Yeni dünya düzəni
Bakıda müzakirə olunacaq
Martın 13-15-də Azərbaycan paytaxtı XII Qlobal Bakı
Forumuna ev sahibliyi edəcək
Martın 13-15-də Azərbaycan paytaxtı XII Qlobal
Bakı Forumuna ev sahibliyi edəcək. Builki forum “Dünya
düzəninin yenidən düşünülməsi:
çağırışların fürsətə
çevrilməsi” (“Rethinking World Order: Turning Challenges Into
Opportunities”) mövzusuna həsr olunub.
Tədbirdə bir sıra ölkələrin
hazırkı və keçmiş dövlət və
hökumət başçıları, Nobel mükafatı
laureatları, beynəlxalq təşkilatlar və vətəndaş
cəmiyyətləri də daxil olmaqla, 400-dən çox
nümayəndənin iştirakı gözlənilir. Forumda, həmçinin
Albaniya Prezidenti Bayram Beqay, Şimali Makedoniya Prezidenti Qordana
Silyanovska-Davkova və Monteneqro Prezidenti Yakov Milatoviç də
iştirak edəcəklər. Qeyd edək ki, BMT-nin
Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anhel
Moratinos və BMT-nin Ticarət və İnkişaf üzrə
Konfransının (UNCTAD) Baş katibi Rebeka Qrinspan da
iştirakçılar arasında olacaqlar.
Ümumiyyətlə, Qlobal Bakı Forumu dünya
miqyasında artıq mühüm bir platformaya çevrilib. Hər
il beynəlxalq gündəmin aktual və narahatlıq
doğuran mövzuları, qlobal çağırışlar
Bakı platformasında müzakirə olunur, eyni zamanda
çıxış yolları, həll variantları təklif
edilir. Dünyanın ziddiyyətlərlə,
qarşıdurmalarla çaxnaşdığı, ən
müxtəlif regionlarda münaqişələrin davam etdiyi
bir vaxtda sülhə, sabitliyə çağırış
edən platformalara böyük ehtiyac var. Bakı platforması
məhz bu mərama xidmət edir. Azərbaycan özü
sülhpərvər dövlət olaraq bəşəriyyətdə
sülhə çağırır, bütün
münaqişələrin məhz dialoq, sülh yolu ilə həllini
dəstəkləyir və bu istiqamətdə də əlindən
gələni edir. Bu mənada bir daha Qlobal Bakı Forumunun zəruriliyi
vurğulanmalıdır. Eyni zamanda, bu Forum nadir və əvəzsiz
platforma hesab oluna bilər. Foruma marağın və
iştirakçılığın ildən-ilə artması
onun əhəmiyyətini bir daha vurğulayır.
Ötən il keçirilən və
“Parçalanmış dünyanın bərpası”
mövzusuna həsr olunmuş XI Qlobal Bakı Forumundakı
nitqində Prezident İlham Əliyev bu məqama toxunaraq deyib:
“Hesab edirəm ki, Bakı Qlobal Forumu Davos Dünya İqtisadi
Forumu, Münhen Təhlükəsizlik Konfransı kimi
aparıcı beynəlxalq forumlarla bir cərgədədir.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin potensialı,
iştirakçıların siyahısı baxımından
biz həqiqətən də görürük ki, hər il
Bakıda keçirilən müzakirələr müxtəlif
mühüm beynəlxalq məsələləri daha
yaxşı anlamağa imkan verir. Dünya sürətlə dəyişir.
Əfsuslar olsun ki, yeni qeyri-sabitlik və
qarşıdurma ocaqları meydana çıxır. Ötən
ilin martında müzakirə etdiklərimizlə bu gün
müzakirə etdiklərimizi müqayisə etsək, nəzərəçarpan
dəyişikliklər görərik. Burada geosiyasi dəyişikliklər
baş verir. Ona görə də qlobal əhəmiyyət kəsb
edən məsələlərin həlli üçün bu
gün dünyanın həqiqətən də Nizami Gəncəvi
Beynəlxalq Mərkəzinin üzvlərinin və
iştirakçılarının təcrübəsinə,
biliyinə, onların dövlət, hökumət
başçıları və xarici işlər nazirləri
kimi təcrübəsinə ehtiyacı var”.
Dövlət başçısı ötənilki
Forumda iştirakçıların sayının rekord həddə
olduğunu söyləyib: “XI Forumda 68 ölkədən 400-dən
çox qonaq iştirak edir.
Beləliklə, biz coğrafiyanı da genişləndirmişik
və qonaqlarımız arasında 40-dan çox
hazırkı və sabiq dövlət və hökumət
başçıları var. Bu, həqiqətən də
Forumun nəhəng intellektual potensialına dəlalət
edir”.
Öz növbəsində Nizami Gəncəvi Beynəlxalq
Mərkəzinin həmsədri İsmail Serageldin Qlobal Bakı
Forumunu məxsusi təcrübəyə və müdrikliyə
malik, fərqli rəyləri söyləyən
tanınmış insanları bir araya gətirən unikal
azadlıq məkanı adlandırıb.
Həqiqətən də Bakı Forumu
iştirakçılara müzakirə edilən mövzularla
bağlı azad şəkildə öz fikirlərini ifadə
etmək, fərqli baxışları nümayiş etdirmək
üçün bir tribuna verir.
Xatırlatmaq yerinə düşər ki, Qlobal
Bakı Forumu 2013-cü ildən keçirilməyə
başlayıb. Bu tədbirin təşkilatçısı
olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan
Prezidenti İlham Əliyevin sərəncamına əsasən,
dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri
çərçivəsində 2012-ci il sentyabrın 30-da
böyük mütəfəkkirin vətəni Gəncədə
keçirilmiş xüsusi toplantıda təsis edilib.
Hazırda Mərkəz qlobal problemlərin həlli
yollarını araşdıran və bu barədə dünya
ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq təsisata
çevrilib.
Prezident İlham Əliyevin IX Qlobal Bakı Forumunda
çıxışında bu məsələyə toxunaraq
deyib: “Öz fəaliyyəti ərzində Nizami Gəncəvi
Beynəlxalq Mərkəzi qlobal məsələləri
müzakirə edən və geniş beynəlxalq birliyi öz
sıralarına qata bilən aparıcı beynəlxalq
institutlardan birinə çevrilmişdir”.
Bu illər ərzində Qlobal Bakı Forumu müstəvisində
aparılan müzakirələr, irəli sürülən təşəbbüslər
dinlərarası dialoq, miqrasiya, multikulturalizm və inteqrasiya,
enerji təhlükəsizliyi kimi məsələləri aktual
saxlamağa, bu sahələrdə çətinliklərin
aradan qaldırılması ilə əlaqədar qlobal əhəmiyyətə
malik qərarların qəbuluna yardım göstərib.
Forumlarda keçirildiyi dövrün reallıqlarına
uyğun olaraq, müxtəlif məsələlər ətrafında
müzakirələr aparılır.
Bu gün Azərbaycan həm də multikultural
mühiti ilə tanınır. Dövlət
başçısının söylədiyi kimi,
multikulturalizm Azərbaycanın dövlət siyasətidir:
“Azərbaycan dünyada multikulturalizm mərkəzlərindən
biri kimi tanınır. Bunun tarixi kökləri var. Əsrlər
boyunca Azərbaycan müxtəlif dinlərin və etnik
qrupların nümayəndələrinin sülh və əmin-amanlıq
şəraitində yaşadığı yer olub. Biz fəxr
edirik ki, müstəqilliyimiz bərpa olunandan sonra bu meyl
gücləndi. Biz bu ideyaları qlobal arenada təbliğ etməyə
çalışırıq. Ona görə də biz
çoxsaylı tədbirlər, beynəlxalq konfranslar, mədəniyyətlərarası
dialoq forumu, dünya dini liderlərinin forumu, BMT Sivilizasiyalar
Alyansının forumu, Bakı Humanitar Forumu və bir çox
başqa beynəlxalq tədbirlər təşkil edərək,
xüsusilə fərqli fikirlər gördüyümüz
zaman əsas diqqəti multikulturalizmlə bağlı məsələlərə
yönəldirik.
Azərbaycanın nümunəsi açıq şəkildə
nümayiş etdirir ki, multikulturalizm dünyanı inkişaf
etdirməyin, gərginlikləri azaltmağın, əməkdaşlığı
və qarşılıqlı anlaşmanı gücləndirməyin
yeganə yoludur”.
Builki Forumda iqlim dəyişikliyi və onun qlobal təsirləri,
Azərbaycanın bu sahədə gördüyü işlər
də diqqət mərkəzində olacaq. Məlumdur ki, bu
gün iqlim dəyişikliyi dünyanı narahat edən əsas
qlobal problemlərdən birinə çevrilib. İqlim dəyişikliyinin
fəsadlarını azaltmaq üçün müxtəlif
platformalarda müzakirələr aparılır. Bu,
bütün dünyanı narahat edir. Amma əsas platforma
COP-dur. Ötən il Azərbaycan çox böyük
uğurla COP29-a ev sahibliyi etdi və konfransın nəticə
ilə yekunlaşması üçün səylə
çalışdı. COP tarixində Azərbaycanın sədrliyi
yeni bir tarix yazdı. Belə ki, Bakı Maliyyə Məqsədi
(BMG) barədə razılıq əldə olundu. Bu da 2035-ci
ilə qədər hər il inkişaf etməkdə olan
ölkələrə 1,3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi
nəzərdə tutur. Paris Sazişinin 6-cı maddəsi tam təsdiq
olundu. Bu, COP29 Sədrliyinin əsas prioritetlərindən biri
idi. 6-cı maddə ilə bağlı yekdilliklə qəbul
edilən qərarlar ətraf mühitin
bütövlüyünü, şəffaflığı və
karbon bazarlarının möhkəmliyini təmin etməkdə
mühüm rol oynayacaq.
İtki və Zərər Fondu tam şəkildə
institutlaşdırıldı. Fonda ölkələr tərəfindən
vəd edilən maliyyə vəsaitinin həcmi 730 milyon
dollardan çoxdur. Nəhayət, Bakı Adaptasiya Yol Xəritəsi
yaradıldı.
Qeyd edək ki, martın 12-də Prezident İlham
Əliyevin qəbulunda olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
həmsədrləri Vayra Vike-Freyberqan və İsmail Serageldin
iqlim gündəliyi və iqlim maliyyələşdirilməsi
ilə əlaqədar çox vacib qərarların məhz
Bakıda qəbul olunduğunu vurğulayıblar.
Milli Məclisin deputatı Ceyhun Məmmədov
mövzu ilə bağlı “525”ə deyib ki, təməli Ulu
öndər Heydər Əliyev tərəfindən qoyulan və
Prezident İlham Əliyev tərəfindən həyata
keçirilən siyasət nəticəsində bu gün Azərbaycan
dünyada tolerantlığın və multikulturalizmin mərkəzlərindən
birinə çevrilib. Deputat əlavə edib ki, ölkəmiz
artıq neçə illərdir ki, nüfuzlu beynəlxalq tədbirlərin
keçirildiyi bir platforma məkanı kimi tanınır: “Qlobal
forumlar ölkəmizdə davamlı olaraq keçirlir.
Növbəti 12-ci Qlobal Bakı Forumu öz işinə
başlayır”.
Deputat deyib ki, bu gün dünyanmız heç zaman
olmadığı qədər ağır və mürəkkəb
bir mərhələyə, dövrə daxil olub: “Bu dövrdə,
bu mərhələdə qarşımızda dayanan ən
vacib, ən önəmli məsələlərdən biri də
bizim dünyanın sabitləşməsinə, dünyada əmin-amanlığın
bərqərar olmasına, möhkəmlənməsinə verə
biləcəyimiz töhfələrdir. Bu gün Azərbaycan
tolerantlıq, multikulturalizm, dinlər və mədəniyyətlərarası
dialoq baxımından olduqca önəmli bir ölkəyə
çevrilib. Bu gün Azərbaycan bu sahədə bir nümunədir.
Ölkəmiz qeyd edilən sahədə dünyaya öz
töhfəsini verməkdədir.
Yəni davamlı olaraq müxtəlif qlobal forumlar,
müxtəlif görüşlər, tədbirlər vasitəsilə
Azərbaycan bu sahəyə, bu istiqamətə öz töhfəsini
davamlı olaraq verir. Əminik ki, digər forumlar kimi, 12-ci
Qlobal Bakı Forumu da prosesə mütləq şəkildə
öz töhfəsini verəcək və ölkəmizin
inkişafını təmin edəcək”.
Pərvanə
525-ci qəzet .- 2025.- 13 mart(¹47).- S.5.