Anarın "Ağ-Qara"
realizminin sirləri
Dünya ədəbiyyatında kifayət qədər
məşhur olan magik realizmin elementlərinə Azərbaycan ədəbiyyatında
da rast gəlinir. Bu elementlər, xüsusən, Xalq
yazıçımız Anarın əsərlərində
özünü göstərir. Onun
yaradıcılığında realist təsvirlər və məcazlar,
eləcə də gerçək həyatın və fantastik
elementlərin iç-içə keçməsi magik realizmin
müxtəlif aspektlərinin əsərlərində necə
ərsəyə gəldiyindən xəbər verir.
Anarın əsərlərində reallıq və xəyali
dünyanın birləşdiyi məkanlarda zaman və məkanın
sərhədləri qeyri-müəyyəndir. Bu vəziyyət
oxucunu reallıqla gerçəklik arasındakı əlaqələri
sorğulamağa vadar edir. Əsərlərindəki qəhrəmanlar
bəzən doğaüstü və mistik hadisələrlə
qarşılaşarkən, bunları reallıq kimi qəbul
edir ki, bu da magik realizmin əsas xüsusiyyətlərindən
biridir.
Xalq yazıçısının ən məşhur əsərlərindən
biri olan "Ağ qoç, qara qoç" romanı utopik və
antiutopik cəmiyyətlərdə eyni surətlərin fərqli
həyatlar yaşamasını təsvir edən mistik motivli və
milli-mənəvi dəyərlərimizin təsviri ilə zəngin
olan bir əsərdir. "Ağ qoç, qara qoç"
quruluşca obrazlar aləmi eyni olub, sujeti bir-birindən kəskin
fərqlənən iki povestin birləşməsindən ibarətdir.
"Məlikməmməd" nağılındakı hər
kəsin uşaqlıqdan anladığı bu anlayışa
Anar bu romanda yeni nəfəs verir.
Qədim zamanlardan "Avesta"da mövcud olan
Xeyir-Şər ziddiyyəti kimi, ədəbiyyatımızda
ağ-qara, keçmiş-gələcək kimi əks
qütblərdən ibarət mövzulara tez-tez müraciət
edilib. Ağ qoçun belində işıqlı Azərbaycana,
qara qoçun belində isə qaranlıq Azərbaycana gedən
Məlik Məmmədlinin simasında Anar əgər milli mənsubiyyətimizə
və mənəvi dəyərlərimizə sadiq qalsaq və
ya əksinə, digər millətlərin mədəniyyətlərinə
rəğbət bəsləyib özgələşsək,
millətimizi gözləyən iki fərqli həyatı nəzərimizə
çatdırır.
İlk nağıl utopik cəmiyyətin təsvirindən
ibarətdir. Bu nağıla nəzər yetirdikcə,
insanın qəlbi sanki qürur və rəğbətlə
dolur və bu duyğu hər sətirdən etibarən
bütün ruhumuzu bürüyür. Müəllifin ağ rəngdən
"Ağ liman" və "Ağ qoç, qara
qoç" əsərlərinin adlarında istifadəsi təsadüfi
deyildir. Ağ rəng daim ümid, xoşbəxtlik rəmzi
olsa da, eyni zamanda qalibiyyət simvolu kimi də xarakterizə
edilir.
Qədim türk sərkərdələrinin
döyüşə ağ at belində getməsi də bu
baxımdan təsadüfi deyil. Məlik Məmmədlinin
ağ qoçun belində getdiyi cəmiyyət də qalibiyyət
duyğusunun hakim olduğu yer idi. Birinci nağılda milli dəyərlərə
bağlılıq hissini biz əsərin ilk sətirlərindən
duyuruq: "Məlik Məmmədli Dövlət himninin sədalarına
oyandı". Himnin sədalarıyla oyanacaq qədər
milliyyətinə bağlı olan bu surətin həyatı
fonunda biz Azərbaycanın utopik cəmiyyətinin hər
aspektdən mükəmməl göründüyü qənaətinə
varırıq.
Televiziya kanallarının xalqın maariflənməsinə
yönəlmiş verilişlərə üstünlük verməsi,
küçə adlarından, siyasi partiyaların fəaliyyətinə
qədər oxucunu sanki Nizaminin yaratdığı "Xoşbəxtlər
ölkəsi"nin müasir versiyasına aparan Anar,
düşüncəsində yer alan, hər bir azərbaycanlının
xəyalını qurduğu Azərbaycanı əks etdirir.
Birinci nağıl, əsasən, Əli bəy
Hüseynzadənin türkçülük, müasirlik,
islamlaşmaq konsepsiyası əsasında qurulub. Güney və
Quzey Azərbaycanın 16 şəhərinin adından istifadə
edilməsi, 16 məşəllə təsvir edilən
"Odlar sarayı"ndan bəhs edilməsi fəlsəfədə
16 ədədinin bütünlüyün simvolu olaraq qəbul
edilməsinin nəticəsi kimi meydana çıxmıs ola
bilər. Dilimiz milli dəyərlərimizin ən
başlıca faktoru olduğu üçün bu
nağılda öz dilimizə məxsus olan türkləşdirilmiş
sözlərdən istifadə edən müəllif
yaratdığı utopik cəmiyyəti daha da rəngarəng
çalarlara boyayıb.
Novruzda mədəni irsə, etnoqrafik mövzulara aid
verilişlərin nümayiş olunması yeni Azərbaycanın
televiziyalarındakı üstünlüklərdən biri kimi
təsvir olunur. Novruz bayramının tarixinin uzaq
keçmişə söykənməsinə baxmayaraq, bu
günə qədər yazın gəlişinin müjdəçisi
kimi qeyd olunması davam edir.
Anarın birinci nağılda Şuşaya çəkilən
funiklyordan danışması, Şuşayla bağlı
yazılan sətirlər əsərin 2003-cü ildə nəşr
olunmasından son illərə qədər, doğrudan da, bu
nağılın utopik dünyadan xəbər verdiyini deməyimizə
səbəb olurdu. Lakin uzun illər sonra azad Şuşaya gedərək
havasına, suyuna aşina ola bildiyimiz bu qalibiyyət ətirli
illərdə insanın qəlbində Anarın təsvir
etdiyi digər hadisələrin də baş tutacağına
sonsuz ümid yaranır. İllər öncə reallaşan
siyasi qarşıdurmalar yerini vətəndaş müharibəsinə
ötürdüyü zaman hadisələr tamamilə başqa
axarda baş verə bilərdi. Əsərin bu hissəsində
adı çəkilən başqa axara isə oxucular ikinci
nağılda qara qoçun belində səyahət edir.
İkinci nağılda təsvir olunan Azərbaycan
üç zonaya bölünüb: Behişti Badi-Kübə,
Bakı Kommunası, Baku Siti. Hər üç zonada
yaşayan vətəndaşlar adi həyatda bütöv Azərbaycanda
birlikdə yaşayır. Başqa dövlətlərin mənəvi
dəyərlərimizdən kəskin fərqlənən
xüsusiyyətlərinə yiyələnən insanlar milli mənsubiyyətimizdən
müxtəlif ideyaların təsiri ilə tamamilə qopub,
xalqın milli varlığı inkar edilə bilməyəcək
dərəcəsində yoxa çıxıb.
Oğlu Beyrəyin insanın sadəcə özü
üçün yaşamalı olduğunu deyib valideynlərinin
taleyindən və duyğularından nigaranlıq duymaması
xalqımızın əsrlərdir mövcud olan əsl ailə
tipinə xəyanətidir. Digər tərəfdə
qızı Burlanın rəqqasə olması, ismətli Azərbaycan
qadınlarının varisi olan nəslin
açıq-saçıq həyatı üstün
tutması milli mənəviyyatımıza növbəti xəyanətdir.
Həmçinin, biz Məlik Məmmədlinin həyat
yoldaşı Aypərinin din adı altında insanların
beyninin yuyularaq dünyadan təcrid olunduqları bir zonada
yaşaması və bundan qurtulmağa cəhd etmək əvəzinə,
sadəcə bu rejimə baş əyməklə kifayətlənməsi
cəsarəti dillər əzbəri olan xalqımıza xəyanət
sayılmalıdır.
Lakin biz cəmiyyətin məhvə sürüklənməsinə
səssiz qalan Məlik Məmmədli kimi ziyalıların
mübarizənin ön cərgələrində gözə dəyməməsinə
əsasən deyə bilərik ki, dövlətinə, millətinə,
ailəsinə, xalqına, hətta özünə də əsl
xəyanəti edən şəxs Məlik Məmmədli olub.
"Bilmirdin ki, bir-birinə ədavət, kin püskürən
bütün bu yazılar, çıxışlar, bu qanqan deyən
adamlar cəmiyyətdə elə bir nifrət potensialı
yaradır ki, bir gün böyük partlayış baş verəcək,
hər şey alt-üst olacaq?" Beyrək haqlı üsyan
edirdi, lakin mübarizə səsini ucaltmağa gecikmiş hər
bir vətəndaş kimi Məlik Məmmədli
üçün də zaman öz sözünü demişdi
və beləliklə də, onun hadisələrə təsir
gücü, demək olar ki, qalmamışdı.
Ümumiyyətlə isə Anarın bu əsərdə
milli varlığımıza iki bucaqdan yanaşaraq təsirli
bir əsər yaratması istər dəyərlərimizi ədəbiyyat
səhifələrində qoruyub saxlamağımız, istərsə
də, milli etnik yaddaşımızı daha dərindən dərk
edərək onun uğrunda Məlik Məmmədlidən fərqli
olaraq savaşmağımız üçün vacib mənbə
sayıla bilər.
Ədəbiyyatın, sənətin milli təfəkkürümüzə,
düşüncəmizə təsirinin bir nəticəsidir
ki, bir zamanlar utopiya nümunəsi kimi qəbul etdiyimiz hadisələr
zamanla özünün ən mükəmməl gerçəkliyinə
qovuşdu. Əsərin çapından düz 17 il sonra,
işğalının 28-ci ilində Şuşa və
bütün Qarabağ torpağı öz
azadlığına qovuşdu, bu gün dövlətimizin dəstəyi
ilə o diyarda Anarın təsvir etdiyi həmin firavan həyat
sürməkdədir. 2020-ci ilin 44 günlük Vətən
müharibəsində gənclərimizin,
cavanlarımızın öz həyatlarını, sevdiklərini
belə düşünmədən böyük cəsarətlə
cəbhəyə atılması, Vətənin müdafiəsinə
tələsməsi Xalq yazıçısının
"Ağ qoç, qara qoç" əsərinin birinci hissəsində
birbaşa, açıq şəkildə, ikinci hissəsində
isə dolayısı ilə ötürdüyü vətənpərvərlik
duyğularının ən real nəticəsi idi.
Şahanə MÜŞFİQ
525-ci qəzet .- 2025.- 18 mart(№50).- S.11.