Laçının
özü kimi...
PROFESSOR ŞİRİNDİL ALIŞANLININ VƏFATININ
İLDÖNÜMÜNƏ
Hər şey ondan başladı ki, hərbi xidmətdən
qayıdandan sonra ixtisasıma uyğun iş axtarmağa
başladım. Döymədiyim qapı,
boylanmadığım pəncərə qalmadı. Və bu
qapıların, pəncərələrin o biri üzündə
xeyli daş ürəklər, soyuq baxışlar
gördüm. Arzularımın
üşüdüyü, ümidlərimin donduğu
soyuq günlərin birində görkəmli tənqidçi, ədəbiyyatşünas
alim kimi yalnız mətbuatdan, televiziyadan
tanıdığım, sonralar isə hər gün
adını dəfələrlə və minnətdarlıqla
çəkdiyim professor Şirindil Alışanlının
qapısını döydüm.
Utana-utana, sıxıla-sıxıla, amma ümidlə!
Mən Universiteti nəşriyyat redaktoru ixtisası üzrə
bitirmişdim, Şirindil müəllim isə "Elm" nəşriyyatının
direktoru idi...
Şirindil Alışanlı məni "Elm" nəşriyyatına
işə götürmədi. Amma mən həmin günü
həyatımı dəyişən gün sayıram. "Səni
nəşriyyata işçi yox, özumə aspirant
götürəcəyəm, müdafiə edəcəksən"
- dedi Şirindil müəllim. Açığı, bu, mənim
üçün inanılmaz idi. Bu, mənim qarşımda
açılan yeni bir üfüq idi. Həmin gün ən əsası
mənə ona görə doğmadır ki, Şirindil
Alışanlı kimi bir insanı, parlaq şəxsiyyəti
tanıdım, onunla bərabər bir yola çıxdım.
Şirindil müəllim mənim üçün yalnız
elmi rəhbər olmadı, bir insanın övladına,
qardaşına, əzizinə etdiyindən artıq
qayğı göstərdi, amma tələbkarlığından
da qalmadı.
Unudulmaz, yeri hər zaman görünən Şirindil
müəllim bu gün mənim üçün bir
meyardır. Dostluğun, mərdliyin, əyilməzliyin,
kişiliyin, sədaqətin meyarı! Şirindil
Alışanlı olmaq - ədalətli olmaq deməkdir, cəsarətli
olmaq deməkdir, haqsevər, dürüst, vicdanlı olmaq deməkdir.
Bir sözlə, ŞİRİNDİL ALIŞANLI olmaq
-İNSAN olmaq deməkdir!
2022-ci ilin payızında dostlarla Şirindil müəllimin
70 illik yubileyini qeyd elədik. Təntənəli və dəfələrlə.
Həm də sevinclə. Ona görə təntənəli və
sevinclə ki, bu yubiley ustadımın ən gözəl
yubileyi idi. Doğulduğu Laçın azad idi. Vətən
müharibəmiz tarixi Zəfərlə bitmişdi.
60 illik, 65 illik yubileylərində gözlərində
ağır bir nisgil var idi ustadımın. İndi gözləri
fərəhdən parlayırdı. İndi bu əzəmətli,
dağ vüqarlı kişi daha əzəmətli
görünürdü - azad Laçının özü
kimi! Bu yubileyi Şirindil müəllim üçün
laçınlı ömrün yeni doğuluşu
adlandırdıq. Ona uzun, sağlam ömür arzuladıq...
Deyir, sən saydığını say...
Professor Şirindil Alışanlını 70 illik
yubileyindən az sonra itirdik. Sinəmizə dağ çəkdi
Şirindil müəllim. Həmin gündən o qədər
sarsılmışam ki, bu gün də bu ağrının,
itkinin təsirindəyəm. Yəqin ki, bu ağrı
bütün ömrüm boyu mənimlə olacaq.
Ötən yay doğma Laçınımıza
getdim. Azad Laçınımıza. Əhmədli kəndini də
ziyarət elədim. Unudulmaz Hüseyn müəllimin,
ustadım Şirindil müəllimin gəzdiyi yerləri gəzdim,
su içdikləri bulaqlardan su içdim. Doğma yurdunda bir
daha rəhmətlə, həm də bitməyəcək bir həsrətlə
xatırladım bu gözəl, əvəzsiz, unudulmaz insanları.
Əziz Şirindil müəllim, mənə elə gəlir
ki, mənim Sizə olan bağlılığım yalnız
elmi rəhbər - aspirant münasibətləri deyil, daha uca
bir məqamdır. Mən o məqamı ifadə etməyə
söz tapmırdım. Dostumuz Aslan Salmansoy bu barədə
danışanda: "Sizin münasibətləriniz elmi rəhbər-aspirant
münasibətləri deyil, mürid-mürşid münasibətləridir"
- dedi. Açığı, bu mənim çox xoşuma gəldi,
ürəyimcə oldu. Sizə də demişdim bunu. Siz də
çox bəyəndiniz bu məqamı. Məqamınız,
məkanınız cənnət olsun, əziz müəllimim.
Ruhunuz qarşısında baş əyir, sonsuz
ehtiramımı bildirirəm.
Ələmdar CABBARLI
Bakı Dövlət Universitetinin dosenti, filologiya
üzrə fəlsəfə doktoru
525-ci qəzet .- 2025.- 14 mart(№48).- S.16.