Kitab bazarında nə var, nə
yox...
Esse
Kapitalizm kitabı əmtəəyə, sənaye məhsuluna
çevirdi. Bu, əvvəlcə, poeziyanın tənəzzülünə,
sonra isə romanların keyfiyyətinin və
konturlarının dəyişməsinə səbəb oldu.
"Kitab bazarı" anlayışı öz içində
dəyişdi. Və oxucuların zövqü bu bazarın
meyarlarını təyin etməyə başladı.
Oxucuların zövqü, sosial media, dəyişən
dünya, yeni ideologiyalar, geopolitik silkələnmələr və
sair. Hamısı sənəti, ədəbiyyatı, kitabı
və ən əsası düşüncə sistemini tamamilə
yenidən şəkilləndirdi. Bəs indi daha çox
hansı kitablar oxunur? Hansı mövzuda, hansı üslubda
romanlar çox satılır?
Günümüzün ən çox eşidilən
suallarıdır bunlar. Müasir ədəbiyyatın kütləyə
hesablanmış roman nümunələri uğurlu
satışı ilə kitab mağazalarına olan marağa,
bu sahibkarlığın inkişafına yüksələn xətlə
təsir edir.
"Kitab rəflərində adları çəkici
gələn romanlar nə qədər özünü
doğruldur" sualı bir az mübahisəlidir. Arxa qapaqdan
annotasiyanı, ya da rəyləri oxuyub seçmisinizsə, bu
da bir o qədər doğru seçim olmaya bilər. Kiminsə
ilk yüzlüyündən, onluğundan, "ölmədən
əvvəl mütləq oxunmalıdır"larının
içərisindən də bir kitab seçib oxumaq olar.
İstənilən halda, yeni bir müəllif, yeni bir ədəbiyyat
nümunəsi və yeni bir təxəyyül hadisəsi ilə
tanış olmuş olursunuz. Ədəbiyyat sevdalısı
olmasanız belə, zamanınızı dünyanın ən
gözəl işi ilə dəyərləndirirsiniz - oxumaqla,
mütaliə etməklə. Lakin bütün oxucular bir-birinə
bənzəməz və bütün kitablar sonadək oxunmaz.
Yazıçı və oxucu arasında bəlli bir əlaqənin
yaranması belə halda şərtdir. İlk cümləsindən
sevdiyimiz, marağımızı, diqqətimizi çəkən
romanları yazan yazıçı, görəsən, bunu
şüurlu şəkildə edir? Məsələn, bir mətnə
başlayanda ilk cümləni neçə dəfə pozur,
bilmirik. Mövzu kütləyə hesablanmış romanlar
deyil, xeyr. Ciddi ədəbiyyatın nə qədər kütləviləşməsidir.
Bir cəmiyyətin azı on fərdi (statistik deyil)
özünü bir mətnin içərisində tapa bilirsə,
onu uğurlu saymaq olar, məncə.
İnsanı güzgü kimi özünə göstərən
romanlar daha çox sevilir. Daha çox oxunur. Çünki
adamlar onlar haqqında danışılan hər şeyi dinləməyə
hazırdırlar. Bir gəncin nə hiss etdiyini anlayan və
anlamaqla qalmayıb onu bir hekayəyə çevirən naməlum
bir yazıçı o gənc üçün
maraqlıdır.
Oxucunun yazıçını anlamasını
gözləmək çətindir. Coysun əsərləri
niyə kütləvi deyil? Ona görə kütləvi deyil
ki, onları oxumaq üçün ingilis dilini yüksək səviyyədə
bilmək belə köməyimizə gəlmir. Bütün
mifologiyanı, tarixi, coğrafiyanı, fəlsəfəni bilsək,
bəlkə, nəsə alınar. Bu da mütaliə
üçün illər tələb edir. Adama elə gəlir
ki, qırx yaşına qədər oxuduğu bütün
kitabları Coysu, Ekonu anlamaq üçün oxuyub.
Yazıçı ayrılıqda fərddir və onun
yazı yazarkən içərisində sadəcə
özünün düşündüyü obrazlar olan
dünyası vardır. O, bu obrazlar üçün istənilən
taleyi qələmlə bir anda poza, yenidən çizə bilər.
Yazarın masasındakı obrazların həyatı bizim
taleyimizlə bərabər ola bilir, hətta bərabərdir.
Biz eyni şeyləri yaşayırıq. Bunu necə təqdim
etməkdən asılı olaraq romanlar insanlar
üçün fərqli zövq hadisəsinə
çevrilir.
Yazıçı özündən çox oxucunun nə
düşündüyünü anlamaq məcburiyyətində
deyil, həm də oxucunu razı salacaq romanlar yazmağı da
şərtdir. Bütün illərini öyrənməyə
həsr edib, sonra intellektual bir mətn yazıb, onu simvollarla
şifrələmək nəyə lazım?!
Son dövrlər mükafatlar almış bir neçə
romanın mövzusuna və populyarlığına baxıb
anlamaq olur ki, kifayət qədər ciddi, eyni zamanda, hər kəsin
də sevəcəyi əsərlər yazıla bilər.
Müəllifin hər kəsi maraqlandıran və ya hər kəsin
yaşaya biləcəyi hadisələri yazması, onun fərdi
üslubunu da buraya əlavə etməsi romanın uğur
formulu ola bilir. "Sarı ədəbiyyat" nümunələri
dünyanın hər yerində ən çox satılanlar
sırasında birinci olur. Dedektiv əsərlər bunlara
misaldır. İstisna müəlliflər və yazılar da
var təbii. Bu romanların çox oxunmasının səbəbi
axıcılığı və hadisələrin lego
oyuncaqları kimi yığılmasıdır. Oxucu həyəcanla
növbəti səhifədə nələrin
olacağını gözləyir. Ya da bu gün sosial şəbəkə
platformaları üzərindən reklam olunan, statuslar şəklində
qısa yazılan romantik kitablar dedektivləri üstələyir.
Ancaq bir məsələ var ki, yazıçı
qarşısında dayanan ucsuz-bucaqsız kütlə
üçün kitab yazarkən özünün deyil,
onların düşündüklərini daha vacib sayır və
beləcə bir-birinə bənzəyən yüzlərlə
roman yazılır. Fikir orijinal olmur, yazıçı öz
təhkiyə üslubunu kəşf edə bilmir və ya buna
çətinlik çəkir. Ədəbiyyat tarixinə
düşə bilməyən, axara təsir edə bilməyən
bu cür kitabların olması mütaliə alqoritminin
qurulması üçün vacibdir. Ciddi ədəbiyyatın
ilk nümunələri ilə tanış olan zaman detektivlərin
sadə quruluşlu cümlələri ilə
tanışlığımız bizə əlimizdə
tutduğumuz əsərin fərqini hiss etdirir. Və bu daha
çox zövq verir.
Nobel mükafatına layiq görülən, ədəbiyyat
tarixində yer alan, ciddi şəkildə roman sənətinə
təsir edən, eyni zamanda da oxucuların sevgisini qazanan
yazıçıların yazmaq prosesinə, yazı
hazırlığına diqqət edəndə
görünür ki, onlar özləri də sadə, kütləyə
hesablanmış romanları oxuyaraq ümumi məğzi və
ən əsası, kütlənin psixologiyasına necə əsərlərin
işlədiyini öyrənirlər. Orhan Pamuk, Kazuo
İşıquro, Elis Munro, Patrik Madiono və başqaları
bu siyahıda ola bilər.
Yazıçının "saf və
düşüncəli" tərəfi burada aydın olur. O,
həm özündən, həm də oxucudan nələrsə
əlavə edə bilirsə mətnə, o mətn uğurlu
alınacaq. Oxucunu özünə güzgü kimi göstərmək
klassiklərdən qalan adət olsa da, müasir dünyada bu
güzgü də bir az dəyişməli və yeni erayla
ayaqlaşmalıdır. 21-ci əsrin gəncinə içərisində
Şopenin adı çəkilən roman maraqlı ola bilər,
amma metal-rok qruplarından birinin adı çəkilsə, o
kitaba daha çox bağlanacaq və özünü ən
azı o qrupun dinləyicisi kimi kitabda hiss edəcək. Bu mənada
mütaliə zövqü cəmiyyətin inkişafı ilə,
ədəbiyyat isə mütaliə zövqü ilə
düz mütənasib yola getməlidir.
Rəvan CAVİD
525-ci qəzet .- 2025.- 15 mart(№49).- S.21.