Pirani ocağında
Borçalı elləri aran, dağ, bağlı,
Əzəldən soy-kökə, saz-sözə
bağlı,
Qayası, dərəsi, düzü
sığallı...
Dindi misra-misra könül rübabım.
Misra-misra dinən könül rübabımın
avazı ilə süslənmiş havasat-havacatda, dörd
çilləni qarşılayıb yola salmaqda olduğumuz bir
çağda ulu Borçalının
Qızılhacılı el ağsaqqalı, üzü nurlu,
sözü dürlü Almaz Əhməd oğlu Mustafayevə
ömür təqviminin 95 illiyi münasibətilə novruz
ovqatında söz sovqatı ünvanlamaq keçdi
könlümdən. O Almaz kişi ki, nəvəm Əlinin
anasının babasıdır... İyirmi iki mart təvəllüd
günüdür. Düşüncələrimə müqəddimə
də qoy elə bahar müjdəli misralarım olsun:
Novruz gülü baş qaldırır,
Tumurcuqlar muncuqlanır.
Kövrək-kövrək qımıldanır,
Hər gələndə bahar dəmi.
Şamlar yanır ulduz-ulduz,
Bayram edir bütün Oğuz,
Bu işığa ümid sonsuz...
Üzə gülür tər səməni.
Gur çatılsın tonqalımız,
Yansın odda dərd-ağrımız.
Xonçalanıb ocağımız,
Yola salıb dörd çilləni.
Enişli-yoxuşlu, açılı-şirinli
ömür yolu keçən, neçə-neçə
çillə adlayan Almaz kişininin həyat qayəsini şərtləndirən
halalıq, zəhmət olub ki, bu cəhət də onu el
ağsaqqalı ucalığına yüksəldib.
Ucalıq - leksik məna palitrasında müstəqim,
məcaz və rəmz çalarları ilə zəngin olan
bir məfhumdur. Obrazlı desək, batindən hikmət boy verən
sözdür. İlkin olaraq Yaradanın "əlamətini"
ehtiva edir.
Ucalıq Tanrı timsalında "Kitabi-Dədə
Qorqud" da belə ifadə olunur:
Ucalardan ucasan, uca Tanrım!
Kimsə bilməz necəsən, görklü
Tanrım!
Ucalığı özündə ehtiva edən bir
yaşantı və mənəvi dəyər də Dədəlik
yolunu şəxsiyyətində ehtiva edən ağsaqqal və
ağsaqqallıq məqamıdır. Ağsaqqal-keçilən
ömür yolunun zaman məsafəsi ilə
ölçülürsə, ağsaqqallıq isə
keçilən yolun örnəkliyi ilə şərtlənir.
Bu həqiqətin işığında qayım-qədim
Borçalı elinin Qızılhacılı el
ağsaqqalı Almaz Əhməd oğlu Mustafayevin pirani
ocağında da olduq. Qardaşlarla-el sevgisi qazanmış
pirani məqamlı Almaz kişi, sabiq dövlət
qulluqçuları, Kolayırın el ağsaqalları Teymur
müəllim və Ramiz müəllimlə milli-mənəvi
dəyərlər fonunda həmsöhbət olarkən
"Ağsaqqal - sabaha Dədəlik yolu" ifadəsinin
ehtiva etdiyi dəyər, qutsallıq düşüncələrimizə
hakim oldu.
Ağsaqqal - sabaha Dədəlik yolu,
Bir elin, ulusun ehtiram tacı.
Ədəb-ərkanı da özütək ulu,
Haqdır, ədalətdir məslək, inancı.
Ağsaqqal çağrılır kimi yaş ilə,
Saqqalın ağlığı üzüağ
deyil...
Batmanlıq ölçülür, qardaş, baş
ilə,
Həqiqəti demək üzə ağ deyil.
Batman kişilərin üzü nurludur,
Baharı nəğməli, qışı
nağıldır.
Ağsaqqal kəlməsi, sözü
dürlüdür,
Əxlaq hüsniyyəti kamal, ağıldır.
Hər nəyin, hər nəyin zirvəsi varsa,
Ömrün yaş zirvəsi bəlkə də, yoxdu.
Ömrün bahar, payız cilvəsi varsa,
Ürəkdə çağlayan arzular çoxdu.
Nurdan yoğrulubdu dədə öyüdü,
Tanrıya bağlanan qəlb sevgi dolu.
Ulu Dədə Qorqud mərdləri öydü,
Ağsaqqal - sabaha Dədəlik yolu.
Qızılhacılıda olduğum günlərdə
Almaz kişi ilə hər söhbətimizdə sanki
"Köhnə kişilər"in
prototipi ilə üz-üzəydim...
Hopub yaddaşıma el qeyrətiylə:
Elə ki düşürdü eldə xeyir-şər,
Canıyananlıqla, el adətiylə
Qabağa düşərdi köhnə kişilər...
Hardan maya tutdu görən bu söhbət:
"Kişilər atların çapıb getdilər"...
Bu günə şərəfdir dünənə
hörmət,
Oğullar kök üstə dürüst bitiblər.
Kişilər atların çapmayıb hədər,
İz qoyub, söz qoyub,
yola dönüblər.
Bu yolda oğullar daim irəllər,
Özək pöhrəsində qola dönüblər.
Sözü-özü bütöv yenə kişilər.
Hansı ki gəlibdi kişi belindən.
Bu günə örnəkdir köhnə kişilər,
Ancaq yaxşılıqlar gəlib əlindən.
Ömrünün pirani çağında olan batman Kişi, qayəsi, məramı
işıqlı, müdrik
Ağsaqqalımıza dərin sayğı və ehtiramdan
yoğrulmuş ithaf söz çələngimlə
ömür təqviminin yeni ili
qutlu olsun deyirəm.
Borçalımız qaim-qədim gülzarım,
Qızılhacılıya düşdü
güzarım.
Ruhumda kökləndi sədəfli sazım...
Oldum ocağında Almaz kişinin,
Yaşandı sevinci bu gəlişimin...
Ağır oturmağı, batman gəlməyi,
Bığaltı qımışıb narın
gülməyi,
Həyat sınağına sinə gərməyi...
Təbimi coşdurdu, eynimi açdı,
Pirani çöhrəsi günəş tək
saçdı...
Heç vaxt köhnəlməyən köhnə
kişilər
Öndədir düşəndə eldə xeyir-şər,
İndi nə gündə də olsa da bəşər,
Yenə sözübütov, xisləti ərən -
Əyrini əyritək, düzü düz görən...
Lüzumsuz bir kəlmə danışmaz belə,
Sahibdir əmələ, həm də dilinə,
Əzəldən bağlıdir Oğuz elinə.
Almaz kişini bax beləcə gördüm,
Sözdən şərəfinə bir çələng
hördüm!
Tapdıq ƏLİBƏYLİ
525-ci qəzet .- 2025.- 18 mart(№50).- S.15.