Nə
üçün?
BÜTÜN MÖVCUDLUQLARI YARADAN UCA TANRIM, SƏNİN
DƏRGAHINA ÜZ TUTURAM
SƏNİN varlığına mütləq inanan, hər
zaman SƏNƏ sığınan, SƏNƏ
şükürlü olan bir insan kimi SƏNDƏN öyrənmək
istədiyim bir çox şeylər var. Verəcəyim bir
çox suallara görə SƏNDƏN sonsuz dəfələrlə
üzr istəyirəm. Verəcəyim suallar saymazlıqdan irəli
gəlmir. Sadəcə dünən, bu gün baş verənlərin
və sabah baş verəcəklərin bir çoxunun
yaratdığın dünyalar sisteminin ahəngini
pozacağından, bəşəriyyətin mövcudluğunu
təmin edən təbiətin və onun sayəsində
mövcud olan bəşəriyyətin məhv
olacağından qorxaraq bu sualları ünvanladım. Mənə
cavab verməyə də bilərsən. Haqq sahibi SƏNSƏN!
Ədalətinə, mərhəmətinə, dərkə
sığmayan müdrikliyinə inanaraq suallarımı SƏNƏ
ünvanlamağı özümə borc bildim. Əgər
suallarımla səni incitmiş olsam, mənə istənilən
cəzanı verə bilərsən. Mənə yaşam
imkanını verən də SƏNSƏN, bu yaşamı
almaq haqqı da SƏNƏ məxsusdur!
Suallara keçməzdən öncə gözəl
dünyamızı, insanlığı yaratdığın
üçün sonsuz təşəkkürümü bildirirəm.
Cənnət olan Azərbaycanı, böyük şərəf
tarixi, mədəniyyəti olan xalqın övladı
olmağı mənə bəxş etdiyin üçün SƏNƏ
minnətdaram. Böyük və müdrik xalqıma bənzərsiz
dahilər, müdriklər və qəhrəmanlar bəxş
etdiyin üçün SƏNƏ minnətdaram! Bu gün
qürur yerimiz olan qüdrətli Azərbaycan dövləti
üçün SƏNƏ minnətdaram! Xalqıma misli
görünməmiş qalibiyyət, ölkəmizə tam
suverenlik bəxş etdiyin üçün təşəkkürə
yetərli ola biləcək ifadələr tapmaq çətindir.
Bircə bunu deyə bilərəm ki, bu ifadələrin
hamısını deyə bilsəydim, bu günə qədər
dünyada yazılmış təşəkkürlər
toplusundan çox olardı və mən bu çoxluğa
sonsuzluq deyərdim.
İndi də sonsuz üzrxahlıqla suallara keçid
alıram.
Nə üçün xeyir və şəri əkiz
yaratdın? Nə üçün insanlıq tarixi bu qədər
qanlı tarixdir? Nə üçün bugünkü qanlı
dünyanı və onun bir hissəsi olan bəşəriyyəti
məhvə aparanlar yarandı? Dünyanın əşrəfi
saydığımız insanın getdikcə vəhşiləşən
hissəsinin sürətlə artmasının səbəbi nədir?
Nə üçün sevindirənlər azalır,
ağladanlar çoxalır? İnsanlar nədən gözəl
ünsiyyətdən, güzəşt etmək,
bağışlamaq, əl tutmaq kimi ali dəyərləri
itirməyə doğru gedir? Mənəviyyat
anlayışının yox olmaq təhlükəsi var.
İnsanlar maddiyyət əsirinə çevrilir, onu digər
canlılardan fərqləndirən ucalıq təminatçısı
qəlbdən məhrum olur. Nədən?
Dostluq dəyərləri yox olmaqdadır. SƏNƏ
agahdır ki, dost sözü türklərin müqəddəs
qəbul etdiyi dörd varlığın adlarının ilk hərflərindən
yaranıb (dəmir, od, su, torpaq). Dost dostu mütləq saf dəmir
kimi möhkəm, paslanmayan, od hərarəti, su
paklığı, torpaq bərəkəti ilə sevməlidir.
İndi bu dostluğun itmək təhlükəsi var. Nədən
belə oldu? Dostluğa xəyanət baş alıb gedir. Nədən?
Özün bilirsən ki, dost adı altında gizlənib
dosta xəyanət edən dünyada mövcud olan düşmənlərin
ən təhlükəlisidir. Bu təhlükə ondandır
ki, dost bildiyin adamın nə vaxt xəyanət edəcəyini,
səni nə vaxt arxadan vuracağını bilmirsən, dost xəyanətinin
olacağını düşünmədiyindən insan bu xəyanətlərə
hazır olmur. Təhlükə bundadır. Dost sözü
çox adiləşib, adi ünsiyyətdən də az mahiyyət
daşımağa gedir. Bu, insanlığın fəlakətinin
yaxınlaşdığına işarədir. Nə
üçün dostluğa sədaqətsiz olan insanların
artmasına dur demirsən? Bəşəriyyətə bu ali dəyəri
itirməmək çağırışını etməməyinin
səbəbi nədir?
Bəşəriyyət ANA müqəddəsliyini
itirməkdədir. ANA təhqir olunur, övladlar SƏNİN
Yerdə ən müqəddəs nümayəndən olan ANAYA
asi düşürlər. İnsanlar süni insan yetişdirmək
kimi dəli bir yola çıxmaqdadır. Nə
üçün dur demirsən? ANAYA asi düşmək, onu təhqir
etmək, SƏNƏ asi düşmək, SƏNİ təhqir
etməkdir. Nə üçün belə yolunu azanlara, asilərə
dur demirsən?
ANA, ATA qocalar evinə atılırsa, işgəncələrə
məruz qalırsa, bu fəlakət deyilmi? SƏNİN izninlə
hər bir kəsə həyat verən ANA, ATA nə
üçün təhqir olunmalıdır,
unudulmalıdır? Nə üçün kimsəsizlər
evləri sürətlə çoxalır?
Uşaqlarını uşaq evlərinə atanların sayı
dəhşətli dərəcədə artmaqdadır. Bu fəlakət
deyilmi?
Qonşuluq mədəniyyəti fəlakətli dərəcədə
itməkdədir. "Yaxın qonşu uzaq qohumdan dəyərlidir"
məfhumu öz mahiyyətini itirməkdədir. Nədən?
Axı qonşuluq bir-birinə əl tutmaq, bir-birinə
həyan olmaq, ehtiyac olduqda olan maddiyyətləri, sevinci, kədəri
paylaşmaq kimi yaşam qaydalarını yaradır.
İnsanın daha rahat, güvənli yaşamını təmin
edir. Qonşular arasında üstü görünməz
daş hasarların yaradılması, qonşulara
etinasızlıq yaşam şərtlərini ağırlaşdırmağa
aparmırmı?
Qonşu demişkən: Necə oldu ki, bizim
xalqımızın payına uşaq qanı içən,
insanları diri-diri divarlara hörən, qadın kürəyinə
qaynar samovar bağlayan, insanların başını kəsməkdən
zövq alan bir xalqı bizə qonşu etdin? İnsan bu qədər
vəhşi olarmı?
Nə yaxşı ki, dövlətimiz, xalqımız
bu vəhşiliklərə son qoydu, müqəddəs
torpaqlarımız geri qayıtdı, suverenliyimiz bərpa
olundu. Minlərlə şəhidlərimiz, on minlərlə
qazilərimiz bu qalibiyyətin qəhrəmanlarıdır. SƏNDƏN
ən ali bir ricam var. SƏNİN dərgahında şəhidlərimizin
yaşamını cənnətlik et. Şəhid
analarının sağlam və uzunömürlü
olmalarında səxavətini əsirgəmə.
Nəhayət, son sualım: Nə üçün
müəllim müqəddəsliyi itməkdədir? İnsan
dərk edəndə, dərk ilə qərar qəbul edəndə,
dərk ilə yaşayanda rahat və xoşbəxt
yaşayır. Dərki öyrədən müəllimdir.
Müəllim müqəddəs deyilmi?
Nadanlar dünyasında yaşamın dəhşətli
olduğunu bilirsən. Əgər belədirsə, müəllimi,
insanlıq məbədi olan məktəbi sevmək hissini
insanlara qaytar. SƏNDƏN son dərəcə acizanə
şəkildə istədiyim budur.
Məktəb-elm-tərəqqi-sivillik-firavan həyat
ardıcıllığını SƏN və MÜƏLLİMLƏRİM
mənə öyrətdiniz. Elə et ki, bu
ardıcıllıq itməsin. SƏNƏ verdiyim suallara
görə üzrxahlıq etməyi özümə borc
bildim.
Bu suallar əslində böyük insanlıq toplumunun
hamısına veriləcək suallar idi. Ola bilsin ki, bu
sualların bir çoxu insan fərdlərinin, bəzi insan
toplumlarının xoşuna gəlməzdi. Odur ki, SƏNƏ
sığındım, sualları SƏNƏ
ünvanladım. İnanıram ki, səhv etmədim.
Qoyduğum sualların həllində bəşəriyyətə
yardımçı olacağına özüm qədər əminəm.
SƏN yaradansan, SƏN yaşadansan, SƏN
bağışlayansan, SƏN ədalətlisən!..
Vaqif ABBASOV
Akademik
525-ci qəzet .- 2025.- 14 mart(№48).- S.15.