QACAR QIZININ
ÖTKƏM SƏSİ
Zahirən zərif bir qadındı. Həmin incəlik
davranışlarında, sənətində də duyulmaqda
idi. Amma sərt dövranın axarında yaşayırdı.
Həyat özü lazım gələndə möhkəm
dura bilməyi, yeri düşəndə bozarmağı da
bacarmağı, özünü və sənətini
qorumaqçün mübariz olmağı da tələb edirdi.
Xurşid məhz belə idi və mühit ona
varlığında həmişə zərifliklə sərtliyi
qoşa və yanaşı saxlamağı öyrətmişdi.
Bəzən şəraitin istəyinə görə o,
kübar ədalarını bir qırağa qoyaraq ona həmlə
edənlərlə elə o hücumçuların öz
dilində danışmağı da bacarırdı.
Ömrünün müxtəlif illərində təzyiqlərə
və təqiblərə, sərt tənqidlərə məruz
qalsa da, yetərincə möhkəm insan olan Xurşid
xanım həlledici məqamlarda ləyaqətlə müqavimət
də göstərmişdi, yalnız müdafiə
mövqeyində dayanmaqdan sanki təbiətindən uzaq olan cod
bir üslubda ifşaçı çıxışlar da
etmiş, ona qarşı qalxışanları küncə
sıxışdırmışdı, 1920-30-cu illərin
yalnız bolşevik mətbuatına deyil, elə inqilab
havalı adi yığıncaqlarına da xas olan pərdə
saxlamayan, kəskin, bəzənsə lap amansız ritorika ilə
fikirlərini qırmızı-qırmızı,
açıqca bəyan etmişdi.
1933-cü ildir, Opera teatrında Qadınlar bayramı
günündə teatrın kollektivi ilə Fəhlə-Kəndli
Müfəttişliyinin briqadası (sovetləşmənin ilk
onillərində sonraların Xalq Nəzarəti komitələrinin
bənzəri, amma səlahiyyətləri daha da çox və
komissarlıq statuslu belə qurum da olub) birgə iclas
keçirir və Xurşid Qacar söz alaraq kürsüyə
qalxır.
Bütün əlamətləriylə bu
çıxış epoxanı dəqiq səciyyələndirir.
Bu çıxışda vaxtın rəngi yalnız nitqin cod
üslubunda, sərt ifşaçı mövqe
nümayişində üzə çıxmır.
Danışan bir qadındır və həmin gündən
20-25 il əvvəl bir azərbaycanlı qadının nəhəng
bir auditoriya qarşısında bu tərzdə nitqini kim təsəvvür
edə bilərdi?
Xurşid xanım həmin çıxışı
rusca etmişdi və o nitqin makinada çap edilmiş mətni
də qalmışdır. Yəni bu mətn həmin
çıxışı tam və dəqiq əks etdirir.
Çünki bütün iclas stenoqrafik olaraq yazıya
alınıb və Xurşid xanıma da, yəqin ki, öz istəyi
ilə həmin iclasın protokolundan öz nitqinin mətni
çıxarış olaraq verilib. Belə
danışırdı: "Bu gün martın səkkizi bizim
bayramımızdır - qadınların bayramı. Mən sizə
hər şeyi olduğu kimi danışacağam. Yoldaşlar,
əvvəlki bütün natiqlərin teatrdakı xoşagəlməzliklər
barədə fikirlərini eşitdik. Əvvəl-axır bilmək
istəyirsən ki, bəs bu xoşagəlməzliklər nədən
ibarətdir. Bunu teatrdan kənarda axtarmağa ehtiyac yoxdur. Bu
teatrı kim idarə edib? Rəhbərlik necə həyata
keçirilib? Sanki bir üçbucaq. Bu üçbucaqda kimlər
olub? Səttarov, Terequlov, Nayqov. Ən yuxarı nöqtədən,
Səttarovdan başlayım. Həmişəmi yoldaş Səttarov
möhkəm bir xətt tutub gedirdi və o, hərəkətlərində
haqlı idimi? Xeyr! O, hər şeyi öz subyektiv nöqteyi-nəzərindən
və vahid rəhbərliyi subyektivcəsinə dərk etməsi
baxımından idarə edirdi. Elə onun bizim operanın bədii
heyəti qarşısında administrasiyasının
iclasındakı çıxışını götürək.
Deyirdi ki, mən necə kommunist və təsərrüfatçıyam
gəncləri müdafiə etmək üçün 12 min
rubl tapa bilməyim? Bir həftə sonra isə həmin
cavanların hamısını elə dərbədər
saldı ki, onlar Fəhlə-Kəndli Müfəttişliyi ilə
teatr arasında sədəqə gəzən kimi çörək
kartoçkalarından ötrü yollarda qaldılar.
Bütün başqa hallarda olduğu kimi, burada da,
gördüyünüz kimi, ortada olan yalnız yalan idi".
Bir Azərbaycan qadını tribunadan belə kəskin
danışa bilirsə, həqiqət saydığını,
nöqsan bildiyini belə qətiyyətlə dilə gətirirsə,
bu, artıq epoxanın özünüifadəsi deməkdir.
Çünki 15-20 il öncə bir Azərbaycan
qadınından belə ötkəmliyi gözləmək xam
xəyal olardı. Sadəcə, nə mühit
bununçün yetişmişdi, nə də içərisində
olduqları mühit Azərbaycan qadınını bu sayaq
dilli-dilavər, bunca ictimai mövqeli etmişdi. Doğrudur,
Xurşid Qacar Bakıya Moskvadan gəlmişdi. Ancaq 15-20 il əvvəl
nəinki bir müsəlman şəhəri olan Bakıda,
heç Moskvada da qadınlarda bunca ictimai fəallıq, həm
də dövrün inqilabi ovqatına uyğun olan bu təhər
açıq, sərt ifadə tərzi yox idi.
Xurşid xanım yalnız hədəf seçdiyi
müəssisə rəhbərini tənqid etmir, onu müdafiəyə
cəhd edən yetərincə nüfuzlu həmkarını
da kəskin şəkildə inkar və məzəmmət etməkdən
də çəkinmir: "Burada Bülbül yoldaş dedi
ki, Səttarov təsərrüfatçıdır. Mən isə
deyirəm ki, o, başdan-ayağacan qeyri-təsərrüfatçıdır!
Onun sayəsində teatrın ixtiyarında olan qüvvələr
tam həcmdə və rasional şəkildə istifadə
edilməyib. Nəyə görə Kuçenko kimi gözəl
tenor olduğu halda onun əvəzedicisi Korobeyçenko dəvət
edildi və nədən ona böyük pullar ödənildi, nə
üçün onun adı afişada iri hərflərlə
yazılır? Ayrı-ayrı adamları nə qədər
lağa qoymaq olar? Məgər budur təsərrüfatçılıq?
Bəs onun bir direktor kimi Moskvaya truppa yığmaq
üçün səfəri? Biz ona truppa toplamaq halı olan
bir mütəxəssis kimi baxmırdıq. Səfəri əsnasında
o, truppanın tərkibinə kimi dəvət etdi, kiminlə
danışıqlar apardı, niyə
danışıqları elə teleqraf vasitəsilə həyata
keçirmədi? Məgər Moskva Səttarov deyilən
adamı tanıyırdı? Moskva onun haqqında çox mənfi
fikirdədir. Bir çox aktyorlar mövsümü
yarımçıq qoyub getdilər. Respublikanın əməkdar
artisti Boqolyubov və dirijor Şefer kimi mütəxəssislərə
münasibət necə idi?
Yoldaş Boqolyubov yararsız kimi qiymətləndirildi
və cürbəcür hədyanlarla kabinetdən qovuldu.
Bəli, əlbəttə ki, Rusiyada bilmirlərmiş
ki, Boqolyubova niyə əməkdar artist adı verirlər və
Səttarovdan icazə almağı unudublarmış. Şeferə
olan münasibət indiyədək müəmmalı
qalır.
Yoldaş Şefer teatrda 6 ildir ki, işləyir və
məntiqlə Azərbaycan teatrı onun xidmətlərini dəyərləndirməli
idi. Təşəkkür etmək əvəzinə Səttarov
onu da istehsalatdan qovur və biz onu müdafiə edəcək
bir söz deyə bilmirik. Dərhal boğazımızdan
yapışırlar. Məgər bu, özünütənqidi
sıxışdırmaq deyil? Ümid edirəm ki, Fəhlə-Kəndli
Müfəttişliyinin briqadası Şeferin də məsələsini
yaxşı araşdıracaqdır. Axı belə məsələləri
dar çərçivədə həll edib
kağızlarını da haradasa masaların siyirtmələrində
gizlətmək olmaz. Biz, sovet ictimaiyyəti öz həyati məsələlərimizin
müzakirələrində iştirak etmək istəyirik və
özümüzə qarşı diqqət tələb edirik.
Səttarov adamları işlərinin keyfiyyətinə görə
yox, onların öz adamı olub-olmaması baxımından
qiymətləndirirdi. Daha sonra, teatrın türk
bölümündəki qüvvələrə qarşı
etinasızlığı götürək. Teatrda 2 ildir ki,
işləyən aktrisa Məmmədova nə iləsə
razılaşmadığına görə kabinetdən
qovulur.
O, üçbucağın daxilində, daha doğrusu,
üçbucağın bir bucağında əriyib yox
olmadı. Beləliklə, "Niyə bu qadın burada, Azərbaycanda
işləmir?" kimi rəsmi müraciətlərə o,
cavab verir ki, nə qədər Səttarov orada oturub, ora mənim
ayağım dəyməyəcək.
Sual verirəm: vəzifə səlahiyyətlərindən
şəxsi məqsədlər üçün istifadə
edilibmi? Əlbəttə, bəli! İnşaat işlərinin
belə qızğın getdiyi, material, işçi qüvvəsi
çatışmadığı bir vaxtda Səttarovun
ixtiyarı vardımı evində təmir etdirəydi? O,
teatrdan gipsolit, çox çətin tapılan dikt,
şüşə, çilçıraq və digər
şeyləri götürüb aparır.
Yoldaş Metelin, yoldaş Baqdasarov, niyə susursunuz, mən
haqlı deyiləmsə, etiraz edin".
Xurşid Qacar ziyalı bir qadın idi, zərif ruh
daşıyıcısı bir xanım idi. Əslində bu
deyiş tərzi heç ona və onun kimi kübar
qadınlara xas deyil. Çox da ki, söylədikləri
müşahidə etmiş olduğu, bildiyi həqiqətlərdir.
Danışığın, tənqidin, daha dəqiqi -
ifşanın bu tərzini sovet gerçəkliyi
formalaşdırıb. Bir neçə il sonra bu cür
ifşaçılıq ənənəvi hal alacaq.
Xurşid Qacarı doğma nənəsi kimi qəbul
etmiş, ilk uşaqlıq illərindən onun himayəsində
olmuş və həyatdan erkən gedən Nadir Əliyev
adlı dostumuz vardı (İndi Avropada məşhur olan
pianoçu həmin Ədilə Əliyevanın
qardaşı). Hələ 1970-ci illərin sonlarında mənə
Xurşid nəvazişkarlığı,
qayğıkeşliyi haqqında danışmaqla yanaşı
dəmir iradəli, çox zabitəli, güzəştsiz
qadın olduğunu da söyləyirdi. Ancaq bir var bu keyfiyyətlər
insani münasibətlərdə, ailə içərisində,
doğmalara, yaxınlara münasibətdə təzahür
etsin, bir də var ictimai səciyyə daşısın, həmin
adamın, xüsusən də bir qadının iş həyatında
görünsün. Təbii ki, büsbütün fərqli
münasibət səviyyələri deməkdir. Sovet
epoxası insanlara prokuror, müstəntiq ədaları ilə
danışıb-rəftar etməyi, münasibətlərin
bu tərzini həyat, davranış ülgüsünə
döndərməyə cəhd edirdi və elə Xurşid
xanımın da nitqindən göründüyü kimi, 1920-ci
illərin sonları, 1930-cu illərin əvvəllərində
artıq buna müvəffəq də olmuşdu:
"Üçbucağın digər nöqtəsi yoldaş
Terequlova keçirəm. Belə görünür ki, onun
başı öz işlərinə çox
qarışıbmış ki, burada az olurdu, bizim gündəlik
işlərimizdə iştirak etmirdi və ona görə də
baş verənlər barədə səsini
qaldırmırdı. Sadədilliyi, hər deyilənə
inanması ucbatından onu yanlış istiqamətə
yönəltmişlər.
Yəqin, sizi maraqlandırır ki, üçbucağın
üçüncü küncü, yerli komitənin sədri
Nayqovun rolu nədən ibarət idi? O və onun ailəsi -
özü, arvadı, oğlu maddi cəhətdən Səttarovdan
tam asılı olduqlarından subyektiv mövqeli rəislərinin
dediyi ilə oturub-dururdu. Nayqov həmkarlar təşkilatının
nümayəndəsi ola və istehsalatın maraqlarını
qoruya bilməzdi.
Sizə Valentinov haqqında nə deyim?
Simasızlaşdırılmış mütəxəssis. Onu
da bütün kollektiv kimi terrorizə edirdilər. Onu hətta
xidməti ərazidən məhrum etmişdilər. Onun nə
kabineti, nə stol-stulu, nə oturası yeri vardı. Həmin
səbəbdən də biz aktyorlar onu bütün teatr boyu
axtarmalı olurduq. Öz keçmiş kabinetinin üstündə
mənzili olan Valentinov istehsalatdan ayrı
salınmışdı və teatra daxil olmaq üçün
o, pərdənin arxasından dövrə vurub gəlməli
idi. Valentinovun bu məcburi təcridi ona görə baş
vermişdi ki, Səttarov onun mənzilinin bir hissəsini guya
elmi-tədqiqat kabineti üçün istifadə etməyə
qərar vermişdi.
Həmin yerdə hansı elmi-tədqiqat işləriylə
məşğul olurdular, - mənə bəlli deyil, mən
ora az gedirdim və ola bilsin ki, teatrdan kimsə həmin kabinetə
tez-tez baş çəkirmiş, onlara orada görülən
elmi işlər daha yaxşı məlum olar. Bəlkə Səttarovun
ən yaxın əməkdaşı və müavini
yoldaş Ginzburq bizə həmin elmi tədqiqat kabineti
haqqında nəsə danışa bilər? Doğrudur, Ginzburq
Səttarovun təsərrüfat məsələləri
üzrə müavinidir, ancaq teatrda baş verən
qatmaqarışıqlıqda Ginzburq üçün heç
bir xidməti və şəxsi tapşırığı
yerinə yetirmək çətinlik törətməzdi. Ola
bilsin, o, tədqiqat kabinetinin əsərlərindən
agahdır. Deməliyəm ki, yoldaş Ginzburq sinizmin elə
bir həddinə çata bilib ki, xorun solisti oğru
Burşteyni işdə saxlamaq, onu müdafiə etməkçün
dəridən-qabıqdan çıxır, o biri yandansa onun
kor-koranə tabe olduğu birbaşa rəisi Səttarov mədəni
türk qızlarını teatrdan kənarlaşdırır".
Xeyli geniş olsa da, Xurşid Qacarın 1933-cü ildə
etdiyi bu sərt tənqidi çıxışı
bütünlüklə ruscadan azərbaycancaya çevirərək
ilk dəfə ona görə hamıya "eşitdirirəm"
ki, bir tərəfdən bu mətndə Xurşid Qacarın
prinsipiallığı, cəsarəti, həqiqətləri mərd-mərdanə
dilə gətirməkdən çəkinməməsi, bir
sözlə, güclü xarakteri bariz şəkildə
görünür, digər tərəfdən isə, ikicə
səhifəyə sığan, zamanında 6-7 dəqiqə
davam etmiş bu çıxışdan dövr, onun
çalxantılı, qarşıdurmalarla dolu
gedişatının gerçək ovqatı duyulur.
Xurşid Qacar və onun sənətkar müasirləri
hansı ictimai-siyasi ab-havada nəfəs alırdı, Azərbaycan
musiqi mədəniyyətinin vacib qanadlarından olan
operanın həyatında 1930-cu illərdə nələr
yaşanırdı, üzdən çoxlarına
görünməyən hansı daxili burulğanlar coşurdu
həqiqətlərini əyan etməkçün yazıya
köçürüləndə ikicə səhifəyə
sığan bu çıxış ən canlı və
mötəbər şahid kimi bir kitablıq mətləbləri
çatdıra bilir.
Dövr nə qədər qatışıq, həyat
nə qədər qəliz olsa da, dünyanın hər yerində
və hər zaman hər insan özünə uyğun olaraq
sığına biləcəyi bir ada arayır, mühitin
havası nəfəsini təngidəndə həmin dinclik
adasına sığınır.
Bu toxtaqlıq adası kiminçünsə ailəsi,
sevimli bir insan, ya etibarlı dost olur, kimsə öz içərisinə
qapılır, tənhalaşır, kimlərsə təzyiqlərə
tablaşmayanda özünüaldanışa meyl edir, ətrafındakıları
müvəqqəti də olsa unutmaqçün içkiyə
qurşanır.
Xurşid xanımın ömür sürdüyü təlatümlü
illərdə təskinlik adası bir deyil, bir neçə
idi. Ona simsar, əziz insanlar, dərd bölüşə, məsləhət
ala bildiyi dostlar öz yerində, bir də varmış ən
yaxşı və yaman anlarında ürəyini boşalda
bildiyi ağ vərəqlər.
Xurşid xanımın arxivinin əsas hissəsi Nizami
Gəncəvi adına Ədəbiyyat muzeyində saxlansa da,
müəyyən hissəsi Cəfər Cabbarlı adına
Teatr muzeyində qorunur və bu sonuncu ünvandakı
yadigarların mühüm hissəsi unudulmaz sənətkarın
qələmindən çıxmış şeirləridir.
Xurşid xanım fotoşəkillər çəkdirməyi
də, toplamağı da xoşlayırmış. Bunun
şahidi ondan qalan albomlardır.
Xurşid xanımın bizə gəlib çatan
şeirləri onun ürəyinin, daxili aləminin şəklidir.
Oxuduqca bunu da hiss edirsən ki, qələm götürüb
şeir yazmağa onu hər dəfə məhz ürəyi
vadar edib. Günü barədə, ətrafındakılar
haqda, onlu və onsuz gələcək sabahlarla əlaqədar düşüncələrini
bölüşmək istəyib onu özü qədər
duyacaq ikinci bir şəxsi tapmayanda şeirə üz tutub.
Bu şeirində ömür və ölüm
haqqında fikirləşirdi, bir çox başqaları kimi
sadəcə həyatın hər anının qədrini bilməyə
dəvət etmir, insana bəxş olunan ömrün
özünü bütövlükdə bir an sayırdı.
Mahiyyətcə sonunda qaçılmaz ölüm
dayandığından hər həyat faciəlidir. Ancaq hətta
bu halda belə, Xurşid Qacarın qənaətincə həyat
elə gözəldir ki, onu yaşamağın müqabilində
ölüm dəyərcə qat-qat aşağı olan ödənişdir:
Nə olsun, o qısa, vur-tut bircə dəm,
Mütləq ölüm gəlir sonunda çox da.
O an elə gözəl, elə möhtəşəm.
Ölüm nədir onun
qarşılığında?!
Sanki başlanmayıb hələ heç ömür
Qarışıq yuxuymuş olub-keçənlər.
Könül çox şeyləri sabahda görür,
Hələ qabaqdadır işıqlı günlər.
Sənət, səhnə, müğənnilik
Xurşid xanımın həyatının mənası idi. Sənətin
bütün çətinliklərindən də agahdı,
teatrın, ifaçılığın narahatlıqları ilə
də mütəmadi qarşılaşırdı. Ancaq bir
indi yüz cür özəlliyi - şöhrəti,
alqışları, təmtərağı və
qayğıları ilə nəfəs-nəfəsə
olduğun sənət mühiti, bir də var sənətkarın
yaşa dolandan səhnədən, sənətdən
ayrılandan sonrakı həyatı. Çox zaman səhnə
adamları, xüsusən də teatrlarda aparıcı
olmuş, birincilər cərgəsində yer almış
qadın aktrisalar, müğənnilər gur alqışlarla,
çiçəklərlə bəzənən şöhrət
çağlarından sonra gələn sükut
dövrünü dərin ağrıyla, sarsıntıyla
qarşılayır, ömürlərində yaranan
boşluğu ən böyük dərd kimi qavrayırlar.
Xurşid xanım da söz yox ki, başqa sənətkar
ömürlərindən bu həqiqətlərə bələddi
və günlərin birində qələm götürüb
bu şeiri yazanda əlbəttə, həm özünü, həm
də gec-tez həmin aqibəti yaşayacaq digər həmkarlarını
düşünürdü. Ancaq sənətin, səhnənin
və ən sadiq tamaşaçıların, pərəstişkarların
da illər ötəndən sonra ortaya çıxan vəfasız
və qəmli tərəfi - bir zamanların ən məşhurlarını,
ən sevimlilərini belə asanlıqla yaddan çıxarmaq
xüsusiyyətini nəzərə ala-ala Xurşid Qacar hətta
həmin unutqanlılar haçansa gəlsə belə, yenə
sənətkarın hər fədakarlığa, bu yolu tutubsa,
irəlicədən hər şeyə hazır olmasını
diləyirdi. Çünki özü belə olmuşdu. Yolunun
əvvəlində də, yaşayaraq bir gün gələcəyini
öncədən bildiyi günlərin soyuqluğu ilə
rastlaşdığı ahıl vaxtlarında da. Cavan
yaşlarında yazdığı bu şeir də təsdiqləyir
ki, həmin günlərə elə öncədən
hazırmış:
Tale özü yazıb bizə bu baxtı,
Sənətə bağlandıq, çətin yolu
var.
Bir qayıq kimiyik fırtına vaxtı
Bizi atıb-tutar daim dalğalar.
Bütün illərimiz təlaş içində,
Daim vurnuxuruq, bitməz həyəcan.
Kütlədən həmdərdlik umma bihudə,
Onun nə xəbəri, sənin halından.
Gah elə, gah belə tamaşaçılar,
Bəzən tərif deyər, hərdən gül səpər.
Bir gün də görərsən qəfil unudar,
Daha yada düşməz ən sevimlilər.
Sənəti seçərkən biz əzəl
gündən,
O cür laqeydləri düşünmədik heç!
Sənətdə özünü tapmaq istəsən,
Ucalığa can at, var-yoxundan keç!
Bu ülvi niyyətdə həm səadət var,
Həm həyat sevgisi, həm əbədiyyət.
Qaranlıq dağılar, əriyər qubar,
Bizi ülviyyətə çatdırar sənət.
Xurşid xanımın bu şeirləri ana dilində
ilk dəfə səslənir. Əslində bu şeirləri
heç başqa gözlər də görməyib. Öz
sağlığında da uzaqbaşı hansısa məhrəm
adamlara oxuyub ya oxumayıb. Ona görə də sənət
tariximizin bənzərsiz ulduzlarından olmuş Xurşid
xanımın iç dünyasının aynası olan bu
şeirlərin tərcüməsi zəhmətinə
qatlaşaraq onları
hamınınkılaşdırmağı yalnız yerinə
yetirilməli bir ədəbi-mədəni vəzifə deyil, həm
də savab iş sayıram. Bu hərarətli səsin, bu
soyumaz ürək çırpıntılarının kimsəyə
görünmədən arxivlərdə, lal qovluqlarda qalmaqda
davam etməsi rəva deyil axı. Həm də nə şeir
yazıbsa hər birində tarix var, özünün şahidi
olduğu hadisə var. Başqa sözlə, Xurşid
Qacarın şeirləri onun ömrünün qəlpələridir.
Bir güldana həsr etdiyi bu şeir üzdən baxanda adama
mücərrəd, hansısa ixtiyari bir güldana həsr
edilmiş qoşqu kimi də gələ bilər. Ancaq elə
deyil. Xurşid xanımın 1922-ci ilin 15 aprelində
yazdığı və bir canlı insan kimi təsvir etdiyi bu
şeirin qəhrəmanı bir zamanlar bəlli bir ünvanda,
böyük bir salonda, həmişə yuxarı başda,
göz qabağında imiş. O ünvandan dost yığnaqları,
şən məclislər, qəhqəhələr, zarafatlar,
rəqslər, o güldandan təzə çiçəklər
əskik olmazmış. Elə Xurşid Qacar də yəqin o
salona vaxtaşırı gedib-gələnlərdənmiş.
Güldan o gözəl anların daimi şahidiymiş. Məclisdəkilər
dağılışandan sonra o güldan bu salonda yaşanan
sevgi macəralarını da, ehtiraslı öpüşləri,
nəvazişləri, umu-küsüləri, öcəşmələri
də, barışmaları da görmüşdü.
Güldan bu salondakı tək varlıq olmuşdu ki, illərcə
ondan kimsə nəyisə gizlətməmişdi. İndi isə
büllur güldan qüssəlidir. Sınıb, bir küncə
atılıb və keçmiş ehtişamından qalan,
ötmüş gözəlliyindən xəbər verən yalnız əskiləşmiş
naxışlarıdır. Daha ona nə baxan var, nə
yaxın duran. Belə görünür ki, heç
sınmamışdan əvvəl də çoxdanmış
ki, bu güldanda qurumuş köhnə güllərin əvəzinə
təzə çiçək qoyulmurmuş. Bir ömür
yaşanmış, bitmişdi. Qalan xatirələrdi.
Bu şeir bir güldanın taleyindən bəhs edirdi.
Ancaq o güldanda Xurşid xanım başqa kimlərisə də
görürdü, elə müəyyən mənada
özünü də:
Atılıb bir yana qırılmış güldan,
Qədimi, çox gözəl, bahalı, büllur.
Salonu bəzərdi güldan bir zaman,
İndi lal duruşu yüz eyham vurur.
Məst edərdi şəbbu, qızılgül ətri.
Çıxmır xatirindən bəxtiyar illər,
Seyr etdi zövq ilə bəzənənləri,
Həm ehtiras gördü, həm də ki kədər.
Sevişənlər də gördü,
küsüşənlər də,
Gördü qucaqlaşır cütlüklər necə
Hərdən təsadüfən döndü şahidə,
Bəzən iztiraba, bəzən sevincə.
Gün gəldi bu güldan düşdü nəzərdən,
Soldu susuz qalan tər çiçəkləri.
Olmadı qayğıyla tozunu silən,
Lent də bağlanmadı haçandan bəri.
İndi bir qırağa atılıb güldan,
Əvvəlki hüsnündən qalmamış əsər.
Sevimli, əzizdi o da bir zaman,
İndi zibillikdə büllur çiliklər.
1920-ci illərdə Xurşid Qacar seçkin,
yalnız səhnədə yox, ictimai-mədəni həyatda ən
üzdə olan mədəniyyət xadimi və ziyalılardan
biri idi. Ondan qalan yazılar arasında Sergey Yeseninə həsr
edilmiş bir şeir də var ki, 1924-cü il sentyabrın 27-də
yazılıb və həm Xurşid xanımın, həm də
görkəmli şairin ömründəki ən parlaq
parçalardan olan Bakı dövrünün haqqında müəyyən
dəqiqləşdirmələr aparmağa işıq
salır.
Sergey Yeseninə sağlığında da,
ölümündən sonra da Rusiyada da, Azərbaycanda da xeyli
şeirlər həsr edilib. Ancaq Xurşid Qacarın rus
şairi haqdakı qoşqusu indiyədək məlum olmayan
şeirlər qəbilindəndir. Bu şeir və Yeseninin
Bakı günləri haqda bilgilər belə bir gümana
söykək durur ki, yəqin Xurşid xanımla şair
Bakıda görüşüblərmiş də. Yesenin
Bakıya ilk dəfə 1920-ci ildə gəlmişdi. Ancaq tale
elə gətirdi ki, 1924-1925-ci illərdə ona yenə
Bakıya səfər nəsib oldu və Yeseninin
ömrünün son böhranlı parçasında baş
tutan bu gəlişlər həm onun silsilə gözəl
şeirlərinin yaranmasına meydan açdı, həm də
Bakı ayları və həftələri şairin həyatında
dedi-qodulardan, ədalətsiz tənqid və sancmalardan,
cürbəcür təqiblərdən aralıda qısa,
ancaq xoşbəxt mənəvi dinclik dönəminə
çevrildi.
Sergey Yesenin 1924-cü ildə Bakıya sentyabr
ayında gəlmişdi. Arada Tiflisə baş çəkdikdən
sonra həmin ayın 20-də paytaxtımıza yenidən
qayıtmışdı. 1925-ci ilin martında isə o, yenə
növbəti və sonuncu dəfə Bakıda idi. Yeseninin
Bakıya bu axırıncı vida səfəri onun
ömründəki Azərbaycana bağlı parçanın ən
dolu hissədir - həm yaradıcılıq, həm Azərbaycan
ədəb-mədəni mühitinin təmsilçiləri ilə
təmasları baxımından. Yeseninin qələmindən
çıxan son ən gözəl şeirlər də
Bakıda yarandı, onun axırıncı ən yaxşı
fotolarını da məşhur Bakı fotoqrafı Lavrenti
Breqadze çəkdi, Mərdəkanda, Murtuza Muxtarovun
mülkündə yaşasa da, şair tez-tez şəhərə
baş çəkdi, bir çox unudulmaz görüşləri
də məhz həmin vaxtlarda gerçəkləşdi.
Sergey Yeseninin Bakıya 1924-cü ildəki gəlişlərində
onun mətbuatda hər hansı şeiri görünmür və
görüşləri, qatıldığı tədbirlər
haqda da soraqlar seyrəkdir. Amma 1925-ci ildə Sergey Yeseninin
ard-arda "Bakinski raboçi"də şeirləri
çıxırdı və rəsmi partiya qəzetində
balaca bir vaxt aralığında təkcə Yeseninin 40-dan
çox şeirinin dərc edilməsi bu siyasi nəşrin
çöhrəsini də xeyli insaniləşdirmişdi.
Bakıda olduğu müddətdə Sergey Yeseninin Mərdəkanda
şöhrətli xanəndə Cabbar Qaryağdıoğlu və
Əliağa Vahidlə görüşlərinin hekayətləri
çoxdur. Ancaq elə həmin dövrdə o zamanlar Azərbaycana
rəhbərlik edən Respublika Bolşevik Firqəsi Mərkəzi
Komitəsinin birinci katibi Sergey Kirov Sergey Yeseninin şərəfinə
Əliheydər Qarayevin evində ziyafət təşkil
etmişdi, həmin qonaqlıqda Səmədağa
Ağamalıoğlu, Ruhulla Axundov kimi dövlət və
partiya xadimləri ilə yanaşı ziyalılar, Cabbar
Qaryağdı oğlu, Qurban Pirimov, Fatma Muxtarova kimi sənətkarlar
da iştirak etmişdilər. Əsla şübhə yoxdur ki,
Lavrenti Breqadze də o axşam həmin məclisə dəvətlilər
arasında imiş və anları tarixiləşdirirmiş.
Aranırsa, həmin məclisi əyaniliyi ilə göstərəcək
fotoların da aşkarlanacağı istisna deyil.
1925-ci ilin aprelində Sergey Yesenin Bakı Opera
Teatrında baş rolda Fatma Muxtarovanın
çıxış etdiyi "Samson və Dalila"
operasına da tamaşa etmişdi.
Bu məqamları sadalamaqda məqsəd həm o məclisdə,
həm operadakı tamaşa günündə Xurşid
xanımla şairin görüşlərinin ola bilməsinə
diqqət yönəltməkdədir. Çünki Xurşid
xanımın hələ 1924-cü ilin sentyabrında Yeseninə
ithaf etdiyi şeir onun şairin köhnə
tanışları sırasında olmasına dəlalət
edir.
Xurşid Qacarın həmin şeirindəki
ayrı-ayrı nöqtələr onun Yesenin adı və
yaradıcılığı ətrafında həmin
çağlarda Rusiyada cərəyan edənlərdən də
yetərincə xəbərdarlığına dəlalət
edir. Bir az öz azad ruhuna və sərbəst
davranışlarına, bir az qələmini bolşevik siyasəti
ahənginə lazımınca uyğunlaşdırmamasına,
bir az da parlaqlığının yaratdığı qibtə,
həsəd səbəbindən 1920-ci illərdə Sergey
Yeseninin əleyhinə Rusiya mətbuatı səhifələrində
ara-sıra tənqidi deyişlər də əksini
tapırdı. Həm də bu sərt söyləyişlərin
bir çoxunun altında Vladimir Mayakovski, Demyan Bednı,
İvan Bunin, Anna Axmatova kimi ədəbi aləm tanınmışların,
Nikolay Buxarin, Anatoli Lunaçarski kimi siyasi simaların
imzasının dayanması belə münasibətin
yuxarılardan yönləndirilməsini fərz etməyə əsas
yaradır.
Xurşid Qacar, vaxtın o kəsiyində bütün
qəlbi ilə Sergey Yeseninin yanında olanlardan idi:
Ey Rus ellərinin şairi sənin,
Ruhun necə böyük, nə qədər doğma!
Sənin şeirlərin bir qədər qəmgin,
Həsrətin çəkirsən ötən günlərin.
Xəyallar aparır doğma yerlərə,
Çöllərə, düzlərə, bahar
çağına,
Gəzərsən gecənin səssizliyində,
Xəyalən indi sən çay qırağında.
Sən xumar olubsan xatirələrdən,
Könlünü oxşayır ağcaqayınlar.
Tanış cığırlardan yenə ötürsən
Əlində bir dəmət çöl gülləri
var.
İndi ürəyində həyəcan, xiffət
Yeni sahillərdə dayanaraq sən,
Doğma meşələrin, gen düzənlərin
Nəğmələr deyirsən gözəlliyindən.
Sən ömür sürmüsən köhnə bir kənddə,
Sənə tanış gəlmir indiki həyat.
Elə bil yorulub hissin, qəlbin də,
Sanki əvvəlkitək duymursan heyhat.
Ancaq sən kütlənin qınaqlarından,
Ey Rusun şairi alıb öyüdlər,
Təzə nəfəs qatıb yenə taparsan,
Öz yeni yolunu keçsə bir qədər.
Yorğun ürəyinin nəğməsini sən,
Yenə bəxş edərsən doğma ucqara.
Vəsfli şeirlər həsr eləyərsən,
Azad zəhmət ilə ucalanlara.
Müslim Maqomayevin "Şah
İsmayıl"ının 1920-ci illərdə opera
teatrının repertuarındakı yeri sabit idi.
Tamaşaların əksərində orkestri elə bəstəkar
özü idarə edirdi və gündəliklərində bir
çox tamaşalardan sonra yazdıqları da göstərir
ki, əsərinin hər yeni nümayişinə, hər
ifaçının oyununa xüsusi həssaslıqla
yanaşırmış. Müslim bəyin gündəliklərində
ifasında daimi məmnun razılıq sözləri yer
alanlardan biri də Xurşid xanım Qacar idi. Elə həmin
gündəliklər bunu da pıçıldayır ki,
Müslim bəy "Şah İsmayıl"a da, xeyli sonralar
yaranacaq "Nərgiz"ə də elə doğma
övladları kimi məhəbbətli münasibət bəsləyirmiş.
Xurşid xanımın da "Şah
İsmayıl"a münasibəti elə təxminən o
cürmüş. Yəqin elə həmin səbəbdəndir
ki, günlərin birində qələm götürüb
"Şah İsmayıl"a həsr edilən uzun bir
şeir yazmışdı.
Xurşid xanım Vətənini - Azərbaycanı
çox sevirdi. Təbii, hər insanda bu istək yəqin ki,
var. Ancaq Xurşid xanım kimi Vətən yavrularının
sevgisinin rəmziliyi və üstünlüyü ondan ibarətdir
ki, onlar həm də ömür boyu usanmadan, fədakarlıqla
çalışır, həmin məhəbbəti xalqı və
yurdu daha ucalara qaldıra biləcək böyük işlər
görür, dəyərli xidmətlər də göstərirlər.
Vətən adına sərf etdiyi əməklərin,
yaratdığı gözəlliklərin üstünə
Xurşid xanım Qacarın yurda sevgilərinin ifadəsi olan
"Azərbaycan" adlı bir şeiri də gəldi:
Azərbaycan, adın gəlcək,
Qulağıma tütək, zurna,
Bir də "Can!" sədası gələr.
Al dodaqlı gözəllərin,
Boy-buxunu sərvə bənzər.
Duyunca bu xoş ahəngi,
Unutdum mən qaşqabaqlı,
Şaxtalı, qoca şimalı.
Günəş bol olan torpaqda,
Arzular da qaynar olar.
Məni coşqun səsi ilə
Əsirinə döndərib tar.
Kamançanın incə, kövrək,
Nidasına heyran ürək.
Səslənsin zərif tütəklər
Çal təbili, igid oğlan!
Qoşulub bu qaynar səsə
Rəqs eləyər lap Günəş də
Azərbaycan, Azərbaycan!
Xuşid xanım hələ cavanlığından
dünyagörmüş, həyatı olduğu kimi qəbul
edən bir insan idi. O, sənətə də şöhrət
ardınca yox, ürəyinin hökmü ilə gəlmişdi.
Müəyyən zamandan sonra sənətkarın unudulmaq
ehtimalını da heç vaxt yaddan
çıxarmırdı. Ancaq bu qədər xidmətlər
göstərəndən sonra hər halda yerli-dibli yaddan
çıxarılacağını da yəqin ki, zənn etməzdi.
O özünü millətinə, yurduna borclu sayırdı, həyatını
da bu borcdan gərəyincə çıxa bilmək
yolundakı çalışmalara həsr etdi. Bizimsə ona
borclarımız qalır axı!
Yeni Xurşidlərin Azərbaycan üfüqlərində
Günəş kimi parlamasını istəyiriksə, gərək
biz də borclarımızı qaytarmaq yolunda
bacardığımızı əsirgəməyək. Hərdən-hərdən
xatirələrini dindirək ki, getmişlərin
tanıdığı və iftixar etdiyi
parlaqlarımızı yeni gələnlərimiz də
tanıyıb fəxr edə bilsin.
10 mart 2025
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2025.- 15 mart(№49).- S.18;19.