Azərbaycançılıq:
müstəqil hüquqi-demokratik inkişaf üçün
sağlam zəmin
Azərbaycan Respublikasının Konstitusiya əsaslarına
söykənən, dövlətin müstəqilliyinə, onun
hüquqi və demokratik yolla inkişafına, milli təhlükəsizliyin
qorunmasına xidmət edən dəyərlər sistemi - Azərbaycançılıq
mühüm funksional elementlərlə zəngindir.
Bütün bunların mahiyyəti ölkəni mənəvi,
maddi, fiziki və digər yönlərdə zəifləmədən
qorumaqdır. Bu ideologiya inzibati-ərazi quruluşuna görə
unitar, siyasi quruluş və dövlət idarəçiliyinə
görə hüquqi və demokratik dövlət kimi Azərbaycanın
möhkəmlənməsinə və inkişafına yönəlib.
Azərbaycançılığın bütün
dünya azərbaycanlılarını birləşdirən
ideologiya halına gəlməsi, müstəqil Azərbaycan
dövlətinin ideya əsasına çevrilməsi
Ümummilli lider Heydər Əliyevin tarixi xidmətidir. Ulu
öndər Heydər Əliyev hələ sovet dövründə
Azərbaycana rəhbərlik edərkən azərbaycançılıq
məfkurəsinin bütün həmvətənlərimiz
arasında yayılmasına, bu ideyanın geniş ictimai dəyər
qazanmasına çalışırdı. O dövrdə Azərbaycan
ədəbiyyatında, musiqidə, kinoda, təsviri sənətdə
və digər sahələrdə xalqın ruhunu, tarixini,
milli-mənəvi dəyərlərini təbliğ və tərənnüm
edən çoxsaylı əsərlər meydana gəlib. Həmin
dövrdə Heydər Əliyev respublikamızdan kənarda
yaşayan azərbaycanlıların təşkilatlanmasını,
azərbaycanlı diasporunun təşəkkül
tapmasını da vacib sayırdı. 1990-cı illərdə
hakimiyyətə qayıtdıqdan sonra o, xaricdəki
soydaşlarımızın mütəşəkkil qüvvəyə
çevrilməsinə, onların doğma vətənlə əlaqələrinin
möhkəmlənməsini prioritet məsələ kimi hər
zaman diqqətdə saxlamışdır. Çünki
güclü azərbaycanlı diasporu müstəqil Azərbaycanın
dayağıdır.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
(BBMM) icraçı direktoru Rəvan Həsənov deyir ki, Azərbaycançılıq
ideologiyası XIX əsrin sonu - XX əsrin əvvəllərində
təşəkkül taparaq formalaşıb və bir əsr ərzində
davamlı təkamül yolu keçib. Ümummilli lider Heydər
Əliyev azərbaycançılığın bütün
dünya azərbaycanlılarını birləşdirən
ideologiya halına gəlməsini, müstəqil Azərbaycan
dövlətinin ideya əsasına çevrilməsini təmin
edib. O dövrdə Azərbaycan ədəbiyyatında, musiqidə,
kinoda, təsviri sənətdə və digər sahələrdə
xalqın ruhunu, tarixini, milli-mənəvi dəyərlərini
təbliğ və tərənnüm edən çoxsaylı
əsərlər meydana gəlmişdi.
Rəvan Həsənovun sözlərinə görə,
ideologiya olaraq azərbaycançılıq ideologiyası
inzibati-ərazi quruluşuna görə unitar, siyasi quruluş
və dövlət idarəçiliyinə görə
hüquqi və demokratik dövlət kimi Azərbaycanın
möhkəmlənməsinə və inkişafına yönəldilib:
"Azərbaycan tarixən müxtəlif millətlərin
dinc yanaşı yaşadığı, milli və dini
tolerantlığın bərqərar olduğu ölkə
olmuşdur. Burada hər bir xalqın və millətin nümayəndəsinə
bərabər münasibət göstərilib. Ona görə
Azərbaycan vətəndaşı sayılan hər kəs azərbaycançılıq
ideyası ətrafında birləşmişdir. Azərbaycan
xalqının adət-ənənələrini, milli-mənəvi
dəyərlərini birləşdirən baxışlar
sistemi kimi azərbaycançılıq ideyası ictimai-siyasi
proseslərə, konstitusiya sisteminə, xüsusilə dövlət
quruculuğuna öz müsbət təsirini göstərir. Azərbaycançılıq
ideyası Azərbaycanın müstəqilliyini qorumaq, onun
demokratik inkişafını təmin etməklə bərabər,
davakar millətçilik və şovinizmə qarşı təşəkkül
tapmış ideologiyadır. Azərbaycançılıq
ideyasının kökündə millətçilik yox, vətəndaşlıq
dəyəri dayanır. Bu ideyanın məqsədi
çoxmillətli Azərbaycan xalqının birləşməsi
və demokratik yolla inkişaf etməsinə zəmin yaradan dəyərlər
sistemini formalaşdırmaqdır. Çoxmillətli Azərbaycan
xalqını birləşdirən azərbaycançılıq
ideyası müstəqilliyin qorunmasına, demokratik inkişafa
və hüquqi, sosial dövlətin qurulmasına xidmət
edir".
Azərbaycançılıq kontekstində vətənpərvərlik
vətəndaşın öz dövləti ilə daha sıx
bağlılığı deməkdir. Vətənpərvərlik
loyallığı və tolerantlığı inkar etməyərək
hər bir şəxsin öz ölkəsini müdafiə etmək,
onun müstəqilliyini qorumaq, inkişafına köməklik
etmək istəyidir. Ona görə vətənpərvərlik
Azərbaycan xalqının hər bir üzvünü ucaldan və
ona şərəf verən vətəndaşlıq
mövqeyidir. Azərbaycançılıq ideologiyasında
vahid polietnik millətin Azərbaycan dövlətçiliyinin
yaradılmasına dair maraqlarının ümumiliyi,
demokratiyanın, sərbəst iqtisadiyyatın, sosial həyat
şəraitinin inkişafı uğrunda mübarizəsinin məqsədləri
öz əksini tapmışdır. İdeologiya kimi, azərbaycançılıq
müstəqil Azərbaycanın fəlsəfi-sosial
doktrinasının sosiomədəni və etnik-geosiyasi cəhətlərini
özündə birləşdirmişdir. O,
qarşılıqlı dəstək, əməkdaşlıq
və bərabərliyin mühüm əsasını təşkil
edir.
Rəvan Həsənov bildirib ki, Azərbaycançılıq
ideologiyasının təkamülündə İlham
Əliyev mərhələsi özünəməxsus dinamizmi
ilə bu ideologiyanı zənginləşdirməkdə, milli
ictimai şüurun əsaslarını müəyyənləşdirməkdə
və Azərbaycan xalqının dünya birliyindəki
mövqelərini inamla yüksəltməkdədir. Azərbaycançılıq
konsepsiyası bu gün cəmiyyətin inkişafının
ideya təməlini təşkil edir. Prezident İlham
Əliyev azərbaycançılıq məfkurəsini
dövlətçiliyimizin ideoloji əsası kimi xarakterizə
edərək deyib: "Bizi əsrlər boyu bir millət, bir
xalq kimi qoruyan, saxlayan dəyərlərimiz olmuşdur. Bu
gün bu məsələyə çox böyük diqqət
göstərilir. Bu gün qloballaşan, çətinliklərlə
üzləşən dünyada milli dəyərlərimiz
bizim dövlətçiliyimizin təməlini təşkil
edir. Bizim dövlətçiliyimizin çox möhkəm
ideoloji əsasları vardır. Azərbaycançılıq
məfkurəsi bizim əsas ideoloji
dayağımızdır".
Millət vəkili Ceyhun Məmmədov deyir ki, Azərbaycançılıq
Azərbaycanın müstəqilliyini qorumaq, onun demokratik
inkişafını təmin etməklə bərabər, ifrat
millətçilik və şovinizmə qarşı təşəkkül
tapmış ideologiyadır. Azərbaycançılıq
ideyasının kökündə vətəndaşlıq dəyəri
dayanır. Bu ideyanın məqsədi Azərbaycan
xalqının birləşməsi və demokratik yolla
inkişaf etməsinə zəmin yaradan dəyərlər
sistemini formalaşdırmaqdır. Azərbaycan xalqını
birləşdirən azərbaycançılıq
ideologiyası müstəqilliyin qorunmasına, demokratik inkişafa
və hüquqi, sosial dövlətin əsaslarının
gücləndirilməsinə xidmət edir. Azərbaycançılığın
xalqımızın milli-tarixi sərvəti olduğunu deyən
millət vəkilinin sözlərinə görə, bu, ilk
növbədə, vahid və bölünməz Azərbaycanın
qorunub saxlanılması və möhkəmləndirilməsinin
siyasi-ideoloji əsasıdır. Bu gün azərbaycançılıq
milli həyatın ahəngdarlığının,
konfessiyaların dinc yanaşı yaşamasının, ölkədə
yaşayan bütün etnosların qardaşcasına
qarşılıqlı əlaqəsi və təsirinin
çoxəsrlik ənənəsi, onların ümumi taleyi və
gələcək müstəqil Azərbaycanın
bütövlüyü, inkişafı və
firavanlığı uğrunda birgə mübarizəsinin
ümumi tarixi təcrübəsidir. Azərbaycançılığın
məzmununu müxtəlif xalqların, mədəniyyətlərin,
ənənələrin, konfessiyaların üzvi şəkildə
vəhdəti təşkil edir. Lakin azərbaycançılıq
ideologiyası Azərbaycanın ərazisində yaşayan
xalqın həmrəyliyi ilə məhdudlaşmır. Bu
ideologiya həm də Azərbaycanın müstəqilliyinin
möhkəmlənməsini, ölkəmizin güclənməsini
istəyən insanları birləşdirir.
Millət vəkili Hicran Hüseynovaya görə, müəllifi
Ulu öndər Heydər Əliyev olan Azərbaycançılığın
əsasında vətənə sevgi, dövlətə xidmət
və xalqa etimad kimi mühüm baza elementləri dayanır.
Heydər Əliyev siyasi fəaliyyətinin ən çətin
anlarında bu elementlərə sadiqliyini nümayiş etdirərək
xalqımızı və dövlətimizi ciddi böhranalardan
xilas edib. 1990-cı illərdə Azərbaycanda vətəndaş
müharibəsinin mövcud olduğu çətin zamanda məhz
Ümummilli lider Heydər Əliyev özünün dərin zəkası
və təcrübəsi əsasında bu
qarşıdurmanı aradan qaldırdı. Sonrakı illərdə
dövlət çevrilişinə və müstəqilliyimizə
ciddi təhdidlər yarananda Ulu öndər məhz xalqa
arxalanaraq suverenliyimizi qoruyub-saxlaya bildi. Bütün qeyd olunan
faktlar Heydər Əliyevin Azərbaycan xalqına, dövlətinə
və milli mənəvi dəyərlərinə nə qədər
sıx bağlı olduğunu sübut edən faktların
yalnız bir qismidir: "Ömrünün bütün
çağlarında Ümummilli lider öz siyasətində
Azərbaycan xalqını və dövlətçilik ənənələrini,
tariximizi, mədəniyyətimizi və dini dəyərlərimizi
hər zaman üstün tutub. Bütün bunlar Heydər
Əliyev siyasətinin başlıca prinsipləri olub. Yeni Azərbaycan
gəncləri hər zaman bu siyasəti örnək olaraq
özlərinə nümunə götürməlidirlər.
Bizi gələcək üfüqlərə apara biləcək
siyasət və ideya Heydər Əliyev tərəfindən
bizə miras qalmış azərbaycançılıq fəlsəfəsi
və siyasəti olacaq. Heydər Əliyev hər zaman
inkişaf dəyişikliklərini dəstəkləyən
lider olub. Bizim milli ideologiyamız da dövrün tələblərinə
uyğun yeni elementlərə hər zaman açıq olub. Təsadüfi
deyil ki, müasir bilik-bacarıqlar, dünya
görüşünə sahiblənmək, bütün bunlarla
yanaşı, milli identiklik elementləri haqqında aydın təsəvvürlərə
malik olaraq onları qoruyub-saxlamaq, davranışlarında
istinad etmək, düşünürəm, elə azərbaycançılıq
ideologiyasının aşıladığı məqamlardandır.
Heydər Əliyev həm Azərbaycanın unikal, məğlubiyyətsiz
inkişaf strategiyasını müəyyənləşdirməklə,
həm bu strategiyanın həyata keçirilməsinin hərəkətverici
qüvvəsi, ümummilli inkişafın əsas drayverlərindən
olan milli ideologiya - azərbaycançılıq
ideologiyasını formalaşdırmaqla Azərbaycan
xalqının, dövlətinin qarşısında misilsiz
xidmət göstərib".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 18 mart(№50).- S.14.