Taleyin dəyişdiyi ünvan
MİRZƏ KAZIMBƏY NİYƏ KAZANDA QALMIŞDI?
Şotland missionerlərinin təşviqi ilə
xristianlığın presvetrian məzhəbini qəbul edən
və rəsmi sənədlərdə artıq Aleksandr Mirzə
Kazımbəy kimi tanınan gələcəyin görkəmli
şərqşünas alimi Mirzə Məhəmməd Əli Hacı Qasım oğlu
Kazımbəy (1802-1870) Qafqaz administrasiyasından missiyanı
tərk edib Həştərxandan ayrılmaq göstərişi
alandan sonra diplomat olmaq, Rusiya Xarici İşlər Nazirliyində
çalışmaq istədiyini bildirsə də, buna əhəmiyyət
verilməmişdi. 1825-ci il avqustun 25-də Omsk Asiya məktəbinə
Şərq dilləri müəllimi vəzifəsinə təyin edilmişdi. İllik maaşı
800 manat olacaqdı. Çar I Aleksandr lütfkarlıq göstərib
xidmət yerinə getməsi üçün ona geri qaytarmamaq
şərti ilə 1000 manat yol xərci də
ayırmışdı. Bir sözlə, dərbəndli gənci
ömrünün dörd ilini keçirdiyi Həştərxanla
həmişəlik ayrılıq gözləyirdi.
Şəhəri hansı hisslərlə tərk
edirdi? Nəticəsi Olqa İlyina ailə söhbətlərinə
əsasən ulu babasının düşüncələrini
belə təsvir etmişdi: "Rəsmilər mənə
inanmırdılar. İslam dinindən xristianlığa
keçmişdim. Tez-tez şotland missionerlərinin yanında
olurdum. Kim bilir, bəlkə də artıq ingilis casusu
sayılırdım? Mən isə bu müddət ərzində
elə alovlu rus vətənpərvərinə
çevrilmişdim ki, yalnız yad ölkələrdən gələnlərdə
belə dəyişiklik baş verə bilər. Yəqin ki, bu
çox gülməli idi..."
Gələcək dumanlı, mübhəm
görünürdü. Amma başqa çıxış yolu
da yox idi...
lll
Sibir Qafqaz insanının təsəvvüründə
həmişə sürgün yeri, məhrumiyyət bölgəsi
olub. Rusiyanın Qafqazda möhkəmlənməsindən sonra
minlərlə Qafqaz sakini həbs,
yaxud katorqa cəzasına məhkum edilərək "əbədi
buzlaqlar ölkəsinə" göndərilmişdi. Məsələnin
psixoloji tərəfi Mirzə Kazımbəyə də
aydın idi. Xidmət yeri kimi məhz Sibirin seçilməsinin mənasını yaxşı
başa düşürdü.
E.P.Rosta məktubunda Omska göndərilməsinin
arxasındakı gizli məqsədi izah edərək
yazırdı: "Baş verənlər adamlarda elə təəssürat
yaratmalı idi ki, həmvətənlərimə həqiqətən
də Sibirə sürgün edilməyimlə bağlı təsəlli
(yəni "islama arxa çevirdi, biz də onu Sibirə göndərdik" - V.Q.)
verə bilsinlər".
Çarizm idarəçilərinin Mirzə Kazımbəyin
dinini dəyişməsində bir rolu olmasa da, izzəti-nəfsi
təhqir edilmiş müsəlmanları bu yolla sakitləşdirmək
istəyirdilər.
1940-cı ildə Bakıda çap olunmuş
"Professor Mirzə Kazımbəy"
kitabçasının müəllifi Yaqub Əliyev konkret mənbəyə
əsaslanmadan qəhrəmanının Omsk Asiya məktəbinə
müəllim təyin olunmasını sözün müstəqim
mənasında sürgün kimi qələmə vermişdi.
Razılaşmaq olar ki, hökumət üçün müəyyən
problemlər yaratmış azərbaycanlı gəncin Həştərxandan
uzaqlaşdırılması, Qafqazın inzibati mərkəzi
Tiflisdə, paytaxt Peterburqda, yaxud Mərkəzi Rusiyada
yaşayıb-işləməsinə icazə verilməməsi
müəyyən mənada sürgün kimi mənalandırıla
bilərdi. Lakin bu, Y.Əliyevin
yazdığı kimi rəsmi yox, məcazi yaxud simvolik sürgün idi.
Omska göndərilən Mirzə Kazımbəy həmin
məktəbdə işləmişdimi? Səyahətin son məntəqəsinə
- Qərbi Sibirə gedib çatmışdımı? Müxtəlif
araşdırmalarda bu suala fərqli cavablar verilir. Yaqub
Əliyev onun yolda xəstələndiyini və nəticədə
"sürgün yerinə" gedə bilmədiyini iddia edir.
Akademik Heydər Hüseynov da eyni versiyaya tərəfdar
çıxaraq yazır: "Yermolovun arzusu yerinə yetirildi.
Mirzə Kazımbəyi Sibirə sürgün etmək qərarına
gəldilər. Lakin o, yolda ağır xəstələndi və
bir müddət Kazanda qalmalı oldu". Dağıstanlı
tədqiqatçı Məhəmməd Abdullayev isə
başqa fikirdədir: "Mirzə Kazımbəyin həm
xarici, həm də rus
bioqrafları yazırlar ki, guya o, Həştərxandan
Sibirə gedərkən ağır xəstələndiyi
üçün Kazan şəhərində dayanmalı
olmuşdu. Sənədlər isə göstərir ki, Mirzə
Kazımbəy 1826-cı ildə bir neçə ay ərzində
Omsk Asiya məktəbində işləyib. Onun Kazana necə,
hansı səbəbdən gəlib çıxması barəsində
isə heç bir məlumat yoxdur".
Y.Əliyev və H.Hüseynovun fikri ilə
razılaşmayan Ağababa Rzayev
qismən M.Abdullayevin mövqeyini bölüşərək
yazır ki, Omsk Asiya məktəbinə müəllimi təyin
edilən Mirzə Kazımbəy 1826-cı il oktyabrın 31-nə
kimi burada çalışmışdı. Kazanda isə xəstəliyə
görə yox, yerli universitetin şərqşünas alimləri
ilə tanışlıq məqsədi ilə bir müddət
ləngimişdi.
Ədalət naminə deyək ki, gizli müşavir,
ordinar professor Mirzə Kazım bəyin Peterburq universitetinin
arxivində saxlanan formulyar
siyahısında da onun 1825-ci ildən Omsk Asiya məktəbində
çalışdığı və yalnız növbəti
1826-cı il oktyabr ayının 31-də Kazan universitetinin əməkdaşları
sırasına qəbul edildiyi göstərilir.
Bu fikirlərin hansı həqiqətə daha çox
uyğundur?
Vaxtı ilə Alma-Ata, Kazan və Leninqrad arxivlərindəki
axtarışlarımız Mirzə Kazımbəyin
bioqrafiyasının dolaşıq məqamına
aydınlıq gətirməyə imkan verdi. İlk növbədə
onu qeyd etmək lazımdır ki, şərqşünas alim
bir gün də olsun Omsk Asiya məktəbində işləməmişdi.
Ümumiyyətlə, Omska getməmişdi. Həştərxandan
Sibirə yollanarkən Kazan onun səfər marşrutunda
sonuncu dayanacaq olmuşdu.
Bunu Qərbi Sibir Baş idarəsi tərəfindən
Omsk vilayət rəisinə göndərilmiş 15 avqust
1826-cı il tarixli məktub aydın göstərir. Sənəddə
bildirilir ki, xarici işlər nazirliyinin Asiya departamentinin əməkdaşı
A.Mirzə Kazımbəy Kazana çatandan sonra yerli universitetdə
işə qəbul olunmaq barədə təhsil dairəsinin
popeçiteli L.M.Maqnitskiyə müraciət edib.
Popeçitel məsələyə aydınlıq gətirmək
məqsədi ilə Qərbi Sibir general-qubernatorunu bu barədə məlumatlandırıb. Qubernator isə
Omskda Şərq dilləri mütəxəssislərinə
böyük ehtiyac olduğunu əsas gətirərək ilkin
qərarın dəyişdirilməsinə etirazını
bildirib. Mirzə Kazımbəyin heç bir ləngiməyə
yol vermədən dərhal təyinat
yerinə yola düşməsini tələb edib.
Gələcək məmurunun
özbaşınalığı əmrlərinin
sözsüz yerinə yetirilməsinə öyrənmiş
qubernatoru haldan çıxarmışdı. O, universitet
şurasına məktubunda təkidlə
xatırladırdı ki, əgər həmin gənc hələ
də Kazandadırsa, qoy əlahəzrət imperatorun əmrinə
əsasən xidmət yerinə gəlmək üçün
geri qaytarmamaq şərti ilə 1000 manat yol pulu
aldığını yadına salsınlar. Üstəlik
bildirsinlər ki, uğurlu gələcəyini hamının
can atdığı universitet şəhəri Kazanda deyil, uzaq
əyalətdə daha tez təmin edə, istedad və
bacarığı ilə burada daha tez parlaya bilər. Ondan
sonra bütün yollar
üzünə açılar və istəyinə daha
asanlıqla qovuşmaq imkanı qazanar.
Mirzə Kazımbəy dərhal qubernatora
yazılı məlumat göndərmişdi. Rəhbərliyə
ehtiram və əmrə itaət ruhunda qələmə
alınmış məktubda bildirilirdi ki, gələcək rəislərinin
əmrinə əməl edərək artıq yola
hazırlaşır. Xəstəliyi ucbatından Kazanda
keçirdiyi günlər isə "əslində ümumi
işin xeyrinə olub. Çünki bu müddət ərzində
bütün vaxt və enerjisini hələlik zəif bildiyi rus dilini öyrənməyə
sərf edib".
Lakin Mirzə Kazımbəy zahirən itaətkarlıq
göstərsə də, Omska getməyə qətiyyən tələsmirdi.
Həştərxandan sonra Kazan ona həqiqi elm və mədəniyyət
mərkəzi kimi ciddi təsir
bağışlamışdı. Kazan universiteti ilə
tanış olandan, yerli ziyalılarla müəyyən
ünsiyyət yaradandan sonra Şərq dilləri sahəsindəki
biliyinin praktikada tətbiqi baxımından burada daha geniş
imkanlar açıldığına inanmış, taleyini universitetlə bağlamaq qərarına
gəlmişdi.
1826-cı il aprelin 2-də o, xarici işlər nazirliyi
sistemindən xalq maarifi nazirliyinin sərəncamına
keçirilərək Kazan
universitetində Şərq dilləri mühazirəçisi
təyin olunması barəsində maarif və dini işlər
naziri knyaz Qolitsına müraciət
ünvanlamışdı. Ay yarım sonra universitet
şurasına təqdim etdiyi 18 may 1826-cı il tarixli ərizədə
isə "xarici kollegiyanın tərcüməçisi
A.Mirzə Kazımbəy" Omska getməməsinin səbəblərinə
aydınlıq gətirərək yazırdı:
"Universitet şurası mənə bildirib ki, Qərbi Sibir
general-qubernatoru cənab Kuntseviçin əmri ilə dərhal
Omska yola düşməliyəm. Xəstələndiyimi və
sağalana qədər Kazanda ləngiyəcəyimi artıq
qubernator cənablarına xəbər vermişəm. Bu barədə
müvafiq arayış da təqdim olunub. Lakin məcburən
Kazanda qaldığım vaxtı səmərəli
keçirmək arzusu bəndəni universitet
şurasını acizanə bir xahişlə narahat eləməyə
cəsarətləndirir: təvəqqem budur ki, məni imtahan
edib Şərq dilləri sahəsində biliyimi təsdiqləyən
şəhadətnamə versinlər. Əgər Şərq
dillərinə bələdliyi bəndəyə hər
hansı elmi dərəcə
almaq imkanı yaradırsa, o zaman universitet qulluqçuları
sırasına keçməyi daha üstün tutar və
özümü çox xoşbəxt sayardım. Əslində
niyyətim müvafiq şərait olduğu təqdirdə, məhz
universitetdə işləməkdir Bu barədə artıq
Kazan təhsil dairəsinin əlahəzrət popeçitelinin
razılığını eşitmək şərəfinə
də nail olmuşam".
Mirzə Kazımbəyin dil bilgisini yoxlamaq məqsədi
ilə universitetdəki yeganə Şərq dilləri və ədəbiyyatı
professoru, alman əsilli şərqşünas Frans Erdmana
(1793-1862) göstəriş verildi. F.Erdman elmi şuraya 23 iyun
1826-cı il tarixli raportunda özünü pedaqoji işə
həsr etmək istəyən gəncin müvafiq sahənin
inkişafına fayda gətirəcəyi, Şərq dilləri
məşğələlərini uğurla apara biləcəyi
fikri ilə razılaşmışdı. Bu rəy öz
növbəsində universitet şurasına məsələyə
pozitiv yanaşaraq Mirzə Kazımbəyi Şərq dilləri
mühazirəçisi vəzifəsinə təyin etməyə
əsas vermişdi.
Rəhbərliyin razılığı alınandan
sonra xalq maarif naziri xarici işlər nazirliyinə 26 iyul və
12 avqust 1826-cı il tarixli məktublarında təkidli şəkildə
Mirzə Kazımbəyin həmin qurumda tutduğu vəzifədən
azad olunub maarif nazirliyinin sərəncamına göndərilməsini
xahiş etmişdi. Çarizmin bürokratik aparatına xas
uzun-uzadı yazışmalardan sonra, nəhayət, nazirliklər
arasında anlaşma əldə edilmiş və 1826-cı il
oktyabr ayının 31-də Mirzə Kazımbəyin yerli
universitetdə Şərq dilləri mühazirəçisi
(lektor) kimi çalışmasına razılıq
verilmişdi. O, birinci və ikinci kurslarda həftədə
üç dəfə fars-ərəb dili dərslərini
aparmalı idi.
Sənədlərdən göründüyü kimi,
1826-ci ilin yanvar ayında Kazana gələn Mirzə Kazımbəy
universitetdə pedaqoji fəaliyyətə başlayana qədər şəhərdən
heç yerə getməmişdi. On ay burada qalıb həyatını
tam fərqli istiqamətə dəyişən məsələlərin
həllinə çalışmışdı. Yəni bəzi
iddialara rəğmən, heç vaxt Omskda olmamış,
Asiya məktəbində işləməmişdi. Kazana isə
birbaşa Həştərxandan gəlmişdi.
Bəs elə isə müxtəlif illərdə tərtib
edilən formulyar siyahılarda və digər sənədlərdə
onun Omskda olması ilə bağlı təkidli şəkildə
təkrarlanan qeyd haradan meydana çıxmışdı? Məsələ
buradadır ki, əmək haqqı almasa da, universitetdə fəaliyyətə
başladığı günə kimi Mirzə Kazımbəy
rəsmən, yəni kağız üzərində xarici
kollegiyanın tərcüməçisi və Omsk Asiya məktəbinin
müəllimi sayılmışdı. Aradan xeyli müddət
keçəndən sonra, yalnız 1866-cı ildə elmi-pedaqoji
fəaliyyətinin 40 illiyinin qeyd edildiyi günlərdə onun
Omskda işləməli olduğu bir ildən artıq müddət
(17 sentyabr 1825-31 oktyabr 1826) fasiləsiz əmək stajına
daxil edilmişdi. Yəni rəsmi şəkildə alim həmin
dövrdə Omskda xidməti vəzifəsini yerinə yetirmiş
hesab olunmuşdu. Çox güman ki, məsələnin formal
tərəfi prosesin pərdə arxasından xəbərsiz
olan tədqiqatçılar arasında fikir
ayrılığına gətirib
çıxarmışdı.
Xəstəliyə gəldikdə isə əvvəla
bu tamamilə istisna sayıla bilməz. Özünün də
qeyd etdiyi kimi, hətta müvafiq arayışı da var idi.
Digər tərəfdən zəruri bəhanə kimi əl
atıldığını da düşünmək
mümkündür. Rusiyanın Asiya hissəsində ciddi elmi
mərkəzə çevrilən Kazanda qalmaq, uzaq Omska getməmək
şüurlu seçim idi və bu seçimə qanuni don
geyindirmək lazım gəlmişdi.
Mirzə Kazımbəyin işlərinin uğurlu
alınmasında Kazanda tanış olduğu elm və maarif
xadimlərinin xeyirxah münasibəti mühüm rol
oynamışdı. Burada da xoşbəxt təsadüf onun
köməyinə gəlmişdi. İş elə gətirmişdi
ki, Həştərxandan Kazana gedərkən o, universitet cameəsini
yaxşı tanıyan bir nəfərlə eyni karetaya
düşmüşdü. Söhbət əsnasında səfər
yoldaşının ağıllı, bilikli şəxs
olduğunu görən müsahibi ona şəhərdəki bəzi
tanışlarına, eləcə də yerli universitetin rektoru K.F.Fuksa təqdim
etmək üçün zəmanət məktubları vermişdi.
Fukslar ailəsi ilə tanışlıq azərbaycanlı gəncin
həyatını, gələcəklə bağlı
planlarını kökündən dəyişdirmişdi.
XIX əsr rus universitetlərinin bir sıra digər
professorları kimi Karl Fyodroviç Fuks (Karl Friedrich Fuchs,
1776-1846) da Almaniyadan dəvət edilmişdi. Fəaliyyət
sahəsi kifayət qədər geniş idi. Vətənində
Gettingen universitetində tibb təhsili almışdı. Amma tədricən
bilik və tədqiqat dairəsini genişləndirərək
botanik, tarixçi, etnoqraf, arxeoloq və numizimat kimi də
şöhrət qazanmışdı. 1800-ci ildən Rusiyada
yaşayırdı. Kazan universiteti təsis ediləndə
(1804) təbiət tarixi və botanika professoru təyin
olunmuşdu. 1820-ci ildə təbabət bölməsinin
dekanı, 1823-cü ildə isə rektor seçilmiş və
bu vəzifədə 1827-ci ilə qədər
qalmışdı. Onun rektorluğu dövründə
universitetin əsas korpusu inşa edilmişdi. Kazan
yaxınlığındakı Kaban gölü sahilində
indi də mövcud olan botanika bağı
salınmışdı.
Yerli əhali arasında "təbib Fuks" kimi
tanınan Karl Fyodroviç tatarların elə etibarını
qazanmışdı ki, islamın sərt qadağalarına rəğmən,
xəstə qadın və qızları da onun yanına gətirirdilər.
Fuks Kazanın qeyri-rus əhalisinə böyük rəğbətlə
yanaşırdı. Tatar, çuvaş Mordva və b. Volqaboyu
xalqların əsl müdafiəcisi kimi çıxış
edirdi. Çuvaş tarixini orijinal mənbələr əsasında
tədqiq etmək məqsədi ilə çuvaş dilini
öyrənmişdi. Bölgə sakinlərinin tarix və mədəniyyətinə
dair əsərləri onun bilik dairəsinin genişliyi ilə
bir sırada yerli əhaliyə rəğbətinin də ifadəsi
idi.
K.Fuks vəfat edəndə alimi son mənzilə yola
salmağa gələn minlərlə şəhər sakini
arasında tək pravoslav və katolik xristianlar deyil, müsəlman
tatarlar da az deyildi. "Kazanskiye qubernskiye vedomosti" qəzeti
fərqli din və məzhəblərə mənsub
insanların nümayiş etdirdiyi bu həmrəyliyi mərhumun
işıqlı şəxsiyyətinə, səmimiyyətinə
və insanpərvərliyinə ehtiram nümunəsi kimi qiymətləndirmişdi.
Yad şəhərdə kimsəsiz bir gəncə sahib
çıxan, onun universitet mənsubları sırasına cəlb
edilməsinə bacardığı qədər yardım
göstərən rektor Fuks belə insan idi...
Bu işdə rektorla yanaşı, xanımının
- Kazan ədəbi-mədəni mühitinin seçkin
siması kimi tanınan Aleksandra Andreyevna Fuksun (1788-1853) da xidməti
vardı. A.Fuks şəhərin mədəni mərkəzlərindən
sayılan məşhur salonun sahibəsi idi. Şeir yazır,
yerli xalqlarının tarix və etnoqrafiyasına aid materiallar
toplayırdı. "Kazanın bina edilməsi",
"Knyaginya Həbibə", "Zülimə, yaxud
Puqaçov Kazanda" kimi roman və povestləri tatar
xalqının yaxın tarixi keçmişinə həsr
olunmuşdu.
A.Fuksun şeirləri Kazana səyahət zamanı
salonun qonağı olan Puşkinin diqqətini çəkmişdi.
İlk kitabı haqda Belinskinin iştirakı ilə
çıxan "Molva" qəzetində resenziya dərc
edilmişdi. Bəzi əsərləri "Sovremennik" jurnalının
səhifələrinə yol tapmışdı. Yerli poeziya həvəskarları
ilə bir sırada D.P.Oznobişin, N.M.Yazıkov,
Y.A.Boratınski kimi tanınmış müəlliflər
kazanlı şairəyə şeirlər həsr etmişdilər.
Mirzə Kazımbəy Kazana gələndə şəhərin
N.S.Artsıbaşev, E.P.Pertsov, F.M.Rındinovski,
Q.N.Qorodçaninov, L.M.İbrahimov, N.İ.Lobaçevski,
İ.M.Simonov, İ.A.Vtorov və
b. ədəbiyyat həvəskarları salonun daimi qonaqları
idilər. Fuksların evində qəbul edilən gənc Mirzə
Kazımbəy tezliklə tanınmış şəxslərin
sırasında yer tutmuş, ədəbi məclisə
özü ilə Şərq
ab-havası, Qafqaz ruhu gətirmişdi.
Yeni yerdə münasib mühitə düşməsi
intellektual və mədəni inkişafına, habelə
faydalı əlaqələr yaratmasına təsirsiz
qalmamışdı. Əvvəl Dərbənddə ənənəvi
müsəlman təhsili alan, ardınca Həştərxanda
xristian mübəlliğləri tərəfindən tam əks
istiqamətə yönəldilən gənc indi həvəs və
səylə dünyəvi bilikləri mənimsəyir, disput və
polemikalarda, sərbəst fikir mübadilələrində
iştirak edirdi. Təbii ki, çox şeyi yenidən öyrənmək
lazım idi. Sonralar özü də etiraf edərək
yazırdı ki, "cəmiyyətə və onun tələblərinə
bələd deyildim. Yeganə təsəlli məşğələlərim
idi. Amma tezliklə gənclik enerjisi köməyimə gəldi.
Rus dilini öyrəndim, tanışlıq əlaqələrim
genişləndi. Cəmiyyət həyatı mənə daha
güclü təsir göstərməyə başladı. Bir
müddət sonra özüm də hiss etmədən dəyişməyə
başladım. Kazan sakinlərinin səmimi münasibəti,
qeyri-adi qonaqpərvərliyi məni də eyni keyfiyyətlərə
yiyələnməyə vadar etdi. Bir sözlə, bura gəldiyim
vaxtdan fərqli bir adam oldum".
Həştərxanda daha çox ingilis və
fransız dilləri ilə maraqlanmışdı. Ruscanın
mahir bilicilərinin toplandığı Fuksların salonunda isə bu dili intensiv şəkildə
öyrənməyə başladı. Qızı Sofiyadan
başqa digər övladlarını kiçik yaşda itirən
salon sahibəsi özündən 14 yaş kiçik
qafqazlı gəncə həqiqi ana məhəbbəti ilə
yanaşırdı.
Gənc, yaraşıqlı Mirzə Kazımbəy tezliklə yüksək cəmiyyətin
diqqətini çəkə bilmişdi. Tələbəsi
İ.N.Berezinin yazdığına görə, universitetə cəlb edilməsi məhz
Aleksandra Andreyevnanın nüfuzu və əlaqələri sayəsində
mümkün olmuşdu. Onun təkidi ilə rektor əri Kazan
təhsil dairəsi qarşısında bu barədə məsələ
qaldırmışdı. Müəyyən mənada Mirzə
Kazımbəyin bəxti gətirmişdi - lazımi məqamda
lazımi yerdə olmağı bacarmışdı.
Çünki Kazan universiteti fəaliyyətinin
başlanğıcından Şərq tədqiqləri sahəsində
ciddi elmi mərkəzə çevrilmək iddiasında idi.
Gənc Mirzə Kazımbəyin Kazan mühitinə
necə sürətlə uyğunlaşdığını,
tezliklə aparıcı simalardan birinə çevrildiyini
müşahidə edən müasirlərindən biri sonralar
yazmışdı: "Kazandan danışarkən onun əsas
"şirlərindən" birinin adını çəkməmək
düzgün çıxmazdı. Mirzə Kazımbəy elə
diqqətəlayiq şəxsiyyətdir ki, çox
mühüm yer tutduğu cəmiyyətin təsviri onu
xatırlatmadan natamam olardı. Oxucu, fikirlərini eyni
asanlıqla türk, tatar, ərəb, fars, ingilis, rus dillərində
ifadə edən Mirzəni göz önündə
canlandırın. Üstəlik, fransız və alman dillərində
də bir az danışa bilir. Eyni zamanda Kazımbəyi uca
boyu, nəcib qaməti, zərif üz cizgiləri, qalın və
qara saqqalı, alov saçan qara gözləri (peterburqlu bir
xanımın etirafına görə onun gözlərinə
baxmaq və baxışlarının maqnetizminə
düşməmək çox çətindir) fərqləndirir.
Salon danışıqları və xanımlarla söhbətdə
çox hazırcavab və cəlbedici idi. Ballarda ən
yaxşı rəqs edənlərdən sayılırdı. Nəhayət.
diqqətəlayiq şəxsiyyətinin təsirini onu
xüsusi nəzərə çarpdıran nəcib və səxavətli
xarakteri ilə izah etmək mümkündür".
Salona toplaşanlar Mirzə Kazımbəyin Şərq
mədəniyyəti və islam dini barədə söhbətlərinə
aludəçiliklə qulaq asırdılar. Kazanın
"yüksək cəmiyyəti" yalnız az məlumatlı
adamlara deyil, intellektualların çoxuna da hələ
nağıllar diyarı, "min bir gecə ölkəsi"
kimi görünən tarixi regionla maraqlanırdı. Lakin maraq
hələlik diletant söhbətlərdən irəli
getmirdi. Digər tərəfdən isə əslində
özlərinin də Şərqdə, Şərq mədəniyyətinin
daşıyıcıları arasında
yaşadıqlarının fərqində deyildilər. Tatar
dilinin, həyat və məişətinin, düşüncə
tərzi, əxlaq və mənəviyyatının
islam-türk sivilizasiyasının ayrılmaz tərkib hissəsi
olduğunu ağıllarına da gətirmirdilər.
Azərbaycanlı gəncin Kazana ayaq basdığı
1825-ci ildə Kazan universiteti 20 illik yubileyini yenicə qeyd
etmişdi. Universitet çar I Aleksandrın fərmanı ilə
1804-cü il noyabrın 5(17)-də təsis olunmuşdu. Nizamnaməyə
əsasən dörd şöbədə (siyasi və əxlaqi
elmlər, fizika və riyaziyyat, həkimlik işi və təbabət,
Şərq dilləri kafedrası da daxil olmaqla ədəbiyyat)
28 professor, 12 adyunkt (təxminən baş müəllim vəzifəsinə
uyğun ştat vahidi), 3 mühazirəçi və
"gözəl sənətləri tədris edən" 3
müəllimin çalışması nəzərdə
tutulmuşdu.
Maraqlıdır ki, ilkin
mərhələdə Kazan gimnaziyası universitet yanında
deyil, əksinə, universitet gimnaziya yanında fəaliyyət
göstərirdi. Nəticədə, nə qədər qəribə
olsa da, 1804-1815-ci illərdə ali tədris müəssisəsi
yerli gimnaziyanın bir şöbəsinə
çevrilmişdi. Direktor İ.F.Yakovkin on il ərzində nizamnamənin nəzərdə
tutduğu müddəaların çoxunun tətbiqinə imkan verməmişdi. 1819-cu ildə
çarın əmri ilə universiteti təftiş etməyə
göndərilən Simbirsk qubernatoru L.M Maqnitski (1778-1844) burada
heç kimin gözləmədiyi vəziyyətlə
qarşılamışdı. Dini fənlərin tədrisi bərbad
vəziyyətdə idi. Digər tərəfdən, 1812-ci il Vətən
müharibəsindən sonra cəmiyyətdə güclənən sərbəstlik əhval-ruhiyyəsi
Kazandan da yan keçməmişdi. Düşüncə
azadlığı tələbə mühitinə sirayət
etmişdi. Siyasi baxışları etibarı ilə
qaragüruhçu kimi tanınan Maqnitski gördüklərindən
elə heyrətlənmişdi ki, I Aleksandra hesabatında ali məktəbi
"zəif fəlsəfi örtüyünü ataraq əzəmətlə
yüksələn xəncərə" bənzətmişdi.
"Azadlıqsevərlər yuvasını"
dağıtmaq üçün universiteti bağlamağı,
binasını isə xalqın iştirakı ilə
"bünövrəsinə qədər
uçurmağı" təklif etmişdi. Çar
hesabatın üzərində "Uçurmaq nə
üçün, islah etmək olar" yazmış və bu
iş üçün Maqnitskini Kazan təhsil dairəsinin
popeçiteli təyin etmişdi.
Onun popeçitel olduğu 1819-1826-cı illər Kazan
universitetinin tarixində ən ağır dövr idi.
L.M.Maqnitski butün fənlərin tədrisi ilə
bağlı müfəssəl təlimat
hazırlatdırmışdı. Təlimata görə istər
təbiət, istərsə də ictimai elmləri öyrədən
professorlar xristian ehkamlarına əsaslanmalı,
İncilin müddəalarından çıxış etməli
idilər. Təhsil hamisinin təşəbbüsü ilə
universitet binasının mərkəzi fasadı üzərində
nəhəng xaç ucaldılmış, kilsənin fəaliyyəti gücləndirilmişdi.
Həmin dövrdə Kazanda təhsil alan tələbələrdən
biri yazırdı ki, "Maqnitskinin vaxtında canlı nə
varsa, hamısı məzara gömülmüşdü. Həqiqi
elmin isə yalnız cahillik və ikiüzlülüklə səciyyələnən
kölgəsi qalmışdı". Puşkinin
epiqramlarından birində "maarif düşməni"
adlandırdığı xalq maarifi naziri knyaz A.Qolitsınla əl-ələ
verən popeçitel artıq elmi simasını
formalaşdırmaqda olan universiteti bir dini mərkəzə,
monastıra çevirmək istəyirdi. Belə şəraitdə
1823-cü ildə professor K.F.Fuksun rektor təyin edilməsi
ciddi dəyişikliyə gətirib çıxarmadı və
çıxara bilməzdi.
Mirzə Kazımbəy universitetdə fəaliyyətə
başlayanda vəziyyət belə idi. Lakin bu uzun müddət
davam etmədi. 1827-ci ildə "islahatçı"
Maqnitski təhsil dairəsində dözülməz vəziyyət
yaratdığına, habelə külli miqdarda yeyintilərə
yol verdiyinə görə vəzifədən azad olundu.
Bütün əmlakı müsadirə edildi, özü isə
sürgünə göndərildi/ Yerini qusar polkovniki
N.M.Musin-Puşkin (1795-1862) tutdu.
Təhsil dairəsinə yeni popeçitel təyinatı
universitet həyatına təsirsiz qalmadı. Tarixçi
N.P.Zaqoskinin "Kazan universitetinin qurucusu"
adlandırdığı görkəmli rus
riyaziyyatçısı N.İ.Lobaçevski (1792-1856) 1827-ci
ilin mayında rektor seçildi. İyirmi ilə yaxın
(1827-1846) müddət ərzində Rusiyanın Moskva
universitetindən sonra ikinci ali məktəbinə
rəhbərlik edən Lobaçevski I Nikolay irticası şəraitində
universiteti həqiqi elm və bilik məbədinə
çevirməyi bacardı.
Tədrisin elmi-metodiki prinsiplərlə
aparılması, maarifçilik və vətənpərvərlik
ənənələrinin dirçəldilməsi, kadr
potensialının qüvvətləndirilməsi
də Lobaçevskinin adı və fəaliyyəti ilə
bağlı idi. 1828-ci il iyulun 5-də universitetin təntənəli
yığınçağında söylədiyi nitqdə
rektor bildirmişdi ki, "bu binaya ayaq basan gənclik hər hansı fikirdən məhrum
bir cümlə də eşitməyəcək, müəyyən
məna yükü və əhəmiyyəti olmayan bir söz
də dinləməyəcək. Burada bekarçılıq nəticəsində
uydurulan nağıllar deyil, həqiqi mənada mövcud fənlər
öyrəniləcək. Dillərin, tarixi biliklərin köməyi
ilə dəqiq elmlər və təbiət elmləri tədris
olunaçaq..."
Şübhəsiz, universitet mənsubları ilə
birlikdə gənc Şərq dilləri mühazirəçisi
Mirzə Kazımbəy də rektorun nitqinə qulaq
asmışdı və fikirlərə tərəfdar
çıxmışdı. Bir müddət sonra isə Şərq
dilləri tədrisinin yenidən qurulmasında
Lobaçevskinin yaxın məsləhətçisinə
çevrilmişdi. Tədricən aralarında maraq
yaxınlığı zəminimdə dostluq
yaranmışdı. Rektor qeyri-Evklid həndəsəsinin
banisi kimi tanınsa da ədəbiyyata,
humanitar elmlərə yad deyildi. Hətta universitetə rəhbərliyi
dövründə ara-sıra şeirləri də çap
olunurdu..Rusiya mühiti üçün yeniliyi və
orijinallığı baxımından Şərqin elmi şəkildə
öyrənilməsi də onu az maraqlandırmırdı.
Şərq klassiklərinin əsərləri ilə
daha yaxından tanış olmaq istəyirdi. Mirzə Kazımbəy
onunla yalnız iş yoldaşı, həmkar və həmfikir
deyil, həm də səmimi ailəvi dost idi. Rektorun mənzilində
tez-tez görünən qonaqlardan biri də azərbaycanlı
şərqşünas idi. "Görkəmli adamların həyatı"
seriyasından "Lobaçevski" kitabının müəllifi
M.Kolesnikov təsdiq edir ki, "türk-tatar dili
kafedrasının professoru Mirzə Kazımbəy Nikolay
İvanoviçin ən yaxın dostlarından biri idi".
Digər sovet tədqiqatçısı-arxivşünas
L.B.Modzalevski də Mirzə Kazımbəyi və ailəsini
Lobaçevskinnn Kazandakı azsaylı dostlarından
adlandırır. Şübhəsiz, sonralar dünya
şöhrəti qazanan Kazan şərqşünaslıq məktəbinin
yaradılmasında Mirzə Kazımbəy və digər həmkarları
ilə bir sırada bu humanitar elm sahəsindən uzaq
olmasına baxmayaraq, həqiqi alim və elm təşkilatçısı
kimi N.İ.Lobaçevskinin də müəyyən rolu və xidmətləri yox
deyildi.
Sarayevo
Vilayət QULİYEV
525-ci qəzet .- 2025.- 15 mart(¹49).- S.14-15.