Təəccüb və
heyrət
Xalq yazıçısı Anarın - Anar müəllimin
növbəti doğum günüdür. Bu əlamətdar
gün ərəfəsində Anar müəllimlə
bağlı son illər məni təəccübləndirən,
heyrətləndirən, yeri gəldikcə başqaları ilə
də bölüşdüyüm bəzi məqamları qələmə
almağı düşündüm.
Uzun illərdən bəri tanımağıma, 20 ildən
artıq Azərbaycan Yazıçılar Birliyində bir yerdə
işləməyimizə baxmayaraq, indinin özündə də
Anar müəllimin yeni-yeni keyfiyyətlərini müşahidə
edir və hələ də ondan öyrənir, nümunə
götürür, hətta tez-tez təəccüblənirəm.
Gənc Füzuli heyrəti
Dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd
Füzulinin 530 illik yubileyi münasibətilə "bp Azərbaycan"la
"Azərnəşr"in birgə hazırladıqları
ikicildliyin bu günlərdə keçirilən təqdimat mərasimində
Anar müəllimin çıxışı həmişəki
kimi öz fərqliliyi ilə olduqca diqqətçəkən
idi. Ona görə "həmişəki kimi" ki, Anar
müəllim bütün çıxışlarında
qısa, lakonik, amma fərqli danışır, eyni zamanda
emosiyalara təsir edir, düşünmək üçün
müəyyən tezislər ötürür. Bu tədbirdəki
çıxış da elə oldu: "Mən bunu vaxtilə
Tahir Salahova, Toğrul Nərimanbəyova demişdim, indi isə
burada gənc rəssamlar varsa, onlara müraciət edirəm: Məhəmməd
Füzulinin ancaq yaşlı vaxtının rəsmləri var,
ancaq Füzulini gənc yaşında da çəkmək
lazımdır axı. Əgər "Tutuşdu qəm oduna
şad gördügün könlüm, Müqəyyəd oldu
ol azad gördügün könlüm" - yaşlı
Füzulinin şeiri kimi normal qəbul edilir və çəkilmiş
rəsmlərilə uyğunluq təşkil edirsə, "Dəhənin
dərdimə dərman dedilər cananın, Bildilər dərdimi,
yoxdur dedilər dərmanın" beytini qoca kişi deməz,
gənc Məhəmməd Füzuli deyər. Əgər
Füzulinin cavanlıq rəsmi də olsa, insanlar belə
şeirləri onunla assosiasiya edərlər". Anar müəllim
auditoriya qarşısında Füzulinin
böyüklüyünü vurğulamaqla yanaşı,
çox vacib bir məqama da toxunur, öz fərqli
mesajlarını mədəniyyət adamlarına çatdırırdı.
Son illər birgə səfərlərimizdə, tədbirlərdə,
söhbətlərimizdə belə məqamların çox
şahidi olmuşam. O, Azərbaycan ədəbiyyatının
canlı klassiki, bir neçə nəslin ictimai
şüurunun, bədii zövqünün
formalaşmasında mühim rol oynamış böyük
ziyalımızdır. "Kitabi Dədə Qorqud"un
xalqımıza tanıdılmasında və filmin çəkilməsilə
populyarlıq qazanmasında Anar müəllimin xidməti əvəzsizdir.
Onun Mirzə Cəlil, Üzeyir Hacıbəyli, Mirzə Fətəli
Axundov, Hüseyn Cavid haqqında ssenarilərinə çəkilmiş
bədii filmlər Azərbaycan mədəniyyət tariximizə
əvəzsiz töhfələrdir. Son illərdə Cəfər
Cabbarlı haqqında ssenari yazıb, filmin çəkilməsini
çox arzulayır. Əminəm ki, tez bir zamanda Anar müəllimin
bu istəyi gerçəkləşəcək və mədəniyyətimizə,
ədəbiyyatımıza daha bir töhfəsini verəcək.
Yaddaşa heyrət
Anar müəllimin məni heyrətləndirən cəhətlərindən
biri də dərin bilgisi və unikal yaddaşıdır. Hərdən
yaşından gileylənən adamlara Anar müəllimi
örnək göstərir, onun 87 yaşında da son dərəcə
iti yaddaşa sahib olduğunu deyirəm.
2014-cü ildə cənab Prezident İlham Əliyevin
iştirakı ilə dahi bəstəkar Qara Qarayevin heykəlinin
açılış mərasimində Anar müəllimin
çıxışı məni heyrətə gətirmişdi.
Həmin açılış mərasimini televiziya ilə izlədiyim
günün səhərisi Yazıçılar Birliyində təəssüratımı
onun özüylə də bölüşdüm, Qara Qarayevin
əsərləri, bu əsərlərin hər birinin məğzi,
mahiyyəti, dahi sənətkarın Azərbaycan musiqisinə
verdiyi töhfələr haqqında belə dəqiq, səlis
və sistemli, üstəlik də, bədahətən
danışmasından heyrətləndiyimi bildirdim.
Anar müəllimin belə
çıxışları çoxdur. Unudulmayan o
çıxışlardan biri də 2022-ci ilin yayında
Şuşada keçirilən Vaqif Poeziya Günlərində
dərin mənaları, zəngin alt qatı olan
çıxış idi. Həmin çıxışda Anar
müəllim Molla Pənah Vaqifdən danışdı. Onun
"Görmədim" müxəmməsindən bir neçə
bəndi və "Sevgilim, ləblərin yaquta bənzər"
misrasıyla başlayan məşhur qoşmasını əzbər
dedi: "Təbiət də canlı varlıqdır.
Ağaclar çiçək açır, payızda yarpaqlar
solur, tökülüb xəzəl olur. Amma ağac
ölmür, yenidən dirilir və yeni baharda torpağın
gücü ilə günəşə boylanaraq çiçəkləyir.
Əgər təbiət canlı varlıqdırsa, sevinc də
duyur, həsrət də duyur və 30 il Şuşanın
dağları, dumanları, meşələri, bulaqları
muğam həsrəti ilə, doğma dildə şeir nisgili
ilə yaşayıb. Xoşbəxtlikdən, bu nisgil sona yetdi.
Bu gün Cıdır düzü Azərbaycanın ən
möhtəşəm konsert salonudur. Bu gün Vaqif məqbərəsinin
önü Azərbaycanın ən yüksək şeir
kürsüsüdür. Təsadüfi deyil ki, hörmətli
Prezidentimizin ilk fərmanlarından biri Şuşanı -
Vaqifin, Natəvanın, Nəvvabın, Cabbarın, Üzeyirin,
Bülbülün Şuşasını Azərbaycanın mədəniyyət
paytaxtı elan eləmək oldu. İlk günlərdən
Şuşada şeir, musiqi tədbirləri keçirilir və
biz Şuşaya, vandallar tərəfindən
dağıdılmış, viran qoyulmuş küçələrə,
evlərə sənət, mədəniyyət gətiririk".
Ötən ilin dekabr ayında Anar müəllimlə
Almatıya Qazaxıstan Yazıçılar Birliyinin 90 illik
yubileyinə getmişdik. Yubiley tədbirində Anar müəllim
çox təsirli və əhatəli çıxış
elədi. O, çıxışında qazax
yazıçıları, onların əsərləri,
ümumtürk ədəbiyyatına təsirləri, eləcə
də 1926-cı ildə Bakıda keçirilən Türkoloji
qurultayda iştirak edən qazax yazıçı-alimləri
barədə faktları bir-birinin ardınca elə dəqiqliklə
sadalayırdı ki, bir məqamda gördüm digər
türkdilli ölkələrin yazıçıları, ədəbiyyat
nümayəndələri heyrətlə mənə baxırlar.
Onları heyrətə salan ahıl yaşda bir insanın
ensiklopedik biliyi, bu qədər adı, əsəri yadında
saxlayıb aydın şəkildə ifadə etməsi,
Türk dünyasının gələcək istiqamətlərini
sadə fikirlərlə göstərmək məharəti idi.
Təbii ki, bu reaksiyalar mənə çox böyük zövq
verirdi. Özbəkistanın yaşı 80-i keçmiş
Xalq şairinin heyrətli baxışlarını hələ
də unuda bilmirəm.
Qarlı, soyuq havada iki gün çəkən o səfərimiz
çox gözəl keçdi. Qayıdandan sonra Anar müəllim
mənə xoş ovqat yaradan sözlər dedi: "Sən
yaxşı səfər yoldaşısan, gərək səninlə
tez-tez səfərə çıxaq!" Halbuki Anar müəllimlə
ildə bir neçə dəfə səfərlərimiz olur.
Bu il fevralın ilk günləri idi, Heydər
Əliyev sarayında Xalq artisti, böyük sənətkar
Polad Bülbüloğlunun 80 illik yubiley gecəsi keçiriləcəkdi.
Təbii ki, tədbirə bütün biletlər
satılıb qurtarmışdı. Həmin ərəfədə
Yazıçılar Birliyində Anar müəllim,
Çingiz Abdullayev və mən söhbət edirdik.
Sözarası Çingiz müəllimə dedim ki, Polad
Bülbüloğlunun yubiley tədbirində mən də
iştirak etmək istəyərdim. Düzü, Anar müəllimin
mənim bu sözümü eşidib-eşitmədiyini bilmədim.
Bir neçə gün sonra Anar müəllim məni
yanına çağırdı. Sən demə, Polad
Bülbüloğlu onların ailəsi üçün
üç dəvətnamə göndəribmiş, amma
Zemfira xanımla Günel xanım xəstəhal
olduqlarından tədbirə gedə bilməyəcəklərmiş.
Anar müəllim mənə dedi ki, sən o konsertə getmək
istəyirdin, buyur, bu iki bileti, gələrsən. Adi, ani bir
sözü Anar müəllimin həssaslıqla yadında
saxlayıb diqqət göstərməyi məni növbəti
dəfə təəccübləndirən nüans oldu.
"İçindən bayır şəhərə
çıxan təəccübüm..."
Anar müəllimin mənə yaşatdığı
təəccüblü və heyrətli məqamlar haqqında
düşünərkən bu tanış misralar yadıma
düşür:
Əyrin-üyrün,
Dar küçələrin,
Gündüzlər
otaqlarındakı bəyaz gecələrin,
damlarının yastısı,
içinin astası
Küçələrini
dolanan addımların
Həmişə tənha səsi,
Gecələrinin
dünyada itən tarix tikəsi,
İçindən bayır şəhərə
çıxan təəccübüm,
Oğrularından qorxan cibim,
ölüm ayağındadır indi.
İçərişəhər,
Biçarə şəhər.
Xalq şairi Vaqif Səmədoğlunun İçərişəhərə
həsr etdiyi bu şeirdəki təəccübə ilk dəfə
Anar müəllimin "Gürcü familiyası" hekayəsində,
İçərişəhərin təsvirində rast gəlmişdim.
Bu hekayə əsasında məşhur "Gün
keçdi" filmi də çəkilib. İndi mənim Anar
müəllimin unikal yaddaşı, fövqəladə şəxsi
keyfiyyətləri, yazmaq, yaşamaq şövqü
qarşısındakı təəccübüm Vaqif Səmədoğlunun
İçərişəhərlə bağlı duyduğu
həmin təəccübə bənzəyir.
Anar müəllimin ömrünün indiki
çağında belə unikal yaddaşa sahib olmasını
mən yalnız yaradıcılıq şövqü, yazmaq
ehtirası ilə bağlaya bilirəm. Almatıdan Bakıya
dönərkən həyatın mənası barədə
söhbət edərkən, o, qısaca dedi ki, həyatın mənası
yaşamaqdır. Amma yaşamaq Anar müəllimin anlamında
çox dərin mətləbdir. Yaşamaq durmadan yazmaq,
öz hisslərini, duyğularını, təcrübəni qələmə
almaq, eyni zamanda ömür boyu oxumaq, öyrənmək, indiki
informasiya bolluğunda zamandan geri qalmamaq və öz əsərlərində
sətiraltı ifadələrlə dərin mətləblərə
münasibət bildirməkdir.
O, Səməd Vurğun haqqında olan son kitabında
da məni təəccübləndirməyi bacardı. Kitabla
tanış olanda xeyli keçmişə qayıtdım və
dedim ki, gərək Vaqif Səmədoğlunun Nigar Rəfibəylinin
vəfatı ilə bağlı yazdığı "Dekabr
yağmuru, konyak çiskini" şeirini də kitaba
salaydınız.
Həssas və kübar davranış... Daha bir heyrət!
2022-ci ilin iyun ayında akademik İsa Həbibbəyli
bizi Naxçıvana dəvət elədi. Fərhad Xəlilov,
Fərhad Bədəlbəyli, Anar müəllim və mən
gedib iki gün Naxçıvanı gəzdik, Batabatı ziyarət
etdik.
Biz Şərur rayonunun Danyeri kəndinə gedib
İsa müəllimin ata evini də ziyarət etdik, 90
yaşlı anası Qəndab xanım Həbibbəyli ilə
görüşdük. Bir də gördüm Anar müəllim
çantasını axtarır. Əgər Anar müəllim
çantasını axtarırsa, deməli, nəsə
sürpriz var. Yəqin İsa müəllimlə
Naxçıvan gediriksə, mütləq onun ata evini də
ziyarət edəcəyimizi, anası ilə də
görüşəcəyimizi düşünüb
hazırlıqlı gəlibmiş. Anar müəllim
çantasından bir yaylıq çıxartdı, Qəndab
xanıma təqdim edib dedi ki, həyat yoldaşım Zemfira
xanım sizə göndərib. Onun bu yaşda bu qədər
kübar, diqqətcil olmasına, heç kimi və heç nəyi
unutmamasına heyrətlənməmək
mümkündürmü ki?!
Bir az əvvəl "yaradıcılıq
şövqü" ifadəsini elə-belə işlətmədim.
İndi də yadıma elə bu məsələ ilə
bağlı bir hadisə düşdü. 2023-cü ilin noyabr
ayında İLESAM-ın təşkilatçılığı
ilə V Türk Yazarlar Qurultayında iştirak edirdik. Tədbirlər
Ankarada başlayıb, İstanbulda davam etdirilmişdi.
Nümayəndə heyətində bizim həm gənc yazarlar
- Nadir Yalçın, Ulucay Akif, Rəvan Cavid, həm də
orta nəslin nümayəndələri - Əyyub Qiyas və Xəyal
Rza da vardı. Anar müəllim məni bu səfərdə də
təəccübləndirdi. Deməli, bir həftə boyunca
davam edən tədbirlərdə Anar müəllim
hamımızdan çox çıxış etdi,
hamımızdan çox fərqli təkliflər verdi, tədbirlərin
hamısında axıracan oturdu, axşamlar ziyafətlərdə
yenə də hamımızdan çox, yorulmadan, təmkinlə
əyləşdi. Bakıya qayıdıb işə
çıxanda isə mənə yeni hekayəsini - "Balaca
Fuad"ın son xahişi"ni verib dedi ki, buna bax, qəzetdə
çap edək. Heyrətə gəldim: "Bir həftədir
gecə-gündüz gözümüzün qabağında tədbirlərdə,
görüşlərdə iştirak edirdiniz, bu hekayəni
yazmağa necə vaxt tapdınız?" Sonra gənclərə
dedim ki, baxın, nümunə götürün, Anar müəllim
hamımızdan daha fəal, daha enerjilidir, üstəgəl,
iki qəzet səhifəsi həcmində hekayə də
yazmağa vaxt tapıb.
Şuşa haqqı...
Ötən il iyulun 12-də Azərbaycan Yazıçılar
Birliyinin 90 illik yubileyində Türk dünyasından bir
çox yazar iştirak edirdi. Onların arasında Anar müəllimin
köhnə dostları da var idi (Anar müəllim heç
zaman dostlarını unutmur, onları tez-tez xatırlayır).
Tükiyənin məşhur şairi Ataol Bəhramoğlu və
TÜRKSOY-un keçmiş baş katibi Düsen Kaseinov
Şuşanı görməyi çox istəyirdilər. Hətta
Düsen Kaseinov demişdi ki, Şuşa mənim vaxtımda
TÜRKSOY-un mədəniyyət paytaxtı elan olundu, amma
sonrakı tədbirlərin heç birində iştirak edə
bilmədim, Şuşanı görmədim. Ona görə də
Anar müəllim onları Şuşaya dəvət etdi.
İyulun 12-də qonaqlarımızla birlikdə Şuşaya
getdik, tarixi abidələrimizi ziyarət etdik, Üzeyir bəyin
büstü önündə şəkillər çəkdirdik,
Turşsuda olduq. Orada Anar müəllimin Düsen bəyin bu
arzusunu gerçəkləşdirmək üçün
etdiyi cəhdlər onu çox duyğulandırdı.
Həmin səfərimizdə səhər
"Xarıbülbül" otelində foyeyə enərkən
gördüm Anar müəllim Ataol bəylə oturub klassik
musiqilər dinləyir. Mən də "Şuşada
Bülbülün dupduru səsini dinləməyin öz yeri
var", - deyib Bülbülün təsniflərini
açdım, birlikdə dinlədik.
Şuşa demişkən, böyük Zəfərimizdən
sonra biz Anar müəllimlə birlikdə Şuşada
çox olmuşuq. Onun Şuşa sevgisinin canlı şahidlərindən
biriyəm. Şuşa onun ən həssas yeridir. Hələ
çox illər öncədən yazıçı
Anarın Şuşa haqqında yazılarını oxuyur,
Şuşanı bir də bu böyük
yazıçının gözü ilə görməyə,
kəşf etməyə çalışırdım. Sonralar
çıxışlarımda, yazılarımda dəfələrlə
onun Şuşa haqqındakı fikirlərindən sitatlar gətirmişəm.
Bir dəfə Şuşada uzaqdan Anar müəllimin
"Qarabağ" otelinin qarşısında oturub fikrə
daldığını gördüm və şəklini
çəkib sosial şəbəkədə paylaşdım.
Həmin şəkil çox məşhurlaşdı, onun
oturuşuna başqa mənalar yükləməyə
çalışan ağzıgöyçəklər də
tapıldı. Amma Anar müəllim Şuşada belə
şəstlə oturmağa ən çox haqqı çatan
insanlardandır. İndi də hərdən şəkillərini
çəkəndə zarafatla deyir ki, bu şəkil də məşhur
olacaq.
Anar müəllim "Ay Laçın"
mahnısını ifa etməyi çox sevir. Bir dəfə
Şabrandakı Yaradıcılıq evində keçirilən
Poeziya gecəsində şairlər öz şeirlərini
oxuyurdular, Anar müəllim isə "Ay Laçın"
mahnısını oxudu. Sonra bu mahnını Anar müəllimin
dilindən Zemfira xanımın yubiley tədbirində
eşitdim. Zemfira xanımın, Fərhad Xəlilovun, Fərhad
Bədəlbəylinin ona qoşulub "Ay
Laçın"ı birlikdə oxumaları çox gözəl
ab-hava yaratmışdı. Bax, Anar müəllimin həyatın
mənası dediyi yaşamaq həm də budur və o bu
yaşam tərzindən zövq alır.
Yaşamaq haqqı...
Anar müəllimin 85 illik yubileyi ilə əlaqədar
Ankarada, İstanbulda yaddaqalan bir çox tədbirlər
keçirildi. Türk Ədəbiyyat Vəqfinin təşkilatçılığı
ilə İstanbulun incisi Boğazın mavi sularında gəmi
ilə gəzə-gəzə onun yubileyini qeyd etdik. Bundan əlavə,
TÜRKSOY-da çox maraqlı yubiley tədbiri oldu. Həmin səfərlərin
birində Zemfira xanımla Anar müəllim birinci sinifdə
ilk dərs günü bir-birini görmələrini
bütün detallarına vararaq elə aydın
danışırdılar ki, hamımız heyrətlə
onları dinləyirdik. Hətta bəzən mübahisə də
edirdilər ki, filan hadisə elə yox, belə olmuşdu. Sən
demə, Anar müəllim ilk dərs günündə Rəsul
Rzanın ona aldığı saatı qoluna taxıb
gedibmiş dərsə. Zemfira xanım da deyir ki, mən elə
o saata görə vuruldum sənə. Təsəvvür edin
ki, onlar düz 78 il öncənin hadisələrini hələ
də ən xırdalıqlarını belə unutmadan, sanki
dünən olubmuş kimi həyəcanla danışa bilirlər.
Bu həm də Anar müəllimin ən doğmalarına
qarşı həssaslığının nümunəsidir.
Anar müəllimin "Yaşamaq haqqı"
adlı traktatı var. Təəssüf ki, kitab az tirajla
çap olunmuşdu, indi tapılmır. Amma mən çox
istəyərdim ki, kitab daha da təkmilləşdirilmiş
formada, geniş tirajla yenidən çap olunsun.
Yadımdadır, o zaman təhsil nazirinə də müraciət
etmişdim ki, bu kitab hər bir azərbaycanlının evində
olmalı, ali təhsil müəssisələrimizdə tədris
edilməli, tələbələr mütləq o kitabı
oxumalıdırlar. Anar müəllim xalqımızın
tarixini, haradan gəlib-hara getdiyini o kitabda məharətlə,
çox sadə və lakonik dillə, zəngin informasiyalarla
anladır. Ümumiyyətlə, Anar müəllimin əsərləri,
publisistikası, çıxışları misilsiz gücə
malikdir.
Bəzən Anar müəllimi yaşı ilə
bağlı tənqid etməyə çalışanlara deyirəm
ki, onun bu yaşda da yazdığı hekayələr
böyük rezonans, geniş müzakirələrə yol
açır və bu, heç bir cavan yazıçıya
müyəssər olmur.
Mən Anar müəllimin son hekayələrindən
olan "Qatardan qalan adam" hekayəsini bir neçə dəfə
oxudum və heyrətləndim. Hekayənin o qədər dərin
alt qatı, ötürdüyü mesajlar var ki, bu barədə
çox yazıldı, çox müzakirələr getdi, hətta
Türkiyədə o adda kitabı da çap olundu.
Yadımdadır, 2022-ci ildə Anar müəllimlə
birlikdə Ağdaşda Fikrət Qocanın xatirəsinə həsr
olunan tədbirdə iştirak edib, Göyçayda Şairlər
bağında qoyulmuş büstünü də
gördük, büst və gerçək Anarla şəkil
çəkdirdik, oradan İmişliyə gəlib Səyyad
Aranın yubiley tədbirində iştirak etdik. Belə silsilə
tədbirlərdə Anar müəllimi müşahidə
etdikcə onun yorulmazlığına heyran qalmamaq, ədəbiyyatımız, dəyərlərimiz
və dostları qarşısında özünə vəfa
borcu bildiyi jestlərindən, şövqlə etdiyi
çıxışlardan heyrətlənməmək
mümkünsüzdür.
Dost xiffəti, dost həsrəti...
2018-ci ildə mərhum şairimiz Musa Yaquba Xalq
şairi fəxri adı veriləndə İsmayıllıya
Buynuz kəndinə getmişdik. Biz Buynuza çatanda şairin
vəziyyəti pisləşmişdi, təcili yardım
çağırmışdılar. Şair bizim gəlişimizə
çox sevinmiş, üzrxahlıq etmiş, əl yelləyərək
"siz oturub çay için, gələcəyəm" -
demişdi. Musa Yaqubun evində içdiyimiz çay, onun Xalq
şairi adı almasına necə sevinməyimiz unudulmaz məqamlardır.
Musa Yaqub vəfat edəndən bir müddət sonra isə
Buynuz kəndində onun məzarüstü abidəsinin
açılışı idi. Xatırlayıram, həmin
günlərdə Anar müəllim soyuqlamışdı, xəstə
idi və Qubadan başqa bir tədbirdən təzə
qayıtmışdı, amma israrla dedi ki,
açılışda mütləq iştirak edəcək.
Xəstəhal olsa da, Buynuz kəndində abidənin
açılışında axıracan ayaq üstə
dayandı, stul təklif edilməsinə baxmayaraq, oturmadı və
məzmunlu çıxışı ilə şairi ehtiramla
yad etdi.
Anar müəllimin dostlarına
bağlılığının, onları daima ehtiramla
anmasının çox şahidi olmuşam. Yəqin ki, bu
yaxınlarda onun dostlarının məzarlarını ziyarətə
getməsini əks etdirən videonu çoxları
xatırlayır. Videonu izləyərkən
düşündüm ki, deyəsən, Anar müəllimin
dediyi kimi, həqiqətən də yaş ötdükcə,
torpağın altındakı dostlar torpağın
üstündəki dostlardan daha çox olur.
Yaşayan Dəyər...
Bu günlərdə "Çapar" Mədəni
İrsin Tədqiqi Mərkəzinin Üzeyir Hacıbəylinin
140 illik yubileyinə həsr olunmuş tədbirində
çıxış edən Ədalət Tahirzadə
"Əkinçi"dən başlamış bir neçə
mətbuat orqanının Azərbaycan milli fikrinə təsirindən
danışarkən, sovet dövrü "Qobustan"
jurnalının da adını çəkdi. Doğrudan da,
Anar müəllimin o dövrdə, gənc yaşında rəhbərlik
etdiyi "Qobustan" dərgisinin bizim ictimai-mədəni,
milli düşüncələrimizin formalaşmasında
böyük rolu olub. Təsadüfi deyil ki, iki il öncə
85 illik yubileyi ərəfəsində Mətbuat
Şurasının İdarə Heyətinin bir qrup üzvü
ilə Yazıçılar Birliyində məhz
"Qobustan" jurnalındakı fəaliyyətini
vurğulayaraq Anar müəllimə Mətbuat
Şurasının diplomunu təqdim etdik.
Ötən il Trabzonda ənənəvi Qaradəniz
Ədəbiyyat Festivalı keçirilirdi. Festivalın təşkilatçıları
israr etdilər ki, onların "Yaşayan dəyərlər"
adlı ödülü var, bu dəfə o ödülü
bir gürcü yazıçısına, bir də Azərbaycandan
Anar müəllimə vermək istəyirlər. O zaman Anar
müəllim İstanbulda tədbirdə idi, oradan Trabzona gəldi,
iki gün orada müxtəlif tədbirlərdə, qədim
qala divarları arasında keçirilən təqdimat mərasimində
iştirak etdik. Türkiyəli yazarların Anar müəllimə
sonsuz ehtiramını müşahidə etdikcə təsirlənirdim.
Ondan öncə isə Anar müəllimə Türk
Dünyası Ədəbiyyat Vəqfinin "Yaşayan Dədə
Qorqud" mükafatı verilmişdi.
Doğrudan da, Anar müəllim elə bir dəyərdir
ki, Türk dünyasının harasına gedir-getsin, onu sevir,
hörmətlə qarşılayır, rəğbət və
ehtiramlarını bildirirlər. Mən də bu əlamətdar
tarix ərəfəsində əziz Anar müəllimi növbəti
ad günü münasibəti ilə ürəkdən təbrik
edir, ona YAŞAMAQ arzulayıram!
Rəşad MƏCİD
"525-ci qəzet"in baş redaktoru, Azərbaycan
Yazıçılar Birliyinin sədr müavini
525-ci qəzet .- 2025.- 14 mart(№48).- S.8-9.