Quba teatrı: Xatirələr
səhnəsindən Könüllülər səhnəsinə
(Əvvəli ötən sayımızda)
Qubalı ziyalılar da teatr sənətinin
inkişafına töhfələr veriblər. Mehdi bəy
Hacınskinin Azərbaycan səhnəsinin inkişafında, bu
səhnə üçün ilk əsərlərin
yazılmasında və tamaşaya qoyulmasında mühüm
rolu olub. Azərbaycanın ilk qadın dramaturqu və rejissoru Səkinə
xanım Axundzadə də Qubada şair ailəsində
doğulmuş, boya-başa çatmışdı. XX əsrin
əvvəlində əslən Qubadan olan Bababəy Qubalı,
Yeva Olenskaya, Ələziz Hüseynov və digər
aktyorların Azərbaycan teatrının inkişafında
müəyyən xidmətləri olub. Ənənələrin
davamlılığına baxmayaraq, Qubada peşəkar
teatrın əsası sovet dövründə, daha dəqiqi
1940-cı ildə qoyulub. Həmin il Quba Dövlət Dram
Teatrı yaradılıb, kollektiv dəyərli
yaradıcılıq yolu keçərək rəngarəng
repertuarı və maraqlı tamaşaları ilə uzun
müddət diqqət mərkəzində olub.
Görkəmli teatr xadimi, istedadlı aktyor və
rejissor İsa Musayevin teatra direktor və bədii rəhbər
təyin olunması teatrın daha qısa müddətdə təşkilinə
və inkişafına güclü təkan verib. Teatrın ilk
tamaşalarından biri Səməd Vurğunun "Vaqif"
pyesinin səhnə təcəssümüdür.
"Kommunist" qəzetinin 18 aprel 1941-ci il tarixli sayında
teatrın hazırladığı bu tamaşa haqqında
yazılıb: "Teatrın inkişaf edən gənc kollektivi
tamaşanın öhdəsindən bacarıqla gəlmişdir.
Teatrın bədii rəhbəri və rejissoru İsa Musayev
Vaqif rolunu çox gözəl oynamışdır. Teatrın
artistlərindən İmamverdi Bağırov Ağa Məhəmməd
şah Qacar rolunda yaxşı çıxış
etmişdir. "Vaqif" pyesinin birinci tamaşası
böyük müvəffəqiyyətlə
keçmişdir".
İkinci Dünya müharibəsi illərində hərbi
hissələr qarşısında verilən tamaşalar vətəndaşlarımızın
müdafiə əzminin artmasına, qəhrəmanlıq tərbiyəsində
öz rolunu oynayıb. 3 sentyabr 1942-ci il tarixli "Ədəbiyyat
qəzeti" İsa Musayevin hesabat xarakterli bir məqaləsini
çap etmişdi. Məqalədə Quba Dövlət Dram
teatrının öz işini müharibə templərində
qurmasından, aktyor kollektivinin komplektləşdirilməsindən
və repertuarın yeni əsərlərlə zənginləşdirilməsindən
bəhs olunurdu.
İ.Musayev yazırdı ki, teatr 1942-ci il
repertuarına S.Vurğunun "Fərhad və Şirin",
O.Sarıvəllinin "Babək", M.İbrahimovun
"Madrid", M.Təhmasibin "Aslan yatağı", Z.Xəlilin
"İntiqam", M.F.Axundovun "Dərviş Məstəli
şah" komediyasını, Z.Hacıbəyovun
"Aşıq Qərib" operasını, S.Rüstəmovun
"Beş manatlıq gəlin" komediyasını daxil
edib. Əzizbəyov adına Azərbaycan Dövlət Dram
Teatrının kollektivimizə yaxından göstərdiyi
köməyi nəzərdən qaçırmaq olmaz. Ədil
İsgəndərov yoldaşın təşəbbüsü
ilə xalq artistlərindən Sidqi Ruhulla, Mirzağa Əliyev,
Ələsgər Ələkbərov yoldaşlar Quba Dövlət
Dram Teatrına gəlib kollektivimizə yaxından kömək
etmişlər. Ədil İsgəndərov yoldaş bizim
aktyorlarımızla individual olaraq yaradıcılıq işi
aparmış, onların düzgün inkişafına kömək
etmişdir. Teatrın baş rəssamı, Əməkdar incəsənt
xadimi Nüsrət Fətullayev "Fərhad və
Şirin" pyesinin bədii tərtibatını öz üzərinə
götürmüşdür".
Təəssüf ki, 40-cı illərin sonu - 50-ci illərdə
teatrın maddi və mənəvi imkanları zəifləməyə
başladı. Teatra göstərilən maddi yardımlar kəsildi
və teatr iflas qorxusu ilə üz-üzə qaldı. Arxivdə
bir məktub var. 1950-ci ildə Səməd Vurğuna
yazılıb:
"Azərbaycan xalqının fəxri, sevimli
şairimiz, hörmətli yoldaşımız Səməd
Vurğun!
Quba Dövlət Dram Teatrosunun kollektivi sevimli
şairimizə salam göndərir və bir neçə
şey xahiş edir.
Azərbaycan xalqının sevimli rəhbəri
yoldaş M.C.Bağırovun vətəni Azərbaycan
rayonlarına nisbətən daha inkişaf etmiş və mədəni
bir şəhərə çevrilmişdir. Lakin Bakıxanov
adına Dövlət Dram teatrosunun vəziyyəti
hal-hazırda dözülməzdir. Sabiq direktorun səhlənkarlığı
və cinayətləri üzündən teatr
çıxılmaz vəziyyətə
düşmüşdür. Teatro yerli orqanlara və müəlliflərə
80 min manat borcludur. Kollektiv 4 aya yaxındır maaş
almamışdır. Bunlara əsasən teatronun gəlirindən
Quba bankında 50 faiz müəllif hüququnu müdafiə edən
idarə tərəfindən tutulur. Kommunxoz tez-tez teatronun
işığını kəsir. Hal-hazırda teatro
institutunu bitirmiş üç ali savadlı aktyor və
rejissor, ali savadlı rəssam və qocaman artist teatronun
foyesində iki aydan artıqdır ki, yaşayırlar.1948-49 və
1950-ci illərdən qalan borcları yerli təşkilatlar tələb
edirlər. Teatro bu borcları ödəməyə qadir
deyildir. 150 minə yaxın borcun qarşısında işləmək
qeyri-mümkündür.
Bütün teatronun kollektivi sevimli şairimiz və
deputatımızdan xahiş edir ki, Quba teatrosunun yenidən
işıqlanması üçün dövlət
qarşısında təşəbbüsdə bulunsun" (məktuba
kollektivin 15 üzvü imza atmışdır. Respublika
Əlyazmalar İnstitutu f. 27, siyahı 1, s.-v. № 477). Təəccüblüdür
ki, şagird dəftərindən qoparılmış bu
qoşa vərəqdə heç bir qətnamə və dərkənar
yoxdur. Heç ola bilməzdi ki, 1950-ci ildə Qubadan respublika
Ali Sovetinin deputatı seçilmiş S.Vurğun öz
seçicilərinin məktubuna məhəl qoymasın. Qara
mürəkkəblə yazılmış bu məktub
ümidsizlik ovqatı ilə doludur. Məktubdan aşkar
görünür ki, teatrın vəziyyəti
ağırdır. Məktubun sonrakı taleyindən xəbərsiz
olduğumuzdan onun nə ilə nəticələndiyini
bilmirik. Çox ehtimal ki, S.Vurğun onu öz deputat
blankında aidiyyəti olan ünvanlara, ya Azərbaycan KP MK-ya,
ya da respublika Mədəniyyət Nazirliyinə
yollamışdı, lakin məktub haradasa cavabsız
qalmışdı.
Etiraf etmək lazımdır ki, Quba teatrında daxili
münaqişələr və mübahisələr də
olub. Bu səpkili qarşıdurmaların arxasında şəxsi
mənəmlik və iddialar dururdu. Xüsusilə, direktorun
arvadı Anahida Şaginyan özünü teatrın sahibəsi
kimi aparır, ancaq baş rolları qamarlaması ilə digər
istedadlı qadın aktyorları, yaradıcı kollektivi qəzəbləndirirdi.
Quba teatrı ilə bağlı istər
yaradıcılıq, istərsə də təminat-təchizat
məsələləri də mətbuat səhifələrinə
çıxarılmış, teatrşünas Cabir Səfərov
"Quba teatrında xalturaya son qoymalı" adlı bir məqalə
ilə çıxış etmişdi (Ədəbiyyat və
incəsənət, 1955, 12 fevral). C.Səfərov məqaləsində
yazırdı: "...Son dörd-beş il ərzində Quba
Dövlət Dram Teatrında müəyyən durğunluq əmələ
gəlmiş, kollektiv öz realist yolundan uzaqlaşmağa
başlamışdır. Bunun başlıca səbəbi
teatrda aktyor kollektivinin işinə rəhbərlik edəcək
rejissuranın zəifliyi, aktyor kollektivinin yeni istedadlı
qüvvələr hesabına qüvvətləndirilməməsi,
hazırlanan tamaşaların aktyor oyunu, geyim və bədii tərtib
cəhətdən aşağı səviyyədə
olmasıdır. Quba teatrının geridə qalmasının
ikinci səbəbi aktyor və rejissor kadrlarının tez-tez dəyişdirilməsidir.
Bu isə teatrda vahid yaradıcılıq üslubunun zəifləməsinə,
aktyorların səhnə mədəniyyətinə yiyələnməsinə
az ziyan vurmamışdır".
C.Səfərovun məqaləsi kollektivin Səməd
Vurğuna müraciətindən cəmi beş il sonra
yazılmışdı. Göründüyü kimi, burada
kollektivin məktubu haqqında heç nə deyilmir. Lakin
şairə məktubda göstərilən nöqsan və
çatışmazlıqlar məqalədə də
xatırlanır. Teatrın bağlanmasına hələ yeddi
il vardı. Amma sürətlə keçib gedən illər
teatrın vəziyyətində dəyişiklik yaratmadı,
digər teatrların ağır vəziyyətini Quba
teatrı da yaşamalı oldu...
1962-ci il nöyabrın 2-də A.Bakıxanov adına
Quba Dövlət Dram Teatrı bağlandı, onun bazasında
Xalq teatrı yaradıldı. Mədəniyyət evinin nəzdində
fəaliyyət göstərən Xalq teatrı 80-ci illərin
sonunadək bir sıra tamaşalar hazırlayırdı. Lakin
aktyor truppası zəif idi. Vaxtilə Dövlət
Teatrında çalışan aktyorların əksəriyyəti
respublikanın müxtəlif teatrlarına getmişdilər.
Xalq teatrından yalnız rejisor və rəssam rəsmi olaraq əməkhaqqı
alırdı. Truppa üzvləri isə yalnız tamaşalar əsasında
əldə edilən gəlirdən onlara düşən zəhməthaqqını
ala bilərdi. Xalq teatrında tamaşaların
hazırlanmasında İskəndər Həmidoğlunun, Akif
Fərəczadənin xüsusi əməyi olmuşdu.
Onların quruluş verdiyi tamaşalar bölgənin
ayrı-ayrı rayonlarında da tamaşaçılara
nümayiş edilirdi. 1990-cı ildən isə Xalq
teatrının truppası tədricən dağıldı.
Xalq teatrı yalnız ayrı-ayrı tamaşalardan səhnəciklər
və yaxud teatrlaşdırılmış kompozisiyalar
hazırlayırdı.
Quba teatrı haqqında xatirələri, tarixi məlumatları
toplayaraq yuxarıda oxuduğunuz yazını hazırladım.
Lakin bununla teatr porblemi həll olunmurdu axı. İnqilab müəllimin
Quba teatrı ilə bağlı dediyi o sözlər teatrı
bərpa etmək üçün təşəbbüskarlığı
daha da artırmağa çağırırdı. Biz mədəniyyət
işçiləri bir araya gələrək Quba
teatrını bürüyən ətalət buzunu əritməyə
qəti qərar verdik. Qubada teatr sahəsində mövcud olan
30 illik durğunluğu nəhayət ki, aradan qaldırdıq.
B.Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzinin
təşəbbüsü ilə hazırlanan "Biz
Xocalıya qayıdacağıq" adlı tamaşa rayon
tamaşaçılarına təqdim olundu. Bu tamaşadan
ruhlanaraq biz teatr yaradıcılığını davam etdirməyi
qərara aldıq. Müxtəlif sahələrdə
çalışan, ayrı-ayrı yaş kateqoriyalarından
olan həvəskarları Mədəniyyət Mərkəzinə
dəvət etdik. Beləliklə də, Quba
Könüllülər Teatrı yaratdıq.
Könüllülər teatrının ilk tamaşası
görkəmli dramaturq C.Məmmədquluzadənin
"Kamança" əsəri oldu. Artıq xatirələr
teatrı keçmişdə qalıb. İndi Könüllülər
Teatrı yeni yaradıcılıq yoluna qədəm qoyub.
(Yazının hazırlanmasında İnqilab Kərimovun
"Rəvayətlər", Nazif Qəhrəmanlının
"Quba teatrı haqqında düşüncələr"
kitablarından istifadə olunub)
Ramiz RAMAZANLI
Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət
Mərkəzinin direktoru
525-ci qəzet .- 2025.- 14 mart(№48).- S.13.