Dərin mətləblərə
işıq salan aktual müsahibə
Azərbaycan Prezident İlham Əliyev “Euronews”
televiziyasına müsahibəsində XII Qlobal Bakı Forumunun
beynəlxalq məsələlərin müzakirəsində
oynadığı mühüm rolu vurğulamaqla
yanaşı, müasir qlobal düzənin əsas problemlərinə
də toxundu. Dövlət başçısı dünya
nizamının dəyişdiyini, beynəlxalq təşkilatların
etibarlılığının zəiflədiyini və yeni təhlükəsizlik
mexanizmlərinin yaradılmasının vacibliyini qeyd edərək,
Azərbaycanın milli maraqlarını qorumaq siyasətinin
uğurlu model olduğunu diqqətə çatdırdı.
Azərbaycan son illərdə həm regional, həm də
qlobal siyasətdə önəmli aktorlardan birinə
çevrilib. Ölkənin strateji coğrafi mövqeyi, zəngin
enerji resursları və balanslaşdırılmış
xarici siyasəti onun beynəlxalq nüfuzunu gücləndirib.
Xüsusilə, Prezident İlham Əliyevin rəhbərliyi ilə
həyata keçirilən siyasət nəticəsində Azərbaycan
yalnız Cənubi Qafqazda deyil, daha geniş geosiyasi məkanda
təsir gücünü artırıb. Dünyanın hər
yerindən siyasətçiləri və ekspertləri bir araya
gətirən aparıcı tədbirlərdən biri də
Qlobal Bakı Forumudur. Azərbaycan Prezidentinin himayəsi
altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
təşkilatçılığı ilə sayca 12-ci dəfə
keçirilən “Dünya düzəninin yenidən
düşünülməsi:
Çağırışların fürsətə
çevrilməsi” adlı forumda bəşəriyyəti
narahat edən aktual problemlər müzakirə edildi,
çıxış yolları axtarıldı, müvafiq təkliflər
və tövsiyələr səsləndirildi.
Forum çərçivəsində Prezident İlham
Əliyev “Euronews” televiziyasına verdiyi müsahibədə
dünya və regional gündəmə toxunaraq mühüm
mesajlar verdi. Dövlət başçısı forumun əhəmiyyətindən
danışaraq bildirdi ki, XII Qlobal Bakı Forumunun
iştirakçıları beynəlxalq arenada vəziyyətin
kəskin şəkildə dəyişdiyi bir vaxtda ənənəvi
olaraq qlobal gündəlikdə duran məsələlər barədə
öz mövqelərini, fikirlərini və
yanaşmalarını bölüşürlər. Dövlət
başçısının müsahibəsində
toxunduğu önəmli məsələlərdən biri də
dünyada nizamlı sistemin olmaması barədə səsləndirdiyi
fikirlər oldu. Bu gün dünyada sürətli dəyişikliklər
gedir və bəzi proseslər xaotik xarakter alır. Qlobal səviyyədə
müxtəlif siyasi, iqtisadi və ekoloji problemlər son illərdə
daha mürəkkəb hala gəlib. Əvvəllər
mövcud olan qaydalar və strukturlaşmış beynəlxalq
münasibətlər bəzi hallarda öz effektivliyini itirir.
Bununla yanaşı, yeni güc mərkəzlərinin meydana gəlməsi,
texnologiyanın sürətli inkişafı və pandemiya kimi
qlobal miqyaslı hadisələr bu vəziyyəti daha da
mürəkkəbləşdirib. Prezident İlham Əliyev
müsahibəsində məhz bu məqamlara toxunaraq əlavə
etdi ki, bu gün hər kəs tərəfindən
bölüşülən fikir odur ki, hazırda yeni
qaydaların müəyyənləşdirilməsi prosesi
baş verir.
Dövlət başçısı müsahibədə
diqqətə çatdırdı ki, beynəlxalq ictimaiyyət
tərəfindən istifadə olunacaq qarşılıqlı
əlaqə konfiqurasiyası heç kəsə bəlli
deyil. Prezident İlham Əliyevin dünyada cərəyan edən
geosiyasi və geoiqtisadi proseslərə baxışını
əks etdirən bu fikirlərdən aydın olur ki, hər bir
ölkə öz gücünə və imkanlarına güvənməlidir.
Beynəlxalq yardıma və hüquqa arxalanmaq artıq
risklidir. Yaxın tarixə nəzər salanda
görürük ki, Azərbaycan müstəqillik illərində
beynəlxalq səviyyədə ikili standartlara məruz
qaldı və problemlərinin həllində müvafiq beynəlxalq
təşkilatlardan hər hansı bir yetərli dəstək
almadı. Prezidentin qeyd etdiyi kimi, ölkəmiz beynəlxalq
hüququn selektiv tətbiqinin qurbanı oldu. Dövlət
başçısı müsahibəsində birmənalı
şəkildə vurğuladı ki, milli maraqlar məsələsində
Azərbaycan heç kəsə və ya heç bir təsisata
arxalanmadı.
Dövlət başçısının müsahibəsində
diqqət çəkən məsələlərdən biri də
onun Cənubi Qafqaz regionu barədə fikirləri oldu. Bu
gün region çox məsuliyyətli mərhələdən
keçir. Regionun ən təhlükəli problemi - Qarabağ
münasiqəşi həll olundu və müşahidə edilən
proseslər Azərbaycanın formalaşdırdığı
yeni reallıqlar fonunda cərəyan edir. Bakı Ermənistanın
sülh gündəminə sadiq qalmasını və regionda
davamlı sülhün yaradılması üçün
adekvat addımlar atmasını gözləyir.
Barışığa doğru addımlar atmaq lazımdır
və Azərbaycan Prezidentinin bəyan etdiyi kimi, region
hazırda nisbətən sakit dövrdədir. Amma bu sakitlik
real addımlarla təmin olunmalı, gücləndirilməlidir.
Prezident bir daha xatırlatdı ki, növbəti hərbi
qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik
mexanizmləri yaradılmalıdır və sovet dövründə
olduğu kimi qonşuluq şəraitində yaşamağa
çalışılmalıdır.
Fuad HÜSEYNZADƏ
Binəqədi Rayon İcra Hakimiyyəti yanında
İctimai Şuranın katibi
525-ci qəzet .- 2025.- 18 mart(¹50).- S.9.