Xalq yazıçısı Anarın  yaradıcılığı   “Türk Ədəbiyyatı” dərgisinin yeni sayında

 

Türk Ədəbiyyatı Vəqfinin nəşri olan “Türk Ədəbiyyatı” dərgisi  1972-ci ildə, professor Əhməd Kabaklı tərəfindən təsis olunub və hazırda tanınmış yazıçı, tərcüməçi İmdat Avşarın baş redaktorluğu ilə  çap olunur.  53 yaşlı  dərgi  hər  dəfə maraqlı   və rəngarəng yazılarla oxucuların görüşünə gəlir.  Dərgi  bu dəfəki mart sayında Ramazan və Novruz  bayramlarının gəlişi  münasibətilə Türk mifologiyasına xüsusi yer ayırıb. Türk xalqlarının yaddaşında yer tutaraq dastanlar, nağıllar və bədii əsərlər vasitəsilə nəsildən-nəsilə ötürülən miflərin araşdırılması, onların türk toplumlarının dünyagörüşünə, kimliyinə təsiri haqqındakı maraqlı yazılar oxucunu uzaq  və sehrli keçmişə  aparır. 

Ahmet Taşağıl -Boz Qurd mifi və əfsanələrini,  Mehmet Aça- Sibir şamanizminin əsas elementlərini, Bayram Durbilmez -maral fiqurunun müqəddəsliyini, Hilal Akça Öcal  isə Fatma Əliyenin “Enin” romanındakı ilahə miflərini araşdırır və  oxucuya bu miflərin yaranma tarixi haqqında maraqlı məlumatlar verir.   Eləcə də  dərgi İbrahim Özen, İsmail Alper Kumsar, Nazım Payam, Ayşə Göktürk Tunceroğlu, Yasemin Mumcu  və digər müəlliflərin yazıları və müxtəlif  bədii nümunələrlə oxucularını sevindirir.

Dərgi öz səhifələrində  adəti üzrə Azərbaycan ədəbiyyatına xüsusi yer ayırıb və bu dəfəki sayda   Azərbaycanın, eləcə də türk dünyasının böyük yazıçısı  Anar haqqında iki məqalə çap olunub.  Qeyd edək ki, Türk Ədəbiyyatı Vəqfi və “Türk Ədəbiyyatı” dərgisi  Türk dünyasının ortaq dəyəri olan yazıçının əsərlərini  daim sevə-sevə təbliğ edir, gənc nəslə tanıdır.

Gülzar Məmmədova dərgidə işıq üzü görmüş  “Anarın Ağ Qoç, Qara Qoç əsərində  üç əsas mifoloji fiqur” məqaləsində  yazıçının  “Məlikməmməd” nağılı üzərində çağdaş nəsr prinsiplərinə uyğun oxunaqlı dillə yeni mifoloji povest yazdığını vurğulayır. Əsəri geniş şəkildə təhlil edən müəllif  qeyd edir ki,  povestin əsas  xüsusiyyətləri  onun nağıl, mifoloji və fantaziya elementləri ilə toxunmuş olmasıdır. Anar bizə mədəni kontekstdə çıxış yolu təklif edir və bu yol cəmiyyətin kamilləşməsidir.

Saadet Örmeci isə Anarın  Tükiyədə  İmdat Avşarın tərcüməsi ilə “KETEBE” yayım evində  nəşr olunan “Bir Fırsat  Bulsam”(Macal),  “Dantenin Yubileyi” və “Otel Otağı” povestlərindən ibarət, ədəbi əsərlər silsiləsinin ikinci cildindən söz açır: “Əvvəllər Türkiyədə müxtəlif adlarla ayrı-ayrılıqda nəşr olunan  əsərlər adıçəkilən nəşriyyat tərəfindən ilk dəfə olaraq vahid kitabda bir araya gətirilib. Bu kitab həm də Anarın təqribən əlli il əvvəl yazdığı “Bir Fırsat Bulsam” və “Dantenin yubileyi” əsərlərinə illər sonra yazdığı yeni əlavələri -"Kəbirlinskinin son etirafı" və "Balaca Fuadın son xahişi" hekayələrini özündə ehtiva etdiyi üçün çox dəyərlidir. Anarın yazdığı bu yeni sonluqlar Türkiyədə ilk dəfə bu nəşrdə yer alıb”.

“Bir Fırsat Bulsam” kitabında  yer alan  hər bir əsər haqqında geniş məlumat verən  Saadet Örmeci fikrini belə tamamlayır: “Təbii ki, bu məhdud səhifədə Anarın ədəbi əsərlərinin bütün cəhətlərini təsvir etmək mümkün deyil. Əminəm ki, onun sözlərlə qurduğu yepyeni dünya oxucuların kitabı oxuduqdan sonra yaratdıqları müxtəlif dünyalarla daha da zənginləşəcək. Yazıçının dilini və üslubunu belə qüsursuz bir həssaslıqla  tərcümə  edən İmdat Avşara və bizi belə  dəyərli əsərlərlə tanış edən “KETEBE” nəşriyyatına təşəkkür edirəm”.

Və biz də öz növbəmizdə görkəmli yazıçımızın yaradıcılığına xüsusi önəm verdiyi üçün “Türk Ədəbiyyatı” dərgisinin kollektivinə öz minnətdarlığımızı bildirirk.

 

Narıngül Nadir

525-ci qəzet .- 2025.- 15 mart(¹49).- S.16.