Bir payız ömürdən enib
sabaha...
MƏNSUR VƏKİLOVUN İŞIQLI
XATİRƏSİNƏ
...Susmağın qızıl olması fikri sərf eləyir
- tanımayanların gözündə hətta mədəni də
görünə bilərsən, ətrafdakılara
ağıllı təsiri də bağışlarsan...
Elə ki "gümüşün dövriyyəsi"
başlayır, yəni ağzını açıb
özünü tanıdırsan... xoş susmağına
inananların halına... Xoş sənin də halına - daha
nə təbəssüm maskan, nə qalstukun, nə
şlyapan, nə də yerli-yerində olan libas səhmanın
- heç nə kömək etməyəcək.
Bunlar Qəlplər üçündür,
Yarımçıqlar üçündür...
O isə xalisdir, xaslardandır.
Susanda kim idisə, danışanda da O idi.
O danışanda susurdular və bu səssizlik nəcabətin
qələbəsi deməkdir.
Bu xas kişinin qaməti, təmkini, içəridən
gələn ləyaqətli təbəssümü (içi
parıldasın gərək adamın, insanı parladan
güzgülər olmur) təkcə sərrast el deyimini yada
salmırdı, onun elə uzaqdan görünməsi sözlərin
nizamla, ağır-ağır sıralanmasıydı:
Buludla öpüşən budaqlar bilər,
Torpaq nə deməkdi, kök nə deməkdi.
"Azərbaycan" jurnalının Baş
redaktorunun ona Ağa Mənsur müraciəti, elə bilirdim təkcə
Azərbaycan əsilzadəliyinin hörmətli Vəkilovlar
soyadı ilə bağlıdır. Sonralar başa
düşdüm ki, həm də yanılmışam. "Həm
də yanıldığımı" hiss eləyənəcən
Vəkilovların Mənsur Vəkilovacan gələn şəcərə
xəttindən də xəbərdar ola bilmişdim.
lll
1902-ci ildə Bakı şəhər Duması ilk
poliklinikanın yaradılması ilə bağlı qərarı
təsdiq etdi. Bu gün bakılılara yaxşı
tanış olan 2 saylı poliklinika Tağıyevin maliyyə
köməyi ilə işləməyə başladı, sonra
da kasıblar üçün onlarla belə müalicəxana,
aptek açıldı. Bütün bu işlərin təşəbbüskarı
isə, "Azərbaycanda kasıbların ilk həkimi",
Xarkov Universitetinin məzunu, Qafqaz Tibb Cəmiyyətinin həqiqi
üzvü, Azərbaycanda səhiyyə elmi və təhsilinin
təşkilatlanmasında xüsusi xidmətləri olmuş Məmmədrza
Vəkilovdur. Sonralar, dəqiq desək, 1937-ci ildə
"kasıbların hökuməti" 73 yaşlı səhiyyə
xadiminə, 6 aylıq da olsa həbsxana həyatı
daddırmaqla, xidmətlərinə görə "minnətdarlıq
edib". Doğrudan da, hər kəsin davranışı,
münasibəti onun mahiyyətini ifadə edir.
Məmmədrza Vəkilovun xidmətləri ambulator
müalicənin təskili və yenidən təşkili ilə
bitmədi, davamçı gəlirdi; oğlu Fəxri Vəkilovun
SSRİ səhiyyəsində xidmətləri və
bacarığı İkinci Dünya müharibəsində ən
yüksək dairələrin diqqətini cəlb etmişdi.
1942-ci ildə SSRİ səhiyyə naziri Smirnov Fəxri Vəkilovu
öz yanına dəvət edəndə Mircəfər
Bağırov perspektivli milli kadrın respublikadan getməsindən
təəssüfləndiyini gizlətməmişdi. On il sonra
Fəxri Vəkilov Azərbaycanda yüksək səviyyəli
təşkilati işlərə dəvət olundu; səhiyyə
nazirinin müavini, Nazirlər Sovetində işlər
müdiri, 1963-1970-ci illərdə səhiyyə naziri işlədi.
Traxoma, malyariya, vərəmə qarşı praktik və elmi
mübarizənin tarixində onun adı ilkin xatırlanır.
70-ci illərdə Elmi - Tədqiqat Ftiziatriya və Pulmonologiya
İnstitutunun yaradılmasına nail oldu, instituta 10 ilə
yaxın rəhbərlik etdi...
Ailə ənənəsini bu gün Fəxri Vəkilovun
qızı Nailə xanım davam etdirir - tanınmış
kardioloqdur...Adilə xanım musiqini seçdi - Musiqi
Akademiyasının dəyərli kadrlarındandır. Oğlu
Mənsur Vəkilovsa, insan ruhunun dərmanı Sözə
bağlandı.
Qəfil dönmə deyildi. Azərbaycan tarixinin ən
müxtəlif səhifələrində - hərb, diplomatiya,
elm, incəsənət, ədəbiyyat - Vəkilovlar parlaq
şöhrət və xidmətləri ilə xeyli ad
sıralayıblar. Bircə Azərbaycan və azərbaycanlı
ruhunun ekvivalenti Səməd Vurğunu xatırlamaq yetər.
...Yazıram və narahat oluram; Mənsur Vəkilovun
şəcərəsini
xatırlatmaq vacibdirmi və onun şairliyinə nə
verir? Olmaya bu, falş - elita epidemiyasının təzahürüdür?
Dünən ata-babasının mehtər, hambal olması ilə
öyünənlər bu gün bəyzadə
keçmişindən ağızdolusu danışanda, adam,
Mirzə Cəlil demiş, çorta gedir; hamı aristokrat idisə,
şura hökuməti kimin üçündür, varlıdan
alıb hansı yoxsula, proletara verirdilər...
Yox, elitar şəcərə o zaman vurğulanır
ki, bu zəncirin hər halqasının fəaliyyəti,
düşüncə tərzi, həyat tərzi belə bir
fikrin məntiqi davamı olur: elitar təfəkkür -
personalistdir, o, gerçəkliyi yaradır, kütlə isə
ondan çıxış edir, onu inikas etdirir. Digər tərəfdən,
genetik amil və mühitin insanın formalaşmasında
danılmaz rolunu kim inkar edir ki?
lll
Mənsur Vəkilovun şairliyi ötürücü,
elçi missiyasıdır - Azərbaycan ruhunun rusdilli poeziyada
ifadəsidir. Ədəbiyyat tariximizin 60-cılar nəslinin
rusdilli nümayəndələrinin xidmətləri, yeri,
yaradıcılığı, rusdilli ədəbiyyatımızın
tədqiqi səviyyəsi nə dərəcədədir, bu
barədə fikir yürütmək iddiasında deyilik, amma
kifayət qədər gözəçarpan faktların
olduğunu da güman etmirik. Halbuki bu qolsuz ədəbiyyatımızın
mənzərəsi bütöv sayıla bilməz. İlin ədəbi
icmalı ilə bağlı məruzələrdə də, səhv
etmirəmsə, rusdilli ədəbiyyatımız təhlil
olunmur, icmalların səviyyəsi
və dairənin daralması isə, ədəbiyyat tariximizin,
ədəbi tənqidimizin vəziyyəti ilə bağlı
nigaran notlara rəvac verir...
60-cılar nəslinə mənsub Mənsur Vəkilovun
yaradıcılığı ilə azərbaycandilli oxucu tərcümə
vasitəsilə tanış olur: Fikrət Qoca, Səyavuş
Məmmədzadə, Nəriman Həsənzadə, Məmməd
İsmayıl, Çingiz Əlioğlunun... tərcümələrində
Mənsur Vəkilovun yaradıcı ruhu nə qədər
qazanıb, nə qədər itirib - bu barədə də qənaətimi
subyektiv mövqedən şərh etmək istəməzdim.
Amma bir dəfə, Azərbaycan haqqında bir şeirini dinləməyimi
xahiş etdi və ilk və son dəfə Mənsur müəllimin
öz şeirini öz dilindən eşitdim... O ahəngi, zərifliyi
və dərinliyi heç vaxt unutmayacağam - şeir
yadımda sözlə yox, məhz o ahənglə qalıb. Və
bu gün onun şeirlərini tərcümədə oxuyanda
bir daha hiss edirəm ki, tərcümələr ahəngə yanlış
yaxınlaşa bilər...
Naşirliyi öz arşınları ilə
ölçməyə adət etmiş çox adamlar bunu məqalə,
şeir, nəsr, pyes surroqatlarının həcmi ilə qiymətləndirməyə
həvəslidirlər. Naşirlik mədəniyyətinin və
məsuliyyətinin şairdən çox şairlik, nasirdən
çox nasirlik, nəzəriyyəçidən güclü
tənqidçi olmağı tələb etdiyini bilənlərsə,
vicdanlı vətəndaş mövqeyi, incə zövq sahibi
və güclü psixoloq olmaq amilini də vacib hesab edirlər.
Mənsur Vəkilov da belə naşirlərdəndir. Sözə
münasibətini "Literaturnı Azərbaycan"da
yazılarım dərc olunanda hiss etmişdim.
İddiasızdır; görünmək, üzdə
olmaq, canfəşanlıq ona görə deyildi, təmənnalı
münasibət, hesablanmış əlaqələr,
umacaqlı fəaliyyət, arxadan zərbə taktikası bu
insana yad idi.
İnsanlar, heç kəsdən heç nə
istəməyin,
nə göz yaşı tökün,
nə də baş əyin
göz yaşıyla düşür itir vüqar.
Bu qənaətini isə özünü inandırmaq
üçün yazıb sanki, yazıb ki, kimsədən inciməsin.
Qalanlar ürəyimin içində qalıb -
Dərindədi, üzə çıxmaz, itməz,
ən həssas qulaq da eşitməz...
Münasibətlərdə kübar və həssas,
ölçülü və diqqətli olan insanı
özündən enməyə qoymayan bu misralar
bütövlüyün immunitetini dozada saxlamaq
üçün yaddaş qeydidi. "Dozanı saxlamaqsa"
tez-tez lazım gəlirdi.
Xətrimə dəyəndə
Üzə vurmaram
Niyə mən qapılım kinə, gileyə.
Qəlbimin göynəyi toxdasın deyə
Qapını yavaşca açıb çıxaram
Qardan işıqlanan qərib gecəyə.
Ətrafın fonunda seçilən insanları "qərib
gecələrə çıxmaq" istəyinə salan xeyli
səbəb olur, özü də tez-tez olur; bilərəkdən
ya bilməyərəkdən... çox vaxt da güvəndiklərimizdən
gəlir. Görünür, zər qədrini bilmək
zövqünü korşaltmamaq sərvaxtlığı
İnsanda İnsanı Görə Bilmək müdrikliyinə
bağlıdır. Bu sərvaxtlıq olmayanda səhvlərin ən
böyüyü olan şorla yağı bir tutmaq - adiləşir,
balans pozulur.
İdarəçilik fəlsəfəsinin maraqlı
bölgüsü var; Tiran və Despot - qorxudur, hədələyir,
Monarx - şirnikləndirir, Demokrat - vəd verir. Zadəgansa -
sevdirir və ilhamlandırır. Mənsur müəllimin
redaktor - rəhbər, insan, kişi, şair kimi
davranışı, münasibəti bu sonuncunun təcəssümü
idi... İdeal variantdır, amma qarşı tərəfin qiymətləndirmək
mədəniyyəti də unudulmasın gərək,
münasibətlərdə bu məqam çox vacibdir.
Müəyyən vərdişləri -
özünün xeyrinə işləməyən vərdişləri
vardı. Başqalarında bu vərdişlər zəiflik və
ikrah oyadır, di gəl, kimsə onun etiketdən kənar nə
bir sözünü eşitdi, nə bir hərəkətini
gördü. Hər yerdə və hər zaman yüksək nəzakət
və diqqətcillik, özünənəzarət nümunəsi
olaraq qaldı. Onun ətrafında həmişə qadınlar
olardı, amma bu tandem donjuanlıq hesabına deyildi.
Qadınlara çoxlu ithaf şeirləri vardı, belə şeirlərin heç biri
o birinə bənzəmirdi, o, hər kəsin fərdiliyini dəqiq müəyyənləşdirə
bilirdi... Və bu şeirlərin heç birində İradə
xanıma yazdığı şeirlərdəki zəriflik,
doğmalıq və məhəbbət yoxdur.
Bir gün ölümlə görüşəyəcəyik
biz,
Onda "əlvida" bir cüt göz.
Partlayacaq içimin qəmi
Hədəfə atılmış mərmi kimi...
İradə Vəkilova - Azərbaycanda ilk özəl
informasiya agentliyinin - ASSA İRADA-nın yaradıcısı və
rəhbəri olmuş bu cəsarətli, istedadlı və
gözəl xanımı xəstəlik əcələ belə
tez satmasaydı... - Mənə yaxın gəlmə yüz il,
ey ölüm! - deyən Mənsur Vəkilov içində bir
SON sevdası gəzdirməyə tez meyillənməzdi.
Təkliyimi yazıram qar üstünə izimlə
Qələmimin yüngül xizəyilə
Hər səhər uçuram yanına...
İradə xanımdan sonra onun şair qəlbi, təsəllini
harda gəzir-gəzsin, ovunmadı və onu ruhundan
soyunmağın mümkün olmadığını hiss etdi,
ağrısını sonsuzluğa və səssizliyə
pıçıldadı:
Ağırdı hər anım sənsiz...
Ağırdı hər anım sənsiz...
Sanki daha bir şey qalmamışdı - bircə tikə
buludsuz səma istəyindən başqa.
"Azərbaycan" jurnalının 80 illik yubileyi ərəfəsində
Mənsur Vəkilov da Əməkdar incəsənət xadimi fəxri
adına layiq görülmüşdü. O səhnə indi də
gözümün qabağındadır; qəribə vərdişi
ilə tribunaya çıxdı, bir xeyli susdu...
İradə,
kövrək buz altında
qırmızı cökə yanır,
payızdan son xəbər kimi boylanır...
Mənsur Vəkilovun mövzuları da heç vaxt
qışqırmadı. Şeirləri də yüksəlməyən
tonun, adi həqiqətlərin sadə ümumiləşdirməsi
nümunəsi kimi rahatdır, aydındır...
Əldən gedən anlar geri qayıtmır -
Bunu mən kitabdan öyrənməmişəm.
Bunu baha alıb, ucuz satmıram,
Bütün anlarımdan üstün tuturam.
Mənsur Fəxri dramatizmi sevmirdi. Qəlbindəki
idealın gözəlliyi ilə gerçəklik
arasındakı kəskin ziddiyyətləri dramatikləşdirməyə
meyilli olmaması ruhunun dramatiklikdən uzaqlığına
bağlıydı. Çünki onun sözü iradəsini
dürüst ifadə edirdi və bu iradə kübar
düşüncənin poetik ifadəsində
görünürdü.
Dünyada min dəfə kəşf olunmuşları,
Təzədən kəşf elə,
Amma əl çəkmə,
Mütləq özün düzəlt.
Əkslikləri, təzadları tamlıq kimi qavraya
bilənlərdəndir.
Dünyada ulduzların
İşıqlı gözləri
Bir də zindan qapısının
Məhbusa dikilmiş gözlükləri var...
Səma. Dəniz. İnsan. Mənsur Fəxrinin
yaddaş lüğətinin dövriyyəsində ən
işlək sözlərdir. Düşüncələri,
zövqü də mürgülü dənizə və səssiz
qağayılara köklənmişdi.
Daha çox içində olan insandır. Elə bilirəm,
ən yaxın dostu dəniz və qağayılardır. Niyə
belə düşündüyümü izah edə bilmərəm,
amma mənə elə gəlir, şeirləri məhz
dalğalı dənizə və qağayılara
baxdığı anlarda yaranırdı.
Göy
Sözünə çox yaraşır
Zəriflik.
Dalğaya - asudəlik.
Dağa - vüqar
İnsanda hər üçü var.
İnsanlar ictimai yerlərdə xidmət və komfort
tələb etməyə iddialıdırlar. Di gəl, özlərindən
tələb olunan adi davranış normaları haqqında
düşünmürlər.
Yazıçılar Birliyi binasının təmirdən
sonrakı səhman-səliqəsini görəndə kədərlə
düşünmüşdüm: Mənsur müəllimə
gərək bu rahatlıqda işləmək nəsib
olaydı; yoxluğu o qədər hiss olunurdu ki... Elə bu
gün də...
Və nə xoş ki, ondan sonra xatirəsini və
adını əziz tutan kollektivi var. "Literaturnı Azərbaycan"da
çox şey dəyişsə də, adama elə gəlir ki,
jurnal yenə də onun adı, ruhu ilə çıxır.
Hər nəyi udursa - udsun,
Söndürməz əcəlin qaranlıq kini
Vətən göylərində yanan ulduzun
Qəlbimdə iz salan şəfəqlərini.
Bir vaxt oturduğu kabinetdə... Mənsur müəllimin
mavi təbəssümü Onun yoxluğuna çətin baxan
dostlara sükut nəğməsilə təsəlli verir.
Hər şeydən yaxşısı, bax, elə
budur, -
Ötəri işlərdən uzaq olasan.
Səninçün darıxmış dostun
könlünü,
Beləcə, nəğməylə, sözlə
alasan.
Bir dəfə Payızda. Bu o Payızdır ki, Vaqif Səmədoğlu
taksidən düşüb çaş-baş
qalmışdı: "Bilmədik haraya, hayana gedək".
O isə bilirdi, onun gedəcəyi yerə taksi tapmaq
çətindir; Bir müşkül Azadlıq olan
Ölümə Uçuş gərəkdir və Mənsur Fəxri
oğlu Vəkilov...
...Bir Payız Ömürdən Enib Sabaha...
Südabə AĞABALAYEVA
525-ci qəzet .- 2025.- 18 mart(¹50).- S.12;13.