Təbiət
insanı yaşadır və bəzən sınağa çəkir
(Əvvəli ötən şənbə
saylarımızda)
Sənaye müəssisələri, zavodlar və
fabriklər getdikcə daha artıq ölçüdə
atmosferə karbon qazı buraxmaqla, təkcə onu zəhərləmir,
həm də Yer üzündə temperaturun xeyli yüksəlməsinə
səbəb olur. Temperaturun artması iqlimin də kəskin surətdə
dəyişilməsinə, əslində iqlim
böhranının yaranmasına səbəb olur. Ekoloji
sistem, az qala, total pozulma vəziyyətinin yaranması təhlükəsinin
qorxusu atında yaşamağa başlayır. Bədbəxtlikdən,
atmosferi çətin vəziyyətə salanlarla
yanaşı, digər bu sahədə günahı olmayanlar
da, həmin ölkələrin, bütöv qitələrin əhalisi də əziyyət
çəkməyə başlayır. Şimal Buzlu
okeanında buzluqların əriməsi getdiyi kimi, Afrikada səhraların
sahəsi böyüməyə başlayır,
çayların suyunun azalması bütöv dənizlərin
də səviyyəsinin aşağı düşməsi ilə
müşayiət olunur. Quraqlıq, bitki və heyvan aləminə
böyük ziyan vurur. Dünyanın elə bir guşəsi
qalmır ki, bu ziyanlı metamorfozdan əziyyət çəkməsin.
Elmi proqnozlar isə olduqca qorxuludur. İqlimin israf istiləşməsi
dünyadakı böyük buzluqları əritsə, fəlakət
baş verə bilər. Qrenlandiya adasının və
Antarktidanın nəhəng dərinlikdəki və geniş
ölçüdəki buzları ərisə, okeanın səviyyəsi
70 m. qalxa bilər. İnsanların və digər canlı aləmin
hansı çətinliklərlə üzləşəcəyini
təsəvvür etmək o qədər də çətin
deyildir. Ada ölkələri isə, onların
siyahısında Böyük Britaniya və Yaponiya kimi iri
ölkələr də vardır, məhv olmaq şansı ilə
üzləşə bilər. Bir yapon şeirində deyildiyi
kimi, "biz ölüm dağına qalxmağa"
başladıq.
Bərpa olunmayan yanacaq növlərindən istifadənin
miqyasının artması atmosferin qaz tərkibinin
korlanmasına səbəb olur. Dünyanın neft
kompaniyaları avtomobillərdə daxili yanacaq mühərriklərinin
istifadəsinin dəyişilməsinə bütöv əsr ərzində
imkan vermirdi və yüz milyonlarla avtomobilin istifadəsi,
xüsusən şəhərlərdə havanın nizamsız
qaydada çirklənməsinə şərait
yaradırdı. Nəhayət, XXI əsrin əvvəllərindən
elektrik avtomobillərinin istehsalına və geniş istifadə
olunmasına başlandı. Bu, şəhərlərdə
havanın çirklənməsinin qarşısını
almaqda böyük rol oynaya bilər. Zavod və fabriklərin də
yaşıl yanacaqdan istifadəyə keçməsi ilə,
atmosferə atılan karbon qazının miqdarı əsaslı
qaydada azala bilər. 2024-cü ilin noyabrında Bakıda
keçirilən COP-29 zirvə toplantısında çox
sayda ölkələrin nümayəndələri bu məsələ
barədə həyəcan təbili çalaraq, bərpa
olunmayan yanacaqdan istifadənin azalması və yaşıl
yanacağa keçmək barədə dünyanın
inkişaf etmiş dövlətlərinə müraciət qəbul
etmişlər. Yaşıl yanacağa keçid bir trilyondan
artıq xərc çəkilməsini tələb edəcəkdir
və Çin, ABŞ, Hindistan, Yaponiya, Almaniya havanı
çirkləndirməkdə daha çox fərqləndiklərinə
görə, bu ixtisar işində də daha fəal iştirak
etməlidirlər. Dünyada neft və qaz istehsalından və
onların istifadəsindən qismən uzaqlaşmaq hesabına
atmosferin çirklənməsinin xeyli azaldılması siyasəti
gündəliyə daxil olsa, bu, heç şübhəsiz,
müsbət nəticə verə bilər.
Dövlətlər varlanmaqla həm də öz əhalilərinin
sosial vəziyyətini daha da yaxşılaşdırmaq istəyirlər.
Lakin burada "süvari hücumu" fayda əvəzinə,
yalnız ziyan verir. Təbii şəraitin pisləşməsi
xəstəliklərin artmasına və vaxtından əvvəl
ölüm hadisələrinin çoxalmasına səbəb
olur. Xalqlar sənayenin inkişafına səbəb olan
ixtiralara daim sevinmişdir. Lakin onların təsirinin neqativ tərəfinə
o qədər də əhəmiyyət verilməmişdir. Ona
görə də sənaye cəhətdən inkişaf
etmiş dövlətlər təbiətə vurulan ziyanın
azaldılmasına daha böyük maliyyə yardımı
göstərməlidirlər. Bu sahədə kasıb və sənaye
cəhətdən inkişaf etməmiş Afrika ölkələrindən
hansısa maliyyə yardımı tələb etmək və
gözləmək, sadəcə olaraq
ağılsızlıqdır.
İqlimin dəyişilməsi müxtəlif bədbəxtliklərə
səbəb olur, sərt quraqlıq və daşqınlar əmələ
gətirir. Yoxsul ölkələrdə quraqlıq və ya
leysan yağışlar əhalinin maddi vəziyyətini daha
da ağırlaşdırıır. Ailə üzvləri ərzaqla
pis təmin olunur, bəzən hətta aclıq başlanır. İqlim böhranı qadınlara və
qızlara daha ağır təsir göstərir. Qızlar məktəbdən
aralanır, məcburiyyət üzündən valideynləri
onları vaxtından xeyli əvvəl ərə verirlər.
Banqladeşdə və Keniyada, CNN-in əldə etdiyi məlumata
görə, yoxsulluq ucbatından qızların 11
yaşında ərə getməsi faktları
aşkarlanmışdır. Təbii qüvvələrin əmələ
gətirdiyi bədbəxtliklər öz ağır zərbəsini
birinci növbədə uşaqların, qızların taleyinə vurur,
onların onsuz da yüngül olmayan həyatını daha da
ağırlaşdırır.
İqlimin dəyişməsi həm də əhalini
öz yaşayış yerlərini tərk etməyə məcbur
edir. Ailələr daha əlverişli şəraiti olan ərazilərə
köçməli olurlar. Vaxtilə german tayfaları da hava
soyuduqda və yağış yağması artdıqda Cənuba
tərəf hərəkət etməli olmuşdular. Lakin
havanın istiləşməsindən fayda götürənlər
də olmuşdu. Belə vəziyyət Qədim Roma
ordularına Şərq ərazilərini işğal etməkdə
yaxşı köməklik göstərmişdi. Buxarlanma
intensiv getdiyindən yağış yağması da
çoxalmış və həmin regionda bol məhsul
yetişmişdi.
Təbiət nəyisə insana havayı, zəhmət
çəkmədən verirsə, ona görə həm də
ondan başqa şəkildə, xəstəliklərin və
ziyanvericilərin iştirakı ilə, daha ağır haqq tələb
edir. İnsan hələ ibtidai icma dövründən
özünü qidalandırmaq üçün zəhmətinə
arxalanmışdır, onları təbiətdən əmək
sərf etməklə almışdır.
Bu barədə 1620-ci ildə "Meyflauer" gəmisində
Şimali Amerikadakı Massaçusets körfəzinə
mühacirət etmiş kiçik ingilis dəstəsinin
ağıllı hərəkəti diqqətə layiqdir.
Körfəzdə "Yeni Plimut" koloniyasını yaradan
puritan icmasının qubernatoru olmuş Con Bredfordun kitabı
bu barədə örnək xarakterli misallarla doludur.
Yüz nəfərlik dəstə səfərə
çıxmamışdan əvvəl haraya üz tutmaq barədə
geniş diskussiya aparırdı. Bəziləri təklif etdi
ki, Yamaykaya gedək, orada hər şeyi təbiət insanlara
hazır vəziyyətdə verir. Bir ağsaqqal buna
etirazını bildirib dedi ki, orada əmək sərf etmək
lazım olmasa da, biz xəstəliklərdən və
ziyanvericilərdən əziyyət çəkə bilərik.
Ona görə də elə yerə getməliyik ki, orada zəhmətimizlə,
alın tərimizlə özümüzə çörək
qazanaq. Onun məsləhətini nəzərə alıb,
Şimali Amerikaya üz tutdular. Gəmidən sahilə
düşməmişdən əvvəl koloniyanın idarə
olunması qaydası barədə müqavilə qəbul etdilər.
Noyabrın sonunda onlar yeni məskəndə yaşamağa
başladılar; hindularla xoş münasibət qurdular. Yerli
icma onlara məhsul becərmək üçün çox rəngdə
olan qarğıdalı toxumu verdi və onlar birinci ili
yaxşı məhsul götürdülər.
Bir il tamam olanda Yeni Plimut koloniyası bura gələnlərin
yarısını itirsə də, 50 nəfərlik icma
ovladıqları vəhşi hinduşkanın əti ilə
Allaha minnətdarlıq bayramı keçirdilər. İki əsrə
yaxındır ki, ABŞ-da hər il noyabrın
dördüncü həftəsinin dördüncü
günündə "Thanks giving day" - "Şükran
bayramı" keçirilir və hər ailənin ənənəyə
uyğun olaraq, bayram şənliyi xörəyi
üçün ölkədə 40 milyondan artıq hinduşka
kəsilir.
Bredford yazır ki, ikinci il əkdiyimiz
qarğıdalı olduqca seyrək cücərti verdi.
Hindulardan bunun səbəbini soruşduqda, onlar əkinə nə
qədər balıq verdiyimizi öyrənmək istədilər.
Biz mənfi cavab verdik, çünki okeanda
ovladığımız balıqdan yalnız ərzaq kimi
istifadə edirdik. Hindular isə bildirdilər ki,
torpağın münbitliyini artırmaq üçün onlar
ovladıqları balıqların miqdarının
yarısını əkinlərə verirlər. Hindular elmi tərəfini
bilməsələr də, təcrübələri
hesabına torpağın münbitliyini artırmaq
üçün onu əlavə, balıqda zəngin olan
fosforla təmin edirdilər.
"Yeni Plimut" koloniyasının üzvləri gələcək
amerikanlara da əsl demokratiya dərsi vermişdilər.
Koloniyanın qubernatoru hər il seçilirdi. Bredforddan
razı qaldıqlarına görə, qubernatorluğunu
seçkisiz davam etdirməyi təklif etdikdə, o, buna
etirazını bildirərək dedi ki, əgər bu fayda
verirsə, qoy icmanın hər bir üzvünə bu qismət
olsun, əgər zərərlidirsə, qoy digər üzvlər
də bu zərəri bölüşsünlər.
"Yeni Plimut", 1607-ci ildə Virciniyada yaradılan
ilk koloniyadan sonra ikinci idi, lakin ABŞ tarixində bir sıra qaydaları
ilə xüsusi ehtirama layiq olduğunu indiyədək
saxlayır.
Dörd əsr bundan əvvəl yaşamış
kiçik bir amerikan icması, hinduların təcrübəsinə
əsaslanaraq, təbiətlə harmoniyada yaşamaq yolunu tutdu
və tarixi uğur qazandı. Təbiətə müqəddəslik
vermək nadir hal olmayıb, bəzi bütpərəst dinlərdə
öz əksini tapmışdı. Qədim germanların
xristianlığa qədər olan dinlərində təbiətə
sitayiş mühüm yer tuturdu, ağacların kəsilməsinə
qadağa qoyulması da buradan irəli gəlmişdi. Yaponlar
isə bütöv bir millət kimi tarixən daim təbiətlə
harmoniyada yaşamağa üstünlük vermiş, hətta
təbiət qüvvələrinə sitayişi Sintoizm adlanan
öz dinin ehkamlarına çevirmişlər. Müasir yapon
sakuranın çiçəklənməsini müşahidə
etməyi Hanami bayramı adlandırmaqla, əlahiddə
şadlıq əlaməti kimi xüsusi sevinclə qeyd edir.
Bu o demək deyildir ki, inkişaf etmiş xalqlar,
dövlətlər təbiətə münasibətin
düzgün qurulması zərurətindən bixəbər
idilər. 1943-cü ilin dekabrında Kremldə Stalinin
iştirakı ilə SSRİ Konstitusiyanın layihəsi
müzakirə edilərkən, şeirin mətnində "təbiətlə
ittifaq" ideyası barədə sətir də var idi. Lakin
ideoloji cəhətdən daha vacib sayılan məqsədləri,
vəzifələri ifadə etmək ucbatından, təbiət
barədəki həmin qiymətli qeyddən vaz keçildi.
İndiki nəsil keçmişin yaxşı
faydalı praktikasından çox şey öyrənməli,
həyatını təbiətlə ağılsız
mübarizəyə deyil, onunla faydalı əməkdaşlığa
həsr etməlidir. Biz təbiətdən çox şey
götürməyimizi qarət səviyyəsinə
çatdırmağımızla, ona məhvedici yara
vurmağımızla öyünməməliyik, onun
qaydalarının həyata keçməsinə mane
olmamalı, əsasən, onun mərhəmətinə
sığınmağı da qəbahət saymamalıyıq.
Təbiət qüvvələri insanlara fəlakət
bəxş edir
Təbiət qüvvələri arabir insanlara kataklizm
adlanan fəlakətlər bəxş edir. Kataklizm və ya
qlobal fəlakət Yer səthinin ayrı-ayrı məkanlarında
həyat təşkilinin xarakterində və şəraitlərində
kəskin dəyişiklik əmələ gətirir. Bunlar
atmosfer və vulkan proseslərinin dağıdıcı təsiri
altında baş verir. Təbii kataklizmlər Yer kürəsinin
ayrı-ayrı hissələrində baş verməklə,
onda böyük fiziki dəyişikliklər, gözlənilməyən
düzəlişlər əmələ gətirir. Dənizlərin
sahillərinin konfiqurasiyası öz əvvəlki
görünüşünü itirir, dağlar
dağılmağa məruz qalır, müəyyən
müddət üçün iqlim korlanır, atmosferdə
havanın çirklənməsi baş verir. Sakit okeanın
xüsusən şərq və qismən qərb sahilində zəlzələlər
və vulkan püskürməsi tez-tez baş verdiyindən, bu ərazilər
"Odlu qövs" adlanır.
Vulkan püskürməsindən bəzən hətta
günəş işığı Yer səthinə gəlib
çatmır. Günəşin və Ayın tutulması
effekti meydana gəlir. 1883-cü ildə İndoneziyanın
Karakatau adasında baş verən vulkan püskürməsi
adanın özünü okeanın dibinə
çökdürmüşdü. On kilometrlərlə
hündürlüyə, Ovidinin dalğa barədəki təbirincə
desək, asimana qalxan kül ətrafı qaranlığa məruz
qoymuşdu. Qədim Romanın böyük şairi Ovidi Nazon imperator
Avqustun ədalətsiz göstərişi ilə Qara dəniz
sahilindəki uzaq Toma şəhərinə (müasir
Rumıniyadakı Konstansa şəhəri) sürgün edilərkən,
gəmilərinin qorxulu tufana düşməsinə görə
belə hiperbola xarakterli bənzətmə işlətmişdi.
İmperator isə onu, nəvəsinin timsalında guya gəncləri
əxlaqsızlığa yönəltdiyinə görə belə
ağır və məhrumiyyətli cəzaya məhkum
etmişdi.
Vulkan püskürməsi dağıntı əmələ
gətirməklə yanaşı, çox sayda insan tələfatına,
həm də digər həyat formalarının məhvinə
səbəb olur. 1815-ci ildə İndoneziyada baş verən
Tambora dağındakı vulkan püskürməsindən 71
min 200 min adamın öldüyü güman edilir.
Karakataudakı və 1902-ci ildə baş verən
Martinikadakı Pele dağındakı püskürmənin hər
birində 80 min adam həlak olmuşdu. B.e.ə. 1600-cü ildə
baş verən Santorin adasındakı (Yunanıstan) vulkanda isə
o dövr üçün olduqca böyük itki - 20 min adam
ölmüşdü. Bibliyada Moiseyin xahişi ilə
Allahın Misir faraonuna cəza
kimi, onun ölkəsinə göndərdiyi bədbəxtliyin
elmi səbəbi kimi Santorin vulkanının təsiri nəticəsində
baş verdiyi versiyası irəli sürülür.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet .- 2025.- 15 mart(№49).- S.22.