Bəşəri və milli-mənəvi
dəyərləri ehtiva edən bayram
“Novruz bayramı bir də onunla fərqlənir və səciyyələnir
ki, bu bayramda siyasi baxışlarından, siyasi
dünyagörüşündən asılı olmayaraq
hamı bayram edir. Əgər bu günümüzü
götürsək, iqtidar da, müxalifət də bayram edir,
bir-birini sevən də bayram edir, bir-birinə düşmən
olan da. Amma bayramın bizə bəxş etdiyi ən gözəl
nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar
kin-küdurəti unudur, küsülülər
barışır, ziddiyyətlər aradan
götürülür. Demək, bu, dostluq, həmrəylik,
yüksək mənəviyyat bayramıdır".
Ümummilli lider Heydər Əliyev
Novruz bayramı – xalqımızın ən qədim və
ənənəvi bayramlarından biri olmaqla, yeni ilin,
baharın gəlişinin və təbiətin yenilənməsinin
rəmzidir. Tarix boyu müxtəlif mədəniyyətlərdə
xüsusi önəm verilən bu bayram, insanları birlik və
bərabərlik ruhunda birləşdirərək, xoşbəxtlik
və bərəkət dolu günlərin müjdəçisi
olmuşdur. Novruz bayramının xalqımızın tarixində,
adət-ənənəsində özünəməxsus yeri və
rolu vardır. Novruz təkcə türk xalqlarının deyil,
ümumilikdə bəşəriyyətin mənəvi dəyəri
hesab edilir. Azərbaycan xalqının da milli-mənəvi dəyərləri
arasında Novruz bayramının özünəməxsus yeri
var. Baharın gəlişi, torpağın oyanması
dövrünə təsadüf edən bu bayram xalqımız
tərəfindən həmişə böyük sevgi ilə
qeyd edilmiş, heç bir qadağa, məhdudiyyət bu
bayramı unutdura bilməmiş, bir-birindən maraqlı Novruz
adətləri, inancları nəsillərdən nəsillərə
ötürülmüşdür.
Sovet dövrünün ilk onilliklərində Novruz
bayramına müəyyən qadağalar qoyulmuşdu.
Hökumət orqanları bu
bayramın rəsmi səviyyədə keçirilməsinə
icazə vermir, buna təşəbbüs göstərən vətənpərvər
insanlar isə təqiblərlə üzləşirdi.
Yalnız Azərbaycan xalqının Ümummilli lideri Heydər
Əliyevin 1969-cu ildə ölkəmizdə hakimiyyətə
gəlişi xalqımızın digər milli-mənəvi dəyərləri
kimi Novruz bayramına da rəsmi səviyyədə münasibəti
dəyişdi. Ulu öndər ölkəyə rəhbərliyinin
ilk günlərindən hər cür ideoloji-siyasi maneələrə
sinə gərərək Azərbaycan xalqının milli
özünüdərki üçün bütün zəruri
tədbirləri həyata keçirdi. Ulu öndər
1993-cü ildə xalqın təkidli tələbləri ilə
hakimiyyətə qayıdışından sonra da gənc
müstəqil dövlətimizin siyasi və iqtisadi əsaslarını
yaratmaqla yanaşı, Azərbaycan xalqının milli-mənəvi
irsini ehtiva edən ideyanın –
azərbaycançılığın təşəkkül
və inkişafına da müstəsna diqqət yetirdi.
Müstəqilliyimizin milli-ideoloji təməlini təşkil
edən bu dəyərləri xüsusi qiymətləndirdi,
daim diqqət mərkəzində saxladı. XX əsrin
90-cı illərinin əvvəllərində
torpaqlarımız ermənilər tərəfindən
işğal edildikdən sonra xalqımızın ən
böyük arzularından biri Novruz bayramını doğma
torpaqlarımızda qeyd etmək idi. Azərbaycan
Respublikasının Prezidenti, Müzəffər Ali Baş
Komandan İlham Əliyev Ümummilli liderin vəsiyyətini və
Azərbaycan xalqının arzularını
reallaşdırdı. 1998-ci ildə müstəqil Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyev demişdir:
“Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə
Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə,
Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda,
Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də
olacaqdır. Mən buna inanıram və bu inamla
yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan
xalqına rəhbərlik edirəm”.
Ali Baş Komandanın rəhbərliyi altında
müzəffər Azərbaycan Ordusu doğma
torpaqlarımızı işğaldan azad etdi və biz
artıq həmin ərazilərdə Novruz bayramını qeyd
edirik. Novruz təkcə onu keçirən türk
xalqlarının deyil, ümumilikdə bəşəriyyətin
mənəvi dəyəri hesab edilir. İslamdan əvvəl
tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla
yanaşı, bütün Şərqdə qeyd olunur.
Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən
qoyulmuş milli dövlətçilik konsepsiyasını
böyük əzmlə həyata keçirən Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata
keçirdiyi siyasətdə xalqımızın milli-mənəvi
dəyərləri xüsusi yerə malikdir. Ulu öndər
Heydər Əliyevin ali ideyalarının gerçəkləşməsində
ölkə rəhbəri cənab İlham Əliyevlə birgə,
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük
xidmətləri vardır. Məhz Birinci vitse-prezidenti
böyük səyi nəticəsində Novruz bayramı UNESCO
tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə
Reprezentativ siyahısına daxil edilmişdir. Mehriban xanım
Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev
Fondunun mədəniyyətlə, incəsənətlə
bağlı layihələri Azərbaycanın mənəvi,
tarixi, mədəni irsinin qorunması işində əvəzolunmaz
rol oynamışdır. Mehriban xanım Əliyeva Azərbaycanın
maddi və qeyri-maddi irsinin, Qarabağ mədəniyyətinin,
Azərbaycan xalqının yaratmış olduğu ənənə
və dəyərlərin dünyada tanıdılması
üçün müxtəlif təqdimatlar, sərgilər,
tədbirlər keçirmişdir. Azərbaycan xalqının
yaratmış olduğu mədəni abidələr dünya
irs siyahılarına daxil edilərək qorunma altına
alınmışdır.
Novruz həm də xeyrin şər üzərində
qələbəsini simvollaşdırır. Biz iki il öncə
bu simvolu həyatımızda, Zəfər tariximizdə
yaşadıq. 44 günlük Vətən savaşımız
nəticəsində Azərbaycan tarixi ədaləti bərpa
etdi. Hər zaman qəlbimizdə yaşayan ümid, qalibiyyət
əzmi, yenilik ruhu, haqqa-ədalətə inam hesabına Azərbaycan
ən böyük arzusuna çatdı. Azərbaycan
Respublikasının Prezidenti, Müzəffər Ali Baş
Komandan İlham Əliyev Ümummilli liderin vəsiyyətini və
Azərbaycan xalqının arzularını
reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi
altında müzəffər Azərbaycan Ordusu doğma
torpaqlarımızı işğaldan azad etdi və biz
artıq həmin ərazilərdə Novruz bayramını qeyd
edirik. “Şadam ki, müstəqilliyimizin bu baharına dövlətçilik
tariximizdə qızıl hərflərlə əbədi
qalacaq və həyatımıza hələ yeni-yeni nailiyyətlər
bəxş edəcək parlaq Qələbə ilə qədəm
qoymuşuq. Haqq işi uğrunda mübarizə duyğusundan
aldığımız misilsiz mənəvi güclə biz
sınaq anında yumruq kimi birləşərək əzəli
torpaqlarımıza xaincəsinə uzanan əlləri kəsmiş,
yurdumuzu bədxah düşməndən təmizləmiş və
ədaləti qanımız bahasına bərpa etmişik.
Ruhumuzun yenilməzliyinin təntənəsinə çevrilən
və bizi dünyaya məğrur millət olaraq tanıdan
şanlı Zəfərimiz Azərbaycana əbədi bahar gətirmişdir”
sözləri ilə Novruz bayramı münasibətilə Azərbaycan
xalqını təbrik edən ölkə
başçısı cənab İlham Əliyevin
vurğuladığı kimi, Qarabağın dirçəldilməsi
ilə Azərbaycan əvvəlki cənnətməkan görkəminə
qaytarılacaqdır.
Əsrlər boyu Novruz bayramı, Azərbaycanın digər
bölgələrində olduğu kimi, Qarabağ bölgəsində
də xüsusi coşqunluqla qeyd edilib. Novruza qədər
çillə çıxarmaq, çərşənbələr,
səməni cücərtmə, yumurta döyüşdürmə,
yumurta boyama, papaqatdı, Novruz falları və s. mərasimlər
bu gün də özünəməxsus şəkildə
yaşadılır. Bu mərasimlər içərisində
bir növ tamaşa səviyyəsində dramaturji xəttə
malik olanları da var. Bu mənada, Qarabağın mədəniyyət
beşiyi olan Şuşa daim seçilib. Məsələn,
Şuşada bayrama hələ bir ay qalmış çillə
çıxarırlar, ay ərzində gecələr
çalğı-rəqslər ilə keçərmiş.
Xalq köhnə ilin kəsalətindən qurtulub, təzə
ilə daxil olmaqla qış çillələrindən
(çilə) yaxa qurtarmağa çalışarmış.
Çilləyə hazırlıq məqsədilə əvvəlcədən
məhəllələrdəki böyük evlərin
zalları tutulur, döşənir, iştirak edəcək
şəxslərin siyahısı hazırlanır, xüsusi
musiqi dəstəsi çağırılır, meyvə,
şirni, şam və s. ibarət xonçalar
düzülürdü. Toylardakı kimi xonçanın
başında "xan” dayanır, lakin verdiyi əmrlər, cəzalar
daha yüngül olurdu.
Bu bayram qədim tarixə malikdir və türk
xalqarı arasında böyük sevgi ilə qeyd olunur. Yaz
bayramı ənənəvi olaraq bütün türk millətlərinin
nümayəndələrini birləşdirir. Ona görə də
Novruzu bütün türk xaqları gözləyir. Bahar
bayramı hər şeydən əvvəl xalqların
dostluğunu, sülh içində yaşamağını həmrəylik,
hörmət və məhəbbətdə
simvollaşdırır.
İmran Qasımov
Müəllim
525-ci qəzet .- 2025.- 18 mart(¹50).- S.13.