"Koroğlu" eposu İraqda
"ÇƏNLİBEL", "QIRAT" VƏ
"DÜRAT"IN ETİMOLOGİYASINA YENİ BAXIŞ
Sanballı məqalələri ilə ədəbi
ictimaiyyətin diqqətini cəlb edən "Ədəbiyyat
qəzeti"nin 21 və 28 fevral tarixli saylarında filologiya
elmləri doktoru, professor Yusif Səfərovun
"Koroğlu" eposunun mənşəyi, tarixi-milli səciyyəsi
və coğrafi arealı" adlı maraqlı məqaləsini
oxudum. Sevindim. Ona görə sevindim ki, Yusif Səfərov
doktorluq dissertasiyası müdafiə edəndə birinci rəsmi
opponent olaraq dissertant haqqında rəyimdə
yazmışdım ki, folklorçularımız
sırasına folklorçu üçün çox vacib olan
təfəkkür və təxəyyül sahibi alim
qoşulur. Alimin bu məqaləsi illər öncə dediyim
sözlərə dayaq oldu. Təəssüf ki, tədqiqatçı
"Koroğlu"nun coğrafi arealından söhbət
açarkən "Koroğlu"nun Bağdad səfəri"ni
unudub. Yeri gəlmişkən, Bağdad ətrafında, Dəclə
çayı sahilində "Koroğlu" adlı kənd
olub. Bu barədə XVI əsrə aid qeydiyyat dəftərində
yazılıb (Bax: Nicat Kövsəroğlu. İraqda türkcə
yer kılavuzu. Kərkük, 2012, s.317).
Yusif müəllim "Koroğlu"nun coğrafi məkanından
danışarkən eposun Türkiyədə yayılmasına
üstünlük verir. Halbuki tədqiqatçının məqaləsində
adıkeçən türk alimi P.N.Boratavın göstərdiyinə
görə, dastanları Türkiyəyə Güney və
Quzey Azərbaycandan azərbaycanlılar gətirərək XIX
əsrin ortalarından 1928-ci ilə qədər İstanbulda
15-dən artıq dastanın çapına nail olmuşlar
(P.N.Boratav. Xalq hekayələri və xalq hekayəçiliyi
(türkcə). Ankara, 1946, s.211; P.N.Boratav. Türk xalq ədəbiyyatı
100 soruda (türkcə). İstanbul, 1969, s.66).
P.N.Boratavın göstərdiyi dastanlar sırasında
qəhrəmanlıq dastanı "Koroğlu" və qara
sevda dastanı "Əsli və Kərəm" də
vardı. Hazırda Türkmanelində sazla
çalınıb-oxunan yeganə dastan "Əsli və Kərəm"dir.
Dastanın sazla ifasına daha çox Telafərdə təsadüf
edilir. Telafərli Aşıq Rza "Əsli və Kərəm"in
ən gözəl ifaçısı kimi məşhur idi.
Toylar onsuz keçməzdi. Sonra onun şəyirdləri
arasında Aşıq Sadiq "Sazıgözəl" məşhurlaşdı.
Mən İraqda işləyən vaxtlarda onun
çalıb-oxuduğu havaları tez-tez radioda səsləndirirdilər.
Aşıq Sadiq gözəl çaldığına və
sazının çox bahalı şirmayi ilə bəzədildiyinə
görə "Sazıgözəl" ləqəbini
qazanıb.
Bu yazımızda "Koroğlu"nun İraqda
yaşayan soydaşlarımız arasında
yayılmasından, Çənlibel, "Qırat" və
"Dürat"ın fərqli və real etimologiyasından
söz açmaq istərdik.
"Koroğlu" dastanı İraq-türkman
folklorunda belə başlayır:
Mən bir kor oğluyam dağlar gəzərəm,
Dağ sultanı yeldən qüvvət sezərəm.
Zalımların başlarını əzərəm,
Əcələ yap, usta, mənim sazımı
- deyərək intiqam almağa tələsən qəhrəman,
tüfəng icad edildikdən sonra məyus olur, "Mərdliyin
pozulduğunu" bildirir:
Düşmən gəldi tabır-tabır
düzüldü,
Allımıza qara yazı yazıldı.
Tifək icad oldu, mərdlik pozuldu,
Əgri qılınc qında paslanmalıdır.
- deyir və tale ilə barışmalı olur:
Mən zalımlar düşməniyəm,
Zavallılar aslanıyam.
Təqdir beləysə razıyam,
Haqq belə yazmış yazımı - deyir.
Göründüyü kimi, dastanın sonu da Azərbaycan
variantından o qədər fərqlənmir.
Kərkük dolaylarında "mərdliyin
pozulduğundan" şikayət edən Koroğlu Azərbaycanda
"mərdlik əldən getdi" deyə haray çəkir:
Axır əcəl gəldi yetdi, hay-haray!
Çəkdiyim qovğalar bitdi, hay-haray!
Tüfəng çıxdı, mərdlik getdi,
hay-haray!
Mənmi qocalmışam, ya zəmanəmi? - deyir.
Təbii ki, burada elə böyük bir fərqə
rast gəlmək mümkün də deyildir. Bunu iraqlı tədqiqatçılar
Əbdüllətif Bəndəroğlu, İbrahim Daquqi və
başqaları da təsdiq edirlər. Bununla belə,
İraq-türkman folklorunda "Koroğlu" dastanı ilə
bağlı hələ uşaqlıqdan adı hər azərbaycanlı
üçün doğma olan Qırat, Dürat, Çənlibelin
etimologiyasına dair yeni və fərqli fikir söyləmək
mümkündür.
Məlumdur ki, atlara, bir qayda olaraq müəyyən bir
nişanına və rənginə əsasən ad vermişlər.
Türkmanelində atlara aşağıdakı adlar verilir:
Qısraq at və ya Madyan, Tay, Fənil-al at, Qaşqa at, Dəmiri
at, Küveyti at, Yağırı at, Dorat, Qirat.
Azərbaycanda Qırat və Dürat adlarının
hansı nişanlara əsasən verildiyi böyük tədqiqat
mövzusu olub. Folklorşünaslarımız
"Qırat" sözünün real mənasına fikir
vermədən onun yalnız astral-mifik mənasından
çıxış edərək Qıratın "qor
at", "qara at" olduğu fikrinə gəlmişlər.
"Qırat", "Dürat" sözlərinin
astral-mifik mənasına toxunmadan, onların Kərkük
dialektində bu gün belə işlənən real əsasına
arxalanaraq Qıratın - zilqara və ağ rəngli at,
dörü və ya doru atın - kəhər at, boz at
olduğunu söyləyə bilərik.
Maraqlıdır ki, mifik mətnlərdə də
"boz at", "kəhər at" işlənir:
Mən Xızırın quluyam
Boz atının çuluyam.
Və ya:
Gün çıx, çıx
Kəhər atı min çıx.
Xoşbəxtlikdən həmin sözlərin
etimologiyasına dair son tədqiqatlarda bu sözlərin
astral-mifik mənası dediklərimizlə üst-üstə
düşür (Bax: Elbrus Əzizov. "Qırat" və
"Dürat" sözlərinin etimologiyası. ADU-nun Elmi əsərlərinin
tematik məcmuəsi. Bakı: 1981-ci il, s.102-103).
"Koroğlu" dastanında verilən uydurma bir
süjet də dediklərimizi təsdiqləyir. Koroğlunun
tacir Əhmədi aldatmasının əsl mahiyyətini dərk
etməyən bəzi tədqiqatçılarımız belə
bir rəvayət uydurmuşlar ki, guya Koroğlu bir sərnic
qatıq, arxasınca da yapıncısını atmış,
tacir Əhməd Koroğlunun çıxıb getdiyini
düşünərək aldanmışdır. Əlbəttə,
Koroğlunun özü ilə qatıq gəzdirməsi real
deyil. Əslində, Koroğlu zil qara və ağ rəngli
atına minərək tacir Əhmədi aldatmışdır.
Maraqlıdır ki, İraqdakı
soydaşlarımızın ləhcəsində siyah - qara, qir
- zil qara, bəyaz - ağ mənasında işlənir.
Qıratın qara və ağ rəngli olmasını
Kərkük dolaylarında geniş yayılan "Alma,
alı, min dörü, bəslə qiri, sat
yağızı" məsəlinə dair folklorşünas
Məhəmməd Xurşidin gəldiyi nəticə maraq doğurur:
"Bu söz əskilərdənqalma atsevərlərin
ögüdüdür. Al rəngli atı alma, çünki rəğbətsizdir.
Dör ata min, çünki təhlükəsizdir. Bəyaz rəngli
qir atı bəslə, çünki dəgərli və bəgənilən
bir atdır".
Dürat məsəlinə gəldikdə isə deməliyik
ki, dür at - kəhər at, boz at mənasında əksər
türkdilli xalqlarda doru, toru at kimi, Azərbaycan dilində
dür at kimi işlənmişdir. Dür atın Boz at
olmasını "Kitabi-Dədə Qorqud"dan
götürdüyümüz, "Koroğlu" süjeti ilə
səsləşən maraqlı fakt da təsdiqləyir:
"Baybör?gin oğlıyçun bir dəniz qulunı -
boz ayğır aldılar".
Açması gecə-gündüz olan Azərbaycan
tapmacasında da Qır atla bərabər, elə Boz at işlədildiyinin
şahidi oluruq:
Qır at qovar, Boz at qaçar.
Boz at qovar, Qır at qaçar
(Gün, Ay)
Maraqlıdır ki, Azərbaycan qəhrəmanlıq
dastanı "Qaçaq Nəbi"nin baş qəhrəmanı
Qaçaq Nəbinin atı da "Bozat" adlanıb. Bozata
"Bozat səni sərtövlədə bəslərəm"
adlı mahnı da qoşulub.
Onu da demək lazımdır ki, əksər tədqiqatçılar
Koroğlunun tarixi şəxsiyyət olduğunu göstərirlər.
Belə olan halda, təbii ki, Qırat və Dürat sözlərinin
astral-mifik mənasından daha çox, onların real əsasına
arxalanmaq daha ağlabatan, daha məntiqli olardı.
Yeri gəlmişkən, onu da qeyd edək ki, Azərbaycan
dilində Qazax, Tovuz, Salyan, Cəbrayıl və s. dialekt və
şivələrində işlənən "dördəm"
- at kimi qaçmaq sözünün də Kərkükdə
işlənən "Dörat"la
bağlılığını söyləmək olar.
Çənlibel sözünün etimologiyasına gəldikdə
isə deməliyik ki, folklorşünaslarımız bu
sözü "çənlə örtülü dağ
beli", "danın söküldüyü bel" kimi izah
etmişlər. Lakin tarixdən məlumdur ki, xalq qəhrəmanları,
adətən, zülmkarlara, istismarçılara, hakimlərə
qarşı mübarizə aparmaq üçün dəstəsini
yığıb, ətrafı meşəli dağlarda məskən
salmışlar. Koroğlu da belə etmişdir. Bunu XVIII əsrin
əvvəllərində Təbriz və Azərbaycanın
başqa yerlərindən toplanaraq "Nəğmələr"
adı altında verilən folklor materiallarından da
görürük. "Nəğmələr" kitabında
Koroğlu barədə maraqlı məlumat vardır: "O,
bir çox atlıların başında duraraq yollarda
ağalıq edərmiş. Bəzən keçən tacirləri
soyar, bəzən də onlardan razılıqla pul
alarmış... Orada böyük bir meşə var, indi
Soğanlı adlanır. Orada bir qala da tikdirmişdir ki,
Koroğlu qalası adlanır".
Deyilənlərə Azərbaycan dilinin Kərkük ləhcəsində
işlənən "çəm" və "çəm
ağacı" sözləri də söykək olur. Kərkük
dolaylarında "meşə" sözü əvəzinə
"çəm" sözü işlənir (Türkiyə
türklərində yalnız "orman" sözü
işlədilir - Q.P.). Bundan başqa, Kərkükdə
böyük ağaclara "çəm ağacı"
meşə ağacı deyirlər. Beləliklə, Çənlibelin
"Çəmlibel" - meşəli bel, ətrafı
meşəli dağ olduğu fikrini söyləmək olar.
"Çənlibel"in etiomologiyasından söz
açan Mirəli Seyidov bu sözün bəzi türk
xalqlarında ağacla bağlı yarandığını təsdiqləyir.
Koroğlu dastanından danışarkən Hənəfi
Zeynallı "Çamlıca", "Çamlı
dağ" terminlərini işlədir və nümunə
üçün şeir də verir. Tədqiqatçının
misal gətirdiyi beş bəndlik şeirdən verdiyimiz
nümunədən göründüyü kimi, Çənlibel
deyəndə ətrafı meşəli dağ nəzərdə
tutulur:
Meşədən enərkən Çamlı
dağından,
Çəkinməyin həramıdan, yağıdan.
Səflər pozan, düşmənləri
dağıdan,
Öndəki düşməndən xəbərdar
olsun.
Onu da deyək ki, Türkiyədə çap olunan
"Koroğlu" dastanında "Çənlibel" əvəzinə
"Çamlıbel" yazılır.
Professor Dilarə Əliyevanın üzə
çıxardığı və dastanın 28 qolunu - boyunu əhatə
edən, tədqiqatçılar üçün böyük
əhəmiyyət kəsb edən qədim əlyazma nüsxəsində
də "Çamlıbel" işlənir.
Burada bir məsələyə də aydınlıq gətirmək
istərdik.
"Koroğlu" eposundakı çoxsaylı
faktlar, tüfəngin icad olunması, Koroğlunun tarixi şəxsiyyət
olması, dastanda yer alan, Azərbaycan poeziyasının
çiçəkləndiyi dövrünü əks etdirən
qoşmalar, gəraylılar az qala ona başqa nöqteyi-nəzərdən
yanaşmağı şərtləndirir. Nigar xanımın
övladsızlıq dərdini izhar etdiyi
Necə baxım ev-eşiyə
Yaralı könlüm üşüyə
Toz bürümüş boz beşiyə
Şirin Layla çalan yoxdur - gəraylısı ilə
XIX əsrdə yaşamış Qasım bəy Zakirin:
Qəm evində var olalı,
Eşqə giriftar olalı,
Yarımadıq yar olalı
Nə sən məndən, nə mən səndən
- gəraylısı arasında dil baxımından bir fərq
görmək mümkün deyil.
Bununla belə, unutmaq olmaz ki, bir çox dastanlar, məsələn,
"Leyli və Məcnun", "Yusif və Züleyxa",
"Fərhad və Şirin", "Arzu və Qəmbər"
başlanğıcını nağıldan almışlar. Bəzi
dstanlar isə nağıl-dastandan yaranmışlar. Odur ki, təfəkkür
və təxəyyül məhsulu olan belə dastanlarda mifik
elementlərin çoxluğu təəccüb
doğurmamalıdır. Dastanda əfsanəvi ünsürlərin
olması onu daha da maraqlı edir.
Professor Mirəli Seyidovun göstərdiyi kimi
çağlar keçdikcə, çevrədəki hadisələrə
münasibət dəyişdikcə, yeni çağ öz
görüşünü zor-xoş dastana qəbul etdirdikcə,
boylarda bir sıra obrazlar, hadisələr az-çox müasirləşir,
yeniləşir.
"Koroğlu" eposu da bu
qarşısıalınmaz tarixi prosesdən yan keçməyib.
Qəzənfər PAŞAYEV
Respublika Ağsaqqallar Şurası İdarə Heyətinin
üzvü, Əməkdar elm xadimi, professor
525-ci qəzet .- 2025.- 14 mart(№48).- S.12.