Danışıqların
yekunlaşmasına beynəlxalq reaksiyalar
Azərbaycanla Ermənistan arasında sülh sazişi
layihəsinin mətni ilə bağlı danışıqlar
prosesi artıq yekunlaşıb. Xarci işlər naziri Ceyhun
Bayramov bildirib ki, Ermənistan son açıq qalan iki maddəni
qəbul etdiyini Azərbaycan tərəfinə
çatdırıb: "Mətn üzrə işlər
yekunlaşıb. Sonrakı mərhələdə Ermənistanın
Konstitusiyasında və digər normativ hüquqi aktlarda Azərbaycana
qarşı ərazi iddiaları aradan
qaldırılmalıdır. Əlavə olaraq keçmiş
münaqişənin qalıqları olan Minsk Qrupu və onun
digər təsisatlarının da ləğv olunması vacib
amildir".
Qeyd edək ki, sülh sazişi layihəsi 17 maddədən
ibarətdir. İndiyədək saziş layihəsinin 15 maddəsi
razılaşdırılmışdı.
Razılaşdırılmamış iki maddədən biri tərəflərin
bir-birinə qarşı beynəlxalq iddialardan kənarda
durması, ikincisi isə başqa ölkələrin nümayəndələrini
Azərbaycan-Ermənistan sərhədində yerləşdirməməklə
bağlı idi. Rəsmi Bakı dəfələrlə bu iki
bənd ilə bağlı öz prinsipial mövqeyini ortaya
qoyub.
Minsk qrupunun ləğvinə gəlincə, bu,
Bakının iki şərtindən biridir. Aydın məsələdir
ki, bu təsisata heç bir ehtiyac yoxdur. Qarabağ
münaqişəsi artıq keçmişdə qalıb,
üstəlik, Bakı və İrəvan vasitəçi
olmadan danışıqlar aparırlar.
Yeri gəlmişkən, Ermənistanın xarici işlər
naziri Ararat Mirzoyan bəyan edib ki, sülh sazişinin
imzalanmasından sonra Minsk qrupunun fəaliyyətinə
ehtiyacın qalmadığını demək olar: "Sülh
sazişinin imzalanmasından sonra deyə bilərik ki, Minsk
qrupunun fəaliyyətinə ehtiyac yoxdur, biz institutsional olaraq
hesab edə bilərik ki, münaqişə sona
çatıb".
Bakının ikinci şərt isə Ermənistan
Konstitusiyasında dəyişikliklərlə
bağlıdır. Bir dövlətin Konstitusiyasında digərinə
qarşı ərazi iddiaları qalırsa, bu halda, imzalanacaq
sülh sazişi yarımçıq olacaq. Beləliklə də,
münaqişə istənilən vaxt yenidən baş
qaldıra bilər. Ona görə də dayanıqlı
sülhə nail olmaq üçün İrəvanın qeyd
edilən addımları atması vacibdir.
Xatırladaq ki, Baş nazir Nikol Paşinyan jurnalistlərə
açıqlamasında Ermənistan və Azərbaycan
arasında sülh sazişinin mətninin
razılaşdırılmasını mühüm hadisə
adlandırıb. Bildirib ki, hər iki tərəf mətnin
onlara faydalı olduğunu hesab edib. Onun sözlərinə
görə, mümkün iddiaların geri götürülməsi
və ya Aİ missiyasının geri çəkilməsi
sülh müqaviləsi qüvvəyə mindikdən sonra
baş verəcək.
Bir sıra beynəlxalq təşkilatlar və dövlətlər
tərəfindən Ermənistan və Azərbaycanın
Sülh və Dövlətlərarası Münasibətlərin
qurulması haqqında Saziş layihəsi üzrə
danışıqların yekunlaşması ilə
bağlı verdikləri müvafiq bəyanatları
alqışlayıblar.
Avropa İttifaqının açıqlamasında
deyilir ki, bu bəyanatlar regionda davamlı sülh və təhlükəsizliyə
doğru atılan mühüm addımlardır: "Avropa
İttifaqı Ermənistan və Azərbaycan arasında
normallaşma prosesini tam dəstəkləyir və tərəflərin
müraciəti halında əlavə dəstək və
ekspertiza göstərməyə hazırdır".
Fransa prezidenti Emmanuel Makron sosial şəbəkədə
yazıb ki, Ermənistan və Azərbaycan arasında
danışıqların yekunlaşdırılması barədə
elanı alqışlayır: "Artıq Ermənistan və
Azərbaycan arasında Cənubi Qafqazda davamlı sülhə
yol açmalı olan sülh sazişinin imzalanmasına
heç nə mane olmur".
Almaniyanın xarici işlər naziri Annalenna Berbok
bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh
sazişi üzrə irəliləyiş ümidvericidir:
"Müharibədən sonra dayanıqlı sülh
reallığa çevrilib. Bu, təkcə region
üçün deyil, onun hüdudlarından kənarda da
vacibdir".
İspaniya, Sloveniya, Braziliya, Latviya və digər
ölkələrin bəyanatlarında da sülh sazişi
üzrə son inkişaflar alqışlanıb.
Azərbaycan regionda sülhün bərqərar
olması üçün hər zaman ciddi səylər
göstərib, qalib tərəf olmasına baxmayaraq,
müharibədən dərhal sonra sülh təşəbbüsü
ilə çıxış edib və bu istiqamətdə
konkret addımlar atıb. Ermənistan isə özünü
sülh göyərçini kimi göstərib,
havadarlarının sifarişi ilə hərəkət edib,
sülh prosesini uzatmaqla məşğul olub. İrəvan həqiqətən
də sülh sazişinin imzalanmasını istəyirsə,
onda Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında
deyildiyi kimi, əsas şərtləri yerinə yetirməlidir:
"Danışıq aparılmış mətnin
imzalanması üçün əsas şərtin Azərbaycanın
suverenliyi və ərazi bütövlüyünə
qarşı iddiaların aradan qaldırılması məqsədilə
Ermənistanın konstitusiyasına dəyişiklik edilməsi
olduğu barədə Azərbaycanın uzunmüddətli və
prinsipial mövqeyini bir daha diqqətə
çatdırırıq. Eyni zamanda, ATƏT-in köhnəlmiş
və qeyri-funksional Minsk Qrupunun və aidiyyəti
strukturların rəsmi şəkildə ləğv
olunmasının zəruriliyini vurğulayırıq.
İki ölkə arasında normallaşma prosesi ilə
bağlı bu və digər məsələlər üzrə
ikitərəfli dialoqu davam etdirməyə hazırıq".
Politoloq Zaur Məmmədov mövzu ilə bağlı
şərhində deyib ki, Azərbaycan və Ermənistan
açıqlandığı kimi, sülh
danışıqlarında masa üzərində olan sənədin
bütün bölmələrini razılaşdırıblar.
Məlumdur ki, 2 bəndlə bağlı tərəflər
arasında fikir ayrılığı var idi: "Artıq
Avropa dövlətlərinin XİN-ləri tərəfindən
Bakı və İrəvan arasında əldə olunmuş
razılıqlar alqışlanır və tez bir zamanda sənədə
imza atılması məqsədəuyğun hesab edilir.
Xatırladım ki, Azərbaycan və Ermənistan
arasında sülh müqaviləsi ilə bağlı mətndə
qeyd olunan bölmələr rəsmi Bakının şərtləri
üzrə aparılmış və uzun
danışıqlardan sonra İrəvan ən azı sözdə
də olsa razılığa gəldi".
Politoloq vurğulayıb ki, İrəvanın niyə
birdən-birə belə qərara gəldiyi sualı ortaya
çıxır: "Hamıya məlumdur ki, hazırda Avrasiyanın
orta xəttində ciddi dəyişikliklər baş verməkdədir.
Paşinyan Tramp və Putin arasında baş tuta biləcək
mümkün razılaşmaya qədər və Ukraynada
müharibənin bitməsinə qədər xarici siyasətdəki
davranışlarına təcili korrektələr etmək qərarına
gəlib. Ağ evin son 5 ildəki mövqeyindən geri çəkiləcəyini
bilən Paşinyan təklənəcəyindən çəkinir.
Lakin Ermənistan və Azərbaycan arasında sülh
müqaviləsinin imzalanması üçün mətndə
olmayan digər 2-3 məsələ var. Yeni Konstitusiya da buraya
daxildir.
Qeyd edim ki, bölgədə sülh prosesinin yekun sənəd
ilə bitməməsində maraqlı olan regional və beynəlxalq
aktorlar da az deyil və çox güman ki, onlar çox
yaxında şərti sərhədyanı ərazilərdə
vəziyyəti gərginləşdirə bilərlər. Sirr
deyil ki, Ermənistanda müxtəlif siyasi rəhbərlərin,
o cümlədən Nikol Paşinyanın
danışıqların getdiyi vaxtda hərbi eskalasiyaya (Tovuz
döyüşləri) getmək təcrübələri var.
İndi də eyni addım atıla bilər. Əgər Ermənistan
ordusu xaricdəki havadarları ilə birlikdə şərti sərhədlərdə
hücuma başlayarsa, Azərbaycanın 40 km ərazidə təhlükəsizlik
zonası yaratmaqdan başqa çarəsi qalmayacaq. Gözləyək,
dinamik proseslər çeviklik və uzaqgörənlik tələb
edir".
Pərvanə
525-ci qəzet .- 2025.- 15 mart(№49).- S.6.