanda ciddi problemlərə,
dövlət gəlirlərində valyuta daxilolmalarının
azalmasına gətirib çıxaracaq".
İqtisadçı-ekspert Xalid Kərimlinin sözlərinə
əsasən, neft qiymətlərinin aşağı
düşməsi bizim üçün yaxşı nəticə
göstərmir: "Neft qiymətlərinin hər 10 dollar
aşağı düşməsi tədiyyə
balansımıza 2.2 milyard manat təsir edir. Neftin kəskin
ucuzlaşması nələrə səbəb ola bilər?
Birincisi, manatın məzənnəsinin aşağı
düşməsinə səbəb ola bilər. Bu da inflyasiya,
insanların kasıblaşması deməkdir. İkincisi,
dövlətin büdcə qarşısında bir sıra
öhdəlikləri var ki, həmin ödhəliklərin
icrasında çətinlik yarada bilər. Həm də
növbəti illərdə büdcə artımı və
sosial ödənişlərin artımına təsir göstərə
bilər. Azərbaycanın əsas büdcə gəlirlərində
neft, qaz gəlirləri əhəmiyyətli rol oynayır. Qiymətlərin
azalması neft fondundan neft büdcəsinə transferlərin də
azalmasına təsir edəcək. Azərbaycanın xarici
ticarətində 90-92 faiz neft-qaz sektorundan gələn gəlirlər
var. Ölkəmizdə qeyri-neft sektoru gəliri cəmi 9-10
faiz təşkil edir. Bir sözlə, neftin qiymətinin
aşağı düşməsi ciddi maliyyə itkilərinə
gətirib çıxara bilər. Bu təsir təbii ki, Rusiya
üçün də keçərlidir. Rusiyanın neft-qaz
sektorunda problemi yarana bilər, eləcə də, gələn
valyutanın da həcmi aşağı düşə bilər".
İqtisadçı-ekspert Razi Abbasbəyli qeyd
edib ki, 2025-ci il
üçün dövlət büdcəmizdə neftin qiyməti
70 dollardan götürülüb: "Əlbəttə ki,
bu, çox riskli qiymətdir. Çünki bu gün
üçün birjada gözlənilən odur ki, Brent
markalı neftin qiyməti hətta 71 dollara qədər
ucuzlaşması mümkündür. Bu, təhlükəli
tendensiyalar, birjalardakı qeyri-müəyyənliklər, nəticə
etibarilə də neftin qiymətinin ciddi şəkildə
ucuzlaşmasına gətirib çıxarır. Bu baxımdan
da Azərbaycan hökuməti böyük ehtimalla, büdcə
proqnozlarına müəyyən redaktələr etməlidir.
Neftin qiyməti ən azı 65 dollardan götürülməlidir
ki, büdcənin icrası ilə bağlı müəyyən
mənada proqnozların reallaşması, xərclər maddəsinin
həyata keçirilməsi üçün real bir vəziyyət
dəyərləndirilə bilsin. Böyük ehtimalla,
hökumət neftin qiymətinə yenidən baxmalı olacaq.
Digər bir tərəfdən neftin qiymətinin azalması Azərbaycan
üçün hər gün itki deməkdir. Hər bir dollar
ucuzlaşma üçün 100 minlərlə, milyonlarla
dolların itirilməsi deməkdir ki, bu da Neft Fonduna daxil olan vəsaitlərin
azalmasına gətirib çıxarır. Bilirik ki, Azərbaycanın
dövlət büdcəsi əsasən Neft Fondundan transferlər
hesabına və yaxud da neft ixracatı üzrə ixracatdan əldə
edilmiş mənfəət gəlirindən həm də bu
sahəyə tətbiq edilən vergilərdən
formalaşır. Buna görə də hazırda risklər
qalmaqdadır və neftin də qiyməti ucuzlaşmaqda davam
edir"
Millət vəkili Vüqar Bayramovun sözlərinə
görə isə neftin qiymətində mütəmadi
volatillik nümayiş olunur: "Müəyyən dövrlərdə
qiymətin azalmasını,
müəyyən dövrlərdə isə
artmasını müşahidə etmişik. Prezident
seçkilərindən sonra neftin qiymətində azalmalar oldu.
Amma Donald Trump Ağ Evdə fəaliyyətə
başladıqdan sonra biz neftin qiymətinin hətta müəyyən
qədər artmasını müşahidə etdik. Təbii
ki, geosiyasi faktorlar, o cümlədən Rusiya Ukrayna müharibəsi
ilə bağlı aparılan danışıqlar, tələbin
və təklifin dəyişməsi neftin qiymətinə təsir
göstərir, Azərbaycanın fiskal gəlirlərinin 51
faizi qeyri neft sektorunun payına düşür. Eyni zamanda
ÜDM-in 68 faizi isə qeyri-neft sektorunda formalaşır.
Neftin qiyməti Azərbaycan üçün vacib faktorlardan
biridir. Çünki Azərbaycan ixracatının təxminən
80 faizni neft və neft məhsulları təşkil edir. O
baxımdan neftin qiymətinin dəyişməsi ölkəyə
daxil olan valyutanın həcminə təsir göstərir.
Amma əvvəlki illər də göstərir ki, Azərbaycan
neftin, dünya bazar qiymətindəki dəyişikliklərə
çevik reaksiya verə bilir. Xüsusən də biz
Rusiya-Ukrayna müharibəsi dövründə bunu
müşahidə etdik. Bu baxımdan Azərbaycan mövcud həm
rezervlərdən, həm digər alətlərdən istifadə
etməklə neftin bazar qiymətində azalma olarsa, fiskal gəlirlərimizin
digər mənbələr hesabına
formalaşdırılmasına çalışacaq. Eyni
zamanda, artıq dövlət rezervlərimiz 73 milyard dollardan
artıqdır. Amma bununla belə, təbii ki, neftin qiyməti
ölkəyə daxil olan valyutanın həcminə birbaşa
təsir göstərir. Bu da xüsusən də qeyri-neft
sektorunun inkişafı ilə bağlı islahatların daha
da dərinləşməsini prioritetləşdirir".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 13 mart(№47).- S.8.