Heç vaxt yağmayacaq buludlar
Bir qəribə adam
haqqında hekayə
Hekayə
Rafiq Qurbanovun xatirəsinə
1
...sonra birdən-birə həmin 2018-ci ilin o gözəl
yaz günü bütün təfərrüatı ilə onun
gözlərinin qabağına gəldi və aradan keçən
- nə qədər keçmişdi? - indi 2092-ci ildir, deməli,
aradan 74 il keçib, - hə, düz 74 il və elə bil, o
gözəl yaz günü də o uzaq illərdə nəşr
edilən kağız kitablardan birinin səhifəsi idi ki,
çevrilirdi. O, yəni o zaman Bakı Dövlət
Universitetinin fizika fakültəsində çalışan, 25
yaşını da təzəcə bitirmiş gənc alim
S.Qafarlı Bakının Yasamaldakı köhnə qəbiristanlığında
qəbir daşlarına baxa-baxa, qəbirlərin arası ilə
eləcə gəzişirdi və əslində nə
üçün bura gəldiyini, niyə bu qəbirlərin
arası ilə dolaşdığını özü də
dəqiq başa düşmürdü.
S.Qafarlı universiteti əlaçı diplomla
qurtarmışdı və onda universitetdə Elmi Şura deyilən bir qurum var
idi, həmin Şuranın qərarı ilə onu doktoranturada
saxlamışdılar. S.Qafarlı çox zehinli, hər
şeyə fikir verən, düşünən yeniyetmə
kimi məktəbdə oxuduğu çağlardan fizikanı
sevmişdi və fizika get-gedə onun həyatının bir
hissəsinə, əslində elə əsas hissəsinə
çevrilmişdi, çünki fizika onun üçün hər
şeyi - yerdə də, göydə də nə baş
verirdi, ya da baş vermirdi, hamısını izah edirdi, hətta
dostları heyrətlə, çaşqınlıqla yerdəki,
göydəki möcüzəvari hadisələrdən
danışanda, ürəyində: "- Fizikanı bilmirsiniz
də..." - deyirdi və fikirləşirdi ki, nə
yaxşı, bu adamlar hələ dəli olmayıblar,
çünki bu kainatda ki, bu qədər uzaqlıq var, bu qədər
səliqə-sahman var - hər gün səhər işıq
yanır, gecə qaranlıq çökür - heç nədə
də bir an belə gecikmə, səhv, pozuntu olmur və sairə
və ilaxır - fizikanı bilmirsənsə, adam dəli olar
də.
S.Qafarlının atası məktəbdə idman
müəllimi idi və oğlunun bu dərəcədə
fizikanı sevməsi, məktəbdə oxuya-oxuya ali məktəblərin
fizika dərsliklərini öyrənməsi ilə fəxr
edirdi, gələcəkdə böyük fizika alimi
olacağına tamam əmin idi, yəqin elə buna görə
də hər gün oğlunu fizika ilə məşğul
olmazdan əvvəl idmanla məşğul olmağa məcbur
edirdi və tez-tez də təkrar edirdi ki, sağlam bədəndə
sağlam ruh olur. Bu anlamda isə ruh, yəni fizika demək idi
və atası bu məlum sözləri elə ürəkdən
deyirdi ki, elə bil bu sözləri, bu fikri özü kəşf
edib. S.Qafarlı da tələm-tələsik, bir az da həvəssiz
idman edirdi ki, sevimli fizika ilə məşğul olsun.
Beləliklə, S.Qafarlı fizikanın dərinlərinə
gedə-gedə dissertasiyasını vaxtından əvvəl,
uğurla müdafiə etdi, ancaq qəribəsi bu oldu ki,
uğurlu müdafiədən sonra fizikanın daha da dərinlərinə
getdikcə onun içindəki fizika sevdası artmaq əvəzinə,
görünməyən bir iş idi - yavaş-yavaş
sönməyə başlamışdı, çünki fizika
ilə məşğul olduqca, onun beynində cürbəcür
fikirlər dolaşmağa başlamışdı, ürəyindən
hansısa anlaşılmaz hisslər keçirdi, fikrində
onlarla, hətta yüzlərlə dalbadal
düzülmüş sual işarələri
sıralanırdı.
S.Qafarlı təbiət etibarilə ciddi adam idi, ancaq
elə o vaxtlar bir dəfə gülməli bir əhvalat oldu:
gecə yarısı yuxusu gəlmirdi, yata bilmirdi və pəncərənin qabağında
dayanıb, gözlərini bomboş küçəyə
dikmişdi. Bir az aralıdakı tində yolgöstərən
işıq növbə ilə qırmızını,
sarını, yaşılı bir-birini əvəz edirdi və
gecənin bu adamsız, maşınsız küçələrində
o işıqların eləcə boş-boşuna
yanmağı çox mənasız görünürdü,
elə bil S.Qafarlı hərəkətdə olan mənasız
və mücərrəd bir mənzərəyə
baxırdı.
O, gözlərini bir-birini əvəz edən
qırmızı, sarı, yaşıl işıqdan çəkib,
göyə baxdı, uzaqlarda iki-üç ulduz güclə
görünürdü və S.Qafarlı o iki-üç
ulduza baxanda onun fikrində birdən-birə, tamam gözlənilmədən
İsaak Nyuton canlandı. S.Qafarlı gözlənilmədən
də: "- Sənin qanunların mənasız bir
şeydir..." - dedi, elə fikrində də əlavə
etdi: "- Başqa qanunlar kimi..." və bardaş qurub, alma
ağacının altında oturmuş İsaak Nyuton
qaşlarını çatıb, acıqla, hətta
kin-küdurətlə ona baxdı, qəzəblə
başını buladı. Bu görüntü ani cizgi filmi
kimi bir şey idi və sonralar hərdən yadına düşəndə,
S.Qafarlını gülmək tuturdu. Bəlkə bu bir mistika
idi? Niyə də yox?
74 il bundan əvvəlki günlərdən birində
S.Qafarlı, dediyim kimi, heç özü də bilmədi,
necə oldu ki, evdən çıxıb, qəbiristanlığa
getdi - elə bil, ayaqları onu o zamankı Bakının
Yasamaldakı köhnə qəbiristanlığına
özbaşına aparıb çıxartmışdı. Niyə?
Birdən-birə nə oldu ki?
Doğrusu, bu hekayəni yazmağa qərar vermiş
bir adam kimi, mən də bunu bilmirəm və uşaq
vaxtı, hətta yeniyetməlik çağlarında da qəbiristanlıqdan
qorxan, çəkinən S.Qafarlı heç bir qohumu, əzizi
dəfn olunmamış o qəbiristanlıqda tanınmaz-bilinməz
insanların qəbir daşları boyunca addımladıqca,
qurumuş otun-ələfin tozu ayaqqabılarını,
şalvarının balaqlarını
bulaşdırırdı, ancaq o, bunun fərqində deyildi.
Yaxşı yadındaydı, həmin gün hava
mülayim, göy üzü tər-təmiz idi və
S.Qafarlı köhnə-təzə qəbirlərin arası
ilə dolaşa-dolaşa hərdən başını
qaldırıb göyə baxırdı. Uşaq vaxtı bir dəfə
atası onu qatarla hansısa bir kəndə
aparmışdı və nə üçün ora
getmişdilər - xatırlamırdı, yadına təkcə
bu gəlirdi ki, o kənd dağ ətəyində idi, uzaqdan
isə bu dağın davamı olaraq, başıqarlı silsilə
dağlar görünürdü. Böyük, ya kiçik
Qafqaz sıra dağları, bəlkə Talış
dağları idi, bilmirdi və o dağ ətəyində
atası sinədolusu nəfəs alıb, ona da:
- Dərindən nəfəs al, - dedi. - Bu hava bilirsən,
hardandı? - Sonra da barmağını dağlara
tuşladı. - Bu havanı sənə o dağlar göndərib.
Başıqarlı o dağlara baxa-baxa balaca
S.Qafarlının içindən elə bir gözəl
qürur hissi keçdi ki, guya o dağlar bu gözəl
havanı həqiqətən, onun üçün göndəriblər
və o hiss indiyəcən hafizəsində ilişib
qalmışdı. S.Qafarlı orda gecə vaxtı göy
üzündə milyonlarla ulduz gördü və o ulduzlar o qədər
işıqlı idi ki, bu işıqlara baxanda, adamı xof
basırdı. S.Qafarlı atasının əlindən
yapışdı və ilk dəfə də
"sirri-Xuda" sözünü onda eşitdi - atası
ulduzlarla dolu o göy üzünə baxa-baxa, elə bil
dünyada hər şeyi yadından çıxartmışdı
və:
- Bu, bir sirri-Xudadır də... -
pıçıldadı.
Sonralar onun içində fizika sevdası baş
qaldıranda da, universitetin fizika fakültəsində oxuyanda
da S.Qafarlı hərdən o dağ ətəyindəki kənddə
gördüyü göy üzünü xatırlayıb,
gülümsünürdü - təəssüf ki, onun
atası fizikadan uzaq bir adam idi və buna görə də o
milyonlarla ulduzlara baxıb, o cür mat qalmışdı. Onun
üçün, yəni S.Qafarlının atası
üçün "Xuda", S.Qafarlının özü
üçün "Fizika" demək idi və
atasını mat qoyduğu o sirləri açmaqla məşğul
idi.
Bunlar hamısı o uzaq illərin xatirələri idi.
Yasamal qəbiristanlığında gəzişdiyi o
anlarda xatırladığı ulduzlarla dolu o göy
üzü daha heç bir şövq gətirmirdi və
doğrusu bu idi ki, onun içində bir boşluq, mənasızlıq
yaranırdı.
Bir dəstə adam hansısa bir rəhmətliyi
köhnə Yasamal qəbiristanlığında torpağa
tapşırırdı və S.Qafarlı onların
yanından keçəndə Universitetin tanınmış
dosenti, fizika fakültəsinin dekan müavini B.Dadaşbəyli
ilə rastlaşdı.
B.Dadaşbəyli alçaq boylu, yumurta kimi dolu, ancaq həmişə
hərəkətdə olan, hər şeylə və hər kəslə
maraqlanan, ötkəmliyinə və prinsipiallığına
görə həmkarlarının da, qeyri-həmkarlarının
da bir az çəkindikləri bir adam idi və deyilənə
görə, yaxşı fizik idi, yəqin elə fizikaya məhəbbətə
görə də onun S.Qafarlıya rəğbəti vardı.
Birdən-birə qəbiristanlıqda S.Qafarlı ilə
rastlaşanda B.Dadaşbəyli təəccüblə bu gənc
fizikin, fəlsəfə doktorunun - o zaman belə elmi dərəcə
var idi - toz basmış ayaqqabılarına,
şalvarının tozlu balaqlarına baxaraq:
- Sən burda nə gəzirsən? - soruşdu.
S.Qafarlı bir müddət dekan müavininin sifətinə
baxdı, elə bil, universitetdə tez-tez gördüyü bu
adamı tanımırdı və bilmədi ki, nə cavab
versin? Nə deyəydi? Deyəydi ki, bu köhnə-təzə
qəbir daşlarının arasında nə axtarıram? Nə?
Ən qəribəsi isə bu oldu ki, S.Qafarlının öz
səsi öz qulaqlarında da gözlənilməz səsləndi:
- Başa düşmək istəyirəm...
Görünür, onun sözləri dekan müavinini
daha artıq təəccübləndirdi:
- Başa düşmək istəyirsən?
S.Qafarlı başı ilə təsdiq etdi.
B.Dadaşbəyli zənlə ona baxıb:
- Nəyi? - soruşdu.
S.Qafarlı maddım-maddım dekan müavininə
baxaraq, yenə bir müddət susdu və nəhayət,
çiyinlərini çəkdi, yəni ki, "nə
bilim?"
2
Hamı məəttəl qalmışdı ki, bu gənc
və perspektivli alim, növbəti doktorluq
dissertasiyasını işləyə-işləyə niyə
birdən-birə ərizə verib, universitetdə işdən
çıxır və Elmi Şuranın üzvləri də,
başqa dost-tanış elm adamları da başa düşə
bilmirdi ki, S.Qafarlı nə üçün belə edir? Hətta
B.Dadaşbəyli - o, artıq fizika fakültəsinin
dekanı və professor idi - S.Qafarlını kabinetinə dəvət
etdi və:
- Sən mənimlə açıq danış, -
dedi. - Niyə gedirsən? Bəlkə kimdənsə incimisən?
Bəlkə nədənsə narazılığın var? Hə?
Adam elə-belə, durduğu yerdə işdən
çıxıb getməz ki! Nə olub?
S.Qafarlı:
- Heç nə olmayıb, - dedi.
O zaman hələ Amerika Birləşmiş
Ştatları var idi, "ABŞ" deyirdilər və dekan
səsini bir az yavaşıdıb:
- Bəlkə ABŞ-dan dəvət gəlib? -
soruşdu.
- Yox.
- Avropadan?
S.Qafarlı başını buladı.
- Ordan da səni dəvət etməyiblər, - dedi. -
Heç nə də olmayıb? Bəs niyə gedirsən?
S.Qafarlı yəqin heç özü də bilmədən,
eynilə Yasamal qəbiristanlığındakı kimi, yenə
çiyinlərini çəkdi, yəni "nə bilim?"
və qəribədir ki, Yasamal qəbiristanlığındakı
görüş dekan B.Dadaşbəylinin də yadına
düşdü - yaxşı yaddaşı
varıymış:
- İnişil də qəbiristanlıqda,
yadımdadı, deyirdin ki, "başa düşmək istəyirəm..."
Nəyi - və dekan B.Dadaşbəyli bir neçə an susdu,
sonra da yəqin başa düşdü ki, əməlli-başlı
bir cavab almayacaq, başını bulaya-bulaya: - Vallah, - dedi, - qəribə
adamsan, sonra da Allahı şahid gətirərək: - Allah
şahiddir ki, mən sənin getməyini istəmirdim, - dedi və
S.Qafarlının ərizəsini vizalayıb, rektorluğa
göndərdi.
S.Qafarlının fizikadan başqa bir peşəsi yox
idi, ancaq Bakıdakı orta məktəblərdən birində
fizika yox, ibtidai siniflər üçün idman müəllimi
kimi işə düzəldi və uzun müddət
uşaqların sağlamlığı ilə məşğul
oldu. Evdə də fizikaya aid nə kitablar var idisə,
yığıb aparıb, kitabxanaya bağışladı və
S.Qafarlının bu əhvalatından razı qalan bir nəfər
vardısa, o da onun həyat yoldaşı idi - əri daha gecənin
yarısınacan oturub, fizika ilə məşğul olmurdu.
Bir nəfər də var idi ki, yəqin ruhu çox
incimiş, çox narahat olmuşdu, o da, şübhəsiz, rəhmətlik
atası idi.
Onun dost-tanışları, bir yerdə işlədiyi
həmkarları, hətta yaxın-uzaq qohumları, elə bil
ki, dekan B.Dadaşbəylinin dediyi sözü eşitmişdilər,
ona, yəni S.Qafarlıya qəribə bir adam kimi
baxırdılar və hətta bu, onun ayamasına
çevrilmişdi: Qəribə adam.
3
...2092-ci ilin də gözəl bir yaz günü idi və
bu, həmişəki kimi proqramlaşdırılmış
süni yaz günü deyildi. S.Qafarlının nəticəsi
Sara yeni sevgilisi ilə "Yer kürəsi - Ay - Mars"
marşrutlu turist səfərindən təzə
qayıtmışdı. İndi oralara gedib-gəlmək, əvvəllər,
yəni Bakı ilə Buzovna hələ birləşməmiş
vaxtlar, Buzovnaya gedib-gəlmək kimi bir şey idi. Sara da, yeni
sevgilisi də S.Qafarlını yoluxmağa gəlmişdi və
S.Qafarlı soruşanda ki, oralarda, yəni Ay, Mars tərəflərdə
təzə nə var, nə yox? - Sara bir az da təəssüflə:
- Heç nə... - dedi.
S.Qafarlının yaşı imkan vermirdi ki, belə səfərlərə
çıxsın və ən doğrusu budur ki, onun buna
heç həvəsi də yox idi, hərçənd oralardan
Yer kürəsinə baxmaq maraqlı olardı, ancaq nə
olsun, Yer kürəsində bəyəm, yüz cürə
sirli şeylər yox idi? Bu da S.Qafarlının fikrindən
keçdi ki, Yer kürəsində həyat nə qədər
inkişaf edirsə, o sirlər də o qədər artır və
onun beynindəki suallar sırası da uzandıqca, uzanır,
ancaq bu suallar sırası onu daha rahatsız etmirdi,
çünki bunlar adi cavabsız suallar idi. S.Qafarlının
sifətində bir təbəssüm yarandı, ancaq Sara bu təbəssümün
fərqinə varmadı, çünki S.Qafarlının sifətində
belə sözsüz təbəssümlər tez-tez
yaranırdı və ötüb də keçirdi,
çünki fizikanı bilmək də, bilməmək də,
əslində eyni şey idi və buna görə də
heç kim dəli olmurdu. Hərdən onun eyvana
çıxıb, o baş-bu baş göyə baxmağı
var idi və həmin anlarda bəzən atasından
soruşurdu: "- Oralarda nə var, nə yox?", sonra da
özü öz sualına cavab verirdi ki, "orda da heç nə
yoxdu, hə?" Ancaq "heç nə" nədi?
"Heç nə" yoxdusa, deməli, nəsə var də...
Sara:
- Bir şey lazımdı? - soruşdu.
S.Qafarlı:
- Yox, bir şey lazım deyil, - dedi.
Doğrudan da, ona nə lazım idi? Nə istəyəcəkdi?
Bir müddət əvvəl onun 99 yaşı tamam
olmuşdu və heç ağlına gələrdi ki, 100
yaşına gəlib çıxacaq? Bunu fikirləşəndə
rəhmətlik atası yadına düşürdü:
"Sağlam bədəndə sağlam ruh olar".
Sağlam bədən 99-u adlamağacan gəlib
çıxmışdı, ancaq hissiyyatı ona bunu da deyirdi
ki, daha dayanacaqdı, 100-ü görməyəcək.
Necə oldu? Nə oldu ki, 50-60 il bundan əvvəl rəhmətə
getmiş B.Dadaşbəyli birdən-birə onun gözlərinin
qabağına gəldi və 74 il bundan əvvəl köhnə
Yasamal qəbiristanlığında o rəhmətliyə
dediyi sözlər də bu uzun-uzadı illər boyu həmişə
onunla bir yerdə idi: "- Başa düşmək istəyirəm..."
Toxum cücərməyə başlayanda torpaqdan necə
baş qaldırırsa, o sözlər də o vaxt S.Qafarlının daxilində
eləcə baş qaldırmışdı və dediyim kimi,
99 yaşında da elə o cür idi. Bu barədə fikirləşəndə,
özü-özünə çımxırırdı:
"- Çox nahaq yerə..." və bu
çımxırtıda qocaldıqca get-gedə artan bir kinayə
də var idi.
Neçə vaxtıydı ki, onun evdən
çıxmağa, harasa getməyə halı və
doğrusu, bir az da həvəsi yox idi, ancaq 2092-ci ilin həmin
təbii yaz günü elə bil, hardansa əsib gələn
bir meh onun varlığına gözəl bir enerji gətirdi və
S.Qafarlı başa düşdü ki, bu,
ölümqabağı bir dirilikdir, ancaq onun içində
heç bir ölüm qorxusu, təlaşı, həyəcanı
yox idi. O, 74 il əvvəlki kimi köhnə Yasamal qəbiristanlığına
gedib, orda həmin köhnə-təzə qəbir
daşları arasında gəzişmək istədi və
onun içində dəli bir güman yarandı ki,
fizikanın girişə bilmədiyi bütün sirlərinin
cavabı elə orda - köhnə Yasamal qəbiristanlığındadır.
S.Qafarlı 99-cu mərtəbədə
yaşayırdı - o, gülümsədi - yaşı da
yaşadığı mərtəbənin
hündürlüyünə gəlib çatmışdı
və fərq onda idi ki, 99-cu mərtəbədən
yuxarıda da hələ neçə qat var idi, ancaq
hissiyyatı ona deyirdi ki, onun 99-cu son həddi. Ancaq bu
binanın da, kürreyi-ərzdəki bütün qalan
binaların qatları da
haçansa bitəcəkdi, ya bitməyəcəkdi - nə
olsun, fərqi nədir?
O, taksi sifariş etdi və çoxdan hiss etmədiyi
bir yüngüllüklə 99-cu mərtəbənin taksi
dayanacağına gedib, taksiyə mindi və pilot da elə Sara
kimi cavan və gülərüz bir qız idi, elə bil ki, həqiqi
insan idi, əsl insan kimi də şirin və səmimi bir dil
ilə:
- Hara uçuruq? - soruşdu.
S.Qafarlı:
- Köhnə Yasamal qəbiristanlığına, -
dedi.
Pilot qız təəccüblə S.Qafarlıya
baxdı:
- Hara, dediz?
S.Qafarlının fikrindən keçdi ki, deyəsən,
elə 2018-ci ildə də ilişib qalıb və:
- Qəbiristanlığa, - dedi.
Pilot qız yenidən:
- Hansı qəbiristanlığa?
- soruşdu.
- Yaxında hansı qəbiristanlıq varsa, ora.
Qız daha təəccüb etmədi, çünki
cürbəcür müştəriləri ora-bura aparıb-gətirdikcə
belə bir qərara gəlmişdi ki, insanlar dünyanın
çox çətin məxluqlarıdır və onlarla
söhbətdə çox da dərinə getmək lazım
deyil. Diqqətlə bu qocaya, yəni S.Qafarlıya baxıb,
daha heç nə soruşmadı, özü müəyyənləşdirib
başa düşdü ki, söhbət ənənəvi qəbiristanlıqdan
gedir və qısa bir müddətdən sonra taksini
yaxınlıqdakı ənənəvi qəbiristanlıqlardan
birinin meydanına endirdi.
S.Qafarlı bu yerləri tanımırdı, ümumiyyətlə
Bakı onun üçün tamam başqa bir meqapolis idi və
bu başqa meqapolisin onun üçün heç bir
doğmalığı yox idi, ancaq o, ənənəvi qəbiristanlıqda
hamısı bir-birinin eyni olan qəbir daşlarının
arası ilə dolaşarkən, elə bil, o yadlıq hissinə
yavaş-yavaş nəsə bir məhrəmlik, bir dinclik
qarışırdı. Hərdən də başını
qaldırıb göyə baxırdı - boz-qara buludlar
yığışırdı, xüsusən, üfüq boyu
qapqara qaralırdı və bu buludlar süni deyildi - süni
buludlar bu cür yığışmırdı, bu cür
qaralmırdı - yəqin dənizin o tərəflərində
təbii yağış yağacaqdı.
Bu dəfə də S.Qafarlının içində əməlli-başlı
bir təbii yağış muradı baş qaldırdı və
fikrindən də keçdi ki, ola bilsin, bir də heç vaxt
yağış, yəni təbii yağış görməyəcək.
Çox güman, elə də olacaqdı, ancaq bunun nə mənası
var idi, S.Qafarlı bir də təbii yağış görəcəkdi,
ya yox? Görsəydi, bu dünyada nə dəyişəcəkdi,
görməsəydi, nə?
O, uzun illər bundan əvvəl atası ilə birlikdə
getdiyi kənddə gecə vaxtı milyonlarla, milyardlarla
ulduzların işım-işım
işıldadığı göy üzünü yenidən
xatırladı və həmin göy üzü ilə bugünkü
göy üzü bəyəm, eyni şey deyildi? Hansı ulduz
isə sönür, ya söndürülür, hansı ulduz
isə yaranır, ya yaradılırdı - dəyişən
yalnız dekorlar idi və elə 74 il əvvəl də
köhnə Yasamal qəbiristanlığında onun beynində
bu cür fikirlər dolaşmışdı. İndi nədir,
təzə Amerika kəşf etmək istəyir?
S.Qafarlı səliqə ilə cərgə-cərgə
düzülmüş bu qəbir daşlarını bir-bir nəzərdən
keçirdi və köhnə Yasamal qəbiristanlığındakı
səliqə-sahmansızlıq, qəbir daşlarının
düzümündəki hərc-mərclik, oradakı cürbəcür
abidələr, hasarlar, eləcə də ətrafı
bürümüş alaq içində güclə
görünən naməlum qəbir daşları onun xatirinə
gəldi, elə bil aradan 74 il yox, 1000 il keçmişdi, ancaq
fərqi nə idi?
Uşaq vaxtı gördüyü,
işıltısı da adamı ürküdən o
ulduzların arasında elələri var idi ki, milyard-milyard
işıq illəri qədər uzaqlıqdaydılar - bunun nə
əvvəli var idi, nə də axırı və bu əvvəlsizlik
və axırsızlıq müqabilində qəbiristanlıqdakı
rəhmətliklər xoşbəxtlikləri, ya bədbəxtlikləri,
sevincləri və dərd-ələmləri ilə birlikdə
gözə görünməyəcək dərəcədə
kiçik və əhəmiyyətsiz idi. Bu ənənəvi
qəbiristanlığa gəlib, ya da lap elə köhnə
Yasamal qəbiristanlığı olsun, ora gedib "qaranlıq
otaqda qara pişik axtarır"?
S.Qafarlının düşüncələrindən
bu da keçdi ki, elə bu fikirlərin özü də dənizin
başının üstünü almış o qapqara buludlar
kimi, qaradır, ancaq dənizin üstündəki o buludlardan fərqli olaraq, bu buludlar
heç vaxt yağmayacaq.
Onun özünün öz bənzətməsindən
xoşu gəldi.
Dekan V.Dadaşbəyli düz deyirdi, doğrudan da, qəribə
adam idi.
Bu qəribə adam yenə 99-cu mərtəbəyə
qayıdacaqdı, sonra axşam düşəcəkdi, sonra
gecə başlayacaqdı və çoxdan köhnələrək
yox olmuş küçə göstəricilərinin
qırmızı, sarı, yaşıl işıqları
bir-birini əvəz edə-edə mənasız-mənasız
yanacaqdı...
21 iyun 2024
Zaqulba
Elçin
525-ci qəzet .- 2025.- 15 mart(¹49).- S.20;21.