Akademik Zemfira Səfərova
haqqında kitab nəşr edilib
Bu günlərdə sənətşünaslıq
üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət
işçisi Ülkər Talıbzadənin akademik Zemfira Səfərovanın
musiqişünaslıq fəaliyyəti və müasir Azərbaycan
musiqi elminin inkişaf mərhələlərinə həsr
olunan kitabı çapdan çıxıb. Kitabda Zemfira Səfərovanın
həyat və elmi-təşkilatı fəaliyyətinin əsas
mərhələləri, istiqamətləri barədə ətraflı
məlumat verilib.
Ü.Talıbzadə bildirir ki, Azərbaycanda müasir
musiqişünaslığın inkişafında elmin
mühüm və aktual problemlərinin tədqiqatçısı
görkəmli musiqişünas-alim, Əməkdar elm xadimi, sənətşünaslıq
doktoru, akademik Zemfira Səfərovanın müstəsna xidmətləri
var. Milli musiqişünaslığın ən qabaqcıl, zəngin
zəminində yetişən Zemfira Səfərovanın musiqi
elmi yaradıcılığı son dərəcə əhatəli
və çoxşaxəlidir. Azərbaycan
musiqişünaslığının bir sıra əsas istiqamətləri
və problemləri onun tədqiqatlarında öz ifadəsini
tapıb: "Z.Səfərovanın musiqişünaslıq fəaliyyətindən
söz açarkən onun bir neçə əsas istiqamətini
müəyyənləşdirmək olar -
Üzeyirşünaslıq, mənbəşünaslıq,
musiqi tarixi və nəzəriyyəsi. Lakin alimin geniş
yaradıcılıq fəaliyyətinin mövzu və
problematika çevrəsini yalnız bu məsələlərlə
məhdudlaşdırmaq düzgün olmaz. Müasir milli
musiqişünaslığın müxtəlif aktual problemləri,
Azərbaycanın görkəmli bəstəkar və
musiqiçilərinin yaradıcı portretləri, ölkənin
musiqi həyatının önəmli məqamlarına həsr
edilən, tədqiqat, məqalə və oçerklərində
Zemfira Səfərova çağdaş musiqi sənəti,
milli musiqi-nəzəri fikrin əsas istiqamətləri haqda
konkret, aydın təsəvvür yaratmağa müvəffəq
olub. Alim elmi tədqiqatlarını
musiqişünaslıq elminin müxtəlif yönlərinin,
vasitələrinin əlaqələndirilməsi zəminində aparır. 55-dən çox kitab,
300-dən artıq elmi məqalənin müəllifi olan Z.Səfərovanın
yaradıcılığının tədqiqat dairəsi həm
mövzu, həm də zaman
etibarilə olduqca genişdir. Azərbaycan musiqi elminin tarixi ilə
bağlı apardığı tədqiqatlarla Z.Səfərova
milli musiqişünaslığımızda mənbəşünaslığın
əsasını qoyub, musiqi xadimlərimizin,
musiqişünaslarımızın əsərlərini mətnşünaslıq
prinsipləri əsasında ilk dəfə olaraq nəşr
etdirib, Azərbaycan musiqişünaslığında orta əsr
risalələrinin tədqiqi və təhlili metodologiyasına
öz töhfələrini verib. Z.Səfərovanın
yaradıcılığının mühüm hissəsi
ölməz sənətkar Üzeyir Hacıbəyliyə həsr
edilib. Azərbaycanda və dünyanın bir çox ölkələrində
türk, ərəb, fars, rus, ingilis, fransız, macar, rumın,
polyak və digər dillərdə nəşr edilən janr və
üslub baxımından müxtəlif kitab və məqalələrində
Z.Səfərova Ü.Hacıbəylinin musiqi və elmi irsini tədqiq
edib, Üzeyirşünaslığı əsaslı şəkildə
zənginləşdirib. O, Azərbaycanda və xarici ölkələrdə
keçirilən nüfuzlu beynəlxalq konfrans və
simpoziumlarda bəstəkarı fəal təbliğ edib".
Müəllifin sözlərinə görə, Z.Səfərova
Azərbaycan musiqişünaslığında ilk dəfə
olaraq F.Şirvaninin musiqiylə bağlı olan yeganə əsəri
"Musiqi məcəlləsi" əsəri haqqında məlumatı,
əsərin yaranması ilə bağlı önəmli
tarixi faktları oxucuların diqqətinə təqdim edib. Z.Səfərovanın
mənbəşünaslıq sahəsində
apardığı qızğın və məqsədyönlü
elmi axtarışları, gərgin tədqiqatları "Azərbaycanın
musiqi elmi (XIII-XX əsrlər)" kimi fundamental bir əsərin
yaranması ilə zirvəyə çatıb. Bu
monoqrafiyası ilə Z.Səfərova Azərbaycanda ilk dəfə
olaraq 7-8 əsrlik musiqi elminin inkişaf yolunu tədqiq edib,
unikal mənbələrin təhlili nəticəsində əldə
etdiyi musiqi-nəzəri ümumiləşdirmələrə,
elmi faktlara əsaslanaraq çox önəmli nəticələr
ortaya qoyub: "Musiqi irsinin akademik nəşri. Z.Səfərovanın
mənbəşünaslıq sahəsində həyata
keçirdiyi ən mühüm, gərəkli layihələrindən
biri də Ü.Hacıbəylinin musiqi irsinin nəşridir.
O, Ü.Hacıbəylinin musiqi irsinin ilk akademik nəşrini
həyata keçirib - "Leyli və Məcnun"
operasının Partiturası - I cild, Klaviri - II cild,
"Koroğlu" operasının Partiturası - 3 kitabdan
ibarət III cild. Yüksək professionallığı, tələbkarlığı,
hər bir işə xüsusi məsuliyyətlə
yanaşması ilə seçilən Z.Səfərova
Ü.Hacıbəylinin musiqi irsinin akademik nəşrinin
bütün əziyyətini boynuna götürüb, əsərlərin
ilk dəfə tənqidi mətnlərinin hazırlanması
işinə rəhbərlik edib, külliyyatın cildlərinə
"Ön söz" və elmi şərhlər yazıb.
Əsərlərin yaranma və ifa tarixinə, musiqi dilinin, ədəbi-bədii
mətn əsasının dərin təhlilinə həsr edilən
bu şərhlərdə müəllif nadir arxiv sənədlərindən,
məktublardan, tarixi əhəmiyyət kəsbedən xatirələrdən
geniş istifadə edib. Nəticədə, hər iki əsərin
səhnə həyatının da maraqlı tarıxçəsi
işıqlandırılıb. Təsadüfi deyil ki,
"Leyli və Məcnun" operasının partiturasına
yazılan elmi şərhləri əsərin ensiklopediyası
da adlandırırlar".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 18 mart(№50).- S.11.