Məşuqi-Əzəl hüzuruna
Seyid Əzim yolu ilə
...Keçmişlərdə mistik ilahi-irfani "səfər"ə,
ilahi cəzb yolçuluğuna çıxaran zikrlərin vird
edildiyi xanəgahlarda, zaviyələrdə hərdən bir
eşq qəzəlləri də oxunarmış. Sufi dərvişlər
anlayırdılar ki, ilahi məcnunluğa aparan yol əvvəlcə
bir bəşər "pəriçöhrə"sinin
zülfündən başlayır...
...Hal-qəziyyə budur ki, dünyanın bu dar
vaxtında eşqdən qəzəl oxuyub sizi hansısa məqamlara
aparmaq mənim nə həddimə, sizin nə vecinizə? Fəqət,
bu dəfə iş başqadır, sizli-bizli
hamımızı bu misilsiz səfərə Seyid Əzim
Şirvani "Aparır"... Həm də elə aparır
ki, beytlərin arasında "süzülən" ruhumuz bəzən
gerçək sevginin harada bitib ilahi cəzbin harada
başlamasından duyuq da düşmür... Hər beytdə
eşqin rəngli tonlarının izaholunmaz sərməstlik
halı adamı sarır. Klassik bədii ənənələrin
son dərəcə mükəmməl ifadə tərzi, əruzun
daxili melodiyası və metaforik mənalarla sevginin sərhədsizliyində
ədəbi zövqümüz bəs deyincə bayram edir...
Klassik Şərq poeziyasının sufi-fəlsəfi, lirik-
romantik çalarlarının sehrinə daldıqca elə ilk
addımda şeytana belə meydan oxuyan pəriçöhrə
çıxır qarşımıza:
Xəlqin imanını gər məkrilə şeytan
aparır,
O pəriçöhrə nədəndir ki, bəs
iman aparır?
Elə "bismillah" deyib başlar-başlamaz əldən
gedən imanın dərdinə düşürük... El-aləmin
imanına şeytan qənim kəsiləndə, bizim Seyid
imanını bir mələk üzlüyə əmanət
edir... Böyük fərq var arada, şeytanın işi
imanı oğurlamaqdır, gözələ isə
özün könüllü təslim olursan. İmanın da
daxil, nəyin var cani-könüldən bəxş edirsən...
Birinin işi məkrdir, digərininki cazibə. Şeytan min
dona girib aldadır, amma pəriçöhrəyə bilərək-istəyərək
özün aldanırsan... Və məhz bu məqamda dünyəvi
sevginin daha üst qatına - ilahi eşqə işarə
edilir. Burda əsas məqam eşq və iman arasındakı
incə sərhədi ayırd edə bilməkdir. Bir tərəfdə
nəfsin oyunu, digər tərəfdə ruhun (sər)məstliyi
var. Bir tərəfdə məkr, digər tərəfdə
könüllü təslimiyyət var... Bu təslimiyyətin
ilahi sərxoşluğa sürükləyən
zövqündəndir ki, bilirsən, əslində dərmanın
da dərdi verəndədir:
Ey kaman qaşlı, məni yarələdi qəmzən
oxu,
Zülfünü bas yarama, qoyma, məni qan aparır.
Nə sirdir ki, yarın kirpiklərinin
açdığı yaraya da yenə ancaq onun telləri şəfa,
məlhəmdir ...İpək kirpiklər yaralayır, ondan da
ipək saçlar sağalda bilər. İlk (tibbi/dünyəvi)
baxışda, yaralının yarasına yumşaq nəsnənin
basılıb saxlanması onu ölümdən qurtarar.
Ruhani-sufi nöqteyi-nəzərdən isə, aşiqi burada
"qan aparması" metaforik şəkildə mənəvi
çırpınışları, eşq dərdi ilə əriyib
yox olmasını da ifadə edə bilər. Sufizmdə insan nəfsini
öldürdükcə ruhu kamilləşir,
"heçlik" mərhələsinə çatır.
"Qan aparmaq" bəlkə də məhz bu ruhi yox
olmağın, özündən keçmənin rəmzidir.
Özündən imtina etdikcə mənəvi -ruhi iztirabların
son mərhələsində dözə bilməyəndə
insan yenə "dərdi də verən sənsən, dərmanı
da" ümidi ilə İlahi Sevgiliyə yönəlir, təsəllini,
rahatlığı, hüzuru, aramlığı Ondan istəyir.
Hər şey Allahdan deyilmi? Yıxdığını Ondan
başqa kim qaldıra bilər? Ənənəvi qəzəl
janrının gözəllik motivləri ilə zəngin olan
bu beyt klassik poetik məcazların ustalıqla işlədilməsinin
misilsiz nümunəsidir. Mahnı kimidir, bir dəfə
ağlına düşdümü, sevgi zikrinə
dönür dilində...
Dil çəkər canı səri-kuyinə zibh etmək
üçün,
Sanki hüccac Mina dağına qurban aparır.
Digər beytlərdə olduğu kimi, burada da dünyəvi
və ilahi eşq mükəmməl şəkildə
iç-içədir, kənardan baxanın hansına
"gücü çatarsa", onu qaldırsın. Dünyəvi
sevgi aspektindən aşiq öz canını sevgilinin yolunda fəda
edir. Sufi eşqin pəncərəsindən isə insan öz
nəfsini, təkəbbürünü Allah yolunda qurban verir.
Allahını sevən can qurban olmağa dünəndən
hazırdır... İbrahim peyğəmbər oğlu
İsmayılı Mina dağında qurban kəsməyə
hazır olduğu kimi, aşiq də sevgiliyə fəda
olmağa müntəzirdir. Bu, həm də Allaha təslimiyyətin
və fədakarlığın rəmzidir. Sufi fəlsəfəsində
"qurban" nəfsi öldürmək və Haqqa
qovuşmaq deməkdir. Burada aşiqin sevgilinin yolunda
özünü qurban etməsi, sufi baxışında nəfsin
yox edilməsi və Allahda yox olmaqla (fənafillah) eyniləşdirilə
bilər. "Hücac" - zəvvar isə haqqa can atan sufi
yolçusunu təmsil edir. Yəni aşiq, eşq
yolçusudur və onun Mina dağına qurban aparması ilahi
aşiqin öz nəfsini Haqqa təqdim və təslim etməsi
anlamını daşıyır. Sevgiliyə bu miqyasda fəda
olmağı da, belə bədii əzəmətdə klassik
dillə "sənə qurban olum" deməyi də ancaq
Seyid Əzim bacarardı...
Qəzəlin süjet ardıcıllığında əvvəlcə
sevgiliyə iman təhvil-təslim edilir, aşiq yaralanır, mənəvi-ruhi
təbəddülatlar, iztirablar içində
çırpınır, onu "qan aparır", sonra
könüllü olaraq canını qurban verir. Bütün
bunların məntiqi ardıcıllığı kimi
"zahid"in heyrəti gəlir:
Zahid ol zülfdə rüxsarını gördükdə
dedi,
Bu o hindübeçədir, məktəbə Quran
aparır.
Mistik sufi irfanına görə "zahiri ibadət"
və "batini eşq" arasında gizli mübarizədə
zahid birinciyə aldanaraq gerçək eşqi əslində
anlamaz, bilməz... Biz bir barmağı kəsiləndə
"dönüb həqdən qaçan"o "zahid"i Nəsiminin
"Ağrımaz"ından yaxşı
tanıyırıq, "zahid" nə bilir Sevgili Haqqa qurban
getməyi?! Müəllif "hindübeçə" və
"Quran" paradoksu ilə ilahi gözəlliklə dini dəyərlərin
zahidin dar düşüncəsində bir araya sığmamasını
göstərmək istəyib, bəlkə də, kim bilir?.. Yəni
əsl iman bəlkə də sadəcə Qurana bağlanmaq
deyil, həm də ilahi gözəlliyi dərk etməkdir.
Zahidin riyakar reaksiyası məcazi olaraq din və eşq
arasındakı absurd çəkişməni göstərir...
Bu beytə "verilən hakimiyyət"də ustalıqla
ironiya, təzad və metaforalar taxta oturub...
Və ardınca məntiqi olaraq müəllifin
bütün göstərmə "zahid"lərə meydan
oxuduğunu görürük, kəfənini boğazına
dolayıb eşq meydanına çıxa bilənin Məşuqi-Əzəldən
- ilahi sevgiylə bağlandığı Allahdan başqa kimsədən
qorxusu olmur. Qəzəlin süjet
ardıcıllığında isə qiyamət qopub,
ölümdən sonrakı "həşr edilmə"
başlayıb, əsl gerçək indi bilinir, görək məşhərdə
Məşuqi-Əzəlin qarşısında cavab verməyə
kimin üzü var? Sevginin əsl sınaq meydanı
buradır...
Geyməyə kimsə ki, meydani-məhəbbətdə
kəfən,
Onu Məşuqi-Əzəl məhşərə
üryan aparır.
Bütün bu "üryan"lığın əslində
qəzəldə də, beytdə də qatbaqat "geyimi"
var. Bu beyt qəzəlin mənəvi - irfani piki olmaqla
yanaşı, həm də möhtəşəm bədii sənətkarlıq
nümunəsidir. "Kəfən geymək" və
"üryan aparılmaq" ironik ziddiyyəti - eşq
meydanına cürətlə atıla bilməyənlərin
(kəfən geyməyənlərin) məhşərə-ilahi
məhkəməyə heç nəsiz (üryan)
aparılması əvəzsiz bədii təzaddır.
Paradoksal strukturu, dərin məna çalarları və irfani
poetik ifadəsi ilə beytin içində ilahi eşq,
ölüm, axirət, məhşərdən keçib Allaha
qovuşmaq və ruhi fədakarlıq kimi mövzular misli-bərabəri
olmayan simvolla işlənib. Yəni eşq üçün
özündən keçməsən, varlığından
imtina etməsən, heç nəsiz - boş əllə,
önünə əyilmiş üzlə,
rüsvayçı çılpaqlığınla - gizlədə
bilmədiyin bütün bəşəri görüntünlə
ilahi mühakimə gününə aparılanlardan olarsan...
Alternativ anlam versiyasından nəzər yetirsək, digər
bir məna da belə ola bilər: bir insan məhəbbət
meydanında, yəni ilahi eşq yolunda özünü tamamilə
fəda etməli, kəfənini geyərək nəfsini
öldürməli və ilahi eşqə doğru irəliləyərək
öz mənliyini büsbütün məhv etməlidir. Bu
yolda insan dünyəvi bağlardan azad olaraq mənən
saflaşar, hər şeydən təmizlənərək,
arınaraq, üstündən bütün günah, qəbahət
qiyafələrini, dünyəvi yükləri ataraq Sevgilinin
hüzuruna çıxar... Yalnız bundan sonra fanilikdən
sıyrılaraq bütün mənalarda Məşuqi-Əzələ
qovuşmaq və bəqa olanda ərimək
mümkündür... Bundan sonra dinin nədir, məzhəbin
hansıdır, getdiyin yer meyxanədirmi, yoxsa qibləsinə
üz çevirdiyin Kəbədirmi, heç narahat etmir həmin
məqamda qərar tutanı. Bilir ki, belə suallar zahirdəki
şəriətdəndir, ən yaxşı halda təriqətdəndir...
Daha batini mərtəbədə mərifətdən həqiqətə
gedən yolda səni harasa çəksələr də,
qınasalar da, hətta özün özünü
damğalasan da, daha heç nə dəyişən deyil. Bir
olanla birsən bundan sonra, nə qorxudar ki səni?..
Çəkməyin Seyyidi-laməzhəbi meyxanə
sarı,
Kafəri Kəbə ara hansı müsəlman
aparır?!
Zahiri dindar, ürəyi qaranlıq olan
başqasını necə hidayət edə bilər? Həqiqi
iman, həqiqi eşq - zahiri qaydalara tabe olmaqdan çox, ruhun
azadlıq və mövcudluq haqqıdır. Əgər bir
könül artıq həqiqi eşqin yoluna düşübsə,
heç nəyə ehtiyac duymur, çünki onun
üçün artıq hər yer Kəbə, hər nəfəs
zikrdir. Şair göstərir ki, zahiri ibadətlə ruhani
aydınlanma, eşqlə durulub saflaşmaq arasında
böyük fərq var. Peyğəmbər dövrünə
aid hədisdə də deyilmirdimi: "Gecəni ibadətlə
keçirən neçələri vardır ki, nəsibləri
sadəcə yuxusuz qalmaq, oruc tutan elə kimsələr
vardır ki, nəsibləri sadəcə ac və susuz
qalmaqdır..."
Burada, sadəcə bu yazıda - dahi şairin bir qəzəli
ilə çıxdığımız, zahiri heyranlıqdan
başlanıb ilahi həqiqətə doğru yüksələn
eşq yolunun sonuna gəldik. Bizim gördüyümüz də,
dediyimiz də, mənalandırdığımız da o yolun xəyalı,
misalı, surəti idi. Həqiqi eşqin özünün də,
yolunun da əsli hələ ki, bizim heç bilmədiyimiz,
müəllifinsə artıq varid olduğu yerdədir. Biz
imanımızı hər vəchlə şeytanın məkrindən
qorumağa çalışaraq gerçəyin surətinin
ilk misrasında hələ də içimizlə-çölümüzlə
hüzursuz qovğadayıq, Seyid Əzim Şirvani isə lap
çoxdan yazdığı həqiqətlərin əzimanə
əsli ilə bir əbədiyyətlik ucalıqda - Məşuqi-Əzəlin
hüzurundadır...
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet .- 2025.- 15 mart(№49).- S.23.