"Heydər Əliyev qəlbində
həmişə öz millətinə sadiq insan olub"
XALQ YAZIÇISI ANAR İLƏ ELMİRA AXUNDOVANIN
SÖHBƏTİ
Azərbaycanın Xalq yazıçısı publisist
Elmira Axundova "Heydər Əliyev və yaradıcı
ziyalılar" mövzusu üzərində işləyir.
2-cildlik kitab bu ilin payızında işıq üzü
görəcək. Kitabın 2-ci cildində Elmira
xanımın görkəmli sənət adamlarıyla
çox maraqlı, eksklüziv söhbətləri yer alacaq.
Bu söhbətlərdə təkcə dahi Heydər
Əliyevin obrazı, yaxud bu və ya digər cəhəti
deyil, elə müsahiblərin özləri də oxucu
üçün bəzən gözlənilməz, naməlum
tərəflərdən açılır. Onlar müəlliflə
canlı, səmimi, bəzən çox məhrəm dialoq
aparır, təkcə müsahibənin qəhrəmanı barədə
deyil, həm də öz həyatları haqda
danışırlar və quru rəsmiyyətdən uzaq
söhbətlər oxucu ictimaiyyətində şəksiz maraq
doğurur.
Bu nömrədən başlayaraq söhbətlərdən
bəzilərini "525-ci qəzet"də çap etməyə
qərara almışıq. Təqdim etdiyi eksklüziv
materiallara görə Elmira Axundovaya minnətdarlıq
bildiririk.
Elmira Axundova - Anar müəllim, maraqlıdır,
ötən əsrin 60-70-ci illərində Azərbaycan ədəbiyyatında
nələr baş verirdi? Belə bir fikir var ki, o vaxtlar ciddi
dissident təmayüllü, lakin rəsmi qadağan edilməmiş
ədəbiyyat yaranmışdı. Necə hesab edirsiniz,
Rusiya və başqa sovet respublikalarıyla müqayisədə
bizdə rəssamlar, yazıçılar və digər mədəniyyət
xadimləri öz əsərlərində daha sərbəst,
daha azad idilərmi? Bəlkə, yanılıram?
Anar - Əlbəttə, elə idi. Və bu paradoks
şəksiz Heydər Əliyevin adı ilə
bağlıdır. Baxın: onu nə vaxt Azərbaycan KP
MK-nın birinci katibi təyin etdilər? 1969-cu ildə. 1968-ci
ilin avqustunda sovet tankları Çexoslovakiyaya daxil oldu.
Müttəfiq respublikalarda da mərkəzdənqaçma təzahürləri
ilə nəticələnə bilən milli əhval-ruhiyyənin
yaranması təhlükəsi vardı (bu məsələ
Siyasi Büroda müzakirə olunmuşdu). Dövlət Təhlükəsizlik
Komitəsi məktəbini keçmiş inanılan,
etibarlı şəxs kimi Heydər Əliyevi ilk növbədə
ona görə MK-ya birinci katib təyin etdilər ki, bu cür
milli təmayüllərin kökünü kəssin.
Bu, mənim şəxsi fikrimdir. Yadımdadır ki,
Heydər Əliyev vəzifəyə təsdiq olunandan sonra
Ohanov soyadlı Moskvalı jurnalist bir qonaqlıqda azərbaycanlılara
demişdi: "Sizə qarşı necə qəddarlıq
etdilər".
Bəs nəticədə nə baş verdi? Bu da mənim
şəxsi fikrimdir. Zənnimcə, o baş verdi ki,
DTK-nın əməkdaşı, çekist olan Heydər
Əliyev qəlbində həmişə millətçi-azərbaycanlı
olaraq qalmışdı. Pis mənada millətçi yox, məhz
öz millətinə sadiq insan mənasında. Odur ki, millətçiliklə
mübarizə üçün göndərilsə də,
tezliklə bu kampaniyanı korrupsiyaya qarşı mübarizəyə
çevirə bildi. Bax, belə bir maraqlı yerdəyişmə
baş verdi.
O vaxtlar bütün SSRİ korrupsiya çirkabına
batmışdı. İyul ayında Heydər Əliyevi təyin
elədilər, avqust ayında isə o, böyük tənqidi
çıxışla Azərbaycanı silkələdi. Bundan
öncə mənim "Molla Nəsrəddin-66" satirik
hekayələrim çıxmışdı. Mən Plenumda
iştirak etməmişəm, lakin məşhur məruzəni
dinləyənlər sonra mənə
danışırdılar ki, Əliyev "elə bil hekayələrinin
ruhunda danışırdı, eyni mənfi hadisələr və prosesləri tənqid edirdi". O məhz
neqativ halları qamçılayan əsərləri dəstəkləyirdi.
Məsələn, mənim "Şəhərin yay günləri"
pyesim onun xoşuna gəlmişdi. Əsər ali məktəblərdəki
proteksionizmə, tanışbazlığa, təbabət və
ədliyyə sahəsində rüşvətxorluğa
qarşı yazıçı
barışmazlığını ifadə edirdi. Mən Mədəniyyət
Nazirliyi ilə müqavilə bağlamışdım, bizim məşhur
rejissor Tofiq Kazımov artıq aktyorlarla məşqlər
aparırdı. Premyera ərəfəsində "Qlavlit"
(mətbuatda dövlət sirlərinin qoruması üzrə
Baş idarə - E.A.) dirəndi ki, bu, antisovet pyesdir, çox
şeylər çıxarılmalı, dəyişdirilməlidir
və sair. Onda MK mədəniyyət şöbəsinin
müdiri Azad Şərifov bizə kömək etdi,
"Qlavlit"ə "təpindi". Pyesə icazə
verdilər. Premyeradan sonra Mirzə İbrahimov
"Kommunist" qəzetində, Gülrux Əlibəyli
"Bakinski raboçi"də alqıslayıcı məqalələr
yazdılar.
Bir neçə gün sonra mənə Heydər
Əliyevin tamaşaya gəlmək istədiyini dedilər.
Onunla birgə bütün nazirlər, yaradıcı
ittifaqların rəhbərləri təşrif buyurdular. Mən
bədii rəhbərin yanında oturub oradan salona
baxırdım, görürdüm ki, reaksiya, deyəsən,
normaldır. Tamaşa sona yetdi və bax onda Heydər Əliyev
ilk dəfə səhnə arxasına yaradıcı kollektivlə
söhbətləşmək üçün keçdi.
Sonralar o, belə ünsiyyət yoluna tez-tez qayıdacaqdı.
O, bizim işimizi bəyəndi. Dedi ki, Mirzə İbrahimovun və
Gülrux xanımın məqalələrini oxuyub
maraqlanıb və özü tamaşaya baxmağı qət
edib, çünki "müxtəlif rəylər"
varmış. İndi mən,-söylədi,-özüm əmin
oldum ki, pyes vaxtında yazılıb, onu müvafiq rus
teatrında da tamaşaya qoymaq lazımdır, bundan basqa film
çəkilişi haqqında da düşünmək olar.
Yeri gəlmişkən, elə həmin axşam o, üç
cavan aktyoru ruhlandırdı və onların mənzil məsələsini
həll etdi. Bundan sonra anşlaqlar, ali məktəblərdə
tələbələrlə çoxsaylı görüşlərim
başladı...
E.A. - Amma təzyiqlər də var idi. Hər halda
partiya funksionerləri baş redaktor olduğunuz
"Qobustan" jurnalına müxtəlif maneələr
yaradırdılar. Mənə danışırdılar ki,
jurnalın hər bir nömrəsi çətinliklə
çıxırdı.
Anar - Bəli, bu olduqca maraqlı əhvalatdır.
Bununla belə, Heydər Əliyevin gözə görünməyən
dəstəyini biz həmişə hiss edirdik.
E.A. - Xahiş edirəm, bu barədə daha ətraflı
danışasınız. Çünki sensurasızlıq məkanında
yaşayan cavan oxucularımız üçün bu xatirələr
ibrətamizdir.
Anar - Jurnalın tarixçəsi belədir: 60-cı
illərdə "Azərbaycan incəsənəti" toplusu
nəşr olunurdu, hərçənd məşhur teatr xadimi
rejissor Mehdi Məmmədovun redaktorluğu altında cəmi
üç sayı çıxdı. Sonra almanaxın
buraxılışı dayandırıldı. 1968-ci ildə Mərkəzi
Komitənin ideologiya üzrə katibi Cəfər Cəfərov
məni baş redaktor vəzifəsinə dəvət etdi. Mən
razılaşdım, həm də dərgini "Qobustan"
adlandırmağı təklif etdim. İndi hamı bilir ki,
Qobustan ən qədim tarixi-arxeoloji qoruq, qayaüstü rəsmlərdə
qədim insanların müxtəlif peşə və sənət
növlərinin ibtidai görüntülərini cizgilədikləri
təbii muzey, Azərbaycan xalqının unikal sərvətidir.
O zamanlar isə bu ad sıravi "obıvatel"i çox da
maraqlandırmırdı. Cəfər Cəfərov
almanaxın adının dəyişdirilməsi məsələsini
MK Bürosundan keçirib müvafiq qərar qəbul edilməsinə
nail oldu. "Qobustan"ın ilk sayı 1969-cu ildə
çıxdı. O vaxtdan da onun çətin həyatı
başladı.
Almanax Stalindən sonrakı cəmiyyətin mənəvi
həyatında tamamilə yeni hadisə idi. O, azərbaycanlı
"altmışıncılar"ın istedadlı nəslinin
bəhrəsi oldu. Topluda hər şey quru rəsmilikdən
uzaq, qeyri-standart, baxımlı bədii tərtibatdan tutmuş
- yeni, təravətli idi. Cildini orta əsr Azərbaycan
miniatürləri, "Molla Nəsrəddin"dən
karikaturalar, çağdaş rəssamlar Cavad Mircavadovun,
Mikayıl Abdullayevin, Tahir Salahovun, Rasim Babayevin əsərləri
səsləndirirdi. Bununla yanaşı, toplunun cildindən
oxucular italyan İntibah rəssamlarının əsərləri,
Yaponiya qravürləri, Pikassonun qrafikası ilə də
tanış olurdular. Və belə cəsarətli sərbəstlik,
əlbəttə ki, anlaşılmazlıq doğururdu.
Partiya məmurlarını toplunun məzmunu, əyalətçilik
çərçivəsini aşıb keçməyə
çalışması daha da çox
qıcıqlandırırdı. Dərgidə Pikassodan,
Çaplindən, Stravinskidən bəhs edilir, Güney Azərbaycan
poeziyasından, Türkiyənin, türkdilli xalqların
çağdaş sənətindən söz
açılırdı. Onun səhifələrində qazax rəssamlığı,
qırğız kino sənəti, tatar musiqisi, Tuva abidələri
və başqa bu kimi mövzulara yer verilirdi. Bununla belə,
almanax ideoloji qəliblərdən tamamilə xali idi.
"Qobustan"ın kollektivi inqilabdan əvvəl, ya da Azərbaycan
Demokratik Respublikası dövründə fəaliyyət
göstərmiş görkəmli milli ziyalıların
unudulmuş adlarını üzə çıxarır, xidmətlərini
xatırladırdı. Bütün bunlar rəsmi
ideologiyanı qoruyanların əlində dərgi əməkdaşlarını
"pantürkizm" və başqa "izm"lərdə
günahlandırmağa bəhanəyə çevrilirdi.
İş absurda gətirib çıxarırdı.
Aprel inqilabının ildönümünə mən üz
qabığında Toğrul Sadıxzadənin "Nərimanov,
Kirov, Orconikidze və Mikoyan" adlı tablosunu yerləşdirmişdim.
İdeologiya üzrə katib Daniil Quliyev bizi təcili Mərkəzi
Komitəyə çağırdı. Sən demə, bu rəsmdə
- yeri gəlmişkən, rəssamın artıq sərgilərdə
nümayiş etdirdiyi rəsmdə - Nərimanov öz partiya
silahdaşlarından bir az qabağa
düşübmüş. "Bu nə deməkdir? Niyə o
qabaqdadır? Buna görə 1937-ci ildə sizi dama
basardılar". Toğrul dözmədi: "Buna görə
bizi yetərincə dama basıblar". O, Seyid Hüseynin və
Gülsüm xanımın oğludur, atası da, anası da
repressiya qurbanlarıdır. Daniil Quliyev israr edirdi: "Siz
cildi dəyişməli, başqa rəsmlə əvəz etməlisiniz".
Siqnal nüsxəsi təzəcə
çıxmışdı. Amma mən də burada
"demaqogiya"ya əl atdım: "Bacarmaram, - dedim. - Mən
mətbəə işçilərinə izah edə bilmərəm
ki, nəyə görə inqilab bayramı ərəfəsində
üz qabığından dörd inqilabçını
çıxarıb atırıq".
Yaxud jurnalımızda Elturanın məqalələri
gedirdi. Daniil Quliyev də bizi danlayırdı: "Bu nədir,
necə yol vermisiniz? Belə imza qoymaq olar?" - "Axı bu
onun adıdır!" - "Siz deməliydiniz!" - "Yəni
adını dəyişsin?" - "Qoy dəyisin!"
Anarın "Ömrümün "Qobustan" illəri"
xatirə-yazısından:
"...Başıbəlalı "Qobustan"la
bağlı söz-söhbət hələ ilk sayı
işıq üzü görməmişdən
başlamışdı. "Qobustan" adından başqa
"toplu" sözü də mübahisələr
doğururdu. Əcnəbi "almanax", yaxud "məcmuə"
kəlmələri heç kəsi narahat etmirdisə,
"toplu"nu türk dilindən (?!) alınma söz kimi qəbul
edirdilər və bunun yaman
nigarançılığını çəkirdilər.
Türk sözü! Bu irad, xüsusilə Azərbaycanda o
dövrün və o sistemin anlayışlarına görə
ən ağır siyasi ittihama bərabərdi...
...İş ondaydı ki, Azərbaycan dili lüğətlərinə
daxil olan, amma çox istifadə edilməyən, az qala
unudulmuş sözləri məhz "Qobustan" səhifələrində
görəndə bunları "türk dilinin" (oxu:
Türkiyə türkcəsinin) təsiri kimi qələmə
verirdilər. Məsələn, müvəffəqiyyət əvəzinə
daha çox uğur, nümunə əvəzinə örnək,
əsr əvəzinə yüzil, əlaqədar əvəzinə
bağlı işlədəndə bunu pantürkizm əlamətləri
kimi qiymətləndirirdilər. "Qobustan" haqqında
şeytançılıq edən "qeyrətli
donosbazlarımızın" xəbərdarlıqları əsasında
Mərkəzi Komitənin ikinci katibi Kozlov Cəfər Cəfərovdan
soruşurdu: "Doğrudurmu ki, "Qobustan" türk dilində
çıxır?" (Bu günün gənc oxucularına
bir daha izah edirəm ki, o dövrdə "türkcə"
anlayışı yalnız "Türkiyə türkcəsinə"
şamil edilirdi və dünya imperializminə xidmət kimi ciddi
siyasi suç sayılırdı).
Yenə də izahat verməli olurduq ki, məsələn
"təfsir etmək" əvəzinə "yozmaq" kəlməsini
...işlətməyin Türkiyə türkcəsinə,
pantürkizmə və dünya imperializminə heç bir dəxli
yoxdur. İzah etməli olurduq ki, ...incəsənətin bəzi
növləri (məsələn, kino, balet, dəzgah rəsmi)
sənətimizə yeni gəlib, odur ki, ...simfonik musiqi,
yağlı boya, heykəltaraşlığa aid terminlərimiz
yox dərəcəsindədir. Onları yaratmalıyıq.
Tutalım, yağlı boya sənətində "mazok" mənasında
"yaxmaq" feilindən "yaxı" sözünü
işlədə bilərik. Heykəltaraşlıqda taxta heykəli
yonmaq, gipsi isə yapmaq olar. Və bu "yapmaq" kəlməsindən
Türkiyə türkcəsindəki "yapmağa"
görə hürkmək lazım deyil.
Bundan başqa, Azərbaycan dilində incəsənətşünaslıq,
tutaq ki, dəzgah rəngkarlığı, balet, simfonik musiqi,
yəni mədəniyyətimizə artıq XX əsrdə gələn
sahələr üzrə çox az terminlər vardı. Ona
görə də söz yaradıcılığı ilə
məşğul olmaq, hansısa yeni sözlər tapmaq
lazım gəlirdi. İndi həmin sözləri biz gündəlik
leksikonumuzda işlədirik: "çağdaş",
"önəmli", "öncə". O vaxt isə
bunlar ilk dəfə "Qobustan" toplusunun səhifələrində
dilimizə qatılmışdı. Və bu yönümü
"pantürkizm" kimi qələmə verməyə
başlamışdılar".
E.A. - Jurnal barədə hansısa administrativ tədbirlər
görülürdü? Məsələn, nömrənin
buraxılışını gecikdirmək, ya da tamamilə
qadağan etmək?
Anar - Yox, belə şeylər yadımda deyil. Lakin bəziləri
müxtəlif idarələrə "donos"lar göndərməyə
girişdilər. İş o yerə gəldi ki,
"müxalif" Azərbaycan jurnalı haqqında şayiələr
Moskvaya çatdı və Sov.İKP MK katibi Kapitonov
hansısa müşavirədə dilə gətirdi ki, Azərbaycanda
"Qobustan" adlı millətçi jurnal buraxırlar. Və
Azərbaycandakı ideoloji katib bütün bu
sıxma-boğmalarda öz neqativ rolunu oynamışdı. O,
Aktyorlar Evində, jurnalistlərin qurultayında
çıxış edirdi. Mən gecikmişdim, foyedə
dayanmışam. Mənə dedilər: "Daniil
Piriyeviç yenə də adını
"hallandırdı". Moskvadan qurultaya gələn
"Komsomolskaya pravda"nın müxbiri V.Peskova üz tutub
deyirmiş: "Yoldaş Peskov, Moskvada cavan nasir Anarı
çox tez-tez çap edirlər. Və tamamilə nahaq. Siz
orada yoldaşlarınıza çatdırın ki, bu adam millətçidir".
Daha bir məqam. Moskvadan hansısa böyük ideoloji
müşavirədən qayıtmış Daniil Quliyev
ziyalıları Azərbaycan Kommunist Partiyasının Mərkəzi
Komitəsində toplayır. Müxtəlif məsələlərin
sırasında Daniil Piriyeviç belə bir etirafını
dilə gətirir: "Orada Gürcüstanı və
Estoniyanı millətçiliyə görə tənqid etdilər.
Bizi isə tərifləyib qeyd etdilər ki, Azərbaycanda
yaxşı beynəlmiləl atmosfer mövcuddur. Lakin mən
çıxış edib dedim: "Yoldaşlar, bu heç də
elə deyil. Bizdə də millətçilik tendensiyaları
var, məsələn, "Qobustan" jurnalı". Və
onda məndən soruşdular: "Bəs niyə indiyədək
siz jurnalın redaktorunu cilovlaya bilmirsiniz?"
Amma yenə də hökumət mətbuatında
cürbəcür hücumlara, tənqid və hətta "Kirpi"
jurnalında karikaturalara baxmayaraq, "Qobustan"ı
qapamadılar. Hərçənd toplu əslində qeyri-qanuni
nəşr idi, çünki Sov.İKP Mərkəzi Komitəsinin
reyestrinə daxil deyildi. O zaman bütün jurnallar yalnız
Sov.İKP MK reyestrinə daxil ediləndən sonra abunə
üçün "Soyuzpeçat"ın kataloqlarına
qatıla bilərdi. "Qobustan"a abunə yazılmaq
mümkün deyildi. O, almanax kimi (yəni kitab statusunda),
"Azərnəşr"in məhsulu kimi buraxılır,
sonralar Mədəniyyət Nazirliyinin nəzdində
sayılırdı.
E.A. - Belə çıxır ki, yuxarıda sadalanan və
sadalanmayan ittihamlara görə Heydər Əliyev dərgini hər
hansı məqamda qapaya, yaxud ora ən azı başqa daha
üzüyola redaktor təyin edə bilərdi.
Anar - Tamamilə doğrudur, amma o, bunu etmədi.
Əksinə, "Qobustan"ı da, onun redaktorunu da çox
bəlalardan, o cümlədən öz əli altında isləyən
partiya məmurlarından qoruyan məhz MK-nın birinci katibi
Heydər Əliyev idi.
Müəllif qeydləri:
Heydər Əliyev, bir çərək əsr ötəndən
sonra artıq müstəqil Azərbaycanın prezidenti olaraq,
"Qobustan" dərgisinin tarixi rolunu belə dəyərləndirirdi:
"Bizim milli mədəniyyətimizi, milli
keçmişimizi, milli ruhumuzu o vaxtlar təbliğ edirdi.
Bizim rəsmi jurnallardan fərqli olaraq bu jurnal bunları təbliğ
edirdi və insanlarda milli ruhu oyadırdı, öz tarixinə,
öz keçmişinə, öz mədəniyyətinə
hörmət və ehtiramı yaradırdı. Çünki
dövr belə idi - hesab edilirdi ki, Oktyabr inqilabına qədər
heç bir şey olmayıbdır, hamısı Oktyabr
inqilabından sonra olubdur. Bax, o illər bu cür oyanış
bizim yazıçılarımızın çox əsərlərində
olmuşdur. O cümlədən "Qobustan" jurnalında.
Beləliklə, Azərbaycanda bu gənc insanlar həqiqəti
deyirdi, düzü deyirdi və insanları həqiqətə
çağırırdı".
E.A. - Mən sizə bir sual vermək istəyirəm:
Azərbaycanda yazıçılar arasında əsl dissident
olub, ya yox?
Anar - O vaxtlar bizim hər birimizi dissident edə bilərdilər.
Vaqif Səmədoğlunu, Əylislini, məni. Amma Heydər
Əliyev vəziyyəti qaynar nöqtəyə gətirib
çıxarmırdı.
E.A. - Misal gətirə bilərsiniz?
Anar - Nə qədər istəsəniz! Mövlud
Süleymanlının "Dəyirman" povesti çap
olunduqdan sonra baş vermiş qalmaqallı əhvalatı
xatırlamaq olar. Bu əsər 1979-cu ildə "Azərbaycan"
jurnalında dərc edilmiş və dərhal hücumlar hədəfinə
çevrilmisdi. Bəziləri hətta onu antisovet əsər
adlandırırdı. "Yuxarı"ya məktublar,
siqnallar axırdı. Həmin ilin payızında Azərbaycan
Yazıçılar İttifaqında "Dəyirman"ın
daha çox divanxananı xatırladan müzakirəsi
keçirildi. Bu əsərin müəy-yən yozumu və ətrafında
baş vermiş qalmaqal əsasında Mərkəzi Komitə
xüsusi qərar da çıxarda, hətta müəllifi
sevdiyi sənətindən bezdirib, uzun müddətə
ayıra da bilərdi. Heydər Əliyev, əksinə, cavan ədibi
hücumlardan qurtardı.
Yaxud "Bir cənub şəhərində"
filmini ekranlara qoymurdular. Heydər Əliyev 1969-cu ildə
hakimiyyətə gəldi və filmi ekranlara buraxdılar.
Halbuki Bakıya Pribaltikadan yazıçılar gəlirdilər
və filmə baxaraq təəccüblə deyirdilər ki,
onlarda belə əsərlərə görə
Yazıçılar İttifaqından xaric edərdilər, divanxana
qurardılar.
Mənim ilk hekayəm - "Keçən ilin son gecəsi"
1960-cı ildə çıxmışdı. Bir həftə
keçəndən sonra Qulu Xəlilov "Azərbaycan gəncləri"
qəzetində hekayəni darmadağın elədi. İlk
povestim - "Ağ liman" "Kommunist" qəzetində
Xalid Əlimirzəyev tərəfindən hücumlara məruz
qaldı. O yazırdı ki, əsər sosializm realizminə
ziddir, yazırdı ki, bu, antisovet əsərdir. Bundan az sonra
çağırılan partiya fəallarının
toplantısında Vəli Axundov böyük məruzə ilə
çıxış etdi. Təvazökarlıqdan bir qədər
kənar görünə bilsə də, həmin aktivdə
böyük Qara Qarayevin mənim müdafiəm naminə dediyi
sözləri səsləndirmək istəyirəm: "Mən
ən istedadlı Azərbaycan yazıçısı
Anarın əsərlərinin əsassız tənqid
olunmasını qətiyyətlə rədd edirəm".
Yaxud "Ulduz" jurnalında çıxmış
"Yaxşı padşahın nağılı". Mən
onu Moskvada "Drujba narodov" jurnalının məsul katibi
Şilovtsevaya göstərdim, o mənə çox xeyirxah
münasibət bəsləyirdi. Əsəri oxuyub dedi:
"Anar, bunu nəinki çap etməzlər, sən həm də
heç kimə göstərmə". O hesab edirdi ki,
"Nağıl" son dərəcə qanunazidd əsərdir.
Mən bildirdim ki, əsər Bakıda çap olunub. Şok vəziyyətində
"Ola bilməz!" - dedi. Sonra hekayəni "Nedelya"ya,
Makarova göndərdim, o da mənə məktub yazdı ki:
"Əziz Anar, əsər əladır, amma indiki zəmanəyə
görə yox!" Onlar yalnız yenidənqurma
başlanmasıyla senzura zəifləyəndən sonra
"Nağıl"ı dərc etdilər.
Amma elə hallar da olurdu ki, biz hansısa əsəri əvvəl
Moskva qəzet və jurnallarında çap etməyə nail
olur, sonra isə o, Azərbaycanda özünə "yol
tapırdı". Cəlil Məmmədquluzadə haqqında
"Anlamaq dərdi" məqaləmi "Novıy mir" dərc
etdi. Yalnız bundan sonra İsmayıl Şıxlı həmin
yazını "Azərbaycan" jurnalında
"keçirdə" bildi.
Yəni biz zaman-zaman senzura, partiya orqanları ilə
toqquşmalı olurduq; mən ədəbiyyatda az-çox
önəmli nə edirdimsə, müqavimətlə
qarşılanırdı. Və bizi qurtaracaq yeganə pənah
yerimiz vardısa, o da Heydər Əliyev idi. O, bəlkə də,
bizlərdə dissident ədəbiyyatının
mövcudluğu haqqında Moskvada təəssürat yarana biləcəyindən
ehtiyatlanaraq, məsələni partlayışa gətirib
çıxarmırdı. Bizi qoruyaraq həm də
özünü qoruyurdu. Bəlkə də, bizə şəxsi
rəğbət bəslədiyinə, "olanlar-bizik" həqiqətinə
inandığına görə...
Müəllif qeydləri:
1999-cu il fevralın 5-də Rüstəm İbrahimbəyovun
yubileyində Azərbaycan Prezidenti respublikada istisna edilə bilən,
ümumiyyətlə isə sovet dönəmlərində dəbdə
olan "dissident ovu"nu yada salacaqdı: "...60-70-ci illərdə
Azərbaycanda dissident axtarsaydıq, onlar çox idi. Ən
böyük dissident Bəxtiyar Vahabzadə idi... Maqsud
İbrahimbəyov, Rüstəm İbrahimbəyov əsl dissident
idilər. Ancaq biz qoymadıq ki, onlar dissident olsunlar. Bəlkə
də, onlar indi heyifsilənirlər ki, o vaxt Əliyev
qoysaydı və biz dissident olsaydıq, indi bəlkə
hörmətimiz daha da artıq olardı. Yaxud götürək
Anarı. O da dissident idi. Məsələn, "Qobustan"
jurnalının yaranması və ...səhifələrində
dərc olunan əsərlər, şübhəsiz ki, dissident
xarakteri daşıyırdı..."
E.A. - Görkəmli Azərbaycan şairi, atanız Rəsul
Rza ilə Heydər Əliyevin münasibətləri də
maraq doğurur. Bir tərəfdən, Moskvanın təzyiqləri
altında Heydər Əliyev Rəsul Rzanı Azərbaycan
Sovet Ensiklopediyasının baş redaktor vəzifəsindən
azad etdi, digər tərəfdən, tezliklə ona SSRİ-də
ən yüksək ad sayılan Sosialist Əməyi Qəhrəmanı
adı verilməsinə nail oldu. Bundan başqa, o, yenə də
Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdi.
1980-ci il dekabrın 4-də bu mükafatı Ali Sovetin
binasında şairə təqdim edən Heydər Əliyev
onu "sovet ədəbiyyatının görkəmli nümayəndəsi"
və "Azərbaycan sovet poeziyasının banilərindən
biri" adlandırmısdı.
Cavab nitqində Rəsul Rza məmnunluqla
özünü "Azərbaycanın ən xoşbəxt
övladlarından biri" saydığını
bildirmişdi.
Anar - Heydər Əliyev bir dəfə kiməsə
deyibmiş: "Əgər Rəsul Rza üçün
Sosialist Əməyi Qəhrəmanı adını ala bilməsəm,
bunu özümə bağışlamaram". Demək, o,
atama "qənim" kəsilməyib, onu məhv etmək
niyyətində olmayıb. Sadəcə donosbazların, ədəbi
qatillərin basqıları müqabilində o, reaksiya verməyə
məcbur olub. Ələlxüsus da donoslar Moskvaya,
Şaumyanın oğlu oturan Baş redaksiyaya gedib
çatırdı.
2001-ci ilin 25 dekabrında Respublika Sarayında Rəsul
Rzanın 90 illiyi təntənəli şəkildə qeyd
olunurdu. Gecədə Prezident Heydər Əliyev, hökumət
nümayəndələri, ictimaiyyət iştirak edirdi. Mən
öz çıxışımda atama qarşı Moskvaya
yazılan donosları, "pantürkizm, millətçilik,
antisovet təzahürlər" haqqında ittihamları
xatırladıb qeyd etdim ki, belə bir şəraitdə Heydər
Əliyev şairə Sosialist Əməyi Qəhrəmanı
adı verilməsinə nail olmuşdu və bu da Əliyev tərəfindən
göstərilən "siyasi cəsarət" demək idi.
Bəziləri indi belə adlar xatırlananda
ağızlarını büzürlər. Amma bu, sadəcə
sinəüstü nişan deyildi, belə adlarla
mükafatlandırma Azərbaycanın nüfuzunun
qaldırılması demək idi. Azərbaycan mədəniyyətinin
ümumittifaq miqyasda təsdiqlənməsi demək idi.
Müəllif qeydləri:
Bu məqamları "Deyirdim ki, bu quruluş
dağılacaq" kitabında Azərbaycanın sabiq
prezidenti Əbülfəz Elçibəy də
xatırlayırdı. Onun fikrincə, Azərbaycan
xalqının vətənpərvərlik, azadsevərlik
hissiyyatının inkişafında 60-70-ci illərin milli ədəbiyyatı
önəmli rol oynamışdır. Və Heydər
Əliyev, Əbülfəz Elçibəy etiraf etdiyi kimi,
yazıçılara "liberallıq"la
yanaşırdı. Bundan əlavə, "əvvəllər
tənqid elədiyi adamların hamısına sonradan həm vəzifə
verdi, həm müdafiə etdi, həm də Sosialist Əməyi
Qəhrəmanı adı verdi və sair. Beləliklə də,
"Azərbaycanda yeni bir millətçilik, bir düsmənçilik
var" sözünü götürtdü (ab-havanı
yumşaltmaq məqsədilə)".
E.A. - Anar müəllim, Heydər Əliyev sizi çox qiymətləndirirdi,
öz növbəsində siz də Heydər Əliyevlə
olan səmimi münasibətlərinizi "Unudulmaz
görüşlər" kitabında əks elətdirmisiniz.
Aranızdakı yaş fərqinə və sosial
statuslarının müxtəlifliyinə baxmayaraq, siz mənən
çox yaxın idiniz. Belə demək mümkündürsə,
sizin qan qruplarınız eyni idi. Təsadüfi deyil ki, Azərbaycan
Prezidenti İlham Əliyev ədəbiyyat sahəsində ilk
Heydər Əliyev mükafatını məhz sizə təqdim
etmişdi və bu, son dərəcə ədalətli
addım idi. Söhbətimizin sonunda istəyirəm
kitabınızdan bir sitat gətirim:
"2003-cü ili - ömrünün son ilini də
Heydər Əliyev qalib kimi başa vurur. İnfarkt
keçirmiş, gecəsi-gündüzü olmayan, nə
şənbə, nə bazar, nə məzuniyyət, nə
istirahət bilən, yaşı səksənə
çatmış insan çıxış edərkən qəlb
böhranı keçirir, yıxılır, yeddi
qabırğası sınır və dözülməz
ağrılara tab gətirərək yenidən səhnəyə
qayıdır, sözünə davam edir. Bir də
yıxılır və yenə görünməmiş,
inanılmaz bir iradə ilə səhnəyə dönür,
xalq ilə vidalaşmağa özündə güc tapır.
Bu da onun yıxılması haqqında hərzə-hərzə
danışan və yazan mənəviyyatsız
düşüklər üzərində qələbə idi.
...Heydər Əliyev hər xalqa, bəlkə də, əsrdə
bir dəfə qismət olan qənimət, nadir şəxsiyyət
idi.
Həyata qalib kimi gəlmişdi. Xalqı vəfatıyla
sarsıdan, sarsıdaraq birləşdirən, kədərləndirərək
bütövləşdirən Heydər Əliyev
ölümüylə də zəfər çaldı. Kim nə
deyir desin, nə yazır yazsın, qalib gəldi, qalib
getdi".
Ad gününüz münasibətilə sizi təbrik
edirəm, əziz Anar müəllim, sizə möhkəm
cansağlığı və yeni yaradıcılıq
uğurları diləyirəm.
525-ci qəzet .- 2025.- 15 mart(№49).- S.8-9.