"Mənə tərif
lazım deyil"
Sevda Ələkbərzadə: "Əgər bir
verilişin özündə mədəniyyət,
aparıcısında intellekt yoxdursa, onunla nədən
danışa bilərəm?"
El arasında mart ayına gah boz ay deyirlər, gah da
deyirlər ki, mart çıxdı, dərd
çıxdı. Əslində sanki iki fəslin mübarizəsidir
mart ayı. Qış heç cürə getmək istəmir,
bahar isə əlvan rəngli donunda astanada sakitcə gözləyir,
bilir ki, mütləq öz dövranını
yaşamalıdır. Şəninə yazılan şeirlərdən,
adına bəstələnən mahnılardan təbiətin ən
gözəl qızı kimi boylanan bahar gəlişilə həqiqətən
də "xəyala, duyğuya qol-qanad verir".
Növbəti Novruza sayılı günlər
qalıb. Arzu edək ki, bu Novruzda baharın nemətilə
Ramazanın bərəkəti hər ocağa bol ruzi gətirsin.
Bahar özü ilə həm çal-çağır, həm
də xoş istirahət gətirir. Bir neçə gündən
sonra Azərbaycanın bütün guşələrində
bayram tonqalları qalanacaq, papaqlar atılacaq, qulaqfalına
çıxılacaq, rəngbərəng yumurtalar
döyüşəcək, hamı bir-birilə
bayramlaşacaq və çalışacaq ki, qazanı
qaynamayan bir ev belə qalmasın, çünki Novruzu ən əziz
gün bilirik.
Bizlər də bu gün baharın gəlhagəlində
qışın son şənbəsini əliboş yola salmaq
istəmədik və düşündük ki, yenə də
sənət cameəsinə üz tutaq. Onu da
düşündük ki, həm günə, həm də
xoş əhvala uyğun bir peşəkarla oxucuları
görüşdürmək yerinə düşər.
O, sənətə addım atdığı gündən
özünəməxsus səs tembri, musiqi duyumu ilə diqqətləri
cəlb edə bildi və böyük əksəriyyətimiz
onu "Laçın" xalq mahnısı ilə
tanıdıq. Elə o vaxtdan özünü
tanıda-tanıda ətrafına tək tamaşaçı
kütləsi toplamadı, onların sevgisini də
qazanmağı bacardı. Bilmirəm, bəlkə də səhnədəki
ciddiyyətini görüb onu ünsiyyətə qapalı biri
zənn etmişəm həmişə. Dəfələrlə
onunla söhbətləşmək kimi fikrim olsa da, bu səbəbdən
tərəddüd etmişəm. Sonunda bu düşüncəni
qova bilib onu qəzetimizin ənənəvi şənbə
müsahibəsinə dəvət etdim və dərhal müsbət
cavab aldım. Qonağımız isə caz, xalq musiqisi və
muğam janrlarının ifaçısı, respublikanın
Əməkdar artisti Sevda Ələkbərzadədir.
- Sevda Ələkbərzadə çox erkən
yaşından oxumağa başlayıb. Yəqin ki, bu balaca
qızın səsinə varanlar oldu...
- Bizim ailədə əksəriyyətin səsi
vardı. Babamın, nənəmin, atamın, bacımın
gözəl səsi olub, biri də mən.
- Onda müğənni olmaq qərarını vermək
çətin olmayıb...
- Əksinə, çox çətin olub. O illərdə
müğənni olmaq istəyinə hər ailə dərhal
razılıq vermirdi, o ki ola ağır təbiətli atam. Mən
istəyimi bildirəndə, atamın cavabı belə oldu:
"Həyatı boyu bu, ola bilməz. Mənim qızım səhnəyə
çıxmayacaq". Atamın mükəmməl səsi
vardı və düşünürəm ki, o, professional
ifaçı ola bilərdi, yəni sənəti anlayan biri
idi. Mən də bütün günü evdə oxuyurdum. Evin
hər yerindən səsim gəlirdi. O zaman səhnəyə
çıxmaq kimi bir istəyim yox idi, ancaq ifa etmək istəyirdim.
Lakin ifaçı olursansa, onda təbii ki, səhnəyə də
çıxmalısan. Sonda atam anladı ki, mən sənətin
dəlisiyəm və günlərin bir günü mahnı
oxuduğum otağın qapısının açaraq dedi:
"Allah bu qıza istedad verib, bunu onun əlindən ala bilmərəm".
Bu, həyatımdakı ən xoşbəxt günlərimdən
biri kimi yazılıb ömrümə və beləcə,
professional səhnəyə yolum açıldı. Onu da deyim
ki, ilk vaxtlar atam da mənimlə bərabər gedirdi hər
yerə. Maraqlanırdı ki, kimlərlə
çalışıram, yəni nəzarətində
saxlayırdı. Sonra dedi ki, bu, mənim qızımdırsa,
narahat olmağa dəyməz.
- Yəni bir növ nəzarət
götürüldü...
- Nəzarətin yerini bir canıyananlıq aldı.
Harada oxudum, ifam necə qarşılandı, artıq onu daha
çox bunlar maraqlandırırdı və özümə qəti
tərif demirdi. Bir epizodu heç cür unuda bilmirəm.
"Dəli ceyran"ı oxuyurdum, atam da otaqda məni dinləyirdi.
Çevrilib baxanda gördüm ki, gözləri
yaşarıb. Anladım ki, ifamı bəyənib, əks
halda oxumağıma heç zaman izni olmazdı.
- Müğənnilik yoluna üz tutdunuz, lakin İncəsənət
Universitetinin Musiqili komediya aktyorluğu fakültəsini
seçdiniz...
- Əslində konservatoriyaya daxil ola bilərdim, sadəcə
həmin fakültə musiqilə bağlı olduğundan ora
getdim. Lakin sonra Milli Konservatoriyanı da bitirdim, İtaliyada "İnstituto
İtalyano" vokal kurslarında da təcrübə
keçdim. Amma bunu xüsusi olaraq vurğulamaq istəyirəm
ki, mən ali məktəbə qəbul olmazdan əvvəl
"Rast" qrupunun solisti idim və inanın ki, ən
böyük məktəbi orada keçmişəm.
- Gəlin bir qədər ardıcıllığa
qayıdaq. İlk gəldiyiniz "Aypara" qrupu olub,
özü də 14 yaşında...
- O gün ki atam oxumağıma icazə verdi, bacım
Elmira əlimdən tutub məni gətirdi Vaqif Gərayzadənin
yanına. O zaman onun İncəsənət Universitetinin nəzdində
klubu vardı. Bizi tanış edərək dedi ki, kiçik
bacımdır və oxumağa çox böyük həvəsi
var. Vaqif Gərayzadə məni dinlədi. Yaşıma
görə toppuş bir qız idim. Mənə dedi ki, yox, yox,
səhnə üçün çox dolusan. Tutulan kimi oldum və
bildirdim ki, mən səhnəyə çıxmağa deyil,
oxumağı öyrənməyə gəlmişəm. Belə-belə
bir də gördüm ki, səhnədəyəm və orada Rəşad
Haşımovla tanışlığımız
başladı. Sonra Vaqif Gərayzadə "Aypara-2" qrupunu
yaratdı və mən onlarla çalışdım. Bir ildən
sonra onlardan ayrıldım və artıq 15 yaşında tək
ifaçılığa başladım. Bu müddətdə
Rafiq Babayevlə tanış oldum. Siyavuş Kərimi ilə
birlikdə məni dinlədi və təklif etdi ki, səni
"Odlar yurdu" müsabiqəsinə hazırlayaq.
Yaşım az olduğundan hər təklifi lazımi
qədər dəyərləndirə bilmirdim. O ərəfələrdə
Yaşıl teatrda konsertlər təşkil edilirdi və orada
çıxışlarım olurdu. Elə həmin ərəfədə
gördüm ki, "Rast" qrupu yaranıb və
"Aypara"nın bütün heyəti oradadır. Heyətin
hamısını tanıyırdım deyə, onların dəvətilə
gəldim "Rast"a.
- Qrupun o dövr üçün fərqli bir
üslubu vardı...
- "Rast"a gələndə onlar fəaliyyətə
yeni başladığından dediyiniz o fərqli üslub hələ
yox idi. Sadəcə "Aypara"dan tanıdığım tərkib
orada idi, ən əsas Rəşad Haşımova güclü
musiqiçi kimi baxdığımdan bilirdim ki, bu, mənim
üçün böyük bir məktəb olacaq. Səkkiz
il "Rast" qrupunda solist-ifaçı kimi
çalışdım və Rəşad Haşımov kimi
bir müəllimin yetirməsi olduğum üçün
özümü çox şanslı hesab edirəm.
- Caz, xalq mahnıları, muğam və pop-musiqi. Fəaliyyətiniz
bu dörd janrı əhatə edir. Aralarındakı fərq
nisbəti yəqin ki var...
- Dördünü də bərabər sevirəm,
aralarında heç fərq qoymadım fəaliyyətim ərzində.
Ona görə ki, hamısına içimdə yer var. Ürəkdən
gələn heç nəyin biri o birindən artıq, ya əskik
ola bilməz.
- Söhbətə ziyalı və yaradıcı nəsildən
gələn kökünüzlə davam edək. Əvvəlcə
Xalq yazıçısı Əbülhəsən Ələkbərzadənin
nəvəsi danışsın...
- Babam dünyasını dəyişəndə mən
kiçik olmuşam, amma onun bütün yaradıcılığı,
insani keyfiyyətləri haqqında çox məlumatlıyam.
Əsərlərini oxumuşam...
- Məsələn...
- "Dünya qopur", "Yoxuşlar", "Sədaqət",
"Utancaq", "Dostluq qalası", "Tamaşa
qarının nəvələri"... Əbülhəsən
Ələkbərzadə Azərbaycan sovet romanının banisi
olub, II Dünya müharibəsində iştirak edib və bu
mövzuda xeyli əsərlər yazıb. Bunu deməkdə məqsədim
var. Babamın müharibə illərində yazdığı
bir hekayəsi var - "Oxu, bülbülüm, oxu".
Müharibə zamanı o top səslərinin,
dağıntıların arasında insan gözəlliyi necə
görüb, duya bilər? O şəraitdə babam təbiəti
elə gözəl incəliklərilə təsvir edib ki,
hekayəni oxuyanda mən onun yazılma tarixinə bir neçə
dəfə baxmışam. Bir dəfə babamın müharibədən
Səməd Vurğuna yazdığı məktubu oxudum. Sanki
məktubu kurortdan yazmışdı. O odun-alovun içində
elə xırdalıqları təsvir edib ki, həmin məktubda,
bunu ancaq incə, zərif ruha malik, zülmət qaranlıqda
işıq görə bilən, hər şeyə rəğmən,
gözəlliyi duyan biri yaza bilər.
Bilirsiniz, bu məqamları özümdə də
görürəm. Yaz fəsli yaxınlaşanda bir quşun səsini
eşidəndə əhvalım tamam dəyişir,
çiçək açan ağacları görəndə,
gözlərim yaşarır. Azərbaycan ədəbiyyatında
ilk romanı babam yazıb, yəni yenilik gətirib. Mən də
öz sənətimdə nəsə yenilik edəndə
düşünürəm ki, bu, genə bağlıdır.
- Sevda Ələkbərzadə həm də
yazıçı, ssenarist, jurnalist Çingiz Ələkbərzadənin
qızıdır. Dövründən narazı idi atanız...
- Atam bütün narazılıqlarını öz
kitablarında yazıb, yəni onun əsərlərini
oxuyanlar bunu aydın görə bilir. Şərlənərək
həbs edilən bir insan nədən razı ola bilərdi?
Bilirsiniz ki, o zaman yalnız bir televiziya kanalı vardı -
AzTV. O kanalda çalışanın da hörməti
böyük idi, o kanalda haqqında süjet gedən biri
üçün də böyük əhəmiyyət kəsb
edirdi. Atamın durğunluq illərində
hazırladığı tənqidi süjet xoşa gəlmədi
və 16 yalançı şahidin ifadəsilə onu şər-böhtanla
ləkələdilər. Düzdür, atam bəraət
aldı, həbsdən çıxdı, yazdı-yaratdı,
amma artıq ruhən əvvəlki insan deyildi. Atamın bir
operatoru vardı, evimizin içi olan bir adam. O da atamın əleyhinə
ifadə verənlərin arasında idi. Kiçik olsam da,
yaddaşımda qalan hadisələr var. Atam çıxandan
sonra həmin adam bizə gəlib, atamın
qarşısında diz çökərək dedi:
"Çingiz, məni bağışla, məni çox
qorxudub, təhdid etdilər", atam da onu
bağışladı.
- Dediniz ki, artıq atam ruhən əvvəlki insan
deyildi...
- Atam sərbəstliyi, azadlığı sevən biri
idi. Təsəvvür edin, televiziyada ştatdankənar işləyirdi
ki, mən səhərdən axşama qədər bir yerdə
otura bilmərəm. Babam kimi o da təbiətin, gözəlliyin
vurğunu idi və belə bir insan dörd divar arasında iki
il yaşamağa məcbur olur. Əbülhəsən Ələkbərzadənin
sağlığında atama qarşı belə addım
atmağa cəsarət etməyənlər, babamın
40-nın çıxmağını belə, gözləmədən
atamı həbs etdilər. 30 yaşlı gənc oğlunu
itirən nənəm son nəfəsinə qədər
gözünü qapıdan ayırmayıb: "İndi
Çingiz gələcək" deyə-deyə canını
tapşırdı. Atam musiqinin, poeziyanın vurğunu idi.
Evimiz o qədər qonaq-qaralı olurdu ki, bu, bizim
üçün bir vərdişə çevrilmişdi və
birdən-birə səs-küyə alışmış bir
ailənin ətrafından hamı uzaqlaşdı. Biz bunu həm
gördük, həm də yaşadıq. Bəraət
atamın, ailəmizin adının təmizliyə
çıxması üçün əlbəttə ki, vacib
idi. Bununla belə, ömrünün sonuna qədər
Çingiz Ələkbərzadə o
qırğınlığı özündən
uzaqlaşdıra bilmədi. Atam həbsdən çıxandan
sonra hərtərəfli çətinliklərimiz vardı.
Amma mən artıq səhnəyə çıxmağa
başladım. İlk günlər qohumlar arasında sənətə
gəlməyimə istehza edənlər də oldu. Lakin zamanla
öz yerimi tutandan, ad-san, hörmət qazanandan sonra hər
şey dəyişdi, münasibətləri bərpa etməyə
cəhd edənlər çox oldu. Amma artıq biz o deyildik ki,
yenidən qapıları həmin insanların üzünə
açaq. Biz heç zaman heç kəsdən nəsə
gözləmədik, istəmədik. Mən Allaha çox
inanclı biriyəm və zamanla gördüm ki,
Tanrının üzümə açdığı
qapılar atamın etdiyi yaxşılıqların cavabıdır.
Mənim uğurlarımı, sənətdə etdiyim ilkləri
görmək ona nəsib olmadı, amma əminəm ki,
övladları onun soyadını ucaltmaqla ruhunu sevindirə
bilir.
- Çingiz Ələkbərzadənin həyatının
o iki ağır ili yaradıcılığından yan
keçmədi və yaşadığı həmin qaranlıq
günlərə "Zindan" romanını həsr etdi. Və
bir neçə il sonra Ələkbərzadə
bacıları həmin əsəri yenidən nəşr
etdirdilər...
- İstədim ki, atamın bu əsəri latın
qrafikası ilə də çap olunsun. Düzü,
"Qumarbaz" əsərini də nəşr etdirmək
kimi fikrim var. Bunda əsla qazanc məqsədi güdmürəm.
Sadəcə gələcək nəsil oxucularına
kitabın əlçatan olmasını istədim. Təəssüf
ki, üstündən uzun illər keçməyinə,
dövrün belə, dəyişməyinə
baxmayaraq, elə kitab evləri oldu ki, əsəri
götürməyə ehtiyat etdilər.
- Belə bir fikir söylədiniz ki, müğənni
olmasaydım, jurnalistikanı seçərdim.
Anladığım qədər davamçıların
olmadığına təəssüflənirsiniz...
- Xeyr, davamçılar var. Qardaşlarımdan birinin
oğlunu, digərinin qızını davamçı kimi
görürəm. Xüsusən də qızımızı,
Allah ondan heç nəyi əsirgəməyib. Çox
gözəl qələmi, çox gözəl səsi var,
çox gözəl rəsmlər çəkir, hərtərəfli
bir istedaddır. Amma mənə görə onun qələmi
daha üstündür, yazdıqlarını yalnız bizə
oxuyur, hələ ki üzə çıxarmaq qərarına
gəlməyib. Bunu zaman göstərər.
- Qayıdaq yaradıcılığınıza...
Böyük maraq və alqış qazanan "Şəbi-hicran"
layihəsindən danışaq...
- İdeya özümün idi. İstəyirdim ki,
dünya musiqisilə öz musiqimizin sintezini edim və bunun
üçün xaricdən ifaçı, musiqiçi dəvət
etməyim. Yəni belə sintezlər olub, hərə öz
musiqisini ifa edir, eyni ladda oxuyur. Mən isə bu sintezi tək
ifa etmək arzusunda idim. "Şəbi-hicran"da Latın
Amerikası, Afrika musiqisi, caz, ballada, muğam var. Orada Mahuru,
Bayatı-Kürdü ifa etmişəm. Əgər bu istək
və potensial içimdə vardısa, mütləq
özünə yol tapıb çıxmalı idi. Mən tək
bu miksi etdim. Vaqif Mustafazadə bu sintezi instrumental musiqidə
etdi. Vokalda isə belə bir sintez yox idi və mən də bu
arzumu həyata keçirdim. İlk dəfədən
hamının baxışı təbii ki, birmənalı
olmadı, lakin layihələr beynəlxalq səviyyədə
təqdim olundu. İndi ki bu layihədən
danışdıq, bir məqama toxunmaq istəyirəm. Babam vəsiyyət
edibmiş ki, onu "Şəbi-hicran"ın sədaları
altında dəfn etsinlər. Layihədən sonra birdən
onun bu vəsiyyəti yadıma düşdü. Bir daha əmin
oldum ki, həyatda heç nə səbəbsiz baş vermir.
Niyə görə illər sonra mən məhz bu əsərə
müraciət etdim? Deməli ki, ruhən bağlılıq
deyə, bir nöqtə var. İnanın səmimiyyətimə,
o qədər bundan duyğulandım ki... Özlüyümdə bu layihəni
babamın xatirəsinə ithaf etdim.
- Alim Qasımovdan muğam dərsləri
almısınız...
- Yaradıcılığımın bir qolu muğam
olduğundan professional dərs mütləq almalı idim.
Muğam Azərbaycan mədəniyyətinin simasıdır.
Muğam bir dəryadır, fəlsəfədir. Əslində
muğam tək bizə aid deyil, amma ən zəngini Azərbaycan
muğamıdır. Elə o səbəbdən də UNESCO-nun
Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil
edilib. Muğam bizim elə bir sərvətimizdir ki, Azərbaycanı
dünyanın istənilən yerində həm təmsil etməyə,
həm də dinləyicini təəccübləndirməyə
qadirdir.
- Bunu siz də yaxşı bacarırsınız...
- Unutmayaq ki, mən xanəndə deyiləm.
Düzdür, olub ki, konsertlərimdə bir və ya iki
muğam oxuyum. Amma mən müğənniyəm, əsasən
sintezlə ifa edirəm muğamı və ruhuma daha yaxın
"Bayatı-Şiraz"dır.
- Azərbaycan mədəniyyətinin bu günü...
- Sırf mədəniyyətdən söhbət gedirsə,
məni qane edir. Amma bu mədəniyyət də hər yerdə
yoxdur.
- Efirlərdə də az-az
görünürsünüz...
- Bəli.
- Yəni hər dəvəti qəbul etmirsiniz...
- Xeyr.
- Səbəbi yəqin ki var...
- Səbəb məni qane etməyən həmin mədəniyyətdir.
Əgər verilişin özündə mədəniyyət,
aparıcısında intellekt yoxdursa, onunla nədən
danışa bilərəm? Bir gün əvvəl dəvət
etdiklərinə söylədiyi tərifin yenidən
ünvanıma eşitmək mənə lazımdırmı?
Mənə ümumiyyətlə tərif lazım deyil, yetər
ki, qarşımdakı ifamı anlayan biri olsun və mən də
nə haqda danışacağımı bilim.
- Bu gün tamaşaçıya hər şey şou
adı ilə təqdim edilir...
- Mən əsasən sənətdən daha çox
danışa bilərəm. Şou isə mənə yaxın
deyil. Gəlin açıq danışaq. Biz
gözümüzü açanda şou-biznes olmayıb. Biz
Şövkət Ələkbərovanı royalın
yanında və ya xalq çalığı alətləri
ansamblının qarşısında dayanıb oxuyan
görmüşük. Eynilə Rəşid Behbudov və digərləri.
Yəni bunu görə-görə böyüyən nəsilik.
Şou isə sovetlər dağılandan sonra bizə qərbdən
gəlib. Dərinliyinə varsaq, şou nə qanımızda
var, nə də içimizdə. Amma bununla belə, həqiqət
naminə demək lazımdır ki, bizdə şou istiqamətində
köklənməyi bacaran müğənnilər var və
bu, onlarda alınır.
- Səhnədən o qədər ciddi
görünürsünüz ki, düşünürdüm
müsahibə zamanı bir məsafə olacaq aramızda...
- Ciddiliyim var, amma bir o qədər də yumora sevən
biriyəm. Daxilimdə hələ də kiçik bir
Sevdanı bəsləyirəm. Yəqin haqqımdakı bu
fikir ondan irəli gəlir ki, mənim söhbətlərim
ancaq sənətlə bağlı olur. Çünki sənətə
aid olmayan mövzular efirlərdən o qədər səslənir
ki, onların yanında mənim çıxışlarım
çox ciddi görünür.
- Sizi sevən tamaşaçı var və həmişə
də nələrsə gözləyir...
- Onları yeni konsert gözləyir. İnşallah may
ayının 10-da Bakı Konqres Mərkəzində onların
qarşısına böyük solo konsertimlə
çıxacağam. Artıq 34 ildir səhnədəyəm.
İlk gündən başlayaraq, bu günə qədər
ifa etdiyim ən populyar, sevilən mahnılarımı həmin
gecədə tamaşaçılarım bir daha dinləyəcək.
Buna çox ciddi hazırlaşıram və
tamaşaçılarımla görüşü səbirsizliklə
gözləyirəm.
- Yaxın dostluq münasibətində olduğunuz həmkarlar...
- Hamı ilə münasibətim yaxşıdır.
Yaxın dostluğum isə tək Samira ilədir, universitetdə
bir oxumuşuq, 16 yaşından bir-birini tanıyırıq.
Düşünməyin ki, nədənsə ehtiyat edirəm.
Mən insanı sənətinə və ya işinə
görə seçərək dostluq etmirəm. Münasibət,
ünsiyyət kiminlə daha yaxşı və rahat
alınırsa, dostluq da yaranır. Aparıcılar arasında
yaxın dostlarım var.
- Beş il əvvəl hamımız eyni gün
yaşadıq - 44 gün...
- Kimlərəsə qəribə gələ bilər,
amma biz bəlkə də yeganə xalq idik ki, bu müharibəni
istəyirdik, çünki illərlə o torpaqların həsrətini
çəkənlər vardı və nə qədər də
yurduna qovuşmadan dünyasının dəyişənlər
oldu. Bu 44 gündə biz gördük ki, hamı necə də
bu günü gözləyirmiş. Biz müharibəni illərlə
yolumuzu gözləyən öz torpaqlarımızda
apardıq. Düzdür, itkilərimiz çox oldu, nə qədər
sağlamlığını itirən igidlərimiz qaldı,
bununla belə, hamı sona qədər getməyə
iddialı idi. Şuşanın azad olduğu gün şəhərdəki
izdihamın içində mən də vardım. Bu 44 gündə
mən bir xalqın birliyi necə olur, bax, onu gördüm.
- Azad Qarabağa getməmiş deyilsiniz yəqin ki...
- Mən Qarabağda heç zaman olmamışdım.
İlk dəfə müharibədən sonra ayağım o
torpağa dəydi və ilk getdiyim yer də Şuşa oldu.
Müharibədən cəmi beş ay ötmüşdü,
Şuşada illər sonra ənənəvi
"Xarıbülbül" festivalı keçirildi və
orada iştirak etməyə dəvət aldım. O qədər
böyük həvəslə getdim ki... Çox
qarışıq hisslər yaşadım orada, həm
sevinirdim ki, Şuşanı, həmişə ağ-qara təsvirli
Cıdır düzünü bütün gözəlliyilə
görürəm, həm də daş-kəsəyindən
barıt qoxusu gələn, şəhidlərimizin qanı
hopan bir yerdəyəm. Düşünəndə ki, indi bizim
rahat maşınla gəldiyimiz o yerləri
oğullarımız piyada, döyüşə-döyüşə
qaytarıblar, vicdan əzabı içimizi gəmirir. Təki
Vətən yaşasın.
- Müğənni və cazmen Sevda Ələkbərzadənin
öz bəstələri də varmış...
- Mən nə bəstəkaram, nə də buna
iddialı biri. Sadəcə olaraq ürəyimdən keçən
bir istək kimi "Mən və o", "Sev məni bu
payız", "Açıl sabahım", "Salam,
Allahım" adlı mahnıları yazmışam, vəssəlam.
- Söhbətimiz əsnasında hiss etdim ki, Allaha
çox bağlısınız...
- Yanılmamısınız... Mən
yaşadıqlarımdan, gördüklərimdən sonra
anladım ki, nə qədər çalışsan da,
özünü oda-közə vursan da, əgər Allahın
rizası yoxdursa, bütün çabalar boşunadır.
Tanrının istədiyinin qarşısını almağa
hansı güc yetər? Əgər zərif bir çiçək
zəif vücudu, nazik bir saplağı ilə daşın
arasından çıxaraq boylana bilirsə, buna Allahdan
başqa qadir olan varmı?
- Media haqqında fikirləriniz son sualımız
olsun...
- Peşələrinə sadiq olsunlar,
vicdanlarını satmasınlar. Təəssüf ki,
acınacaqlı da olsa, belələri var. Bu gün
böyük əksəriyyət müsahibə verməkdən
qaçır, elə mən özüm də. Söhbətin
içindən elə bir başlıq seçib yazırlar
ki, onun hesabına layk toplasınlar. Mən qələmə dəyər
verilən bir ailədə böyümüşəm,
yazarları çox sevirəm və istəyirəm ki, bu
sevgiyə ləkə düşməsin.
SÖZARDI: Zamanında müsahibə üçün
tərəddüd etdiyim qonağımızla ünsiyyətimiz
əsasında həm mədəniyyət, ziyalılıq,
peşəkarlıq gördüm, həm kübarlıq,
özünəhörmət, ciddi xarakter. Bütün bu
keyfiyyətləri özündə daşıya bilmək də
bir məharət tələb edir. Nə yaxşı ki mədəniyyətimizə
xidmət edən belə mədəni xadimlərimiz var.
Tamilla M-ZADƏ
525-ci qəzet .- 2025.- 15 mart(¹49).- S.12-13.