Qlobal Bakı Forumu
aparıcı beynəlxalq platforma kimi
Qlobal Bakı Forumları dünyanın bir çox
ölkəsindən liderləri, biznes nümayəndələrini,
mütəfəkkirləri və ekspertləri bir araya gətirən
mühüm tədbirdir. Forum qlobal problemlərin geniş
spektrinə toxunmaqla yanaşı, aparıcı mütəxəssislərə
və liderlərə öz fikirlərini bölüşmək
və müzakirə etmək imkanı verir.
Ölkəmizin belə mötəbər bir foruma ev
sahibliyi etməsi, əlbəttə ki, çox mühüm
hadisədir. Bu, Azərbaycanın mədəni, iqtisadi, həm
də siyasi baxımdan dünyada tanınması ilə
yanaşı, onun etibarlı və təhlükəsiz ölkə
kimi daha da nüfuz qazanması deməkdir. Bu kimi tədbirlər
ölkəmizin beynəlxalq münasibətlərdə
oynadığı rola dinamika gətirir. Ölkə
başçımız cənab İlham Əliyevin
çoxşaxəli, praqmatik siyasəti, güclü siyasi
iradəsi sayəsində Azərbaycan beynəlxalq müstəvidə
nüfuzlu dövlət kimi tanınır. Beynəlxalq birlik
ölkəmizi etibarlı tərəfdaş kimi qəbul edir.
Eyni zamanda, Azərbaycan mötəbər beynəlxalq tədbirlərin
keçirildiyi məkana çevrilib. Təbii ki, bu amil ölkəmizə
beynəlxalq birliyin inam və etimadının göstəricisidir.
Ölkəmizdə XII Qlobal Bakı Forumunun keçirilməsi
də Azərbaycanın qlobal problemlərin müzakirə
olunduğu mərkəz kimi statusunu gücləndirir. Əlbəttə
ki, bu da forumda aparılan müzakirələrin cəlbedici
olduğunu, həmçinin hazırda bu platformaya ehtiyacın
olduğunu nümayiş etdirir. Forumda iqtisadiyyat, enerji,
davamlılıq, texnologiya, biznes, təhsil, səhiyyə, beynəlxalq
əlaqələr və mədəniyyət mövzusunda
müzakirə aparılıb. Şübhəsiz ki, təhlil
olunan mövzular dünyada baş verən hadisələri və
tendensiyaları əks etdirir və qlobal problemlərin həllinə
töhfə vermək üçün mühüm ideyalar və
strategiyalar təklif edir.
Məlumdur ki, bu tədbirin təşkilatçısı
olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan
Prezidenti İlham Əliyevin sərəncamına əsasən,
dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri
çərçivəsində 2012-ci il sentyabrın 30-da
böyük mütəfəkkirin vətəni Gəncədə
keçirilmiş xüsusi toplantıda təsis edilib.
Hazırda Mərkəz qlobal problemlərin həlli
yollarını araşdıran və bu barədə dünya
ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq təsisata
çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil
etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. Azərbaycanın
belə forumlara ev sahibliyi etməsi, ildən-ilə
iştirakçıların sayında nəzərəçarpan
artım ölkəmizə olan diqqət və etimadın,
dövlətimizin başçısı İlham Əliyevin
siyasətinə dəstəyin ifadəsi kimi dəyərləndirilir.
Cənab İlham Əliyevin dediyi kimi, Qlobal Bakı Forumu
hazırda aparıcı beynəlxalq platformalardan biridir.
XII Qlobal Bakı Forumu dünya ictimaiyyətini
düşündürən çox aktual mövzuya həsr
olunub. “Dünya düzəninin yenidən
düşünülməsi:
Çağırışların fürsətə
çevrilməsi” mövzusuna həsr olunmuş Forumda
çıxış edən dünyanın nüfuzlu
ictimai-siyasi xadimləri çıxış edərək
problemlərdən çıxış yolları
üçün öz fikir və
təkliflərini bölüşürlər. Azərbaycan
Prezidenti cənab İlham Əliyev Forumun
açılış mərasimində dərin məzmunlu
çıxış edərək dünyada, o cümlədən
regionumuzda baş verən proseslər haqqında fikirlərini
ifadə edib. Dövlətimizin başçısının
dediyi kimi, biz regionda sülhə yaxınıq. “Biz Cənubi
Qafqazda sülh qurmalıyıq”, - deyən dövlətimizin
başçısı qeyd edib ki, Azərbaycan sülh prosesinə
bağlıdır və əslində, həmin sülh
müqaviləsinin müəllifidir. Cənab Prezident bəyan
edib ki, sülh müqaviləsi Ermənistanla Azərbaycan
arasında müzakirə edilir və demək olar bəndlərin
artıq əksər hissəsi
razılaşdırılıb. Bununla belə, dövlətimizin
başçısı vurğulayıb ki, biz işğal illərini
yaddan çıxara bilmərik və
çıxarmayacağıq: “Azərbaycan xalqının
çəkdiyi əzab-əziyyətləri və Ermənistanın
təcavüzünün məhz bizə verdiyi ziyanı
bilirik. Biz azad olunmuş ərazilərimizdə
görürük ki, barbarlığın səviyyəsi nə
yerdədir. Bütün şəhərlər, kəndlər
yerlə-yeksan olunub və onlar bizim kəndlərimizə,
şəhərlərimizə, bizim dinimizə və tarixi
irsimizə qarşı bilərəkdən belə hərəkətlər
etmişlər. 65 məscidi dağıtmışdılar”.
Forumun əhəmiyyəti ondan ibarətdir ki, o,
bütün dünyada qlobal problemlərin həlli
yollarının müzakirəsi və təqdimatı
üçün mühüm platformadır. Forum hər il beynəlxalq
ictimaiyyətin diqqətini cəlb edən əsas məsələlərə
toxunur və dünya liderləri ilə digər əsas
aktorlar arasında əməkdaşlıq və dialoqa təşviq
edir. Həmçinin dünya,
biznes liderlərinə və digər əsas aktorlara yeni əməkdaşlıqlar
qurmaq, effektiv siyasət aparmaq və daha yaxşı gələcək
üçün bir araya gəlməyə imkan verir. Ona
görə də forumun böyük əhəmiyyəti var.
“Dünya düzəninin yenidən
düşünülməsi:
Çağırışların fürsətə
çevrilməsi” mövzusuna həsr olunan budəfəki
Forumda dünyanın müxtəlif regionlarından 400-ə
yaxın nüfuzlu siyasi xadim, o cümlədən azı 50 fəaliyyətdə
olan və sabiq prezident, Baş nazir, həmçinin BMT strukturlarının
rəhbərləri, Nobel mükafatı laureatları, alimlər
və ekspertlər iştirak edirlər.
Ölkəmizdə keçirilən beynəlxalq tədbirlər,
o cümlədən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi
tərəfindən təşkil olunan Qlobal Bakı
forumları xarici qonaqlar üçün Azərbaycanla dialoqu
inkişaf etdirmək, yeni əməkdaşlıq əlaqələri
qurmaq baxımından mühüm imkandır. Builki Forumun da
mövzusu dünya gündəmində mühüm yer tutan
mövzulara həsr olunub. Belə ki, XII Qlobal Bakı Forumunun
panel iclaslarında və sessiyalarında qlobal aktual problemlərə,
bu xüsusda çoxtərəfli diplomatiya və
çoxqütblü dünya, BMT-nin gələcək
üçün paktı, yeni dünya düzəninin
formalaşdırılması, orta güclər və
onların yeni dünya düzənində rolu,
postmünaqişə dövründə bərpa-quruculuq
işləri və bu kimi digər vacib mövzular müzakirə
edilir.
İradə Rizazadə,
"Vətəndaşların Sosial Rifahı Naminə"
İB-nin sədri
525-ci qəzet .- 2025.- 15 mart(¹49).- S.7.