Atalar sözlərində səhv
axtaran "Səlim müəllim"lər
Atalar sözləri şifahi xalq ədəbiyyatının
epik növünün ən qədim janrlarından biridir. Onlar
əsrlərin sınağından
çıxmışdır. Xalq mədəniyyətinin, zəkasının,
həyat təcrübəsinin bədii ifadəsidir. Xalqın
həyat təcrübəsini, mənəvi dəyərlərini
və hikmət dolu düşüncələrini qısa ifadələrlə
gələcək nəsillərə çatdıran
müdrik deyimlərdir. Böyük bir hikmət xəzinəsidir,
yaşam, həyat və davranış stereotipləri
haqqında informasiya ilə dolu bir əxlaq kodeksidir. "Atalar
sözü - elin gözü", "Atalar sözü -
sözün düzü və söhbətin
düzüdür". Günbəgün dəyişən
dünyada, dəyişməyən qaydalardır. Xalq əzəl-başdan
öz atalar sözlərini yazılmamış kitab ayələri
kimi qavrayıb.
Təxminən 45-50 il bundan öncə bir kitabda (təəssüf
ki, kitabın müəllifi və adı yadımda
qalmayıb) belə bir ifadə oxumuşdum: "Səlim
müəllim son vaxtlar kitablarda səhvlər tapmağa
başlayıb". İndi də bəziləri Səlim
müəllim kimi, sosial şəbəkələrdə, mətbuat
səhifələrində və bəzi tədqiqat əsərlərində
atalar sözlərinin "təftişini" aparır,
"ataların" bəzi yanlışlıqlara yol verdiklərini
göstər, "səhvlər" axtarırlar. Hətta
"tapırlar da". Məsələn,
son illər "İlanın zəhləsi yarpızdan gedər,
o da yuvasının ağzında bitər", "Şərikli
malın olunca şərikli arvadın olsun", "Yol
böyüyün, su kiçiyindir", "Eşşək
nə bilir zəfəran nədir", "Düz düzdə
qalar", "Tələsən təndirə düşər",
"Bəlkəni əkiblər bitməyib" və digər
bu qəbildən olan onlarla atalar sözlərinin təhrif və
ya səhv olduğu, fikri çaşdırıb yanlış
səmtə yönəltdiyi iddia edilir.
Açığı, maraqlı prosesdir. Amma təəssüf
doğuran odur ki, bu iddialar irəli sürülən zaman hərə
öz arşınını işə salır, ancaq öz
mülahizələrini doğru hesab edir, demək olar ki, ilkin
mənbə və istinadları göstərmirlər. Məsələn,
bəziləri deyir ki, bizim tez-tez işlətdiyimiz "Şərikli
malın olunca, şərikli arvadın olsun" atalar
sözünün əsli "Şərikli malın olunca,
şərikli arvatın olsun"dur. Burda "arvat"
sözü "çəki daşı" kimi mənalandırılır.
Yəni şərikli malın olunca, şərikli çəki
daşın olsun. Nə dəyişdi ki?! Yenə şərikli
(ortaqlı) maldan söhbət gedir də. Halbuki ifadələrdə
şərikli malın olması pislənilir. Üstəlik,
"arvat" sözünün mənasının çəki
daşı olmasını təsdiq edən heç bir mənbə
yoxdur (biz belə məlumatı tapa bilmədik). Bəlkə də,
hansısa dialektdə çox məhdud coğrafiyada bu söz
işlənib. Amma onun xalqın yaratdığı atalar
sözünün tərkibində ümumişlək söz
hüququ qazanması inandırıcı deyil. "Şərikli
malın olunca, şərikli arvadın olsun" atalar
sözünün mənası isə odur ki, şərikli
arvadın olması kişi üçün nə qədər
təhqiramiz haldırsa, şərikli malın olması da o qədər
pisdir. Bunun nəyi və harası səhvdir?! Sadəcə
olaraq bir az sərt deyilib.
Bir digər nümunə. Deyirlər ki, "Düz
düzdə qalar" atalar sözünün orjinalı
"Düz düz də qalar"dır. Yenə orijinal mənbə
göstərilmir, şəxsi düşüncəyə istinadən mülahizə irəli
sürülür. Bəs "Düz düzdə
qalar"ın nəyi səhvdir?! Bəyəm, az
görümüşük ki, düz adam çox vaxt ortada
(düzdə) tək qalır. Müxtəlif səbəblərdən
(qorxudan və s. səbəblərdən) çoxları ondan
uzaqlaşmırmı?! Amma qələm əyri yonulsa da,
düz yazdığı kimi, həqiqi düz adam da öz düzlüyündə
qalır. Bizcə, burda mahiyyətcə hər iki variant
düzdür. Sadəcə olaraq, variantlaşma baş
vermişdir. Bu fikri eyni ilə "Eşşək nə bilir
zəfəran nədir / Eşşək nə bilir zər
palan nədir"; "Tələsən təndirə
düşər / Tələsən tərsinə düşər
/ Tələsən tələyə düşər";
"Bəlkəni əkiblər bitməyib / Bəlgəni əkiblər
bitməyib" paralelləri haqqında da demək olar.
Unutmayaq ki, atalar sözlərində varinatlaşma
qanunauyğun hal, həm də onların konstitutiv xüsusiyyəti
kimi qəbul edilir.
Bəzi atalar sözlərində isə dəyişmə
orijinal faktlarla müqayisədə öz təsdiqini tapır.
Məsələn, "İlanın zəhləsi yarpızdan
gedər, o da yuvasının ağzında bitər" atalar
sözünün əsli "İlanın zəhləsi
yarbuzdandan gedər, o da yuvasının ağzında bitər"
kimidir. Həmin atalar sözü XI əsrdə
yaşamış M.Kaşğarinin məşhur
"Divani-lüğatit-türk" əsərində belə
qeyd olunub: "İlan yarbuzdan qaçar, qanca barsa, yarbuz
ötrü gəlir". Burda "yarbuz" (manqust) səhralarda
yaşayan, əsasən quş, xırda gəmirici və
ilanlarla qidalanan yırtıcıdır. Və ilanın ondan -
öz düşmənindən zəhləsinin getməsi
tamamilə təbiidir. Siz də təsdiq edərsiniz ki, indi
daha çox "İlanın zəhləsi
yarpızdan gedər, o da yuvasının ağzında bitər"
ifadəsindən istifadə edirik. Onu da deyək ki, yuxarıda
adı çəkilən lüğətdə "yarbuz"
sözünün digər mənası bu gün bizim
"yarpız" adlandırdığımız bitkinin
adıdır. Və artıq sübut edilmişdir ki, ilanın
yarpızdan da zəhləsi gedir. İlanın yarpızdan zəhləsinin
getməsinin əsas səbəbi isə yarpızın ona pis
təsir edən kəskin qoxusudur. Beləliklə, aydın
olur ki, "İlanın zəhləsi yarpızdan gedər, o
da yuvasının ağzında bitər" atalar sözü
tam məntiqi əsasda formalaşıb. Qətiyyən, qədim
"İlanın zəhləsi yarbuzdan gedər, o da
yuvasının ağzında bitər" atalar
sözünün təhrif olunmuş forması deyil, onun yeni,
həm də çox işlək variantıdır.
Bəzən atalar sözlərində
ulularımızın bizə çatdırmaq istədikləri
mənanı tapmaq o qədər də asan olmur. Bunun
üçün "mənanı daha dərindən başa
düşmək bacarığına sahib olmaq" əsas
şərtdir. İ.Abbasovun "Atalar nə deyibsə, düz
deyib... yaxud "əlində qayçı" qoyun otarmaq nə
deməkdir" başlıqlı yazısında dediyi kimi,
"...insanlar sadəcə bir amili nəzərdən
qaçırırlar ki, atalar sözləri hər şeydən
əvvəl bədii düşüncə məhsuludur və
məcazi obrazlar, rəmzi deyimlər hesabına
formalaşır... Atalar sözünün məğzində,
mayasında hifz edilən dərin mənanı, müdrik fikri
tam anlamaq, dərk etmək üçün insandan, doğrudan
da, müəyyən bir düşüncə potensialı,
mütaliə səriştəsi tələb olunur və nəhayətdə
başa düşürsən ki, atalar nə deyibsə,
düz deyib".
Bəzən əks mənalı (məsələn,
"Dama-dama göl olar (M.Kaşğaridə belədir:
"Birin-birin minğ bolur, tama-tama köl bolur") // Quyuya su
tökməklə sulu olmaz" və ya "Bu günün
işini sabaha qoyma // Tələsən təndirə
düşər" və s. atalar sözlərini "əsas"
gətirən bir qrup yenə ataların səhv etdiklərini
bildirir. Hətta yazırlar ki, "bir ata deyən, başqa
atanın dediyi ilə düz gəlmir". Amma nəzərə
almırlar ki, hər bir atalar sözünün istifadə
olunduğu məkan, şərait, zaman və məqam fərqli
olur, bəzən bu zaman hətta variantları da bir-birini əvəz
edə bilmir. Əks dedikləri, səhv saydıqları atalar
sözləri də belədir. Nümunələrə diqqət
edək. Alqı-satqı zamanı məbləğin cüzi
olduğunu düşünüb kassa çekini almayana
kiçik şeylərin zamanla çoxalaraq böyük
işlərə vasitə ola bilcəyini anlatmaq
üçün "Dama-dama göl olar" atalar
sözünü xatırlada bilirik. Burda "Quyuya su tökməklə
sulu olmaz"ı işlətməyin yeri yoxdur. Həmin atalar
sözünü mədəniyyətsiz, etikadan kənar hərəkətlər
edən, inadkar, öz tutduğunu buraxmayan birinə verilmiş
nəsihət və məsləhətlərin nəticəsiz
qaldığını görəndə işlədirik. Burda
da "Dama-dama göl olar" atalar sözünün işlədilməsi
qeyri-mümkündür. Deməli, bu hər bir atalar
sözünün özünün işlənmə məqamı
və şəraiti var. Burdan da görünür ki, həmin
atalar sözləri bir-birinə əks olsa da, biri digərini təkzib
etmir, hərəsi öz məqamında işlədilir. Beləliklə,
"bir ata deyən, başqa atanın dediyi ilə düz gəlmir"
iddiası tamamilə absurddur.
"Qarın
qardaşdan irəlidir" kimi atalar sözlərinə istinadən
"ataların" öz mülahzələrində səhvə
yol verdiklərini, insanları yanlış yönəltdiklərini
iddia edənlər də var. Bunlar İ.Abbasovun yuxarıda
adı çəkilən məqaləsində
yazdığı kimi, nəzərə almırlar ki,
"...bu vahidlərə formal məntiq prinsipləri ilə
yanaşıb onlardan həmişə öyüd-nəsihət
məzmunu gözləmək sadəlövhlük olardı.
Atalar sözləri məzmunca xalq bədii təfəkkürünün
bütün genişliyini və rəngarəngliyini əks
etdirməyə qadirdir. Məsələn, onların
sırasında ironiya, hətta sarkazm məzmunlu nümunələrə
də rast gəlmək mümkündür. Yuxarıda göstərdiyimiz
nümunədə də belədir. Təsəvvür edin ki, əlində
yemək yeyən qardaşa həmin anda çox təcili xəstə
qardaşına yardım etmək təklif olunur. O isə deyir
ki, qoy, yeməyimi yeyim kömək edərəm. Bu vaxt ona
istehza ilə "Qarın qardaşdan irəlidir?" (burda
intonasiya xüsusi əhəmiyyət kəsb edir) deməyib, nə
deyəsən?! Deməli, yenə də hər şey zamandan və
məqamdan asılıdır. "Heç bir xüsusi
faydası olmayan" atalar sözləri yoxdur. Atalar nə
deyiblərsə, düz deyiblər. Sadəcə olaraq,
sonrakı nəslin nümayəndələri onların bəzilərini
kobud şəkildə təhrifə məruz qoyublar.
Həvəskar tədqiatçılar (əsl tədqiqatçılar
deyil) bəzən unudurlar ki, folklor mətnləri, o cümlədən
atalar sözləri qeyri-sabit və çoxvariantlı olur.
Çoxusu həyati təcrübəyə əsaslanan əxlaqi-tərbiyəvi
nümunələrdir. Müxtəlif dövrlərdə,
müxtəlif məkanlarda və müxtəlif şəraitdə
yarandığı üçün də müxtəlif təbəqələrin
dünyagörüşünü, təcrübə və
arzusunu ifadə etmişdir. Və hərə onu bir cür
söyləmişdir. Onların təhrif olunmuş hesab etdikləri
və yanlış saydıqları atalar sözlərinin əksəriyyəti
orijinalların əsasında formalaşmış
variantlardır. Bunları ucdantutma "təhrif"
adlandırmaq, səhv hesab etmək günah olar. Çünki
obrazlı desək, "Quran" yanında gedən" hər
bir atalar sözünün özünə məxsus bir məqamı
və bir yaradılış hekayəsi var. Biri digərini
inkar etmir.
Onu da unutmaq olmaz ki,
variantlaşma atalar sözlərinə xas olan əsas əlamətlərdən
biridir. Ş.Nağıyeva özünün
"Paremiyaların formal xüsusiyyətləri" məqaləsində
göstərir ki, atalar sözlərinin variantlaşması həm
dildaxili, həm də dilxarici amillərlə əlaqəlidir.
Dildaxili variantlaşma tipində çox vaxt onların tərkibindəki
leksik vahidlərin dəyişməsi, yaxud sintaktik
quruluşunda qismən dəyişiklik edilməsi əsas rol
oynayır. Bu zaman ümumiləşdirilmiş məna
saxlanılır. Məsələn, "Tələsən təndirə
düşər / Tələsən tərsinə düşər
/ Tələsən tələyə düşər; Dərd
dərd üstündən gələr / Bəla bəla
üstündən gələr" və s. Nümunələrdəki
təndirə / tərsinə / tələyə; dərd / bəla
əvəzlənmələri buna misal ola bilər.
Variantlaşmada dilxarici amillər dedikdə isə
dil-cəmiyyət əlaqəsi nəticəsində yaranan
sosial faktorlar nəzərdə tutulur. Hansı ki, belə
atalar sözlərində variantlılığın
yaranmasında zaman və məkan fərqləri ciddi rol
oynayır. Məsələn, "Yeməyin ustası, işləməyin
xəstəsi" - "Yemək görəndə hamıdan
irəli, iş görəndə hamıdan geri"; "Kəfənə
bürün elinən sürün - Kəfənə
bürün qəbirə sürün" və s.
Əlbəttə, biz bəzi atalar sözlərinin
zaman keçdikcə müstəqim mənasından
uzaqlaşmasını və tamamilə fərqli şəklə
düşməsini, fərqli məna kəsb etməyə
başlamasını inkar etmirik. Bunun səbəbi isə
yuxarıda yazdığımız kimi, onların müxtəlif
zaman kəsiyində müxtəlif təbəqələrin
dünyagörüşünü, təcrübə və
arzusunu ifadə etməsi və hərənin onu bir cür
söyləməsidir. Bunları "Atalar üçdən
deyib", "Yol böyüyün, su kiçiyindir" və
digər atalar sözlərinin nümunəsində də
görmək olar. "Atalar üçdən deyib"
"Oğuznamələr"də "Atalar ucacan deyib"
kimi qeydə alınıb, bu da "bir işi axıradək
get" mənasındadır. Bu atalar sözünün
hazırkı variantı da müdriklik məzmununa malikdir. Bunu
birinci dəfə uğursuzluğa düçar olanlara
"Atalar üçdən deyib" deməklə mübarizəyə
ruhlandırmaq baxımından deyirik. "Yol
böyüyün, su kiçiyin" isə qədim
"Oğuznamələr"də "Yol uluqun, suç
kiçiqin" formasında qeyd olunur. Yəni kiçik
günah işlətsə də, böyük onu
bağışlamalı və düz yol göstərməlidir.
Gəlin etraf edək ki, bu atalar sözünün sonradan
formalaşan variantı da az tərbiyəvi əhəmiyyət
kəsb etmir.
Etiraf edək ki, "yontulmamış",
yaradıcı dil və ifadələrlə buxovlanmayan", fikri
çaşdırıb yanlış səmtə yönəldən,
ziddiyyətli, defektli atalar sözlərinə çox nadir
hallarda da olsa, təsadüf olunur. Məsələn, "El
üçün ağlayan iki gözdən olar", "Gecənin
xeyrindən gündüzün şəri
yaxşıdır", "Arvadın saçı uzun olar,
ağlı gödək", "Qızını döyməyən
dizini döyər", "Şər deməsən, xeyir gəlməz" və s.
XX əsrin 20-ci illərinədək belə atalar
sözlərinə təkəmseyrək təsadüf olunub.
Sovet dövründə isə bu cür halların sayı
xeyli artmışdı. Çünki həmin dövrdə nəşr
zamanı atalar sözləri ciddi "senzura cərrahiyyəsinə
uğradılmış" (R.Hüseynov), onların bir qismi
ideoloji mülahizələr baxımından (məşhur
"Qaragilə" mahnısında "Təbrizin
yolların dolanbadolan" misrasının dəyişdirilərək
"Şəhərin küçələri dolanbadolan"
edildiyi" kimi) kobud təhriflərə məruz qoyulmuş,
kommunist ideologiyasının meyarlarına uyğun şəkildə
"islah edilmiş", xalq müdrikliyinin örnəyi əvəzinə
mənasız söz yığını kimi təqdim
olunmuşdur (Ə.Hüseynzadə). Fikrimizcə, indi deffektli
hesab etdiyimiz bəzi bir sıra atalar sözlərinin mövcud
olmasının səbəblərindən
biri də budur.
Tədqiqatçıların fikrincə, atalar
sözünün qavranılması müxtəlif mərhələlərdə
baş verir. İlk öncə, eşidilən atalar
sözünün ilkin mənası, daha sonra isə onun ifadə
etdiyi əsas məna başa düşülür. Ona görə
də gəlin, əvvəlcə atalar sözlərinin əsas
mənasını başa düşək, sonra onların
"deffektli" olub-olmaması barədə danışaq.
Yoxsa, ifadənin ilkin mənası fikrimizi
çaşdırıb, bizi yanlış səmtə yönəldə
bilər. Necə ki, bəzilərini yönəltmişdir!
İmran VERDİYEV
Əməkdar müəllim
525-ci qəzet .- 2025.- 14 mart(¹48).- S.14;15.